525.Az

Nazir müavini: "Xaricdə təhsil alan tələbələrin sayı xeyli artıb"


 

Nazir müavini: "Xaricdə təhsil alan tələbələrin sayı xeyli artıb"

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2012-2013-cü tədris ilində xaricdə təhsil almaq üçün ümumilikdə 588 gəncin müxtəlif ölkələrə göndərilməsi nəzərdə tutulub".
 
Bunu 525.az-a açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov deyib. Nazir müavini bildirib ki, artıq gənclərin bir hissəsi təhsil almaq üçün xarici ölkələrə göndərilib:

“Məlumat üçün bildirim ki, xaricdə təhsil almaq üçün keçirilən müsabiqənin nəticələri Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasının son qərarına uyğun olaraq müəyyənləşdirilir. Hazırda xaricdə təhsil alacaq gənclərin son siyahısı müəyyənləşdirilir. Yekun siyahı hazır olduqdan sonra Təhsil Nazirliyinə göndəriləcək”.

Q.Novruzovun sözlərinə görə, bu il gənclərimizin çoxu xaricdə tibb sahəsi üzrə təhsil alacaqlar. Gənclərin çoxu təhsillərini müxtəlif təhsil səviyyələri üzrə Almaniya və Türkiyədə davam etdirəcəklər. Q.Novruzov qeyd edib ki, növbəti ildə dövlət xətti ilə daha çox tələbənin xaricə təhsil almağa göndərilməsi planlaşdırılır:

“Statistikaya baxsaq, aydın görmək mümkündür ki, bu il xaricdə təhsil alan tələbələrin sayı xeyli artıb. Ötən il tələbələrin sayı 421, ondan əvvəlki il 300-dən artıq idisə, bu il 500-dən artıqdırsa, növbəti ildə də xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayının artacağı gözlənilir".

Q.Novruzov əlavə edib ki, bu il 66 nəfər Almaniya Akademik Mübadilə Xidməti vasitəsilə həmin ölkədə təhsil alacaq. Onların 9-u mühəndis, qalanları isə tibb ixtisası üzrə təhsil alacaqlar. Artıq həmin tələbələrin 40-ı yaşayış yeri ilə təmin olunub, qalan 26 nəfərin yaşayış yeri ilə təmini yekunlaşmaq üzrədir.

S.QARAYEVA

 





27.09.2012    çap et  çap et