525.Az

Nabokovun mühazirəsi


 

Nabokovun mühazirəsi<b style="color:red"></b>

Mətni dəyərli edən onun mövzusudur, yoxsa üslubu? Yazıla biləcək süjetlər məhduddur. Dramaturji situasiya barəsində geniş məlumat almaq istəyənlər Jorj Poltinin kitabını oxumalıdırlar.

Mən mətnləri mövzusundan daha çox üslubu, təhkiyəsinə görə dəyərləndirir, Borxesin "ədəbiyyat üslublar toplusudur" fikrini çox bəyənirəm. Əlbəttə, beynimizin bir tərəfi hadisələrin necə dəyişəcəyini, necə bitəcəyini, qəhrəmanın başına nə gələcəyini düşünür, ancaq mətndə yalnız hadisələri izləmək, "bundan sonra nə olacaq" məntiqiylə oxumaq,fikrimcə, yalnış mütaliədir. Geniş oxucu kütləsi üçün bu normal hal olsa da, ən azından ədəbiyyatçı, yazıçının mətnə bu cür yanaşması doğru deyil. Çünki oxucudan fərqli olaraq bu işlə peşəkar məşğul olanlar mətnin arxasındakı sirri, yazarın mətbəxini də öyrənməlidir. Başlanğıcını və sonunu bildiyiniz bir mətni oxuyarsınız? Geniş oxucu dairəsində bu sualın cavabı böyük ehtimalla "yox" olacaq. Məgər azmı olub ki, kiməsə bir kitabı məsləhət görürsən və bir az onun barəsində danışanda, hadisələri nəql edəndə səni susdurub deyiblər ki, arxasını danışma, gedib oxuyacam. Yəni onun üçün təhkiyə, yazıçının manerası, üslub önəmli deyil. Əsas məsələ hadisələrin gedişidir.

Təbii ki, başlanğıcını və sonunu bildiyimiz kitablar deyəndə ağla ilk gələn daha öncələr oxuduğumuz mətnlər ola bilər. Bu baxımdan hər kəsin sevdiyi və ən az iki dəfə oxuduğu kitablar var. O zaman sualı bir az da dəqiq qoyaq: bir kitab girişində süjetin necə başlayıb necə bitəcəyini deyirsə, artıq hadisələrin necə cərəyan edəcəyini bilirsinizsə, o mətni oxuyarsınız? Bu suala cavabım "bəli, oxuyaram"dır. Məsələn, Nabokovun "Qaranlıqda qəhqəhə" romanını oxuduğum kimi...

lll

Romanın ilk abzası çox maraqlıdır. Nabokov mətnə belə başlayır:

"Bir zamanlar Almaniyanın Berlin şəhərində Albinus adlı bir adam yaşayırdı. Varlıydı, nüfuzluydu, xoşbəxtiydi. Günün birində gənc bir məşuqəsi uğruna arvadından ayrıldı: sevdi, sevilmədi və həyatı faciəylə bitdi". Bu romanın ilk abzasıdır. İki-üç cümlə ilə  Nabokov romanın süjet xəttini nəql edir. Bəs sonunu bildiyimiz bir romanı niyə oxuyaq ki? Cavabı yenə Nabokovdan eşidək: "Hər nə qədər insan ömrünün anonsu yosunla örtülmüş bir məzar daşının içinə rahatlıqla sığsa da, detallar həmişə bəyənilir".

Romanda eşq oyunları, xəyanət ön planda olsa belə, romanın özülündə, təhkiyəsində duyğusallıq yoxdur. Nabokov hekayəni elə bir tərzdə nəql edir ki, həddindən artıq aldatmalara, insan sevgisindən sui-istifadəyə rast gəlsək də, bu bizə təsirsiz ötüşür. Çünki "Qaranlıqda qəhqəhə" romanında yazıçı həm özünü, həm də oxucunu qəhrəmanlardan uzaqda saxlayır. Romanın qəhrəmanına yaxınlaşmaq istəyəndə, mərhəmət duyğusu baş qaldıranda Nabokov ironiya ilə hər şeyi gözümüzdən salır....

Albinus sənətə bağlı, kültürlü biridir. Bir gün kinoda o qızı gördükdən sonra həyatı dəyişir. Həyat yoldaşını sevməsinə, ailə həyatlarında cansıxıcı vəziyyətlərin olmamasına rəğmən Albinus gizli-gizli o qızla görüşür. Görüşür ki, romanımız başlasın....               

lll

"Qaranlıqda qəhqəhə" romanımda əlimdən gəldiyi qədər öz dünyama yaxın bir dünya qurmağa çalışdım. Əgər bu amansız bir dünyadırsa, demək, o günlərdə dünyanı amansız bir yer olaraq gördüyüm üçündür".

lll

Albinus həm günahkar, həm də günahsızdır. Məsələn, hadisələrin sonrakı gedişində başına elə şeylər gəlir ki, onu heç bir səbəb olmadan ailəsini tərk etməsinə, övladını belə unutmasını bağışlayırıq. Bəli, o səhv etmişdi, amma etdiyi səhvlərə görə həddindən artıq cəzasını aldı.

Margot isə qadın cildində bir şeytan kimi təsvir olunur. Albinusu sevmir, sadəcə onun puluna görə birlikdə yaşayır. Və onunla film sektorunda önəmli birinə çevrilmək arzusunu reallaşdırmaq üçün istifadə edir. Çünki Albinusun sənət dünyasında bir çox dostları, tanışları var. Albinusla birlikdə ola-ola onu Rexlə aldadır. O, kor olandan sonra bir evə köçürlər və Rex də həmişə orada qalır. Albinus səslərdən evdə Margotdan başqa birisinin olduğunu da zaman-zaman hiss etsə də, Margotun sayəsində yavaş-yavaş qulağına səslər gələn biri kimi, təkcə gözlərinin görmədiyini deyil, qulaqlarının da onu aldatdığını düşünür. Ancaq yuxarıda Albinus haqqında yazılan həm günahkar, həm də günahsız fikri Margot üçün də keçərlidir:

"İşıqlar söndü və Margot liftin dəmirinə söykənərək yenidən ağlamağa başladı. Ağlıyırdı, adam onu tərk etdiyi üçün; kimliyini, adını ondan gizlətdiyi üçün; o gün getməsəydi, birlikdə hələ də xoşbəxt yaşayacaqlarına inandığı üçün; bəlkə, getməsəydi o iki yapon da, o qoca adam da, Albinus da həyatına girməyəcəkdi. Və ağlamasının bir başqa səbəbi də vardı: yeməkdə Rex sağ dizinə, Albinus isə sol dizinə toxunmuşdu və sanki, sağında cənnət, solunda cəhənnəm oturmuşdu".

Bu, abzas günah və günahsızlıq tərəzisini bərabərləşdirir, artıq burada kimin günahkar, kimin günahsız olmasını axtarmağın mənası olmadığını duyursan.

lll

"Bir ədəbiyyat yalnız və yalnız həyatdan qidalanırsa, ölməyə başlamışdır. Freydə bağlı qalan, ya da həyatın rəsmini çəkən romanlardan heç xoşum gəlmir".

lll

Nabokovun mühazirələrində iştirak edə bilməyənlər heç vaxt məyus olmasınlar, nəşr olunmuş bu mühazirələr, məqalələrdən savayı o, hər romanında ədəbiyyatı, yazıçılığı özünə peşə seçmişlər üçün həmişə nələrsə öyrədir. Bizə sadəcə arxa sıraya keçib yatmamaq, telefonlarımızla oynamamaq, qızların saçlarını hörməmək qalır...

 





29.09.2016    çap et  çap et