525.Az

"İraq parlamentinin Türkiyəyə qarşı qəbul etdiyi sənəd gülüncdür"


 

"İraq parlamentinin Türkiyəyə qarşı qəbul etdiyi sənəd gülüncdür"<b style="color:red"></b>

İraq parlamenti ölkənin Mosul əyalətinə bağlı Başıka bölgəsində Türkiyə hərbçilərinin mövcudluğunun yolverilməz olduğu haqqında qərar qəbul edib. Həmçinin, İraq parlamenti türkiyəli hərbçilərin ölkə ərazisində qalması müddətinin uzadılması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qərara etiraz əlaməti olaraq sənədi təsdiqləyib.
 
Həmin sənəd Türkiyənin Bağdaddakı səfirinə təqdim edilib. Türkiyəyə qarşı ağır ittihamların yer aldığı qərarda Ankaranın Bağdaddakı səfirinə nota verilməsi, İŞİD -ə qarşı könüllülərə hərbi təlim verən Türkiyə qüvvələrinin "işğalçı güclər" adlandırılması, prezident Rəcəb Tayyib Ərdoğanın şərhlərinin qınanması, Türkiyə ilə ticarət və iqtisadi əlaqələrin yenidən nəzərdən keçirilməsi kimi müddəalar yer alıb. Türkiyənin Bağdaddakı səfiri Faruk Kaymakçı İraq Xarici İşlər Nazirliyinə çağırılıb və ona ölkə parlamentinin oktyabrın 4-də qəbul etdiyi sənəd təqdim olunub.

Türkiyə XİN isə öz növbəsində bu qərarı qınayıb, xüsusilə sənədin Rəcəb Tayyib Ərdoğana yönəlik çirkin ittihamlar olan bölümünə şiddətlə etiraz etdiyini açıqlayıb. Bundan əlavə, İraqın Ankaradakı  səfiri Hişam Əli Əkbər İbrahim əl-Ələvi Türkiyə  Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz bildirilib. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri 3 ildir terrorçulara, o cümlədən, terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün İraqın Şimalındakı Kürd Muxtar bölgəsinin silahlılarına təlim keçir.

Türkiyə və İraq arasında gərginliyə səbəb olacaq bu hadisəni şərh edən politoloq Vüqar Zifəroğlu İraq parlamentinin Türkiyənin Mosula bağlı olan Başikadaki hərbi bazasının olmasını qəbul etməməsi ilə bağlı yazılı açıqlama yaymasını gülünc adlandırıb. Onun sözlərinə görə, məsələ onda deyil ki, İraq suveren bir dövlət olaraq öz torpaqlarında heç bir yad ölkənin əsgərini görmək istəmir: "Əslində müstəqil ölkənin belə bir istəkdə və hətta tələbdə olması normal və hörmətəlayiqdir. Lakin İraqın 2003-cü ilin martında işğal edilməsindən sonra ərazisində ABŞ əsgərləri ilə yanaşı, İranın da hərbi qüvvələrinin mövcudluğu, eləcə də rəsmi Bağdadın Tehranın ciddi təsiri altında olması fonunda belə bir açıqlama yayması, açıqlamada türk əsgərlərinin Mosul yaxınlığındakı düşərgədən çıxmayacağı halda İraqın Türkiyəni "işğalçı" hesab edəcəyini vurğulamaları gülüncdür. Elə tək ABŞ-ın İraqın qərbindəki Ənbar vilayətindəki Ayn əl-əsəd və Bağdadi hərbi bazaları, Mosulda isə Kayyara hərbi bazası olduğu məlum həqiqətdir. İran isə SEPAH-ın kifayət qədər ciddi birləşmələri ilə İraqda mövcudluğunu artıq təsdiq edib. Eyni zamanda 2014-cü ildən başlayaraq İraqın bir sıra ərazilərinin İŞİD tərəfindən ələ keçrilməsi ilə, rəsmi Bağdad İŞİD-lə mübarizə adı altında İranın təsiri altında olan radikal şiə qruplaşmalarına öz qapılarını açdı. Məsələn, "Haşdi Şabi" adlı radikal anti-sünni qruplaşma buna misal ola bilər".

Politoloq hesab edir ki, belə bir qərarın verilməsi hər iki ölkə arasında münasibətlərə ciddi təsir göstərmiş olacaq: "Burada bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, türk əsgərlərini Başikaya İraq hökuməti deyil, Kürd Regional Administrasiyası İŞİD-lə döyüşən qüvvələrə təlim keçmək məqsədi ilə dəvət edib. Bu baxımdan parlamentin belə bir mövqe sərgiləməsi həm də yersizdir".

PƏRVANƏ

 





06.10.2016    çap et  çap et