525.Az

Beynəlxalq müşahidəçilər seçki prosesini yüksək qiymətləndiriblər


 

AŞPA MONİTORİNQ KOMİTƏSİNİN AZƏRBAYCAN ÜZRƏ HƏMMƏRUZƏÇİSİ STEFAN ŞENNAK DEYİB Kİ, REFERENDUMUN ŞƏFFAF VƏ DEMOKRATİK KEÇİRİLMƏSİ ÜÇÜN ÇOX İŞ GÖRÜLÜB

Beynəlxalq müşahidəçilər seçki prosesini yüksək qiymətləndiriblər<b style="color:red"></b>

Dünən Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi keçirilib.
 
Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib. Ümumilikdə müşahidəçilərin sayı isə 53 minə yaxındır. Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20 faiz) veb-kamera quraşdırılıb. Ölkədə səsvermə prosesinin həyata keçirilməsi üçün 5600-dən artıq seçki məntəqəsi yaradılıb. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

MSK-nın mətbuat xidmətinin rəhbəri Şahin Əsədli "Publika.az"a bildirib ki, xarici müşahidəçilər 18 beynəlxalq təşkilatı təmsil edirlər: "Bunların arasında Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Xalq Partiyası, Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyətləri, Türkiyə, İngiltərə, Fransa, İtaliya, Avstraliya və digər ölkələrin parlament üzvləri, xarici ölkələrin mərkəzi seçki komissiyalarının missiyaları, Avropanın seçki müşahidəsi sahəsində ixtisaslaşan bir neçə nüfuzlu qurumu təmsil olunur.

Həmin xarici müşahidəçilər ümumilikdə 33 ölkənin vətəndaşıdır".

MSK rəsmisi əlavə edib ki, ölkə üzrə seçicilərin ümumi sayı 5 milyon 267 min 111 nəfərdir.

Ölkənin müxtəlif seçki məntəqələrində səsvermə prosesini izləyən beynəlxalq müşahidəçilər referendumla bağlı öz təəssüratlarını bölüşüblər.

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü David Morris qeyd edib ki, olduğu seçki məntəqələrində hər hansı qanun pozuntusu ilə qarşılaşmayıb. O APA-ya bildirib ki, artıq 4-cü dəfədir Azərbaycanda seçki prosesini müşahidə edir: "Burada seçicilər üçün yaxşı şərait yaradıb. Deyə bilərəm ki, Azərbaycanda keçirilən səsvermə prosesi beynəlxalq səviyyə ilə müqayisə olunandır. Olduğumuz məntəqələrdə seçici fəallığının şahidi olduq".

Britaniyanın Lordlar Palatasının üzvü David Evans isə bildirib ki, Azərbaycanda tətbiq edilən seçki metodları yüksək səviyyədədir: "Mən ötən seçkilərdə də müşahidəçi qismində iştirak etmişdim. Təəssüratım çox yaxşıdır. Seçici fəallığı müşahidə edilir".

Kipr Parlamentinin deputatı, ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin məruzəçisi Haciyanni Kiriakos qeyd edib ki, Azərbaycanda referendumla bağlı səsvermə çox yaxşı təşkil edilib. Onun sözlərinə görə, təşkilatçılar səsvermə ilə bağlı mümkün qədər məlumat verməyə çalışırlar: "Seçki məntəqələrində müxtəlif təşviqat materialları yerləşdirilib. Məntəqələr açılandan bəri 4 seçki məntəqəsində olmuşam. Proseduralar dəqiq həyata keçirilir".

Hollandiyadan olan beynəlxalq müşahidəçi Maqaz van Nes Xuan Alexandro Eberhard isə bildirib ki, Azərbaycanda seçkilər beynəlxalq standartlara uyğun keçirilir. Seçicilərlə də ünsiyyət qurduğunu qeyd edən müşahidəçi səsvermə prosesinin çox açıq və sakit şəkildə keçdiyini bildirib.

AŞPA üzvü, ispaniyalı Karmen Kvintanilla deyib ki, insanlar səsvermə prosesində sərbəst iştirak edirlər: "Azərbaycanda referendum çox yaxşı təşkil olunub". O, referendumun nəticəsinin Azərbaycan xalqı üçün yaxşı olacağına ümid etdiyini bildirib.

İtaliya Senatının üzvü Sercio Divina qeyd edib ki, müşahidə apardığı məntəqələrdə nizam-intizam qaydalarına riayət olunub, bütün sənədləşmə, qeydiyyat qaydalara uyğun aparılıb: "Referendum zamanı başqa məntəqələrdə təkrar səsvermənin qarşısını almaq üçün ultraqırmızı şüa ilə barmaqların yoxlanılması isə düşünürəm ki, effektiv addımdır".

Türkdilli ölkələrin Parlamentlər Assambleyasının Müşahidə Missiyasının rəhbəri, Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) deputatı Nurlan Dulatbekov deyib ki, Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumda səsvermə mütəşəkkil və sakit keçir. O "Trend"ə bildirib ki,  Türk PA missiyası bəzi seçki məntəqəsində olub: "Hər şey dəqiq təşkil edilib".

Türk PA-nın baş katibi Jandos Asanov isə hesab edir ki, Azərbaycan xalqı ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referenduma şüurlu yanaşır və öz səsvermə haqqını reallaşdırır. Onun sözlərinə görə, əhalinin aktivliyi müşahidə edilir.

MDB Parlamentlərarası Assambleyasının Müşahidə missiyasının rəhbəri İlyas Umaxanov bildirib ki, Azərbaycanda 10 illərdir referendum və seçkilər çox yüksək səviyyədə keçirilir: "Bunu müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyaları, beynəlxalq müşahidəçilər təsdiqləyirlər". Onun sözlərinə görə, bu, hamı tərəfindən qəbul edilmiş faktdır: "Bu, referenduma daxil edilən məzmunlu məsələlərdir. Bu məsələlər Azərbaycanın gələcəyini, demokratik inkişafını, cəmiyyətin demokratik əsaslarını müəyyənləşdirir".

İ.Umaxanov qeyd edib ki, heç kəs Azərbaycan xalqının fikrini dəyişmək haqqına malik deyil.

Fransa parlamentinin deputatı Mişel Vuazen isə deyib ki, referendum gələcək üçün atılmış böyük demokratik addımdır. O, Azərbaycanda seçki prosesini artıq bir neçə dəfə müşahidə etdiyini bildirib: "Mən artıq hər dəfə müşahidələrimin sonunda belə bir qənaətə gəlirəm ki, seçkilərin keçirilməsinin keyfiyyəti artır. Referendumda 29 bənd var. Bu, seçiciyə "hə" və ya "yox" demək imkanı verir. Bu, həm icraedici, həm də qanunverici hakimiyyətə imkan verəcək ki, seçicilərin iradəsini həyata keçirsinlər".

Fransa parlamentinin üzvü Tyeri Mariani bildirib ki, ilk dəfədir, 20-dən artıq məsələnin səsverməyə çıxarıldığını görür: "Düşünürəm ki, xalqın fikrini öyrənmək üçün bu, yeganə yoldur".

Belçika Polis üzrə Araşdırma Mərkəzinin əməkdaşı Qilis Bordo deyib ki, Azərbaycanda referendum yaxşı təşkil olunub: "İnsanlar işlərini peşəkarlıqla icra edirlər. Məntəqələrdə yerli müşahidəçilər var idi.  Qeyd etmək istərdim ki, qadın seçicilər daha çox fəallıq göstərir".

Seçkilərə nəzarət üzrə Avropa Akademiyasının (ASMA) Rumıniyadan olan nümayəndəsi Dobra Dorin-Mircea Sumqayıtdakı seçki məntəqələrində ümumxalq səsverməsini izləyib. Gün ərzində şəhərin bir neçə seçki məntəqəsində səsvermənin gedişi ilə tanış olan beynəlxalq müşahidəçi AZƏRTAC-ın müxbiri ilə söhbətində referendumun təşkili ilə bağlı məsələlərin həllindən razılığını ifadə edib: "İnsanlara öz seçimlərini sərbəst ifadə etmək üçün lazımi şərait yaradılıb. Hiss olunur ki, seçicilər Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı qabaqcadan məlumatlandırılıblar. Ona görə də səsvermə prosesi mütəşəkkil keçir. İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam".

ASMA-nın serbiyalı nümayəndəsi Marko Blogojeviç deyib ki, müşahidələr seçicilərin kifayət qədər aktiv olduğunu göstərir. O "Publika.az"a bildirib ki,  səsvermənin təşkili yüksək səviyyədədir.

Səsverməni müşahidə edən Avropa Akademiyasının digər nümayəndəsi Aleksandr Markoviç də həmkarının fikirlərinə şərik olduğunu deyib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Referendumu Dəyərləndirmə Missiyası da Azərbaycanda keçirilən referendumda səsvermə prosesini müşahidə edib.

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak 29 saylı Səbail rayon seçki dairəsinin 4 saylı və 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı seçki məntəqələrində olub. Həmməruzəçi seçici siyahılarına nəzər salıb, səsvermə prosesini müşahidə edib, yerli müşahidəçilərin fikirlərini öyrənib.

Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının üzvü jurnalistlərə deyib ki, məntəqələr açıldığı vaxtdan səs vermək üçün növbədə çoxlu seçici dayanıb: "Səsvermədə iştirak edənlər arasında qadınlar üstünlük təşkil edib".

S.Şennak qeyd edib ki, referendumun şəffaf və demokratik keçirilməsi üçün çox iş görülüb: "Səsvermə prosesi normal gedib. İnsanlar sərbəst seçim ediblər. Səsverməni xeyli sayda müşahidəçi izləyib. Məntəqələrdə veb-kameralar quraşdırılıb. Bütün bunlar səsvermənin şəffaf və demokratik keçməsini şərtləndirən amillərdir".

AŞPA-dan olan müşahidəçi Sevda Gündüz SİA-ya bildirib ki, ümumxalq səsverməsi ilə bağlı məntəqələrdə yaradılan şərait, veb-kameraların quraşdırılması müsbət haldır. Onun sözlərinə görə, insanların azad şəkildə öz iradələrini ifadə etmək üçün məntəqələrdə yaradılan şəraitdən narazı qalmağa heş bir əsas yoxdur: "Sevindirici haldır ki, referenduma seçicilərin marağı yüksəkdir. Bu da referendum ərəfəsi insanların ümumxalq səsverməsinə çıxarılan dəyişikliklərlə bağlı geniş məlumat əldə etmələri ilə bağlıdır".

Serbiya parlamentinin deputatı Aleksandra Tomiç isə bildirib ki, referendumla bağlı keçirilən səsvermə üçün bütün avadanlıqlar mövcuddur, təbliğat materialları yerləşdirilib.  O, 8 səsvermə məntəqəsində olduğunu bildirib: "Referendumun təşkilat işləri yüksək səviyyədə təşkil edilib: "Mən şahidi oldum ki, komissiya üzvlərinin çoxu qadındır. Düşünürəm ki, bu, çox yaxşıdır. Qadınların belə fəallığı Azərbaycanda demokratiyanın inkişafı üçün böyük uğurdur. Seçici fəallığı normaldır".

Avstriya Parlamentinin üzvü Qorburq Volfanq isə hesab edir ki, bəzi müxalif təşkilatlar, qeyri-hökumət təşkilatları düşünür ki, Azərbaycandan seçki ilə bağlı müsbət rəy üçün bizə rüşvət verilib: "Bizim obyektiv hesabatımız haqqında belə düşünmələrindən təəssüflənirik".

O, bu gün 6 seçki məntəqəsində müşahidə apardığını deyib:

"Heç birində qanun pozuntusunun şahidi olmadıq. Deyə bilərəm ki, olduğumuz seçki məntəqələrində seçici fəallığı yüksək idi, artıq seçicilərin dörddə bir hissəsi səs vermişdi".

Ceyhun ABASOV

 





27.09.2016    çap et  çap et