525.Az

İyirmi birinci əsrin dramaturqu


 

İyirmi birinci əsrin dramaturqu<b style="color:red"></b>

İlyas Əfəndiyevin şəxsiyyəti, ədəbi və dramaturji yaradıcılığı əsərlərinin teatr təcəssümü və onlardan qaynaqlanan mətləblər, şəksiz ki, bu gün “İlyas Əfəndiyev dramaturgiyası”na məhz yeni elmi konsepsiyaların araşdırma üsulları ilə yanaşmaq imkanı verir.

Təbii ki, XX əsrin II yarısında Azərbaycan ədəbiyyatının öndər simalarından sayılan, sağlığında ikən “canlı klassik” deyilib çağrılan, milli dramaturgiya məktəbinin davamçısı qüdrətli qələm ustası İlyas Məhəmməd oğlu Əfəndiyevin ədəbi-bədii fəaliyyətinin bütün təzahürlərini kiçik bir məqalə çərçivəsində əhatələmək mümkünsüzdür. Ona görə ki, İlyas Əfəndiyev çoxsaylı hekayələrlə, povestlərlə, irihəcmli romanlarla, Azərbaycan milli dramaturgiyasının yaraşığına çevrilmiş pyeslərlə yanaşı, həm də miqdarı yüzlərlə hesablanan elmi-tənqidi, filoloji, kulturoloji məqalələrin, publisist yazıların, resenziyaların müəllifi olmuş, respublikada teatrın yaşam ritmini, teatr prosesini tənzimləmək qüdrətinə malik sənətkar səviyyəsinə yüksələ bilmişdi.

Lakin ən önəmlisi budur ki, onun əsərləri yalnız Azərbaycan oxucularına və seyricilərinə yox, həmçinin dünya xalqlarının ədəbiyyatsevər nümayəndələrinə də yaxşı məlumdur. Müəllifin nəsrinin və dramaturgiyasının əcnəbi dillərə tərcümə tarixi keçən əsrin 50-ci illərindən başlayır. İlyas Əfəndiyev yaradıcılığının  işığını, poetikasını, bədii-estetik siqlətini, İlyas Əfəndiyev dünyasının mənəvi parametrlərini bütövlükdə özündə əks etdirən ən bariz, xarakterik örnəklər ingilis, rus, alman, tacik, ispan, fransız, çex, eston, slovak, litva, gürcü dillərində nəşr olunub. Hətta kumik  ədəbiyyatında da İlyas Əfəndiyevin tərcümə edilmiş əsərləri özünə layiqli yer alıb.

Azərbaycan müstəqillik qazandıqdan sonra isə İlyas Əfəndiyev, sözün əsl mənasında, dünya masştabında, dünya çapında tanınan bir yazar, şöhrətli bir dramaturq olub.

İlyas Əfəndiyevin yazdığı 20 pyesdən düz 19-u Azərbaycanın və eləcə də dünyanın  müxtəlif  teatrlarının səhnəsində uğurla oynanılıb. Azərbaycan Milli Dram Teatrının müasir tarixi isə birbaşa şəkildə onun adı ilə bağlıdır. İlyas Əfəndiyevin bu teatrın səhnəsində son 50 il ərzində tamaşaya hazırlanmış “İşıqlı yollar” (1947), “Bahar suları” (1948), “Atayevlər ailəsi” (1954), “Sən həmişə mənimləsən” (1964), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Mahnı dağlarda qaldı” (1972), “Qəribə oğlan” (1973), “Xurşudbanu Natəvan” (1981), “Büllur sarayda” (1983), “Bizim qəribə taleyimiz” (1988), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Hökmdar və qızı” (1994) kimi pyesləri çağdaş teatr təfəkkürünün inkişafına güclü təsir göstərib. Məhz lirik-psixoloji dram janrının nəzəri-estetik prinsipləri, bədii qayəsi bu pyeslərin poetikası və arxitektonik quruluşu əsasında ədəbiyyatşünaslıq və teatrşünaslıq tərəfindən müəyyənləşdirilərək, öyrənilir.

“Sən həmişə mənimləsən” (1964) pyesi müəyyən bir dövrün, epoxanın, zamanın simvoludur, rəmzidir, 60-cı illərin məişət romantikasının, lirik-psixoloji münasibətlər şəbəkəsinin güzgüsüdür, adi insan yaşantılarının teatral poeziyasının ifadəsidir. Bu pyes dünyanın 60-cı illər mənzərəsində azərbaycanlı mənəviyyatını, türk əxlaqını əks etdirən bədii bir sənəddir. Müasir azərbaycanlı psixologiyasının ekzistensional mündəricəsinin öyrənilməsi yolunda ilk bələdçi məhz “Sən həmişə mənimləsən” pyesidir. Bunlardan əlavə “Sən həmişə mənimləsən” pyesi Azərbaycan teatr mədəniyyətində yeni estetik mərhələnin başlandığını müjdələyib, yeni rejissuranın, yeni aktyor ifaçılığının meydana gəlməsini şərtləndirib, Azərbaycan milli dramaturgiyasının çağdaş axtarışlarının dəyərli təzahürü kimi əlamətdar olub, teatrımızın həm repertuar siyasətinin istiqamətlənməsinə kömək edib, həm də onun sonrakı inkişafı üçün mühüm estetik koordinatları müəyyənləşdirib. Elə 1964-cü ildəcə bu pyes əsasında hazırlanan tamaşanın fantastik uğuru onu müasir Azərbaycan teatrının özünəməxsus “Qağayı”sına çevirdi. İlyas Əfəndiyevin Azərbaycan teatr mədəniyyəti qarşısındakı təkcə bu xidməti imkan verir ki, böyük dramaturji istedada malik bu şəxs xalq tərəfindən mütəmadi şəkildə anılsın, xatırlansın, yad edilsin. Müəllifin pyeslərinin uğurlu səhnə taleyini Azərbaycan teatr tarixində konkret bir dönüş, konkret bir mərhələ olduğunu dərk edən teatrşünaslıq isə “İlyas Əfəndiyev teatrı” terminini elmə daxil edir. “İlyas Əfəndiyev teatrı” anlayışında 60-cı illərdə Azərbaycan teatr poetikası, Azərbaycan teatrının bədii-estetik prinsiplər cədvəli öz əksini tapır.

Azərbaycan milli teatrını proses kimi götürdükdə, hətta onun təsisatlı (institusional) mərhələsini belə donmuş, statik hadisə kimi deyil, zaman içində bir hərəkət kimi təhlil etməyi tərcih edirəm. Bu mənada, Azərbaycan teatrında konkret zaman kəsiyində İlyas Əfəndiyev amilini və ya fenomenini məhz prosesimizin əbədi hərəkəti kontekstində araşdırmaq məqamı yetişibdir. Obrazlı desək, “İlyas Əfəndiyev fenomeni”ni açıqlamaq üçün Jül Vernin məşhur romanındakı Kapitan Nemonun sualtı qayığının devizini xatırlamaq yerinə düşər: “Hərəkətli hərəkətdə”.

Yeni elmi düşüncənin əsaslarında duran Kvant fəlsəfəsi qeyri-səlis məntiqlə izah olunur, açılır və fövqəladə yeni, gözlənilməz qənaətlərə gəlməyə imkan verir. Çağdaş elmdə məhz bu yeni açılan perspektivlər məni İlyas Əfəndiyevin yaradıcılığını ənənəvi ədəbiyyatşünaslıq və ənənəvi teatrşünaslıq mövqeyindən deyil, “Zaman içində dalğa” fenomeni kimi araşdırmağa sövq etdi. Odur ki, bununla bağlı tezisləri bəyan edərək, mətləbə keçməzdən öncə bir şeyi tam əminliklə və tam məsuliyyətlə demək istəyirəm:

İlyas Əfəndiyevin şəxsiyyəti, ədəbi və dramaturji yaradıcılığı, əsərlərinin teatr təcəssümü və onlardan qaynaqlanan mətləblər heç şəksiz ki,  “İlyas Əfəndiyev dramaturgiyası”na bu gün məhz yeni elmi konsepsiyaların araşdırma üsulları ilə yanaşmaq imkanı verir. Ən əvvəl ona görə ki, bu görkəmli yazar yaşadığı dövrün, yəni onun payına düşən zaman kəsiyinin demək olar ki, əksəriyyətinin bədii-estetik, fəlsəfi, mənəvi-əxlaqi inikasını yaradıb və bu inikas, yəni pyeslərinin səhnə təcəssümü müasirlərinin düşüncə-duyğularını formalaşdırıb. Bu fakt aksiomadır və mən elmi düşüncələrimdə bundan çıxış edirəm.

Üzərində çalışdığım konsepsiyanın I tezisini bəyan edirəm:

İnsan varolmasının dördüncü ölçüsü, boyutu olan Zaman özü-özlüyündə paradokslardan və fenomenlərdən ibarətdir. Zamanın bir neçə təzahür formaları var. Bunları düşündükcə, çox tez dəqiq elmi düşüncədən bədii-yaradıcı düşüncəyə keçməli olursan. Fiziki zaman, astronimik zaman, təqvimi zaman, psixoloji zaman nisbi (relyativ) zaman, fərdi zaman, mücərrəd zaman. Paradoks elə burdan başlayır ki, bütün bu sadalanan anlayışlar bir sözdə-hamının rahatca istifadə etdiyi Zaman, vaxt söz-anlayışında birləşir. İstənilən sənət fenomenini məhz və yalnız Zaman anlayışını paradoks kimi qəbul edəndə cüzi də olsa, anlamaq mümkün olur.

İcazənizlə, “İlyas Əfəndiyev fenomeni”ni açıqlamaq üçün quraşdırdığım bir sillogizmi sizə təqdim edim:

1. İlyas Əfəndiyev mədəniyyət və incəsənətimizin fenomenidir.

2. Bu fenomen artıq paradoks kimi qəbul etdiyimiz Zamana məxsusdur. Deməli, İlyas Əfəndiyevin özünü, yaradıcılığını, konkret əsərlərini və bütövlükdə əhəmiyyətini paradoks çərçivəsində araşdırmaq lazımdır.

Nəzərə alınsa ki, “paradoks” sözünün lüğəti mənası ilk baxışdan qəribə olan nə isə deməkdir, aydın olmalıdır ki, İlyas Əfəndiyev irsinə bu rakursdan yanaşma da yalnız ilk baxışdan qəribə kimi dəyərləndirilə bilər.

İlyas Əfəndiyevin dramaturji əsərlərinin adlarına müraciət edib, onları təklif etdiyim rakursdan analiz etmək kifayətdir ki, irəlidə açılan yeni məzmunların məna tutumunu açıq görək. Misal: “Sən həmişə mənimləsən” və yaxud “Boy çiçəyi” (əbədi zaman), “Məhv olmuş gündəliklər” (yazıya həkk edilmiş günlər), “Unuda bilmirəm” (yaddaş zamanı), “Bizim qəribə taleyimiz” (mistik zaman), “Atayevlər ailəsi” (nəsillər-zaman), “Sevgililərin cəhənnəmdə vüsalı” (infernal (o tay) zaman). “Büllur sarayda” (dondurulmuş zaman) və s.

Vaxtınızı alıb bütün pyesləri sadalamayacağam, məncə aydındır ki, bu əsərlər göstərdiyim aspektdən təhlil üçün son dərəcə səmərəlidir.

I tezis: Hamıya məlumdur ki, İlyas Əfəndiyev parlaq ədəbi debütünə rəğmən (roman və s.) özünü dramaturgiyaya həsr edən və sözün bu mənasında ötən əsrin ikinci yarısında yeganə xalis dramaturqdur. O da məlumdur ki, dramaturji əsərin bütün məziyyətləri, ideya və duyğuları teatr səhnəsinin konkret zaman-məkanında realizə olunur. Bu baxımdan məni maraqlandıran ikinci məsələ “İlyas Əfəndiyev fenomeni”nin xronotop-yəni zaman-məkan vəhdətinin göstəriciləridir. Bu göstəriciləri müəyyənləşdirmək birinci məsələdən nisbətən asandır. Çünki İlyas Əfəndiyevin dramaturgiyasında bədii düşüncəmizdə mövcud olan xronotopların əksəriyyəti (kənd, şəhər, dağ, aran, meşə, kabinet və s.) öz əksini tapır. Mən əminəm ki, İlyas Əfəndiyevin dramaturgiyasındakı xronotop məsələsinə müxtəlif rakurslardan yanaşılma məhsuldar olan teatrşünaslıq problemidir.

II tezis bilavasitə İlyas Əfəndiyevin yaradıcılıqla məşğul olduğu konkret tarixi dövrlə bağlıdır. XX əsrin ikinci yarısında Azərbaycanda, SSRİ-də və dünyada baş verən mənəvi xassəli problemlər  İlyas Əfəndiyevin dramaturgiyasında öz əksini tapıbdır. Sirr deyil ki, bu dövrdə zatən istedadlı və ləyaqətli sənətkarlar, obrazlı desək, “düz sözü” ya zarafata salıb deyirdilər, ya da dövr haqqında deyilən düz sözü qorumaqdan ötrü onun ətrafında yayındırıcı şirmalar qururdular. İndi dövr yetişib və biz İlyas Əfəndiyevin dramaturji əsərlərində quraşdırıcı şirmaları aradan götürüb, əsərlərinin “xalis mahiyyəti”ni, dərin fəlsəfi mənalarını adekvat, yəni necə var açıqlaya bilərik. Sözügedən bu əməliyyatların nəticəsində əminəm ki, oxucu-tamaşaçıların gözü qarşısında hardasa yeni, bəlkə də gözlənilməz İlyas Əfəndiyev canlanacaq.

İlyas Əfəndiyevin əslində gələcəyə ünvanlandırdığı mesajlar bu gün həssaslıq və dəqiqliklə qəbul edilməkdədir.

İlyas Əfəndiyevin nəsri də Azərbaycan ədəbiyyatının zirvələrindən biridir. O, “Söyüdlü arx” (1958), “Körpüsalanlar” (1960), “Dağlar arxasında üç dost” (1963), “Sarıköynəklə Valehin nağılı” (1978), “Geriyə baxma, qoca” (1980), “Üçatılan” (1981), “Qaçaq Süleymanın ölümü” (1993), “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” (1996) kimi əsərlərilə Azərbaycan nəsrinin inkişafı yeni mərhələyə yüksəltmişdir. İlyas Əfəndiyevin ədəbi-bədii irsi XX əsr azərbaycanlısının təfəkkürünün, düşüncələrinin, psixologiyasının, ictimai-sosial həyatının, məişətinin, yaşantılarının, duyumlarının aynasıdır, problemlərinin, ağrı və acılarının, iztirablarının, iftixarının və günahının arxividir, öyrənc yeridir. Rəsmi şəkildə 1939-cu ildən ədəbiyyata gələn müəllif ta ölümünə qədər yazıb-yaratmış, qələmini yerə qoymamışdır. Odur ki, İlyas Əfəndiyev haqlı olaraq ədəbiyyatımızın fəxri sayılır. Təsadüfi deyil ki, bu gün İlyas Əfəndiyevin nəsri, dramaturgiyası, teatr fəaliyyəti barəsində ədəbiyyatşünaslıqda və teatrşünaslıqda yazılmış məqalələri, resenziyaları, esseləri, bədii-publistik oçerkləri, elmi-tədqiqat araşdırmalarını bir yerə toplayıb bir ayrıca kitabxana yaratmaq mümkündür. Belə yazıların sayı 1000-i keçmişdir və maraqlısı budur ki, İlyas Əfəndiyevin zəngin bədii irsinin öyrənilməsi və tədqiqatı hələ də davam edir...

lll 

Bir daha vurğulamaq istəyirəm ki, indi dövr yetişib və biz İ. Əfəndiyevin əsərlərində quraşdırıcı şirmaları aradan götürüb, onların “xalis mahiyyəti”ni, dərin fəlsəfi mənalarını adekvat, yəni necə var açıqlaya bilərik. Amma onu da etiraf edim ki, bu istər teatrşünas, istərsə də rejissorlar üçün o qədər də sadə əməliyyat deyil...

Azərbaycan teatrında ilk dəfə bu mürəkkəb sənət əməliyyatını Azər Paşa  realizə etdi və Yeni Zamanın tamaşaçılarını gözlənilməz İlyas Əfəndiyevlə (klassikin gücü də hər dəfə yeniləşməyə qadir olması ilə ölçülür!) görüşdürə bildi. Sözügedən görüş, söylədiyim kimi, İlyas Əfəndiyev dünyasının mənəvi parametrlərini bütövlükdə özündə əks etdirən “Boy çiçəyi” (iki hissəli lirik dram) tamaşası konteksində baş verdi. Azər Paşa parlaq teatr hadisəsinə çevrilən bu tamaşası ilə bir daha təsdiqlədi ki, İlyas Əfəndiyevin şəxsiyyəti, ədəbi və dramaturji yaradıcılığı, əsərlərinin teatr təcəssümü və onlardan qaynaqlanan mətləblər onun dramaturgiyasına məhz yeni teatr konsepsiyalarının üsulları ilə yanaşmaq imkanı verir. Gəlin görək, milli dramaturgiyamızın yaraşığına çevrilən bu pyes Azər Paşa kimi qüdrətli rejissorun YENİ ZAMANı güzgüləyən teatr düşüncəsini necə qidalandırdı?

Şəksiz ki, “Boy çiçəyi” pyesi insan varolmasının dördüncü ölçüsü olan ZAMAN və onu güzgüləməyi bacaran rejissor üçün cazibəli  görünməyə bilməzdi. 1964-cü  ildə USTAD rejissorumuz Tofiq Kazımov tərəfindən hazırlanan “Sən həmişə mənimləsən” tamaşasının əfsanəvi uğurunun bu günə qədər əsl sənət nümunəsi şöhrətini itirməməsi və onun müasir Azərbaycan teatrının həm özünəməxsus “Qağayı”sına, həm də ətrini əbədi qoruyan boyçiçəyinə çevrilməsi faktı da, görünür ki, Azər Paşanı cəlb edən “sirlər”dəndir. Görünür ki, sadaladığım və yaxud sadalaya bilmədiyim bir çox mətləbləri, gizli qatları ilə “Sən həmişə mənimləsən” Azər Paşanı cəlb etdi və o “İlyas Əfəndiyev fenomeni”ni milli teatr prosesinin əbədi hərəkət kontekstində araşdırma məqamının yetişdiyini duydu... Beləliklə də, Azər Paşanın rejissor düşüncəsi artıq paradoks kimi qəbul etdiyimiz  Zamana məxsus  olan   “İlyas Əfəndiyev  fenomeni”ni  “Boy çiçəyi”   müstəvisində (ƏBƏDİ ZAMAN), irəlidə açılan yeni məzmunların məna tutumu konteksində görümlü etməyə yönəldi...


lll

XXI əsr, Akademik Milli Dram Teatrı, 2 noyabr 2011-ci il. Tamaşanın müəllifi, rejissoru və rəssamı Azər Paşa Nemət. Yeni “Boy çiçəyi” əfsanəsinin yaranma tarixi...

Pyes iki dəfə doğulur: bir yazıldığı gün, bir də ki, premyera günü... Nə qədər özümüzü inandırsaq da ki, pyes teatrsız, səhnəsiz də yaşaya bilər, görünür, bu inamımız özümüzü aldatmaq istəyindən doğur.

2 noyabr 2011-ci il biz milli teatrımızda “Sən həmişə mənimləsən”in 1964-cü ildən sonrakı ikinci möhtəşəm doğuluş tarixini qeydə aldıq (hərçənd ki, bu pyes həm milli, həm də xarici rejissorlar tərəfindən dəfən-dəfən səhnələnib...).

“Sən həmişə mənimləsən” pyesi Azər Paşanın quruluşunda özünün teatral -zaman “geyimi”ni sonsuzluğa qədər dəyişmək potensialını bir daha ortalığa qoydu... XXI əsr öz yeni teatr qanunlarını diktə etdi və Azər Paşa  çağdaş teatr mədəniyyətinin və sənətkar şəxsiyyətinin (həm rejissor, həm də aktyor) masştabının inkişaf dərəcəsini parlaq biruzə verən  bu tamaşada özünün düşüncə-konsepsiyasını dəqiq rəsm edən rejissor qrafikasını da sərgiləyə bildi.

Beləliklə də, Azər Paşanın və aktyorların səmimi, sevgi dolu münasibəti yeni, naməlum, haradasa daha sərt İlyas Əfəndiyevi XXI əsrə gətirdi və beləliklə də, “Sən həmişə mənimləsən”ə (“Boy çiçəyi”) ikinci dəfə əsl teatral yanaşma, yozum baş verdi.

İnanıram ki, Azərbaycan teatrı XXI əsrdə İlyas Əfəndiyev dramaturgiyasına əsl teatral yanaşmaları ilə teatr tariximizi zənginləşdirməkdə davam edəcək...

 





03.10.2016    çap et  çap et