525.Az

Ombudsman və Aparatın əməkdaşları referendumu izləyiblər


 

Ombudsman və Aparatın əməkdaşları referendumu izləyiblər<b style="color:red"></b>

Xalqımızın və demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında xüsusi əhəmiyyət kəsb edən ümumxalq səsverməsi (referendum) uğurla başa çatıb.

Fəaliyyətinin əsas istiqamətlərindən biri də vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi vəziyyətinin öyrənilməsindən ibarət olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Ombudsmanın mərkəzi aparatını, habelə regional mərkəzlərini təmsil edən 39 əməkdaşı ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq, səsvermə prosesini Bakı şəhəri və ölkənin bütün regionlarını əhatə etməklə, çox sayda dairələrin seçki məntəqələrində müstəqil olaraq, özlərinin təşəbbüsü ilə qeydiyyatdan keçərək müşahidəçi qismində Referenduma qatılıblar.

Qeyd olunmalıdır ki, müvəkkil ötən müddət ərzində Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə müvafiq dövlət qurumlarının, dairə və məntəqə seçki komissiyalarının, yerli icra hakimiyyəti, bələdiyyələrin, QHT-lərin, vətəndaş cəmiyyətinin, icmaların və KİV-in iştirakı ilə əhali arasında, icmalarda seçki hüquqları, seçicilərin hüquq mədəniyyətinin yüksəldilməsi ilə yanaşı, səsvermənin demokratik, sərbəst və şəffaf keçirilməsinə xidmət edən silsilə maarifləndirmə tədbirləri təşkil edib. Belə maarifləndirmə tədbirlərində ölkəmizdə seçki hüququnun təmini sahəsində həyata keçirilən hüquqi islahatlar, ölkə vətəndaşlarının seçkilərlə bağlı hüquq və vəzifələri, Seçki Məcəlləsinin müvafiq müddəaları, seçki sistemi, səsvermə qaydaları, müşahidəçilik institutu və müşahidə aparılmasının prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri, seçki komissiyalarının üzvləri üçün maarifləndirmə tədbirləri və digər məsələlər haqqında iştirakçılara geniş məlumat verilib.

Beynəlxalq standartlara uyğun olaraq, respublikamızda seçki hüquqları sahəsində qanunvericilik, Seçki Məcəlləsi daha da təkmilləşdirilib, bu sənədə zəruri əlavə və dəyişikliklər edilmişdir. Azərbaycan prezidenti İlham Əliyevin mühüm əhəmiyyət kəsb edən 11 may 2005-ci il tarixli və 25 oktyabr 2005-ci il tarixli müvafiq sərəncamlarının əsas müddəaları Seçki Məcəlləsində nəzərə alınıb.

Prezidentin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) 3.10-cu maddəsində seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların davam etdirilməsi nəzərdə tutulub.

Eyni zamanda, ombudsman və əməkdaşları ötən dövrdə ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq, habelə 2009-cu il referendumunu müstəqil müşahidəçi qismində izləyib, bu istiqamətdə kifayət qədər təcrübə qazanıblar.

Bu il isə referendum ərəfəsində müvəkkilin təşəbbüsü ilə MSK ilə birgə Ombudsman Aparatının əməkdaşları və regional mərkəzlərinin nümayəndələri üçün seçki hüquqları mövzusunda treninq təşkil olunub. Tədbirdə Azərbaycanda seçki hüququnun təmini sahəsində həyata keçirilən islahatlar, müvəkkilin bu sahədə MSK ilə uzun müddət səmərəli əməkdaşlığı vurğulanıb.

Treninqdə Ombudsmanın təklifləri diqqətə çatdırılıb. Belə ki, paytaxt və regionlarda seçki hüquqları üzrə maarifləndirmə işinin daha da genişləndirilməsinin, təbliğat və təşviqatın aparılmasında əhəmiyyət kəsb edən təlimatların, yaddaş kitabçalarının və digər hüquqi nəşrlərin daha təkmil işlənib hazırlanmasının, yayılmasının, şəhər və rayonlarda bələdiyyələri, icmaları cəlb etməklə əhali ilə bu istiqamətdə müntəzəm iş aparılmasının, dairə və məntəqə seçki komissiyaları üzvlərinin fəaliyyətinin və seçici siyahılarının daha da təkmilləşdirilməsinin zəruriliyi önə çəkilib.

Qeyd olunub ki, müvəkkil daim hər bir vətəndaşın seçki hüquqları ilə yanaşı, vəzifələrinin də olduğunu, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanları nümayəndələrinin və polis əməkdaşlarının seçki prosesinə müdaxiləsinin yolverilməzliyini qeyd edir. O, seçkilərdə əhalini, o cümlədən, qadınları fəal iştirak etməyə çağırır. 

Treninqdə əhalinin ictimai fəallığının artırılması, referendumun mütəşəkkil keçirilməsi məqsədilə iştirakçılara seçki hüquqları üzrə müvafiq nəşrlər təqdim olunub.

Sentyabrın 26-da ombudsman və aparatın əməkdaşları müstəqil müşahidəçi qismində paytaxt Bakı və ölkənin 52 şəhər və rayonunda 87 seçki dairəsi üzrə 363 seçki məntəqəsində, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, Müdafiə Nazirliyinin bir sıra hərbi hissələrində, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanasında səsvermə prosesini izləyiblər.

Ombudsman müstəqil müşahidəçi qismində paytaxtın rayonlarında bir sıra seçki dairələri üzrə çoxsaylı seçki məntəqələrində, o cümlədən, Penitensiar Xidmətin qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilib, habelə məcburi köçkünlər üçün yaradılmış məntəqədə səsvermə prosesini müşahidə edib, Penitensiar Xidmətin tərbiyə müəssisəsində saxlanılan 18 yaşına çatmış beş gənci ilk dəfə səsvermələri münasibətilə təbrik etmiş, onlara insan hüquqları barədə məlumat və tövsiyələrini verib. Eyni zamanda, respublikanın müxtəlif bölgələrində müşahidəçi qismində bu prosesdə iştirak edən əməkdaşlardan hər saat məlumatları qəbul edərək vəziyyətə nəzarət edib.

Müşahidələr zamanı ombudsman həm seçki komissiyalarının üzvləri, seçicilər, həm də müşahidəçilərlə bilavasitə görüşüb və səsvermə prosesi ilə bağlı onların rəylərini öyrənib.

Yeri gəlmişkən, E.Süleymanova beynəlxalq qurumları təmsil edən müşahidəçilərlə də görüşüb, onların təəssüratları ilə tanış olub.

Qeyd olunmalıdır ki, görüşdüyü şəxslər referendumun əhalinin yüksək fəallığı ilə, nizam-intizamla, müvafiq qaydalar və standartlara uyğun olaraq keçirildiyini vurğulayıb, heç bir irad söyləməyiblər. Bununla bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciət daxil olmayıb.

Müşahidələrin nəticəsi onu deməyə əsas verir ki, ümumilikdə referendum əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, qanunvericiliklə müəyyən edilmiş qaydada və nizam-intizamla keçirilib. Vətəndaşların seçki hüquqları təmin olunub, əlilliyi olan, o cümlədən, gözdən əlil seçicilər üçün seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı şərait yaradılıb. Səsvermənin nəticələrinə təsir göstərən pozuntu halları, hər hansı bir dövlət qurumunun rəsmiləri, icra hakimiyyəti nümayəndələri və polis tərəfindən müdaxilə müşahidə edilməyib.

Siyasi partiyaları, ictimai birlikləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eyni zamanda müstəqil və bitərəf olan, çoxsaylı qadın müşahidəçilər də nizamla, bir-birinə qarşılıqlı hörmət ruhunda bu prosesdə iştirak edərək, öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetiriblər.

Müşahidə edilmiş bir sıra məntəqələrdə MSK tərəfindən veb-kameralar quraşdırılıb, referendumun bilavasitə izlənilməsi üçün real şərait yaradılıb.

Ümumilikdə referendum Seçki Məcəlləsinə uyğun həyata keçirilib, Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyətimizin daha da demokratikləşməsi, idarəetmənin, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğu bir daha təsdiqlənib.         

Vüqar Heydərov
Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri, Ombudsmanın seçki hüququ üzrə ixtisaslaşdırılmış müşaviri

 





27.09.2016    çap et  çap et