525.Az

Dağlıq Qarabağ probleminin həll edilməsində Türkiyənin rolu


 

Dağlıq Qarabağ probleminin həll edilməsində Türkiyənin rolu<b style="color:red"></b> Dağlıq Qarabağ probleminin həll edilməsində Türkiyənin özünəməxsus yeri və rolu vardır. 1992-ci ilin mart ayında Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu yaradıldıqda Azərbaycan və Türkiyənin israrlarına baxmayaraq həmsədr dövlətlərin və Ermənistanın razılığı olmadığı üçün Türkiyə həmsədr ölkələr qrupuna daxil edilmədi. Digər həmsədr dövlətlərə (Rusiya, Fransa və ABŞ) nəzər yetirdikdə heç birinin Ermənistan ilə sərhədi olmadığı, yəni, bu ölkə ilə coğrafi olaraq təmaslarının olmadığı anlaşılmaqdadır. Bu dövlətlərin Ermənistana siyasi və maliyyə dəstəyindən başqa heç bir təsiri yoxdur. 20 ildir Minsk Qrupunun vasitəçilik təşəbbüsləri də nəticəsiz qalıb və problem həll edilməyib. Problemin həll edilməməsindən isə siyasi, təhlükəsizlik və sosial-iqtisadi baxımdan ən çox Ermənistanın əziyyət çəkdiyi məlum olur.
 
Ermənistan müstəqilliyini elan etdikdən sonra Türkiyəyə yönəlik düşmənçilik siyasətini davam etdirməsinə baxmayaraq, Türkiyə hər zaman bu ölkə ilə münasibətlərin qurulması və inkişaf etdirilməsində maraqlı olmuşdur. Ancaq Ermənistanın beynəlxalq aləmdə qondarma soyqırımı təbliğatına davam etməsi, Türkiyənin ərazi bütövlüyünü təsdiq edən Qars və Moskva müqavilələrini tanımaması, Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində "Ermənistan Respublikası 1915-ci ildə Qərbi Ermənistanda təşkil edilən erməni soyqırımınının beynəlxalq aləmdə tanınmasına çalışmaqdadır.” ifadəsinin yer alması, Ermənistan dövlət başçılarının mütəmadi olaraq Türkiyəni təhdid etmələri və başqa səbəblərə görə tərəflər arasında diplomatik münasibətlər qurulmamışdır.
 
Ermənistan Rusiya, Fransa və ABŞ-ın siyasi təsir dairəsindən uzaqlaşıb məntiqli xarici və təhlükəsizlik siyasəti həyata keçirə bilsəydi, Türkiyə ilə münasibətlərini qaydaya salaraq iqtisadi, siyasi, sosial və təhlükəsizlik problemlərini əhəmiyyətli dərəcədə həll edə bilər və Dağlıq Qarabağ problemi də həll olunardı.
 
Beynəlxalq aləmdə qırılma nöqtələri yaşandığı zaman dövlətlər müxtəlif səpkidə təhdid və fürsətlərlə qarşılaşır. Sovet İttifaqının dağılmasından sonra Ermənistan üçün də Türkiyə ilə münasibətlərində fürsət və təhdid ünsürü ortaya çıxdı. Əslində Ermənistan üçün Türkiyə real bir təhdid ünsürü deyildi. Bu son 100 ildə erməni xalqının psixolojik baxımdan türk düşmənçiliyi ilə bəslənməsinin nəticəsi idi. Belə ki, daha Sovet İttifaqı dağılmadan Türkiyənin Moskvadakı səfiri Volkan Vural Ermənistanı ziyarət etmiş və ehtimal olunan müstəqillik sonrası Türkiyə-Ermənistan münasibətlərinin konturlarının müəyyənləşdirilməsi üçün dövlət rəsmiləri ilə görüşmüşdü. Ermənistanın dövlət adamları müstəqillik dövründə Türkiyənin bu təklifini nəzərə ala bilmədilər və 100 illik təbliğatın təsirindən uzaqlaşaraq məntiqli düşünüb qərar verməkdən aciz qaldılar. Nəticə etibarı ilə iki ölkə arasında diplomatik münasibətlər bu günə qədər qurulmamışdır.
 
Hürriyyət qəzetinin verdiyi məlumata görə, Türkiyə 2012-ci ilin noyabr ayında Minsk Qrupu həmsədr dövlətlərinə Ermənistanın da yer alacağı Avropa və Asiyanı birləşdirəcək nəqliyyat layihəsini təqdim etmişdir. Türkiyə tərəfindən verilən məlumata görə, bu layihə Ermənistanın Qarabağın ətrafında işğal etdiyi yeddi rayonun geri qaytarılmasından sonra sülhü daha da möhkəmləndirmək məqsədi ilə həyata keçiriləcəkdir. Türk diplomatı Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin qaydaya salınmasının zərurətini vurğulayıb. Mənbəyə görə, Türk hökuməti bu barədə Azərbaycana məlumat verib və Azərbaycan bu şərtlər daxilində Ermənistanın bu layihədə iştirakına etiraz etmir.
 
Layihə iki hissədən ibarətdir. Birinci mərhələdə Türkiyə-Ermənistan, Azərbaycan və Rusiya dəmir yolu nəqliyyatını birləşdirmək nəzərdə tutulur. Qars-Tiflis-Bakı dəmir yolu açıldıqdan sonra Ermənistanın Azərbaycan ilə razılığa gələcəyi təqdirdə, Türkiyə Ermənistan ilə sərhədləri və dəmir yolunu açacaqdır. Dəmir yolu açıldıqdan sonra Türkiyə və Ermənistan arasında yeni avtomobil nəqliyyatı yolunun inşası nəzərdə tutulur.
 
Layihənin ikinci hissəsində isə Marmara layihəsi başa çatdıqdan sonra London-Pekin dəmir yolu xətti ilə Asiya və Avropa arasında dəmir yolu nəqliyyatı təmin edilmiş olacaqdır. Ermənistan da Qars-Tiflis-Bakı dəmir yolu xətti ilə bu layihəyə qoşula bilər.
 
Mənbə Azərbaycanın bu şərtlərlə Ermənistanın layihədə iştirak etməsinə razılıq verdiyini bildirsə də, Ermənistanın bu layihəyə münasibətinin necə olduğu haqqında məlumatlarının olmadığını və həmsədr dövlətlərdən Ermənistanın mövqeyinə açıqlıq gətirmələrini gözlədiklərini vurğulamışdır.
 
Ermənistan Azərbaycan ilə sülh danışıqlarına başlayaraq konkret addımlar atarsa, bu layihələrdən başqa digər layihələrdə də iştirak edə bilər. Belə layihələrdən biri də Trabzon limanından Ermənistanın istifadə etməsidir. Bununla Ermənistan beynəlxalq nəqliyyat dəhlizinə daha ucuz və rahat şəkildə çıxış əldə edə bilər. Ermənistan işğal altında saxladığı yeddi rayondan çıxarsa, Azərbaycan üzərindən Rusiya ilə də dəmir yolu nəqliyyatından istifadə etmə fürsətini əldə edəcəkdir. Bütün bunlardan başqa Azərbaycan ilə Ermənistan arasında sülh təmin edilərsə, Ermənistan Azərbaycanın enerji mənbələrindən və tranzit xətlərindən istifadə edə bilər ki, bu da enerji sahəsində ciddi problemlərlə qarşılaşan Ermənistanın yükünü xeyli azaltmış olar və hətta Ermənistan bundan pul qazana bilər. Regional və beynəlxalq əhəmiyyətli belə layihələrdən bir neçəsini sadalamaq olar.
 
 Amma əsas məsələ Ermənistan dövlət adamlarının siyasi iradə nümayiş etdirərək işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilməyə qərar verməsidir. Ermənistan dövlət adamlarının Rusiyanın orbitindən uzaqlaşaraq belə bir qərar verməsi hələlik mümkün görünməsə də, belə şərait yaranarsa, bu sadəcə Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında deyil, eyni zamanda region və beynəlxalq aləmdə təhlükəsizliyin təmin olunmasına imkan yaradar. Ermənistan da bir çox iqtisadi, siyasi və sosial problemlərini həll edərək regionun bütünləşməsi prosesində yer ala bilər.
 
 Dr. Hatəm Cabbarlı

newtimes.az
 





14.03.2013    çap et  çap et