525.Az

Sinəsində əsl şair ürəyi gəzdirirdi...


 

Sinəsində əsl şair ürəyi gəzdirirdi...<b style="color:red"></b>

Filosof, ictimai xadim Aslan Aslanovun sayca o qədər də çox olmayan şeir kitablarından biri "Nəğməli günlərim" adlanır ki, fikrimizcə, bu ifadəyə müəllifin yalnız poeziyasını deyil, ümumən yaradıcılığını, hətta  şəxsiyyətini anlamaq üçün istinad etmək olar.
 
Xüsusilə o mənada ki, Aslan müəllimin fəaliyyəti çoxşaxəli olsa da, xalqın yaddaşında onun daha çox nəğməli poeziyası qalmışdır.

Həm yaşlı, həm də orta nəsil Aslan Aslanovun "Lalələr"ini sadəcə xatırlamır... Və bu misralardakı lirik sehr adamın bütün bədəninə, ruhuna yayılır:

Yazın ortasında Gəncə çölündə
Çıxıblar yenə də dizə lalələr.
Qıpqırmızı şehli ləçəklərini
Səriblər dərəyə, düzə lalələr.
...Bulaqlar simavər, ağ daşdan şəkər,
Oxşayır çəməndə közə lalələr.

Şairin qələm-fırçası ilə çəkdiyi bu mənzərə-lövhə, əslində, uydurulmamış, təbiətdən necə varsa o cür köçürülmüşdür. Ancaq istedadla, ilhamla, eşqlə köçürülmüşdür... "Lalələr" sözü hər təkrar olunduqca elə bil yeni məna-məzmun verir, mənzərə-tablonun miqyasını genişləndirir, rəngi parlaqlaşdırır, duyumu qatılaşdırır...

Aslan müəllimin lalələrlə bağlı bir bənzətməsi də var:

Əgər bütün lalələr yığılsaydı bir yerə,
Sahilləri görünməz qızıl ümman olardı.


Və şair bənövşələrlə danışanda da yadına lalələr düşür:

Bənövşələr, bənövşələr,
Lalələrin bağrı yara...
Eşqimizdən söhbət açın
Sizi dərən oğlanlara!..


Aslan Aslanovun laləli- bənövşəli, yazlı- baharlı poeziyasında güclü  həyat eşqi, yaşamaq enerjisi mövcuddur:

Baharın ətri gəlir çöllərdən,
Budur, axır yenə də saf sular.
Bizim pak eşqimizə, sevgilim,
Yenə mahnı oxuyur qumrular.

Estetika nə dərəcədə Aslan müəllimin elmi tədqiqat- maraq dairəsinə daxil idisə,  estetizm də  onun poeziyasının ruhuna həmin dərəcədə hakimdir:

Yadımdan çıxmayır qış axşamında
Şirin nağılların, şirin sözlərin.
Yorğun çağlarımda, yorğun anımda
Yasdığım olardı sənin dizlərin.

Ana, o zamanlar bu ağ saçların
Qaraydı nə qədər, gözlərin kimi.
Nə tez gəlib keçdi gənclik çağların
O ilk laylaların, sözlərin kimi.

...Ana, ürəyimin telləri dindi,
Sənsən rahatlığım, sənsən dincliyim.
Təzədən gələydi deyəcəm indi
Mənim uşaqlığım, sənin gəncliyin.

Aslan müəllimdə təbiətin ən adi hadisə- təzahüründə dünyanın bütün gözəlliyini, zənginliyini görüb dəyərləndirmək  istedadı vardı. Və bu xüsusiyyətin mahiyyətini "Estetika aləmində" kitabının girişində həm də nəzəri olaraq formulə etmişdi:

"Astronomun ulduzlar dünyasına nüfuzu, botanikin sonsuz miqdar  çiçəklər arasından həmişə eyni bir çiçəyi götürüb tədqiq və dərk etməyə çalışmasının özü  onlara "kosmik dünyada", "çiçəklər aləmində" ifadələrini işlətmələrinə əsas  verir və heç də onların kainatdakı bütün ulduzların, yer  üzündəki bütün çiçəklərin idrakını öhdələrinə götürmələri fikrində olduqlarını göstərmir. Estetikanın da vəziyyəti belədir"...

Ancaq elə şeirlərinə də rast gəlmək mümkündür ki, bütünlüklə obraz polifoniyasından ibarətdir...

M.Y.Lermontova yazdığı nəzirəsində olduğu kimi:

Dağ başında xaldımı, qartaldımı o süzən...
Aşağıda cüyürlər məskənidir gen düzən.
Bu yerdə göz açalı gülən gördüm yazı mən,
Sevirəm Qafqazı mən!

Kəndlərində bir ildə neçə yol toy vurular,
Bacasından göylərə tüstüləri burular,
Dağdan axan çayları düzənlərdə durular,
Ürəyimlə dinlədim gələn hər avazı mən.
Sevirəm Qafqazı mən.

..."Qafqaz" d eyə gənc ikən mən vuruldum bu ada,
Yüz igidin adı var hər sıldırım qayada.
Hara getdim, bir an da unutmadım dünyada
Göy Xəzəri, Göygölü, Kürü  mən, Arazı mən,
Sevirəm Qafqazı mən.

Şeirin orijinallığı və ya  nəzirədən əsas fərqi, əgər belə demək mümkünsə, üstünlüyü  ondadır ki, burada Qafqaz məhz Vətən kimi tərənnüm olunur. O  məqamlara diqqət yetirilir, o hisslər təqdim edilir ki, böyük rus şairinin, təbii ki,  ruhunu coşdura, onu yerindən oynada bilməzdi. Və bəlkə də, Aslan Aslanov məhz buna görə əlinə qələm almış, məşhur mövzunun XIX əsr rus  poetik interpretasiyasında  çatışmayan motivi ortaya çıxarmağa ehtiyac duymuşdu.

Aslan müəllim vətənpərvər şəxsiyyət olduğu qədər də vətənpərvər şair idi. Onun  vətən sevgisi təbiətinin çox-çox dərin qatlarından gəlir, doğulduğu Ağstafadan başlayıb o taylı bu taylı bütöv Azərbaycanın hüdudlarına qədər yayılırdı. Və təsadüfi deyil ki, gənc yaşlarında Təbrizdəki azadlıq hərəkatından bəhs edən "Ümid" poemasını qələmə almışdı...

İllərlə qəm çəkən doğma Təbrizim
Oyanıb qalxmışdı artıq ayağa,
Mən də sevinmişdim, gülmüşdü üzüm,
Dönmüşdü elə bil ürəyim dağa.

İşi düz getmirdi ağanın, xanın,
Gülürdü gözündə xalqın niyyəti.
İgid oğulları Azərbaycanın
Almışdı əlinə hakimiyyəti.

...Kaş ki, mən görəydim səninlə birgə
Böyük günlərini Azərbaycanın.

Aslan müəllimi yaxından tanıyanlar onun  emosional, bir qədər də çılğın xarakterindən danışardılar ki, deyilənə görə, bu  onun alim təmkini, ictimai xadim rəsmiyyətini tez- tez pozurmuş... Çünki sinəsində əsl şair ürəyi gəzdirirdi...

 





05.10.2016    çap et  çap et