525.Az

Alim nüfuzu və şöhrətinin miqyası


 

GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS ƏSGƏR ZEYNALOVUN ÖMÜR VƏ FƏALİYYƏT YOLUNA BİR BAXIŞ

Alim nüfuzu və şöhrətinin miqyası<b style="color:red"></b>

Yaşadığımız cəmiyyətdə elə şəxsiyyətlər var ki, onların haqqında böyük ehtiramla, sevgiylə, hətta fəxrlə danışmaq, yazmaq istəyirsən. Çünki belə şəxsiyyətlər yaşam boyu böyük ideallar, məqsədlər uğrunda mübarizə aparır, özlərindən sonra bir iz qoymağa çalışır, vətənə, xalqa şərəflə xidmət etməyi həyatlarının amalı hesab edirlər.

Millətə xidmət etməyin yeni və daha mükəmməl yollarını arayırlar. Böyük zəhmətləri, çalışmaları sayəsində elinə, vətəninə şöhrət gətirir, hansısa bir sahədə kəşfləri, ilkləri ilə heyrətamiz uğurlar qazanırlar. Xalqın mənəvi-əxlaqi dəyərlərini, milli təfəkkür sərvətini ölkə xaricində tanıtmağa, təbliğ etməyə, başqa xalqlarla bir çox sahələrdə əlaqələrin vüsətli inkişafına səy göstərirlər.

Son zamanlar belə işıqlı insanlar haqqında düşünəndə ilkin olaraq yadıma Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor, onlarla monoqrafiya, kitabların, yüzlərlə elmi araşdırmaların, publisistik yazıların, itirilmiş torpaqlarımızın yanğısı, xiffəti ilə süslənmiş esselərin müəllifi Əsgər Zeynalov düşür. Mətbuat səhifələrindən, kitablarından oxuduğum xeyli sayda elmi-publisistik əsərlərinin kəsb etdiyi milli-bəşəri ideyaları dərk edincə, mənəvi dünyasını duyunca düşünmüşəm ki, Əsgər müəllim Yaradanın ona bəxş etdiyi ömründən ağılla, müdrikcəsinə istifadə edib. Məqsədinə çatmaqdan ötrü arzularının gerçəkliyə apardığı enişli-yoxuşlu, keşməkeşli yollardan keçib.

Müxtəlif vaxtlarda Əsgər müəllim haqqında yazılmış bir çox məqalələrlə tanış olunca görmüşəm ki, onun həyatı, elmi-ədəbi axtarışları ilə bağlı həm vətənimizdə, həm də ölkə xaricində elə uğurları olub ki, bir çox görkəmli elm-sənət adamları onlardan ağızdolusu, fəxarət hissilə, həm də dönə-dönə bəhs etmişlər. Əslində bu xoş hadisələr, qazanılan uğurlar milli təəssübkeşlik, dünyəvilik kəsb etdiyindən hər kəs öz mövqeyindən ona səmimiyyətlə, heyranlıqla münasibətini bildirmişdir. Biz də bu yazıda onun elmi-ədəbi fəaliyyətinə, ictimai baxışlarına, mənəvi dünyasına öz prizmamızdan yanaşmağa çalışacağıq.

Məqalə üzərində işləyərkən Əsgər müəllimin nəzərdən keçirdiyim əsərləri ilə bir arada, filologiya üzrə fəlsəfə doktoru Zeynəb xanım Qasımovanın  “Ədəbiyyatşünaslığımızın alim əsgəri” kitabında bu vətənpərvər alimlə bağlı elm-sənət adamlarının, ədəbiyyatşünasların, doğmalarının yazıları, ürək sözləri tədqiqatçı, pedaqoq, yazıçı-publisist, ictimai xadim, qeyrətli ziyalı haqqında təəssüratımı xeyli zənginləşdirdi.

Əsgər Zeynalovu hələ şəxsən tanımadığım vaxtlarda onun dövri mətbuatda yurd-torpaq itkiləri ilə bağlı xeyli məqalələri, “İrəvan ziyalıları” adlı möhtəşəm abidə-əsəri ilə tanış idim. Bu vətənpərvər, təəssübkeş ziyalını yaxından  tanıdıqca onun mədəni, təvazökar insan, istedadlı, zəhmətkeş bir alim olduğunun da fərqində oldum. Onun fransız ədəbiyyatının parlaq simaları olan Volter, Viktor Hüqo monoqrafiyalarından, tərcümələrindən, kitablarından da xəbərdaram. Yaxın aylarda isə Əsgər müəllimin uzun illərin axtarış əzablarına qatlaşaraq ərsəyə gətirdiyi, 200 illik bir tarixi yaddaşımızda közərdən “İrəvan xanlığı... gerçəkliyin aydınlığı” fundamental kitabını böyük həvəslə oxudum. Professorun geniş əhatəli, həm də böyük zəhmət tələb edən işlərinin sırası o qədər zəngindir ki, onların hər birindən ayrılıqda bəhs etmək heç şübhəsiz, böyük bir əsərin mövzusudur. Tədqiqatçı-alimin elmi-ədəbi fəaliyyətinin hüdudları çox genişdir.

Əsgər Zeynalovun elmi, pedaqoji və ədəbi yaradıcılığından söhbət açdığımız bir vaxtda çox məqamlara toxunmaq, çox hadisələrlə zəngin olan xatirələrə işıq salmaq lazım gələcək, hətta bunlar ayrı-ayrı insanların baxışlarında təkrar-təkrar səslənmiş olsa belə, bizim də başqa aspektdən yanaşmamız olacaqdır. Çünki deyiləcək, yada salınacaq hadisə və faktlar həyatının əksi olan yüksək əxlaqı, mənəvi zənginliyi, fitri istedadı, ensiklopedik yaddaşa malik olması, çoxsaylı elmi-ədəbi axtarışları yolundakı çalışmaları, mücadiləsi, uğurları səmimi, xeyirxah insanın, fədakar alimin ömrünə saçılan işıqlar timsalındadır. Bu işıqların aydınlığında Əsgər müəllimin obrazı olduqca əzəmətli görünür.    

Əsgər Məmməd oğlu Zeynalov 1951-ci il sentyabr ayının 27-də Qərbi Azərbaycanın İrəvan yaxınlığındakı Uluxanlı (Zəngibasar) mahalının Yuxarı Necili (Nizami) kəndində anadan olmuşdur. O, səkkizinci sinfi doğulduğu kənddə, orta məktəbi isə Uluxanlıda bitirmişdir. 1970-1974-cü illərdə APXDİ-nin fransız dili fakültəsində təhsil almışdır. 1988-ci il hadisələrindən sonra Bakıya köçmüş, 1989-cu ildə APXDİ-də laborant kimi fəaliyyətə başlamış, müəllim, baş müəllim vəzifəsində çalışmışdır. 1998-2012-ci illərdə Praktik fransız dili kafedrasının müdiri olmuşdur. Ə.Zeynalov 1991-ci ildə “Azərbaycan bayatıları Qafqaz regionunda” mövzusunda namizədlik, 2003-cü ildə “Fransız ədəbiyyatında Şərq mövzuları (Volterin yaradıcılığı üzrə) doktorluq dissertasiyası müdafiə etmişdir. 2005-ci ildən ADU-nun professorudur. Əsgər Zeynalov ölkəmizi İrəvan (2001), Almaniya (2007), Fransa (2007, 2013, 2014, 2015), Türkiyədə (2009) keçirilən konfrans, qurultay və tədbirlərdə layiqincə təmsil edib.

Onun uşaqlığı, məktəb illəri, ali təhsil aldıqdan sonrakı fəaliyyətinin böyük hissəsi bu doğma yerlərdə keçib. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı kimi tədqiqat işlərini, araşdırmalarını da əsasən İrəvanın arxivlərində - (Matenadaranda), İrəvan Əlyazmalar İnstitutunda, Xalq Yaradıcılığı evində, Ədəbiyyat və İncəsənət muzeyində aparıb, 550-dən artıq Azərbaycan bayatısını toplayaraq sübut etmişdir ki, ermənilərdə bayatı olmamış, onlar uzun əsrlər boyu həyat və məişətlərində Azərbaycan bayatılarından istifadə etmişlər. O, İrəvanda, erməni qaynaqlarında axtarışlar aparan sonuncu azərbaycanlı alimdir. Doğma yurdu tərk edəndən mənfur düşmənə qalmış ata-baba yurdunun itkisi onu korun-korun yandırıb. Nə xoş ki, tale ona  məcburən tərk etdiyi doğma yerləri 13 ildən sonra, 50 yaşında ziyarət etməyi nəsib etdi (Bu, UNESCO-nun xətti ilə “Cənubi Qafqazda Təhsil Problemləri” mövzusunda İrəvanda keçirilən beynəlxalq konfransda iştirakı ilə əlaqədar olmuşdur). Amma bu ziyarət, bu görüş uzun zaman nisgilli xatirələrin uyuduğu yaddaşını göynətdi.

Burda Azərbaycan Respublikası Milli Məclisinin deputatı professor Səməd Seyidovun onun barəsində, abidə əsəri olan “İrəvan ziyalıları” haqqında dediyi fikirləri xatırlamaya bilmirəm: “Bu gün Əsgər müəllimin yazdığı, yaratdığı, bizə təqdim etdiyi əsərlər, kitablar bir nümunədir, xalqın tarixidir. Özü də əzilmiş, həmişə problemlər içərisində olmuş, başa düşülməyən, yerlərindən qovulan, didərgin salınan Azərbaycan xalqının tarixini yaradıb bu insan... Onun fəaliyyəti və yaradıcılığı əsasında Azərbaycanda bilinməyən alimlər bilinib, Azərbaycanda tanınmayan şairlər tanınıb, Azərbaycan tarixində məkanı, yeri məlum olmayan məkanlar müəyyən olunub”.

1988-ci ildə soydaşlarımızın öz ata-baba torpaqlarından kütləvi surətdə çıxarılmasından sonra Əsgər müəllim torpaq itkisindən yaranmış dərdini, nisgilini ovutmaqdan, ən başlıcası da əsrlər boyu azərbaycanlıların yaşadığı, xanlarımızın idarə etdiyi qədim məskənlərimizin unudulmamasından ötrü, qələmi ilə mübarizə aparırdı. Mənim yaxşı yadımdadır, milli oyanış dövrünün ilkin çağlarından respublikada yaranan bütün mətbuat orqanlarında onun didərginlik mövzusunda dərin mündəricəli yazıları dərc olunurdu. Zəngibasarın qeyrətli oğlu minbir əziyyətlə XIV əsrin axırlarından XX əsrin əvvəllərinə qədər İrəvanı azərbaycanlıların idarə etməsi faktını ermənilərin öz mənbəsindən, Ermənistan Sovet Ensiklopediyasından (III cild, səh. 571) araşdırıb üzə çıxarmışdır. Uzun yollar qət edərək düz 15 il İrəvan xanlığının köklü nəsillərinin, görkəmli elm-sənət xadimlərinin 180-200 illik şəcərə tarixini araşdırıb, bu ziyalıların övladlarını arayıb-tapıb, onlardan topladığı zəngin məlumatlara əsaslanan yazılar ərsəyə gətirib, ağrılı, yanğılı gerçək nağıllar yazıb. Sonra da özünün doğma övladlarını itirmiş Qərbi Azərbaycana sarı boylanaraq göynəyə-göynəyə “İrəvanda nə qaldı ki... “ deyərək göz yaşlarını ürəyinə axıdıb... AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov bu kitabı olduqca ciddi şəkildə xarakterizə edərək müəllifin zəhmətini dəyərləndirərkən demişdir ki, “İrəvan ziyalıları” kitabı tədqiqatçının xalqı qarşısında milli qeyrəti, milli təəssübkeşliyidir. ADU-nun dosenti Misgər Məmmədov da onun “İrəvan ziyalıları” kitabı haqqında öz təəssüratlarını belə ifadə etmişdir: “Əsgərin bu əsəri yazmaqda məqsədi o idi ki, İrəvan təkcə bizim torpağımız yox, bizim vətənimizdir. Məgər, yersiz, soysuz insanlar, nəsillər bu qədər elm xadimi, incəsənət və dövlət adamları verə bilərmi?”

Elmi-ədəbi fəaliyyətində bir çox ilklərə imza atan Əsgər Zeynalovun, xalqın maariflənməsi, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafı, zənginləşməsi yolundakı çalışmaları onun xalqına bir vətən oğlu kimi borc hissindən yaranıb. Bunlar əsasən Azərbaycan ədəbiyyatşünaslığına gətirdiyi çoxsaylı yeniliklərlə əlaqədardır. Fransız ədəbiyyatından ilk monoqrafiya (Fransız ədəbiyyatında Şərq - 1996); fransız alimlərinin rəy verdiyi ilk monoqrafiya (Görkəmli fransız şərqşünası Jan Lui Bakke Qrammon - 1997; Volter haqqında ilk monoqrafiya (Şərq Volter yaradıcılığında - 2001); Viktor Hüqo haqqında ilk monoqrafiya (Viktor Hüqo - 2001); Fransız ədəbiyyatından ilk doktorluq dissertasiyası (Fransız ədəbiyyatında Şərq mövzuları - 2003); Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq namizədlik dissertasiyasını bir dillə-qaynaqla, doktorluq dissertasiyasını başqa bir dillə-qaynaqla bağlı (erməni və fransız) yazmış tədqiqatçı; Fransa mətbuatında haqqında məqalə dərc olunmuş ilk Azərbaycan ədəbiyyatşünası: “Viktor Hüqonun azərbaycanlı mütəxəssisi Dil Vərdişləri Mərkəzində” məqaləsi - “LEST Republicain” qəzeti, 11 avqust 2007, Fransa (xatırladaq ki, məqalənin müəllifi Hüqonun fransız mütəxəssisi, dünya şöhrətli alim, Parisdə “Hüqonun Dostları Cəmiyyəti”nin sədri  Arno Lasterdir); Ziyalılar haqqında ilk fundamental kitabın müəllifi (“İrəvan ziyalıları” -1999); ADU-nun ixtisaslaşmış doktorluq Şurasının ilk üzvlərindən biri...

Onu da qeyd edək ki, Ə.Zeynalov Fransanın iki nəhəng yazıçısı - Volter və V.Hüqo haqqında monoqrafiyalara qədər fransız ədəbiyyatının görkəmli nümayəndələri - Volter, O.Balzak, J.Sand, A.Düma (ata), Q.Flober, G.Mopassanın yaradıcılığından bəhs edən bir sıra tədqiqat xarakterli məqalələrlə dövri mətbuatda çıxış etmişdir. Sevindirici haldır ki, artıq Fransada onu Hüqonun ən yaxşı mütəxəssisi kimi tanıyır, haqqında ürək dolusu danışır, fransız mətbuatında ondan səxavətlə və məhəbbətlə söz açırlar. Müəllifin bu sahədə yazıb-yaratdıqlarına (Azərbaycan və fransız dillərində), iki ölkə arasında ədəbi-mədəni əlaqələrin inkişafında bilavasitə iştirakına, eləcə də fransız ədəbiyyatının bir sıra problemlərinin işıqlandırmasına nəzər yetirəndə onun işgüzarlığına heyrət etməmək olmur.

(Ardı var)

 





01.10.2016    çap et  çap et