525.Az

Orijinallıq həmişə müasirdir...


 

FƏXRƏDDİN TEYYUBUN ŞEİRLƏRİNDƏN YARANAN TƏƏSSÜRATLAR

Orijinallıq həmişə müasirdir...<b style="color:red"></b>

Yaz ağzı, fevral sonu təbiətdən çərşənbə tonqallarının qoxusu gəlir. Elə bil təbiət o tonqalları, göz dəyməsin deyə, öz başında üzərrik kimi yandırır.

Fəxrəddin Teyyubun da şeirlərini oxuyanda eynən mən təbiətin ətrini, xüsusən, yazın nəfəsini, çərşənbə tonqalının iyini, yaxışdan sonra otun qoxusunu duydum.
 
Elə bil donubdu baxçalar, bağlar,
Qönçələr açılmır göz dağı kimi.
Üşüyür ağacda kiçik budaqlar,
Körpə uşaqların barmağı kimi,
Gecikdi bu bahar, yaman gecikdi.

Bizim təbiət şeirimiz M. Füzuli ilə mərhələyə çevrildi, M. P. Vaqiflə yeniləşdi, içində ictimai məzmun olsa belə, Səməd Vurğunla kamilləşdi, Hüseyn Arif, Musa Yaqub, Məstan Günərlə davam etdi.

Hərçənd ki, biz təbiətə ciddi zərbələr vururuq, fauna və floranı məhv edirik, okeanlarda balinalar, balıqlar intihar edir, göyün ozan qatı deşilir. Biz sonda yeni şeirlərimizlə təbiətin müdafiəsinə qalxırıq.
 
60-cı illərdən üzü bəri təbiət şeirimiz xeyli zəiflədi. Ona görə ki, bu illərdə- köhnə sovet məkanında şeirdə dönüş milli azadılıq ideyalarının təzahürü ilə meydana çıxdı, təbiət azacıq da olsa unuduldu, ictimai- siyasi yaradıcılıq stixiyası üstünlüyü ələ aldı.

Bu illərdə Musa Yaqub və Məstan Günər ("otların içində ay çıxıb dizə") təbiət şeirimizin ağırlığını öz çiyinlərində daşıdı. İctimai fikirdə çevriliş edən ədəbiyyət sanki birdən-birə başa düşdü ki, nə qədər cəmiyyətə, sosial realizmə müdaxilə etsə də, təbiətsiz yaşaya bilməz. Əgər ədəbiyyat cəmiyyəti dəyişmək istəyirsə, təbiətə arxalanmadan heç bir iş görə bilməz. Sanki ədəbiyyat  birdən-birə bu boşluğu dərk elədi, ictimai-siyasi mücadiləni ilkin mərhələsini yerinə yetirdikdən sonra yenidən təbiətə qayıtdı.

Belə bir qayıdışı yaradıcılığında əks etdirən Fəxrəddin Teyyub bütün şeirlərində təbiətin küləyi, yağışı, qarı, meşəsi ilə nəfəs alır. Təbiətin səsini şeirlərinə yazır, misralarına köçürür. Adi bir fakt. Onun təbiət şairi Musa Yaquba münasibəti elə təbiətə qayğısı kimi görünür.

"Buynuz"dan çıxası olsan o başdan,
Sən bu şad xəbəri mənə səhər ver.
Qorxuram döngədən, eniş-yoxuşdan,
Gələndə zəng elə, getsən, xəbər ver.

Musa Yaqubdan xəbər tutmaq təbiətin halını soruşmaq kimi bir şeydir. "Döngədən, eniş-yoxuşdan" qorxmaq təbiətin başına gələn faciədən qorxmaqdır. Musa Yaqubun ağrıması meşədə bir ağaca balta vurmaqdır.

Təbiətin vəziyyəti Musa Yaqubun halından bəllidir.

Fəxrəddin Teyyub birbaşa təbiətlə təmasda olsa da bəzən onun sintezini , daxili görüntüsünü, fəlsəfəsini Musa Yaqubun şeirlərində tapır. Sanki Musa Yaqub təbiəti tərcümə eləyir. Kal təbiət onun şeirlərində yetişir. Təbiətin fəlsəfəsi Musa Yaqubdan Fəxrəddin Teyyuba keçir.

Dedin, kənddən sənə nə gətirim mən,
Sərin axşamların ayazın - dedim.
Bilirəm saralıb bağ-baxça, çəmən,
Götür gəl "Buynuz"un payızın - dedim.

El bilir nə qədər ağrı-acın var.
Gözləri yol çəkən anan, bacın var.
Sözünə, şeirinə ehtiyacım var,
Götür qələmini gəl özün - dedim.

Təbiət, nə olursa olsun, hər bir adamın dərk elədiyi qədərdir. Fəxrəddin Teyyubun baş açdığı təbiət, əgər belə demək mümkünsə, tərcümə elədiyi təbiət bugünki şeirimizdə çox  aydın görünən və şairin yerini oxuculara dəqiq nişan verən bir lalənin rəngidir. Şair təbiəti təkcə fiziki mənada tərənnüm etmir, onun üzərindən tozu alır.
 
Dadlı olur söz bişəndə,
Meyvə kimi yetişəndə.
Gündüz sözə toz düşəndə,
Gecələr yuyub yatıram.

Dərindən düşünəndə söz təbiətin sinonimidir, təbiətin nişanıdır. Gündüzlər sözün üzərinə qonan tozu şairlər gecə silir. Niyə məhz gecə? Mənə elə gəlir ki, gündüz gecənin kölgəsidir. Burda dərk edilməyən bir sirr var.

Gecə gündüzün düşünən beynidir, səhər üçün yeni hadisələr hazırlayır. Hər şey gecəyə yüklənib. Enerji, güc, fəhm, hiss, duyğu, şüur, yuxu, ölüm, həyat, doğuş -hamısı gecənin içindədir. Adamlar ən çox gecə, səhərə yaxın dünyasını dəyişirlər, analar ən çox səhərə yaxın dünyaya uşaq gətirirlər. Demək, gecə ciddi və sirli bir anlayışdır. Ona görə şair sözə düşən tozu gecə silir.

Fəxrəddin Teyyub şeirlərində imzasını heç vaxt önə çəkmir. Özünü adi insanların biri kimi təqdim edir.

Şeirlərin müəllifi başqa bir məkanda və məqamdadır.

Coşub sevincindən qəlbi şan olsa,
Bir misra üstündə alışan olsa.
Şeirim xoşa gəlsə, soruşan olsa,
"Allah bəndəsidir, yazıb biri" - de.

Yuxarıda qeyd etdiyim kimi, şair bütün şeirlərində təbiətə qayıdır, onun daxili dünyası təbiətin halına uyğundir. Orda gah payız olur, yarpaqlar tökülür, gah qar, yağış yağır (anamı aparan qış), gah da gün çıxır. Nə olur olsun, kədərin sonu sevincdir. Bu sevinc təbiətdən qanad taxır. Təbiətə aludəliyindən şair bəzən onun müəyyən ştrixlərini unudur və bunu etiraf edir. Bu etirafın özü şairin peşəkarlığını göstərən detaldır.

Balın pətəyi qaldı,
Dağın ətəyi qaldı.
Çoban tütəyi qaldı,
Vay... unutdum, unutdum.

Bu şeirdə unutmağın özü  sənətkarlıq məsələsidir. Şair bilərəkdən və ya bilməyərəkdən nəyi unudursa, digər bir təbiət lövhəsində hər şeyi öz yerində və vaxtlı-vaxtında görür. 

Söykənib çomağa çoban dincələr,
Quzular mələşər yamac dibində.
Buludlar zirvəylə görüşə gələr,
Dağlar su gəzdirər dərə cibində.

Çomaq, quzu, yamac, bulud, zirvə, dərənin cibi və s. elementlər yerli - yerində olmaqla bərabər, həm də bu detalları bir -birinə bağlayan əlaqə, hiss, enerji, mif şeirin onurğasını təşkil etməklə, ötürülən informasiyaları bir- başa beyinə - düşüncəyə toplayır və onu qidalandırır.

Şairin başqa bir şeirinə diqqət yetirək:

Tanrı yaza verib hər ixtiyarı,
Dağda şəlalə var, düzdə lalə var.
Yarpaqlar boylanır günəşə sarı,
Gülün ləçəyində gülümsər bahar.

Fəxrəddin Teyyubun şeirlərində elə detallar var ki, sadə oxucuları kövrəldə bilər. Onları nostalji hisslərə kökləyər. Amma ədəbi fakt kimi, mətn kimi tənqidçi və tədqiqatçıların araşdırma motivi ola bilər.

Biz hər gün yolda, küçədə çörək qırıntılarına rast gəlirik. Adi bir çörək qırıntısına şair sosioloji bir rakursdan baxır. Onu dəyərli bir mətnə çevirir.

İlahi, hamıya özün yetir ki,
Bəndə nə darıxsın, nə qəmə batsın.
Çörək qırıntısın yerdən götür ki,
Qoy bir gün əllərin çörəyə çatsın.

Şeirdə əsas fikir budur ki, çörək qırıntısını götürəndə əllərin çörəyə çatır. Çox maraqlıdır.  Hərəkətə fikir verək: əyilib götürəndə əllərin çörəyə dəyir, daha doğrusu, çatır. Bu ilk baxışda tez anlaşılan bir mənadır. Amma əsas məsələ bu, deyil. Yenə baxaq: Çörəyi əyilib götürdüm. Morfoloji bir cümlədir. Sintaksisi də aydındır. Əsas məsələ burda əl və çörək arasındakı məsafədə əxlaqın, mədəniyyətin dayanmasıdır. Bu əxlaq onu təlqin edir ki, əyilib çörəyi yerdən götürsən, onu dəyərləndirsən gələcəkdə daha varlı olacaqsan.
Demək, əsas məsələ Allahın yanındadır, Allahın diqqətindədir. Çörəyi verən odur. Şair bu şeirində də oxucuya-bir abzas yer qoyur və deyir sən burdan başla və yeni şeirini yaz. Məsələn, mən bu şeiri oxuyandan sonra yəni şeirimi bu şeirin başqa bir tərəfindən başlardım: o yerə düşən çörək kiminsə maaşından, qazancından ayrılıb yerə düşüb. Əgər o çörəyin bir  parası yerdədirsə, o biri paranın bərəkəti olmayacaq. Yenə də əxlaq məsələsi. Çörəyi yerə atanın əxlaqı yoxdur.

Şair bu cür detallarla öz fikrini  bədii şəkildə oxucuya çatdırır. Bədii fikrin dayaqları həyat detalları üzərində qurulur.

Köhnə misralarım köynək kimidi,
Bəzən sapı qaçır, tez gəlirəm mən.
Oxşar qafiyələr eynək kimidi,
Biri o birindən utanır bəzən.

Köhnə misra, köynək, sap, qafiyə, eynək detallarının üzərində maraqlı bir şeir dayanıb. Köynəyin sapının qaçması adamı evə tez gətirir. Nə qədər maraqlı, dəqiq bir ifadədir. Oxşar qafiyələrin eynəklə müqayisə edilməsi və bir-birindən utanması orijinal şair səciyyəsi daşıyır.

Aşağıdakı şeirdə arx möhürə bənzədilir. O, bərəkətin təsdiqi kimi yerin, torpağın üstünə vurulub. Özü də bu möhürün sahibi o böyük Yaradandır.

Möcüzədi, sehirdi bu,
Arx deyil ki, nəhrdi bu.
Bir ilahi möhürdü bu,
Hamı gəlsin ziyarətə.

Və yaxud

Alnından tər axır, bəzən görürsən,
Buraxdığın səhvi anlayan zaman.

Alındakı tərlə buraxılan səhvin əlaqəsi maraqlı bir görüntüdür. Adətən tər zəhmətin nişanəsidir və bilirik ki, tər xəcalətin də əlaməti ola bilər. Amma alında tər həm də səhvin göstəricisidir.

Şair dostumun yeni şeirlərini oxuyanda çox sevindim. Həm 80-ci illər ədəbiyyatının o saf havasının ətrini hiss elədim, həm də bu şeirlərin müasir ədəbi prosesdə özünəməxsus yeri olduğunu gördüm.

Fəxrəddin Teyyubun şeir küləyi, təbiətin təbirincə desək, şeir iqlimi  80-ci illərdən 2000-ci illərə əsir, 3000-ci illərə də əsəcək. Həmişə belə olur. 60-cı illər də əsir, 50-ci , 30-cu illər də. Amma hər külək öz dövrünün ətrini yayır, yaşadığı zamandan özünə nəsə qatır, onu müasirləşdirir. Orijinallıq həmişə müasirdir. Uğurlar diləyirəm!

 





06.10.2016    çap et  çap et