525.Az

Yazan belə yazıbmış...


 

Yazan belə yazıbmış...<b style="color:red"></b>

Bir qayda olaraq biz - Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin alimləri baharın oğlan çağında, gül əyyamında, yayın qızmarında, qızılı payızın bağlı-bağatlı, toylu-büsatlı vaxtında vətənin dilbər guşələrinə səfər edir, təbiətə pənah aparır, həm dincəlir, havamızı dəyişir, həm də ölkəmizi daha yaxından tanımağa, bilməyə çalışırıq.

Təkrarsız, bənzərsiz ana təbiətin qoynunda duyğulanır, mənən daha da saflaşır, durulaşır, dümağ, bəmbəyaz oluruq. Xəyallar aləmində qanadlanır, pərvazlanırıq. Şairlənir, şeirlənir, sazlanır, sözlənirik...

Səhərin gözü açılar-açılmaz, dan yeri sökülər-sökülməz, günəş haləsini göstərər-göstərməz Altıağaca yol aldıq. Çox keçmədən maşınımız el yolundan sola döndü. Boz çılpaq dağlar könlümü oxşamadı. Pərişanlandım, bir qədər də küskünləşdim. Bu anda dahi Cəfər Cabbarlını, böyük şairimiz, unudulmaz Mikayıl Müşfiqi, dost-mehribanım, Xalq şairi Cabir Novruzu, daha kimlər-kimləri yetirən, aləmə işıq saçan, nur ələyən məgər bu torpaqdı? - dedim.

Pərişanlığım çox çəkmədi. Xızı şəhərinin bir ayrı gözəlliyi qarşımda canlandı. Sanki "bir gəl" dedi, "gəl gör" dedi. Bu gözəllikdən xoşhal olduq. Qurub, yaradanlara eşq olsun söylədim. Yenidən maşınımız yuxarıdan dərəyə endi, xeyli yol getdik. Bənzərsizliklər qəlbimə hakim kəsildi. Sıx ormanın dərinliyində maşınımız sağa buruldu, dayandı. Bizi mehribanlıqla qarşıladılar, xoşgəldiniz elədilər. Yaşıl talanın yanındakı yanları açıq, üstü örtülü, uzun bir köşkə dəvət olunduq. Meşədəki quşların xoş nəşidəsi, al-əlvan bülbülün gülə həsrət yanıqlı səsi aydın eşidilirdi.

Hər şeyi unutmuş kimi bu əsrarəngiz təbiəti, dağları seyr edirdik. Ayıl-mayıl olmuşduq. Başı bəyaz çalmalı dağlar, güllü-çiçəkli yamaclar, durna gözlü bulaqların zümzüməsi, gözəlin zülfünü xatırladan dağ çaylarının mahnısı, şərqisi göz oxşayır, könül xoşlayır. Bu behişt misallı dağlara, cənnətməkana baxdıqca baxmaq, qucub bağrına basmaq istəyirsən. Və deyirsən: "Belə bir torpaq həqiqətən elə dahilər, dühalar yetişdirər".

Gözəl çay dəstgahı düzəlmişdi. Kəklikotulu samovar çayından tutmuş səliqəli süfrədə nə yoxdu: Özlərinin hazırladıqları cürbəcür şirniyyat, növbənöv mürəbbələr, daha nələr, nələr. Sonra talada gəzintiyə çıxdıq, gözəlliklər aləminə valeh olduğumuzu, ilk baxışdan bu yerlərə qəlbən vurulduğumuzu hər addım başı bildirirdik.

Qəfildən göyün qaşı qaraldı, aləmə zülmət çökdü. Günəşin haləsi görünməz oldu. Lap uzaqlarda göy gurladı, ildırım çaxdı. Şimşək qızılı qılıncıyla yeri-göyü dilimlədi, doğradı, gürşad oynadı. Qatar buludlar göz yaşını ələdi. Yağış tökdü, nə tökdü. Tut ucundan, göyün yeddi qatına qalx. Sellər-sular aşdı-daşdı. Çaylar məcrasına sığmadı, hər yanı uçurdu, dağıtdı. Hardasa qəlbimizdə qorxu hissi baş qaldırdı...

İllərcə xalqşünas alim kimi ayağımda "kotğu" çarıq, əlimdə əsa vətənimi qarış-qarış, pay-piyada gəzmişəm. Haralarında olmamış, nələr görməmişəm. Lakin belə müdhiş hadisəylə heç vaxt rastlaşmamışam. Elə bil yuxu görür, möcüzələr, əfsanələr, nağıllar aləminə düşmüşdüm.

Çox çəkmədi göyün üzü açıldı. Göy qurşağı bizi kəməndə saldı. Günəş zərrin şəfəqlərini üstümüzə ələdi. Hər yan sakit, heç nə olmamış kimi. Di gəl, təbiətin şıltaqlığına mat-məəttəl qalma, heyrətlənmə. Həyatda görünməmiş bir aləm hökm sürdü. İnanılmaz anlar yaşadıq.

Səliqə-sahmanlı süfrədə nə yoxdu. Quş iliyi, can dərmanı. Yenicə kəsilmiş toğlu ətinin kababı, bozartması, kənd beçələrinin qızartması, təzə bişmiş ətirli təndir çörəyi, sacda məxsusi hazırlanmış yuxa. Dulus kuzələrdə cana məlhəm dağ bulağının suyu, qoyun pendiri, camış qatığı, daha nələr-nələr, saymaqla qurtaran ha deyil...

İçki içməsəm də, məclisi açmaq xatirinə qədəhi qaldırıb bir sağlıq demək istədim. Xatırlatdım ki, nə yazıq ki, bu gözəl məclisin gülər üzlü Nigarı yoxdu. Çox təəssüf ki, onun həyat yoldaşı, əzizimiz, dost-mehribanımız Mahmud bəy aramızda deyil. Sağlıq olsun, gələn dəfə elə burada onların şəninə uyar bir ayrı məclis, bir ayrı büsat qurarıq. İnşallah.

Gözlərimə inanmadım, elə bil yenə də yuxu görürdüm. Bu da bir gözlənilməz qəribəlikdi. Mahmud bəy və Nigar xanım maşından düşdülər. Təranə xanım tez qaçıb körpə Əli Rzanı Nigarın əlindən aldı, bağrına basdı və "Atın-tutun bu balanı, şəkərə qatın bu balanı" oxudu. Sonra da:

"Layla dedim yatasan,

Qızılgülə batasan.

Qızılgülün ətrində

Şirin yuxu tapasan"ı zümzümələdi. Şahımız, sultanımız gəldi. Mahmudu çağırdım: Türk oğlu türk, gəl, yanımda otur, mən də səndənəm. Türk köklü, türk qanlı, türk canlı, türk vicdanlı. Buradakı bacı-qardaşların da eynən. Məclis yenidən canlandı, elə bil bu gəlişlə aləm gözəlliyə qərq olmuş, hər şey təzələnmiş, məzələnmişdi.

- Ay Mahmud bəy, bir gün işə getdim, hamımızın anası sayılan Tamara xanım Nigarla dayanmışdılar. Otağıma girdim, dabanbasaraq onlar da arxamca gəldilər. Nigar xanım qəbahət işlətmiş kimi üzümə baxmır, başını yerə dikirdi. Tamara xanım gülər üzlə: Sizə bir şad xəbər demək istəyirəm, Nigar nişanlanıb. Sevindim, alnından öpdüm. Kimdi, nəçidi-dedim. Yəqin Ordubadlıdı. Yox. Türkdü, İstanbuldandı. Nə yaxşı, nə gözəl, nə şad xəbər! Toylarında yallı gedərik. Qoşa yarısınlar, qoşa qarısınlar.

Onların Altıağaca gəlişindən dağlar da, göylər də sevinirdi. Artıq gecdi, Bakıya qayıtmalıydıq. Şər qarışar-qarışmazdı. Günəş tənbəl-tənbəl dağın arxasındakı yatağına girhagirdəydi. Təkəmseyrək ulduzlar sayrışırdı, gah sönür, gah yanırdı. Nə xoş gündü, nə təkrarsız anlardı...

Eh, sən saydığını say, gör fələk nə sayır. Bu şənlikdən, bu sevincdən az vaxt keçdi. Pərişan çöhrəli Tamara xanım vay xəbər söylədi. Teymur müəllim, axşam sizə xəbər vermək istəmədim. Nigarın bəxti qara geyib, taleyi daşa-qayaya çırpılıb. Türkiyədə son hadisələrin gedişində Mahmud bəy İstanbulda şəhid olub.

Bu gözlənilməz, müdhiş xəbər məni üşütdü. Dinməz-danışmaz qaldım. Sarsıldım, ürəyimdən qara qanlar axdı...

Bir qayda olaraq Türkiyədə Ramazan bayramını daha rövnəqli, daha şən keçirirlər. Bu münasibətlə Mahmud bəy ailəsiylə birlikdə Bakıdan İstanbula gedir. Çox keçmir Türkiyədə ağlasığmaz, xəyalagəlməz dəhşət baş verir. Türkiyə yerindən tərpənir, silkələnir. Az qala kökündən qopacaq, məhvərindən çıxacaq, yox olacaqdı. Səmasını qara buludlar örtür, aləmə zülmət çökür. Qara qüvvələr dövlət çevrilişi törətmək üçün ölkəni qana, qırğına çalxalayırlar.

Mahmud bəy iyul ayının 15-də qətiləşdi, getməyə hazırlaşdı. Bacılar onun boynuna sarıldılar, ağladılar. Anası yalvardı. Qucağımda körpə yalvardım mən də. Atayla oğul qarşı-qarşıya, göz-gözə dayandılar. Hamı sükuta qərq oldu. Mahmud halallaşdı, getdi. Qolları sinəsində çarpazlaşan Əli Rza kişi oğlunun arxasınca baxdı, baxdı. Mahmud bəy silaha sarılaraq özünü odun, alovun içinə atdı. Şəhid oldu Türkiyənin uğrunda.

Türkiyə vətən üçün doğulanların, vətən yolunda canlarından keçənlərindir. Yenilməz türklərin başlarının üstə Allahları, ürəklərinin başında vətənləri. Onlar "Torpaq əgər uğrunda ölən varsa, vətəndir" inamı ilə yaşayırlar. Bu inamı, bu əqidəni bir daha dünyaya car elədilər. Nələrə qadir olduqlarını sübuta yetirdilər. Ya vətən, ya ölüm hünərini yaşadılar...

Eşitdim ki, Nigar xanım Türkiyədən qayıdıb. Mahmud bəylə bağlı onunla görüşmək üçün zəng çaldım. Ertəsi günü Akademiyanın binasının qarşısındakı seyrangahda gözləyirdim. Fəvvarə gümüşü muncuqlarını göyə atıb tuturdu. Göyərçinlər fəvvarənin ətrafında yem axtarır, səkir, süzürdülər. Hərdən insanlardan qorxurmuş kimi göyə qalxır, qıy vurur, bir ayrı tamaşa qururdular. Gəldi, görüşdük.

Körpə quzu beşiyində mışıl-mışıl yatırdı. Elə bil bizi görmüş kimi gözlərini açdı. Üzünə təbəssüm qondu. Gülümsədi, qurcalandı. Necə də Mahmud bəyə oxşayırdı, İlahi. Bu təkrarsız mənzərəyə dözmədim. Qəhər məni boğdu, qubar könlüm qubarlandı. Göz yaşlarım muncuqlandı, yanağımı yandırdı, sinəmə cığır saldı, ürəyimi üşütdü. Nigar halımı görcək pərişanlandı, kövrəldi, doldu, doluxsundu.

Bil ki, mən həmişə sənin yanındayam, əziz qızım, Nigar xanım...

- Teymur müəllim, Mahmud vətəninin bütövlüyü, sarsılmazlığı, Türkiyəsinin uğrunda canını qurban verdi, şəhidlik zirvəsinə ucaldı. "Quranı Kərim"in və aylı-ulduzlu türk bayrağının altında torpağa tapşırıldı, əbədiyyətə qovuşdu. İyunun 29-da Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan şəhid ailələriylə görüşdü. Hamıya başsağlığı verdi, səbr dilədi. "Onlar zəfər, hünər məşəli yandırdılar, ölmədilər, ölməzliyə qovuşdular" dedi. Mahmud bəyin adı əbədiləşdi. İstanbula, yaşadığı küçəyə onun adı verildi. Oxuduğu məktəb indi onun adını daşıyır. Başqa imtiyazlarla yanaşı mənə həmişəlik təqaüd verilməsi qərarlaşdırıldı.

Ona ürək-dirək verdim: - Bəlkə Altıağacda gözə gəldin. İnanmıram. Bəlkə alın yazısıymış. Bəlkəsiz. Görünür, yazan belə yazıbmış. Yəqin. Nigar, sən məni təkcə elmi rəhbər deyil, həm də mənəvi ata sayırsan. Dinlə məni, səbirli ol. Təmkinli davran. Dostdan çox düşmən var. Sən Əli Rzanı böyütməli, ərsəyə gətirməli, kamala yetirməlisən. Çalış, ürəkli böyüsün. Mərdlik, mübarizlik məşəli yandırsın. Bir də, qızım, dissertasiya işin hazırdı. Bir az keçsin, özünü ələ al.

Nigar qəfildən məni unutmuş kimi üzünü uca göylərə tutub, yanğılı bir ah çəkdi: "Allahım, sən verən payımdı, Mahmuddan əvəzsiz yadigardı, əmanətdi. Adını qayınatam Əli Rzanın, atam Əlirzanın şərəfinə qoymuşuq. Ömrümü, günümü atasız balama qurban verəcəm. Onların şərəfinə böyüdəcəm. Böyük komandan, nizami orduya başçı edəcəm. Türkiyəni, Azərbaycanı fitnə-fəsadlardan qoruyan orduya başçı. Mahmudun ruhunu şad eləyən, mənə fərəh gətirən oğul. Allahım, mənə kömək ol. Qol-qanad ver. Diləyim hasil olsun"...

Sağollaşdıq... Düşünürəm. Türkiyədə və Azərbaycanda şəhid oğulları - Əli Rza və Əlirzalar dövlətin və millətin himayəsi altında böyüyəcəklər, millətin gələcəyinə sahib çıxacaqlar.

Bu ağrılı-acılı hadisənin fəlsəfəsi üzərində düşünərkən özlüyümdə bir daha əmin oldum ki, Türkiyə və Azərbaycan üçün müəyyən edilən "Bir millət iki dövlət" qayəsi və inamı əbədidir. 15 iyul və sonrakı hadisələrin həyəcan və ağrılarını Azərbaycanda hər kəs yaşadı və yaşayır. Hər kəs Türkiyə dövlətinin və xalqının yanında oldu və yanındadır. Hər kəs Türkiyənin və nəticə etibarı ilə Azərbaycanın gələcəyini qaranlığa gömməyi hədəfləyən qara qüvvələrə öz nifrətini bildirməkdədir...

 





06.10.2016    çap et  çap et