525.Az

Alimlərimiz beynəlxalq qurultayda


 

Alimlərimiz beynəlxalq qurultayda <b style="color:red"></b>

Macarıstanın paytaxtı Budapeştdə sentyabrın 25-dən 28-nə qədər davam edən XI Beynəlxalq Böyük Türk qurultayı öz işini başa çatdırıb.  

Qurultayda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylunun rəhbərliyi ilə Azərbaycan türkoloq və dilçilərinin də bir qrupu iştirak edib.

Budapeştdəki Yunus Əmrə Türk Kültürü institutunda keçirilən qurultayda müxtəlif türkdilli respublikalardan, habelə Polşa, Rumıniya, Rusiya Federasiyası, Albaniya, Macarıstan və başqa ölkələrdən alimlər iştirak ediblər.

Plenar iclaslardan ikisi Azərbaycan alimlərinin - Dilçilik İnstitutunun şöbə müdiri professor Roza Eyvazovanın və Bakı Slavyan Universitetinin dosenti Məhbubə Məmmədovanın sədrliyi altında keçirilib.

Bütünlükdə 9 plenar iclasda 100-ə yaxın məruzə dinlənilib və müzakirə edilib.

Dilçi alimlərimizdən Möhsün Nağısoylu, Vahid Ədilov, Roza Eyvazova, Cahangir Cahangirli, İkram Qasımov, Məhbubə Məmmədova, Ziyafət Qasımova, Aygül Hacıyeva Azərbaycan dilçilik elminin son illərdə keçdiyi inkişaf yolunu, türk dillərinin müxtəlif problemləri ilə bağlı tədqiqləri əks etdirən maraqlı məruzələrlə çıxış ediblər.

Qurultay zamanı onlar eyni zamanda digər ölkələrdən gəlmiş həmkarları ilə görüşərək gələcək elmi əməkdaşlıq yolları ilə bağlı fikir mübadiləsi aparıblar.

Növbəti XII Böyük Türk Dili qurultayını gələn ilin oktyabr ayında Almaniyanın paytaxtı Berlində keçirilməsi qərara alınıb.

Qurultayın son günü Azərbaycanın Macarıstandakı səfirliyində alimlərimizlə görüş təşkil olunub.

Səfir Vilayət Quliyev elm adamlarının qurultayla bağlı təəssüratlarını dinləyib, onlara son illərdə daha geniş vüsət alan Azərbaycan-Macarıstan humanitar əməkdaşlığı, uğurla həyata keçirilən təhsil proqramı barəsə məlumat verib. Alimlərimizi Macarıstan Elmlər Akademiyası və ölkə ali məktəbləri ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa çağırıb.

Cavid QƏDİR

 





29.09.2016    çap et  çap et