525.Az

"Azərbaycan şəhərciyi" Parisdə böyük maraq doğurub


 

"Azərbaycan şəhərciyi" Parisdə böyük maraq doğurub<b style="color:red"></b>

Heydər Əliyev Fondu tərəfindən Parisdə Eyfel qülləsinin yanındakı Jofr meydanında (Place Joffre) təşkil olunan "Azərbaycan şəhərciyi" tariximizin, mədəniyyətimizin təbliğinə davam edir.

Şəhərciyin muzey bölməsində "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən, misgərlik məmulatları, milli geyimlər və musiqi alətləri, xalçalarımız və digər sənət nümunələri sərgilənir.

Həmçinin "İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi" bölməsində Mərkəzin yetirmələri tərəfindən yaradılmış əsərlər - batika, keramika, zərgərlik və taxta üzərində oyma nümayiş olunur.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə təşəbbüsü olan "İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi" 2012-ci ildən tədris və sənətkarlıq ocağı kimi fəaliyyət göstərir.

Mərkəzin məqsədi gənc istedadlı və yaradıcı rəssamlara təlim vasitəsilə Azərbaycanın ənənəvi incəsənət və sənətkarlıq növlərini yaşatmaq və inkişaf etdirməkdir.

Mərkəzin zərgərlik nümunələri "Azərbaycan şəhərciyi"nin ziyarətçilərinin könlünü oxşayıb, onlarda böyük maraq doğurub.

Şəhərcikdə təşkil olunan sənətkarlıq bölməsində xalçaçılıq, misgərlik və şəbəkə, taxta üzərində oyma, dulusçuluq, kəlağayı və digər sənət nümunələrinin yaradılması prosesi ilə yaxından tanış olmaq mümkündür.

 





28.09.2016    çap et  çap et