525.Az

"İsgəndər" raketləri kimə məxsusdur, Rusiyaya, yoxsa Ermənistana?


 

RƏSMİ MOSKVA BU SUALA CAVAB VERMƏLİDİR

"İsgəndər" raketləri kimə məxsusdur, <b style="color:red">Rusiyaya, yoxsa Ermənistana?</b>

Aprel döyüşlərindən sonra Rusiyanın təşəbbüsü ilə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların davam etdiyi bir ərəfədə "İsgəndər" raket komplekslərinin İrəvanda peyda olması ölkəmizdə böyük narazılıqla qarşılanıb.

Rəsmi Moskva isə hələlik bu raketlərin Rusiyanın Gümrüdə yerləşən hərbi bazasına, yoxsa Ermənistan ordusuna məxsus olması barədə heç bir açıqlama verməyib. Əgər, Ermənistan mətbuatında yazıldığı kimi, bu silahları Rusiya işğalçı ölkəyə hədiyyə edibsə, o zaman, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi şimal qonşumuzun obyektiv və ədalətli vasitəçi imici şübhə altına düşür. Çünki qərəzsiz vasitəçilik missiyası işğalın nəticələrini aradan qaldırmaq istiqamətində səyləri artırmağı tələb etdiyi halda, işğalçının ən müasir silahlarla gücləndirilməsi heç də münaqişənin ədalətli yolla tənzimlənməsinə işıq sala bilməz. Belə olan təqdirdə onsuz da problemin həlli istiqamətində aparılan danışıqlarda qeyri-konstruktiv mövqedən çıxış edən düşmən ölkə bundan sonra da münaqişənin ədalətli həllinə müsbət yanaşmayacaq. Bu o deməkdir ki, regionda müharibə riski daha da böyüyür.

Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan ordusunun hərbi paradda "İsgəndər" raketlərini nümayiş etdirməsi Azərbaycana mesajdır: "Birinci mesaj bundan ibarətdir ki, Rusiyanın Ermənistan verdiyi silahlar, o cümlədən, müasir "İsgəndər" raketləri Ermənistanı qorumaq və Azərbaycanı təhdid altında saxlamaq gücündədir. İkinci mesaj isə odur ki, həmin silahlar yalnız Ermənistanı deyil, Dağlıq Qarabağı qorumaq üçün nəzərdə tutulub. Başqa sözlə həmin silahların bir hissəsi Dağlıq Qarabağda yerləşdiriləcək. Halbuki, bu beynəlxalq hüquqa ziddir".

Politoloq qeyd edib ki, "İsgəndər" raketlərinin separatçıların əlinə keçə biləcəyi Rusiyanı narahat etmir: "Əks halda hansısa rusiyalı rəsmi açıqlama verib deməliydi ki, Rusiyanın Ermənistana verdiyi silahlar Dağlıq Qarabağda yerləşdirilməyəcək. Ancaq rusiyalı rəsmilər və diplomatlar belə bir açıqlama verməyiblər. Əsas sual isə budur: İrəvanda nümayiş etdirilən modern "İsgəndər" raketləri Rusiyanın hərbi bazasındakı özəl mülkiyyətidir, yoxsa həqiqətən Ermənistana aiddir? Bu sual ətrafında azərbaycanlı jurnalistlər və ekspertlər müzakirələr aparırlar. Çünki bu silah çox dağıdıcı xüsusiyyətlərə malikdir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Rusiya bu silahı hər dövlətə satmır. Varlı Səudiyyə Ərəbistanı bu raketləri almaq üçün Moskvaya müraciət etmişdi. Moskva rədd cavab verdi. Moskva varlı Səudiyyə Ərəbistanının əvəzinə həmin raketləri kasıb Ermənistana göndərdi. Görəsən rəsmi Bakı müraciət etsə Rusiya bu raketləri Azərbaycana da satarmı? Bu sual da açıq qalır. Sözdə Kreml Azərbaycanı strateji tərəfdaş adlandırır və bölgədə hərbi balansın pozulmasını istəmədiyini bildirir. Ancaq "İsgəndər" raketlərinin təkcə Ermənistana məxsus olması hərbi balansı pozur. Demək o biri dövlətdə də bu raketlərdən olmalıdır. Rusiya rəsmi Bakının da raketləri əldə etmə müraciətinə rədd cavabı verərsə, deməli Kremlin "hərbi balans pozulmamalıdır" kimi problemi yoxdur. Rusiya üçün əsas odur ki, Ermənistan Azərbaycandan zəif olmasın".

E.Şahinoğlu hesab edir ki, raketlərin hansı dövlətə məxsus olmasıyla bağlı qeyri-müəyyənliyə Azərbaycan Xarici İşlər Nazirliyi aydınlıq gətirməlidir: "Əlbəttə, rəsmi Bakı raketlərlə bağlı Rusiyaya nota verə bilməz. Rəsmi Bakı Rusiyanın silahı kimə satması və hədiyyə verməsi işinə qarışa bilməz, bu Moskvanın daxili işidir. Ancaq Azərbaycan Xarici İşlər Nazirliyi heç olmazsa, öz kanalları ilə məsələni aydınlaşdırmalı və bu haqda Azərbaycan ictimaiyyətinə məlumat verməlidir ki, İrəvanda nümayiş etdirilən "İsgəndər" raketləri kimə məxsusdur, Rusiyaya yoxsa Ermənistana?"

Mərkəz sədrinin sözlərinə görə, məsələ burasındadır ki, Ermənistan hakimiyyətinin qəsdən həmin şəkilləri yaymasının məqsədi bu raketlərlə Azərbaycan cəmiyyətində qorxu yaratmağa hesablanıb: "Ona görə də məsələyə aydınlıq gətirilməlidir. Bunun aydınlaşdırılmasının yolu isə Azərbaycan xarici işlər nazirinin rusiyalı həmkarlarına müraciət etməsidir. Rusiya Xarici İşlər  və ya Müdafiə Nazirliyi açıqlama verib deməlidir ki, həmin "İsgəndər" raketləri onlarındır, yoxsa ermənilərin?".

Politoloq deyib ki, Rusiya rəsmiləri və hərbçiləri hələ ki, susurlar: "Raketlər Rusiyaya məxsus olsaydı, Ermənistan hakimiyyətinin həmin raketləri özününkü kimi nümayiş etdirməsi Moskva tərəfindən təkzib olunmalı idi. Təkzib yoxdursa və ya susqunluq nümayiş etdirilirsə, deməli, bu raketlərin Ermənistana məxsusluğu və ya Ermənistanın maraqları üçün istifadə oluna biləcəyi faktı ortaya qoyulmuş olur. Bu isə o deməkdir ki, həmin silahlar çox rahatlıqla Dağlıq Qarabağda və digər işğal altındakı ərazilərimizdə peyda ola bilər. Bu faktor Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xidmət etmir".

Ermənistan hakimiyyətinin yenə köhnə təxribatına əl ataraq işğal altındakı Ağdam və digər ərazilərdə hərbi təlimlərə başladığını xatırladan E.Şahinoğlunun sözlərinə görə, bu o deməkdir ki, aprel döyüşləri rəsmi İrəvana heç nəyi anlatmadı: "Ermənistan əvvəlki tək Rusiyaya arxayındır. Rusiya hakimiyyətinin və hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslərin isə  hesablamadığı bir məqam var: Azərbaycan başqa ölkələrdən də modern silahlar alır. Həmin ölkələr isə Rusiyadan fərqli olaraq Ermənistana pulsuz silah vermirlər. Bu ölkələrin Azərbaycanla Ermənistan arasında hərbi balansın qorunması kimi problemi yoxdur.

Ona görə də Azərbaycan silah ehtiyatını çoxaltmaq və çeşidləndirmək məcburiyyətindədir. Rəsmi Bakı hər zaman çalışacaq ki, bölgədə hərbi balans Azərbaycanın xeyrinə olsun. Bu halda Ermənistan digər dövlətlərdən də silah almaq məcburiyyətində qalacaq. Ermənistanın silahlanmaya daha çox maliyyə xərcləməsi isə bu dövlətin problemlərini artıracaq. Ermənistan Rusiyadan silah alsa da, bu ölkənin başqa növ silahlara həmişə ehtiyacı var. Həmin silahları isə Ermənistan müxtəlif dövlətlərdən pulla almaq məcburiyyətindədir".

Mərkəz sədri hesab edir ki, Rusiya Ermənistana modern silahlar bağışlamaqla və sentyabrın sonunda Dağlıq Qarabağ separatçılarının Moskvada konfransda iştiraka şərait yaratmaqla vasitəçi statusuna kölgə salır: "Aydındır ki, belə bir şəraitdə Moskva Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyəcək. Rusiya prezidenti Vladimir Putinin "biz münaqişənin həllinə heç bir tərəfin qalib və məğlub olmasını istəmirik" sözləri də bundan xəbər verir. Belə vəziyyətdə danışıqlar prosesində irəriləyiş olmayacaq. Bu isə növbəti hərbi qarşıdurma ehtimalını artırır. Azərbaycan və Ermənistan prezidentlərinin Müstəqil Dövlət Birliyinin Bişkek toplantısındakı mübahisəsi ondan xəbər verir ki, indiki vəziyyətdə iki prezident arasında razılaşma mümkün deyil".

E.Şahinoğlu qeyd edib ki, müdafiə naziri Zakir Həsənov sentyabrın 21-də prezidentin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə müşavirə keçirib: "Müdafiə nazirinin müşavirədə səsləndirdiyi əsas fikir bu idi: "Azərbaycan üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmalıyıq". Bu cümlədə nazir konkret olaraq Dağlıq Qarabağ və işğal olunmuş ərazilərin adını çəkmir, "düşmənin bütün ərazisi" fikrini işlədir. Yəni, bu o deməkdir ki, cəbhə bölgəsində gələcək toqquşmada Ermənistan "İsgəndər" raketlərindən istifadə etsə, Azərbaycan ordusu bu dəfə Ermənistan ərazisini də vuracaq və bu zaman rəsmi Bakı İrəvanın istinad etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "ortaq müdafiə" prinsipinə məhələ qoymayacaq. Həm Zakir Həsənovun açıqlaması, həm də eyni gündə İlham Əliyevin Azərbaycan hərbi-sənaye kompleksinin istehsalı olan "Zərbə" pilotsuz uçuş aparatlarına baxış keçirməsi Ermənistanın "İsgəndər" raketlərinin nümayişinə verilən cavablar idi".

Politoloq əlavə edib ki, Rusiyanın modern "İsgəndər" raketləri Ermənistanda peyda olduqdan sonra Azərbaycanın iki seçimi var: "Birinci seçim odur ki, rəsmi Bakı "İsgəndər" raketlərini əldə etmək üçün Kremlə müraciət edir. Əgər Kreml Azərbaycana "İsgəndər" raketlərini satmaq istəməsə, qalır ikinci seçim - "İsgəndər" raketlərini havada neytrallaşdırmağa imkan verən raketlərdən müdafiə sistemini əldə etmək. Bu sistemi İsrail Azərbaycana satmağa hazırdır.

Rusiyanın Azərbaycana "İsgəndər" raketlərini satacağını düşünmürəm. Çünki əks halda həmin raketləri Ermənistana ötürməzdi. Elə Moskvanın raketləri Ermənistana ötürməkdə məqsədi hərbi balansın Azərbaycanın xeyrinə pozulmasına mane olmaq idi. İndi həmin raketləri bizə də versə, üstünlük yenə də Azərbaycanın tərəfində olacaq. Bu Kremlin maraqlarına cavab vermir. Digər tərəfdən Azərbaycan Türkiyənin hərbi strateji müttəfiqidir. Rusiya ehtiyat edə bilər ki, "İsgəndər" raketlərinin texnologiyası NATO ölkəsinin əlinə keçə bilər. Azərbaycanın "İsgəndər"ə qarşı İsraildən müasir raket sistemləri alması da Kremlin xoşuna gəlməyəcək. Çünki Azərbaycan Rusiyanın silahından da üstün olanına yiyələnəcək. Bütün hallarda nə etsək, bu Kremlin xoşuna gəlməyəcək. Ancaq biz hərbi qüdrətimizi Rusiyanın xoşuna gəlib-gəlməmək üçün artırmırıq, nə ediriksə, işğal altındakı torpaqların azadlığı üçün edirik. Bunu isə heç kim bizə qadağan edə bilməz".

Ceyhun ABASOV

 





27.09.2016    çap et  çap et