525.Az

İrəvanda qalan uşaq - Fotolar


 

Esse

İrəvanda qalan uşaq - <b style="color:red">Fotolar</b>

Biz, İrəvanın axırıncı Şeyxi, görkəmli İslam alimi Hacı Məhəmməd ağa İrəvaninin nəvəsi, kimyaçı-alim, sayılıb-seçilən ziyalı Hüseyn babamın İrəvandakı mülkündə yaşayırdıq. Evimiz Bağlar məhəlləsi 51-də, Təpəbaşı məhəlləsinin 180 dərəcə əksində idi.

Tila nənəmiz vaxtaşırı bizə bu fikri təlqin eləyərdi ki, uşaq tək küçəyə çıxmamalıdır. Çünki küçədə uşaqları aldadıb, oğurlayıb qanından xəmir yoğuran pis adamlar var. Bir də sən hardansa eşitmişdin ki, qırmızıpapaq milislər də adamları tutub aparırlar...

Tila nənəmizin qardaşları XIX əsrin sonlarında  Avropada  təhsil almışdılar. Hüseyn bəy Belçikada Dağ-Mədən Universitetinin arxitektura bölməsini bitirmişdi. İrəvanda hələ də onun layihəsiylə tikilən, müəllifi olduğu əsərlər qalır. Bunlardan ən çox sevdiyim “Qnuni” küçəsindəki 15 ailənin yaşadığı, 2 mərtəbəli qara gəvəng daşından tikilmiş,görünüşü insana qəribə fikirlər təlqin edən bina idi. Hər İrəvana gedişimdə onun qarşısında durub babalarımın ruhlarıyla danışardım... Yadıma sevdiyim sətirlər düşdü: 

Həsrətin tüstüsü olsaydı əgər,
Göz gözü görməzdi yer kürəsində... 

Hə, gələk yaşadığımız babamın mülkünə. O evin həyətində sonralar dünyanın heç bir yerində görmədiyim nəhəng tut ağacları, arxa tərəfində yeddi mərtəbə xiyaban- bağ var idi. O ev,relyefində dağlar və çökəklik olan İrəvanın Bağlar məhəlləsində, Respublika stadionuna yaxın məsafədə idi. O bağda nadir ərik ağacları; gilas, albalı başqa dadlı meyvələr yetişərdi. O zamanlar kondisioner yox idi,yay aylarında evin damında, miçəkkəndə (“tənzif otaqlarda”) mığmığadan (ağcaqanaddan) qorunub yatardıq.

Həyətdən baxdığım mənzərələrdən ən maraqlısı futbol stadionuna 10-15 dəqiqəlik məsafədə yerləşən evimizin önündən bağırışa-bağırışa keçən azarkeşlər, maşın dolu qırmızıpapaq milislər idi. Bu mənzərə “Ararat”la,”Neftçi” oynayanda daha koloritli olardı. O azarkeş maşınlarında Azərbaycandan,əsasən də, Gəncəbasardan olan bayraqlı,transparantlı “tünd” azarkeş ekipləri xüsusilə fərqlənərdi. Stadiondan qayıdış karvanlarında oyunun nəticəsinin, futbol fanatlarının əhvalında inikası tərcüməsiz oxunardı.

Bir dəfə, belə futbol günlərinin birində,maşın karvanlarının ardı-arası kəsilən kimi Cecinin (Atası qızını əzizləmə mənasında belə çağırardı, onda bizim 5-6 yaşımız olardı) əlindən tutub səkiylə  fontanlara ( uşaq dilində “su tökülən”ə) istiqamətləndik. Az getdik, çox getdik, Gedərçayın üstündəki tağlı körpüdən, Dərəbağının, Dəlmə bağlarının həndəvərindən keçdik, tinləri döndük, nə qədər evlər arxada qaldı, hava yavaş-yavaş qaraldı, nə qədər getdiksə “su tökülən”ə rast gəlmədik ki, gəlmədik.

Yaşıdım olan qız bir neçə gün idi hansısa rayondan, ya kənddən  gəlmişdi.Mən də ona “su tökülən”i göstərmək istəyirdim. Biz şəhərin küçələriylə irəliləməkdə olaq... evdəkilər hamısı - nənə,baba, atalar,analar,dayılar,qonşular... şəhərin müxtəlif istiqamətlərinə səpələnib, bir Allah bilir ki, hansı həyəcan və narahatlıqla itiklərini axtarırmışlar.

Yadımda qalanlar budur ki, hava yavaş-yavaş qaralırdı. Mən olduqca sakit, həyəcansız idim. Xəyalımda nənəmin məni qorxutduğu qırmızıpapaq milislər və uşaqların qanından xəmir yoğuranlar maşın-maşın bizdən əks istiqamətə getmişdilər...

O yay axşamında, qaranlıq düşəndən xeyli keçmiş-gecənin bir dəmində dayım bizi şəhərin mərkəzində işıqlanan qırmızı tuf daşlı binanın önündə tapdı. Üz-gözü  qan-tər içində idi,töyşüyürdü. Əlimizdən tutub geriyə addımlayırdıq ki,atamla anama rast gəldik (Anam sonralar danışardı ki,o bir gündə çəkdiklərim ömrüm boyu bəs elədi mənə). Geriyə - evimizə dönəndə yolda anam bircə kəlmə söz soruşdu, - hara gedirdiniz? Cavab verdim ki, Ceciyə “su tökülən”i göstərmək istəyirdim. Bir də soruşdu ki, bəs tək, böyüksüz milislərdən qorxmadınız? Yuxarıda beynimdən keçənləri dedim:  “Hamısını yığıb iki böyük maşınla futbola apardılar...”

Valideynləri, qohumları köçəndə adı Paşa olan o uşaq 5-6 yaşlarında gözdən itdi, İrəvanda qaldı. Mən gəldim,ruh adaşım qaldı İrəvanda - özü də həmişəlik. Mən gəldim, bu cameədə hamı məni Paşa Qəlbinur kimi tanıdı. Ruh adaşımdan heç kimin xəbəri olmadı. Sonralar İrəvana səfərlərimdə təkrar-təkrar nə illah elədimsə, mənimlə gəlmədi,ayrıla bilmərəm, - dedi.Qəribəydi ki, mən hər dəfə onu 5-6 yaşlarında görürdüm. O, Zamandan və Zamanın gətirdiyi əcayibliklərdən ucalarda yaşamaqda, var olmaqda davam edirdi.

Son dəfə 1987 -ci ilin yayında İrəvanda o uşağı dilə çəkdim, az qala yalvardım, dedim, - gedək mənimlə, yenə gəlmədi. Səbəbini demədi, bəlkə babalarının,nənələrinin ruhundan qopa bilmədi?!.

O təmiz türk və erməni dilində danışan uşaq, hər dəfə çox sakit bir tövrdə deyirdi ki, bütün milislər və uşaq qanından xəmir yoğuranlar  gediblər “Ararat” - “Neftçi” oyununa, ona görə də mən heç kimdən qorxmuram!

Çox qəribədir ki, son illər yuxularımda, ya elə ayıqda onu çağıranda bir anda uzaqlardan gəlir yanıma, söhbətimiz bitən kimi  görünməz olur.

Bir dəfə Cecini soruşdum, dedi ki, o böyüdü, qızları,nəvələri var. Hansısa rayonda yaşayırlar. Babamgilin evini soruşdum ruh adaşımdan,  yerindədi,-  dedi. Qonşumuz Van ermənisi xəsis Yesxabeti, ərini, qızını, oğlu səfeh Nazareti soruşdum. Dedi buralara uyğunlaşa bilmədilər, köçüb getdilər gəldikləri yerə. Nazaret ağıl zəifliyi ilə doğulmuşdu, 17-18 yaşı olardı. Radioda musiqi çalınan kimi anası deyərdi : “Nazaret, bir dans yap!” O, da bütün musiqilərə özünün bildiyi bir rəqsi oynayardı... Kənardan baxan uşaqlara çox gülməli görünərdi bu mənzərə...

Yesxabetin gəncliyi İstanbulda keçmişdi, sonra əriylə köçmüşdü Fransaya.Onlar dünya ermənilərini şirnikdirib Ermənistanın türklər sıx yaşayan bölgələrinə köçürülmə siyasətində qonşumuz olmuşdular. Ruh adaşım haqqında tez-tez anama deyərmiş ki, Paşa Fransa çocuğuna bənziyor.

Atamın dostu Şavarşı, arvadını - anamın rəfiqəsi Zoya xalanı soruşdum. Dedi ki, dünyalarını dəyişiblər. 1942-ci il-ağır müharibə illəri atamın 18 yaşı var imiş.Ona, o zamanın ölçüləriylə atasından xeyli sərvət qalıbmış. Vedi rayonunun, demək olar ki, bütün başıpapaqlılarını müharibəyə aparıblarmış. Ona görə, atamı rayonun ərzaq anbarına müdir təyin edirlər. Gözlərində həmişə kədər və işıq olan Şavarş atama çox ehtiramla yanaşardı. Anam danışardı ki, dəfələrlə süfrədə “İsmayıl can! Sən bizim ailəmizi,anamı ,bacılarımı,məni aclıqdan,ölümdən qurtarmısan” - deyib, kövrələrdi...Əllərini göyə qaldırardı: “Allah, mənə rüsxət ver, bu borcun heç olmasa bir zərrəsini bu dünyada qaytarım” - deyib, ağlayarmış... Atamla Şavarşın dostluğunu bütün Vedibasar bilirmiş.

Allahın əmriylə dayım Sülhəddin və anam o zamankı Sovet  qanunlarıyla iş təyinatlarını İrəvandan Vediyə alırlar. Dastan dili yüyrək  olar, xülasə, atamla anam nişanlanırlar və toya bir həftə qalmış atam idarə edən maşın bir ermənini vurur öldürür ( günah piyadada olsa da ). Şavarş da atamla birgə maşında imiş. Şavarş bir həftədən sonra olacaq toyu əsas gətirib,təkidlə günahı öz boynuna alır.Ona məhkəmə altı il iş kəsir... Altı il sərasər həbsxanada yatıb qayıdan Şavarşın toyu mənim hələ də yadımdadır. Gəlin Zoya xala anamın rəfiqəsiydi. Atamın və anamın məsləhətiylə bu izdivac baş tutmuşdu.

Zamanı qabaqlayıb deyim ki,bu izdivacdan olan oğlan uşağı Qaregin sonralar böyüyüb daşnaksutyunun üzvü oldu. Hələ o eydili vaxtlarda, Sovet dönəmində Şəmkirə bizə qonaq gəlmişdilər. Atası Şavarş danışardı ki, bunu (Qaregeni) zorla məcbur eliyib buraya gətirmişik. Anasıyla mənə elə hey deyirdi ki, mən türklərdən qorxuram, onlar bizi öldürəcəklər. Əcaib sözün, ziyanlı təbliğatın fərdləri, toplumları, hətta ölkələri bədbəxt etmək qüdrəti varmış, İlahi.

Şavarş, Zoya xala, Qaregin,bacısı, atam, anam, Nazim və mən May bayramı günlərində dörd gün Şəmkirdə, Gəncədə, dayımgildə, Göy-göldə birgə istirahət eləyib gəzdik. İmkanımız daxilində qonaqlara diqqət etdik. Qayıdandan bir neçə gün sonra Qaregin bizə “Yerevan-Gəncə” avtobusunun sürücüsüylə pay-puş və içərisində bir məktub göndərmişdi. Çox təəssüf ki, o məktub bu günlərə qalmadı.İllər öncə, evimizdə qısaqapanmadan yanğın baş verəndə çox qiymətli sənədlərlə birlikdə o məktub da yandı. Min təəssüf,yoxsa o məktubu olduğu kimi kserosurətiylə burada çap edərdim. Məzmunu yadımda qalsa da,hissləri,sarsıntıları bərpa etmək mümkün olmadı. Lap yaxın iki ardıcıl nəslin taleyi necə də fərqlənərmiş, İlahi. Təəssüfün, yanılmağın, aldanışın,peşimançılığın ağrısının nadir nümunəsiydi o məktub!..

Xülasə, qayıdaq İrəvana.Hüseyn babamın ağır taxtalı bəyzadə dostu Məşəyəhya kirvəni,oğlanlarını soruşdum ruh adaşımdan: - Gəncəyə köçdülər,- dedi...

Dayımın dostu cəngavər cüssəli Adili soruşanda dedi ki, həyətdə nərd oynadığı yerdə qonşumuz  Qancıq Armen arxadan boynuna fin bıçağı ilə vurdu, şah damarı kəsilibmiş,həkimlər xilas edə bilmədilər.

“Ararat”la -” Neftçi”nin son görüşünün hesabını soruşdum, dedi ki, sən böyüyüb futbol azarkeşi oldun. Məni yalnız “qırmızıpapaq”ların və uşaq qanından xəmir yoğuranların futbola getməyi sevindirir.

Son görüşümüzdə o uşağın işıqlı, böyük gözlərində aydın oxunan sual gördüm: “Sülhəddin dayım, atam İsmayıl,anam Yıldız,qardaşım Nazim haradadılar?..”Ancaq dilinə gətirmədi,gözləriylə soruşdu və elə bil ki, cavabını məndən eşitməyə qorxdu,ruh adaşım.

Mən ona dedim ki,sən yenə saatlarla xəyallara dalırsan, yoxsa o xəyalları verdin mənə, ta özünə qalmadı? Güldü:

- Yox, sənə verdiyim qədər də özümə qaldı.

Bir də soruşdum ki,bəs sən bu İrəvanın gecələrində,soyuq qışında nə yeyirsən,əynini haradan alırsan? Gözlərini geniş açdı, düz gözlərimin içinə baxdı... Çox uzun fasilədən sonra dilləndi:

- Xəyallarımdan...

Udqundu:

- Gözlə, səni İrəvana çağıracağam, - dedi...

İyun,2016, Bakı.

 





03.10.2016    çap et  çap et