525.Az

Xarici müşahidəçilər referendumun standartlara uyğun keçirildiyini bəyan ediblər


 

AVROPA SEÇKİLƏRİN MÜŞAHİDƏSİ AKADEMİYASI: "VƏTƏNDAŞLARIN SƏSVERMƏSİNƏ TƏQDİM EDİLƏN KONSTİTUSİYAYA DÜZƏLİŞLƏR AZADLIQLARI GÜCLƏNDİRƏCƏK VƏ DEMOKRATİYANI MÜDAFİƏ EDƏCƏK"

Xarici müşahidəçilər referendumun standartlara uyğun keçirildiyini bəyan ediblər<b style="color:red"></b>

Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsiylə bağlı keçirilən ümumxalq səsverməsini izləmək üçün ölkəmizə gələn beynəlxalq müşahidəçilər seçki prosesindən razılıqlarını ifadə ediblər.

Avropa İttifaqi Regional Komitə üzvlərindən ibarət müşahidə qrupunun yaydığı bəyanatda qeyd olunub ki, 4 nəfərdən ibarət müşahidə qrupu səfər öncəsi referenduma çıxarılan Konstitusion dəyişikliklərin məzmununu və legitimliyini araşdırıb, ümumxalq səsverməsi günü - 26 sentyabrda 10 dairənin 2 məntəqəsində səsvermə prosesini izləyib.

Bildirilib ki, müşahidə qrupu araşdırmalar və müşahidələr əsasında nikbin nəticələrə gəlib: "Referendumun keçirilməsi suveren Azərbaycan dövlətinin səlahiyyətinə aiddir və bu barədə qərar milli qanunvericiliyə uyğun qəbul edilib. Referenduma çıxarılan dəyişikliklər əsasən ölkədə idarəetmə sisteminin gücləndirilməsinə və insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsinə xidmət edir. Müşahidə qrupunun üzvləri olduqları məntəqələrdə çoxsaylı müşahidəçilərin səsvermənin gedişatını müşahidə etmələrinin şahidi olublar. Səsvermə prosesi texniki və təşkilati baxımdan yaxşı təşkil edilib. Məntəqələrdə seçici aktivliyi yüksək olub, səsvermə prosesi dinc şəraitdə həyata keçib. Hər hansı bir zərurət olmadan polisin və ya yerli icra hakimiyyəti nümayəndələrinin seçki məntəqələrinə daxil olmalarının və səsvermə prosesinə müdaxilə etmələrini müşahidə etmədik. Seçicilər müstəqil və kənar müdaxilə olmadan səsvermədə iştirak edərək öz iradəsini ifadə ediblər. Səsvermə başa çatdıqdan sonra müşahidə qrupunun üzvləri bir məntəqədə bülletenlərin sayılmasını izləyiblər və digər müşahidəçilərə bülletenlərin sayılması prosesini də izləməyə maneçilik törədilmədiyinin şahidi olublar. Beləliklə, belə bir nəticəyə gəlirik ki, Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il referendumu legitimdir və onun nəticələri Azərbaycan xalqının iradəsinin müstəqil və azad şəkildə ifadəsini əks etdirir".

Avropa Xalq Partiyasının (EPP) nümayəndə heyətinin yaydığı bəyanatda isə qeyd olunub ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəvəti əsasında Avropanın aparıcı siyasi ailəsi olan Avropa Xalq Partiyasının nümayəndə heyəti 26 sentyabr 2016-cı il Konstitusiya referendumunun müşahidəsi məqsədilə Azərbaycana səfər edib.

Bildirilib ki, nümayəndə heyəti 7 dövləti təmsil edən və digər seçki müşahidələrində təcrübəyə malik 11 üzvdən, o cümlədən, Avropa Parlamenti və milli parlamentlərin hazırki və keçmiş üzvləri, Avropa İttifaqı hökumətlərinin keçmiş üzvlərindən ibarətdir: "Nümayəndə heyəti səsvermə günündən əvvəl bəzi seçki məntəqələrində hazırlıq işləri ilə tanış olub və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə görüşüb. Mərkəzi Seçki Komissiyası vətəndaşların ətraflı məlumatlandırılması, eləcə də səsvermə günü üçün nəzərdə tutulmuş prosedurlarla bağlı bütün hazırlıq işlərindən ibarət geniş təhlil təqdim edib.

Bizə məlumat verilib ki, səsə qoyulacaq 29 düzəlişin tam mətni və hazırkı Konstitusiya mətni ilə fərq səsvermədən bir ay əvvəl bütün vətəndaşlara çatdırılıb. Mərkəzi Seçki Komissiyasının bütün qaydaları müsbət təcrübələrə və beynəlxalq standartlara uyğundur".

Bəyanatda qeyd edilib ki, sentyabrın 26-da Avropa Xalq Partiyasının nümayəndə heyəti 1 deyil, 29 referendumun şahidi olub: "Çünki Azərbaycan Respublikası vətəndaşları hər düzəliş üzrə öz səsini verə bilib, bu isə hər seçicinin səsvermə kabinəsində həmişəkindən daha çox qalmasına səbəb olub".

Həmçinin, bəyanatda bildirilib ki, EPP nümayəndə heyəti səsvermə məntəqəsində açılış prosedurlarında iştirak edib və səsvermə müddətində digər məntəqələrə baş çəkib, eləcə də səsvermə məntəqələrindən birinin bağlanması prosesini müşahidə edib: "Baş çəkilən bütün məntəqələrdə prosedurlar beynəlxalq normalara uyğun idi. Seçicilərə müvafiq kömək göstərilib, böyük əksəriyyət prosesin mahiyyəti və səsvermə proseduru barədə yaxşı məlumatlanıb, eyni zamanda hərbçilər yaxud polis işçilərinin olmadığı qeydə alınıb. Səsvermə bağlandıqdan sonra isə nümayəndə heyətimizin bəzi üzvləri səslərin sayılması prosesini izləyib. Prosesin xüsusi şərtləri səbəbindən səslərin sayılması uzun çəkib, lakin Mərkəzi Seçki Komissiyası sürətli iş üslubu seçib".

Nəticə etibarilə, EPP nümayəndə heyəti hesab edir ki, 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasında Konstitusiyaya dəyişikliklərə dair referendum prosesi ən yaxşı beynəlxalq normalara riayət olunmaqla, azad, açıq və müvafiq prosesə uyğun şəraitdə keçib və şübhəsiz, Azərbaycan Respublikası xalqının iradəsini ifadə edib".

Səsvermə prosesində müşahidə aparan Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) missiyasının bəyanatında isə qeyd olunub ki, 12 Avropa ölkəsindən olan 35 parlamentari və ekspert "Avropa Seçkilərin Müşahidəsi Akademiyası" beynəlxalq QHT-sinin üzvü kimi, 26 sentyabr 2016-cı il Konstitusiya İslahatlarına dair Referendumu müşahidə edib. Müşahidəçilərin çoxu Avropa Şurası Parlament Assambleyası və ya ATƏT Parlament Assambleyası kimi qurumların indiki və keçmiş üzvü olaraq, seçkilərin və referendumun müşahidəsində böyük təcrübəyə malikdir".

Bildirilib ki, bu referendum səsvermənin ədalətli və azad keçirilməsini təmin edən cari Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təşkil edilib: "Mərkəzi Seçki Komissiyası əmin edib ki, kampaniyalar üçün kifayət qədər yer, eyni zamanda pulsuz efir vaxtı və qəzetlərdə bölmələr ayrılıb. Qeyd edilib ki, Referendum günündən 1 ay əvvəl 29 düzəlişin hamısı poçt kuryeri vasitəsilə bütün Azərbaycan vətəndaşlarına çatdırılıb. Seçicilərə adlarının isə seçici siyahısında olub-olmamasını MSK-nın veb-saytında yoxlamaq üçün şərait yaradılıb. Bir neçə dəfə səsvermənin qarşısını almaq məqsədilə adları seçici siyahılarında olmayan seçicilər şəxsiyyət vəsiqələrini təqdim etməklə, adlarını siyahıya əlavə etdirib və səs veriblər".

Beynəlxalq müşahidəçilər səsvermə bülletenində təklif edilən 29 düzəlişin hər biri barədə ayrı-ayrılıqda seçicilərin fikrinin soruşulmasını müsbət qarşılayırlar: "Bununla bütövlükdə təklif edilmiş islahatlar barədə bir qlobal rəyin formalaşmasının qarşısı alınıb".

ASMA müşahidəçiləri Referendum günü Bakıda və onun ətrafında təxminən 20 dairə üzrə müşahidə aparıb: "Referendum günü ölkə boyu dinc keçib, səsvermə məntəqələrinə sərbəst və maneəsiz giriş olub. Yerli orqanlar və polisin seçki prosesinə müdaxiləsi müşahidə edilməyib. Seçicilərin qeydiyyatı ilə bağlı problemlər olmayıb. Səsvermə gizli keçirilib və bununla bağlı problem müşahidə edilməyib. Barmaqların mürəkkəblənməsi prosesi düzgün qaydada aparılıb. Mərkəzi Seçki Komissiyasının səsvermə məntəqələrinin 20 faizində quraşdırdığı veb-kameralar səsvermə proseslərini onlayn müşahidəyə imkan yaradıb. Ümumilikdə, səsvermə prosesi beynəlxalq standartlara müvafiq olaraq, təyinatlı heyət tərəfindən peşəkarcasına və mütəşəkkil aparılıb. Bəzi səsvermə məntəqələrində müəyyən sayda cüzi texniki problemlər qeydə alınıb, lakin səsveməyə təsir etməyib. Bəzi hallarda müşahidəçilər komissiya masasından uzaqda yerləşdirilib. Digər tərəfdən, səsvermə məntəqələrinin əksəriyyətində xeyli sayda yerli müşahidəçi iştirak edib ki, bu da vətəndaş cəmiyyətinin həqiqi öhdəliyinin göstəricisi idi".

Bəyanatda qeyd olunub ki, səsvermə məntəqəsində səslərin sayılması açıq və şəffaf keçib: "Müşahidəçilər səslərin sayılmasını tam izləyib və heç bir mühüm problem qeydə almayıb. Biz nəticələrlə bağlı rəsmi protokolların surətinin müşahidəçilərə paylanması faktını təqdirəlayiq hesab edirik. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərilib".

ASMA-nın gəldiyi qənaətə görə, referendum seçicilərin böyük əksəriyyəti tərəfindən dəstəklənib: "Venesiya Komissiyası ilkin rəyində insan hüquqları sahəsindəki islahatlar barədə müsbət fikirlər bildirib, lakin prezident mandatını gücləndirən təklifləri tənqid edib. Biz, xarici müşahidəçilər kimi, düzəlişlərin mahiyyətinə müdaxilə etmək istəmirik. Lakin qeyd edirik ki, Azərbaycan xalqı güclü icra hakimiyyətinə bariz dəstəyini açıq-aydın ifadə edib. Bu, referendum günü beynəlxalq müşahidəçilərə müraciət edən bir çox seçicilər tərəfindən ifadə edilib. Seçicilər qeyd ediblər ki, Ermənistanla davam edən müharibə, geosiyasi qeyri-sabitlik, fundamentalizmin artması, terrorçuluq təhdidi və beynəlxalq iqtisadi və maliyyə böhranı bugünkü çətin dövrdə istənilən təhdid və problemləri həll etməyə qadir olan güclü və möhkəm hökumətə imkan yaradan konstitusiya modelini dəstəkləmək üçün əsas səbəblərdir".

Sonda beynəlxalq müşahidəçilər ölkəni sabit və demokratik institutlar yaratmağa davam etdirməyə çağırıb və Azərbaycan hakimiyyətini Venesiya Komissiyası ilə sıx əməkdaşlığa dəvət edib. Onlar eyni zamanda ölkəni beynəlxalq demokratik standartları və xüsusilə ATƏT və Avropa Şurasının qətnamə və öhdəliklərinə riayət etməyi davam etdirməyə həvəsləndirir.

ASMA bütün beynəlxalq təşkilatları Mərkəzi Seçki Komissiyası və Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoqu davam etdirməyə çağırır.

Beynəlxalq QHT-lər qrupu isə yaydığı bəyanatda bildirib ki, sentyabrın 26-da Azərbaycan keçirilən Konstitusiya referendumu ölkənin siyasi sabitliyinin yeni zəmanətidir: "Azərbaycan vətəndaşlarının səsverməsinə təqdim edilmiş Konstitusiyaya düzəlişlər azadlıqları gücləndirəcək və demokratiyanı müdafiə edəcək. Bu düzəlişlər hər hansı hakimiyyət boşluğunun qarşısını alaraq, ölkə institutlarının sabitliyini təmin edəcək. Türkiyədə baş vermiş son hadisələri nəzərə alsaq, bu, həyati əhəmiyyət kəsb edən məsələdir. Beləliklə, biz Konstitusiya referendumunun nəticələrini olduqca diqqət mərkəzində saxlayırıq. Avropa İttifaqının tərəfdaş dövlətində siyasi sabitlik və vətəndaşların azadlıqlarının qorunması beynəlxalq əlaqələrin inkişafının mühüm zəmanətidir".

Qeyd olunub ki, müşahidə qrupu 49 səsvermə məntəqəsində müşahidə aparıb və 5 məntəqədə səslərin sayılmasını izləyib: "Səsvermənin yüksək səviyyədə keçdiyini müşahidə etdik. Səslərin sayılması prosesində qanun pozuntularının şahidi olmadıq. Bu, prosesin Azərbaycan vətəndaşlarının gözləntilərinə cavab verdiyinin aydın göstəricisidir. Biz eyni zamanda Konstitusiya referendumu günü ərzində ölkədə mühitin dinc və sakit olduğunu müşahidə etdik".

Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumu izləmək üçün 18 beynəlxalq təşkilatdan 117 beynəlxalq müşahidəçi ölkəmizə səfər edib. Həmin xarici müşahidəçilər 33 ölkənin vətəndaşıdır.

Ceyhun ABASOV

 





28.09.2016    çap et  çap et