525.Az

Hürufilik dini-mistik təlim kimi: yaranması, mənbəyi və mahiyyəti


 

Hürufilik dini-mistik təlim kimi: <b style="color:red">yaranması, mənbəyi və mahiyyəti</b>

Azərbaycan və Yaxın Şərqin tarixində, orta əsrlərdəki mədəni-ictimai həyatında, eləcə də bu məkanın ədəbiyyatında xüsusi yer tutan Hürufilik yarandığı dövrdən etibarən mədəni, ədəbi aləmə və siyasi dairələrə təsir göstərib.

Yayıldığı bölgənin sosial-ictimai vəziyyətini qismən dəyişən hürufilik haqda tədqiqatlar, əslində, düşündüyümüz qədər də çox deyil. Bu səbəbdən hürufiliyi, onun mahiyyətini, yaranıb intişar tapdığı dövrü bir az ətraflı işıqlandırmağa, bu mövzuda dolğun məlumat öyrənməyə ehtiyac duyduq.
 
Bunun üçün tədqiqatçılarımızdan filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva və tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli ilə söhbət etdik.  

(Əvvəli ötən sayımızda) 

Tədqiqatçı Səadət Şıxıyevanın fikrincə, hürufilik Azərbaycan mədəniyyətinə, xüsusilə, ədəbiyyata böyük təsir göstərib:

"Hürufiliyin bəzi nümayəndələri, o cümlədən, Nəsimi özündən sonra böyük ədəbi məktəb yaratdı, bir sıra fikirlərini yalnız nəzəri səpkidə deyil, ədəbiyyat və təsəvvüflə sintez edərək sonrakı nəsillərə ötürdü.

Nəsiminin hürufiliyi poetik yozumundan yaranan bu ədəbi məktəbin bir ucu Balkan ölkələri, bir ucu isə Hindistana gedib çıxır. Yəni, bu qədər geniş bir coğrafiyada hürufilik görüşləri Nəsiminin əsərləri vasitəsilə təbliğ və təlqin olunmağa başlayır. Hətta həmin görüşlərin bir qismi bu şeirlərdə o qədər poetikləşmişdi ki, Nəsimini təqlid edən şairlər onun düşüncələrinin hürufilikdən qaynaqlandığını unudurdular. Onlar Nəsimi ənənəsini davam etdirərək, həmin fikirləri öz əsərlərinə nəql edir, dolayısı ilə də olsa, hürufilik görüşlərinin ifadəçisinə çevrilirdilər. Məsələn, bu əsərlərdə insanın üzünün ilahinin ərşi olması, insanın simasında yeddi müqəddəs xəttin olduğu, insanın surətində Quran ayələrinin yazılması bildirilir. Bu görüşlərin hər biri  hürufilik mətnlərindən bəhrələnir. Ancaq zamanla bədii ədəbiyyatda hürufilik görüşlərinin fəlsəfi çəkisi nisbətən azalır və ön plana poetiklik keçir. Əlbəttə, ədəbiyyatda hürufiliyi təmsil edən şairlər arasında daha çox Nəsimi şəxsiyyəti qabarıq nəzərə çarpır. Misali, Mühiti, Ərşi də hürufiliyin tanınmış şeyx şairlərindəndirlər. Ancaq onların heç biri Nəsimi qədər şöhrət qazanıb ədəbiyyat aləmində özünə yeni bir cığır aça bilməyib. Nəsiminin həm türkcə, həm də farsca şeirləri ilə yaratdığı məktəb isə öz dövründən başlayaraq, XX əsrin əvvəllərinə qədər davam edib".

Dilavər Əzimli Nəsimini hürufiliyin ən mükəmməl bilicilərindən biri hesab edir: "Anadoluda və Rumelidə hürufiliyin yayılmasında və müridlərin artmasında onun böyük əməyi vardır. Bəktaşilərin yeddi şair və vəlisi sırasına daxil olan Nəsimini çox zaman elə bəktaşi sayırlar. Mənbələrdən bəlli olur ki, o, əvvəlcə bəktaşi olmuş, sonradan hürufiliyin yayılmasında əvəzsiz rol oynamış və hürufi kimi tanınmışdır.  Məsələ ondadır ki, Türkiyədə hürufiliyi bəktaşilikdən ayırmaq çətindir. Onlar sıx tellərlə bir-birinə bağlı olub. Uzun zaman hesab edirdilər ki, Nəsimi Bağdad yaxınlığında olan bir kənddən adını almışdır. Bir İraq türkü hesab edilirdi. Lakin Azərbaycan alimləri onun Şamaxıda 1370-ci ildə doğulduğunu ortaya qoydular. O, da Fəzlullah kimi çox oxumuşdu. Türk, ərəb və farscanı dərindən bilirdi. Bu dillərdə sərbəst yazırdı. Öncə sufi Şeyx Şiblinin müridi olmuşdu. Sonra Fəzlullah Bakıya yerləşdikdən sonra onunla qarşılaşdı və artıq şeirlərində özünün mənəvi mürşidini öydü.  Öncə Hüseyni, daha sonra da Hürufiliyə bağlanaraq Nəsimi ləqəbi ilə yazdı".    

Səadət Şıxıyeva hürufilərin siyasi iqtidarla münasibətlərindən bəhs edir: "Hürufilər siyasi iqtidarla da əlaqələr yaradıblar. Qaraqoyunlu Qara Yusifin özü ilə, oğlu Şah Məhəmmədlə, qardaşı oğlu Sultan Qazan xanla, eləcə də Teymurilərdən Uluğ bəylə çox yaxın dostluq münasibətləri olub. Hürufilər təkcə Qaraqoyunlular və Teymurilərlə deyil, Səfəvilərlə də qarşılıqlı dostluq münasibətində olmuşlar. Şah İsmayıl Xətai hakimiyyətinin ilk dövrlərində onları himayə edib. Amma deməzdim ki, bütün xanədanların təmsilçiləri hürufiliyə rəğbət bəsləyib. Əmir Teymurun onlara münasibəti araşdırmalarda birmənalı olaraq mənfi kimi təqdim olunur. Amma bununla bərabər, Fəzlullah öz əsərində Əmir Teymurla birlikdə namaz qıldığını deyir. Yəni, ola bilsin ki, ilk dövrlərdə onlar arasında bir razılaşma, anlaşma baş tutub... Bundan başqa, sonuncu Misir Məmlük sultanı Qansuh əl-Quri də Nəsimiyə səmimi rəğbət bəsləyib, hətta bir qələbəsinin şərəfinə onun məqbərəsini bərpa etdirib". Səadət xanım hürufiliyin dünyada Azərbaycan mədəniyyətinin bir parçası kimi öyrənilmədiyini deyir: "Hürufilik dünyada, demək olar ki, Azərbaycan mədəniyyətinin, fəlsəfəsinin, ədəbiyyatının tərkib hissəsi kimi öyrənilmir. Doğrudur, bir sıra müəlliflər Nəsimidən danışarkən onun azərbaycanlı, dilininsə Azərbaycan türkcəsi olduğunu qəbul edirlər. Ancaq hürufilik özü fəlsəfi-fikri cərəyan olaraq, sırf Azərbaycan hadisəsi kimi təqdim olunmur. Bunun bir səbəbi də odur ki, hürufiliyin   elan olunduğu Təbriz bu gün İranın tərkibindədir. Onların fəaliyyət çevrəsinə İranın bir çox bölgələri daxildir, eləcə də mürşidin özü və müridlərinin çoxu  bu ərazinin müxtəlif bölgələrindən idilər. Buna görə də hürufilik çox vaxt İrana aid  fəlsəfi görüş kimi təqdim olunur". 

Hürufilik fəlsəfi-dini dünyagörüşü kimi... 

Dilavər Əzimli hürufiliyə iki baxış formasının olduğunu diqqətə çatdırır: "Əslində, hürufiliklə bağlı müxtəlif yanaşmalar var. Bəziləri onu islama aid etmirlər, dünyagörüşü baxımdan mistisizm adlandırırlar. Bəziləri birbaşa sufizm kimi qəbul edirlər. Bu da hürufiliyin mürəkkəb sistemə malik olması ilə bağlıdır. Hürufilik özündən əvvəlki bütün dünyagörüşləri - məzdəizm, xürrəmilik, zərdüştlük, Qam sistemi və səmavi dinlərdəki ən yaxşı keyfiyyətləri özündə birləşdirir".

Səadət Şıxıyeva hürufilik təliminin əsasında dayanan hərf elminə nəzər yetirir: "Hürufilik fəlsəfi-dini dünyagörüşü kimi daha çox İbn Ərəbinin hərf elmi haqda görüşlərindən yararlanırdı. İslami çevrələrdə "simiya" deyilən bir etiqad da olub ki, bu da hürufiliyə böyük təsir göstərib. Hürufilikdə Quranın 29 surəsinin əvvəlində tək-tək yazılan hərflərlə (hürufi-müqəttəat) bağlı çoxsaylı istinadlar və mənalandırmalar var. Məlum olduğu kimi, Quranın 29 surəsinin başında müəyyən hərflər ayrı-ayrılıqda sadalanır, misal üçün, "Ta Ha", "Ya Sin", "Sad". Bu, islami çevrədə maraqlı şərhlərin yaranması və ənənəviləşməsinə səbəb oldu. Quran təfsirçiləri - şərhçiləri bu hərfləri müxtəlif baxımdan mənalandırdılar və onların müəyyən sözlərin şərti işarələri olduğunu bildirdilər. Hürufilik təlimində, bax, bu şərhlərdən də təsirlənməni görə bilirik. Bəzi tədqiqat əsərlərində Fəzlullahın təlimini yəhudilik mistisizminin bir qolu olan kabbala ilə də müqayisə edir, oxşarlıqlar axtarırlar. Ümumiyyətlə, elmi araşdırmalarda Fəzlullahın yəhudi  kabbalasına da bələd olması fikrinə çox rast gəlinir. Bu isə kabbalistlərin Tövratdakı hərfləri yozum və mənalandırma tərzindən qaynaqlanır".

(Ardı var)

Müşfiq ŞÜKÜRLÜ

 





28.09.2016    çap et  çap et