525.Az

Baş redaktor: “Maşınla qardaşımı vurub, yolun kənarına atdılar”


 

Baş redaktor: “Maşınla qardaşımı vurub, yolun kənarına atdılar”<b style="color:red"></b> "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev ona qarşı edilmiş xuliqanlıq əməli və barəsində polisə şikayət edilməsi ilə bağlı Lent.az-a açıqlama verib.
 
H.Vəliyev bildirib ki, martın 14-nə keçən gecə ona tanımadığı şəxsdən zəng gəlib və görüşmək istədiyini bildirib: “Həmin gecə saat 00:20 radələrində mobil telefonuma zəng gəldi, dedi ki, sənlə görüşmək istəyirik. Mən də dedim görüşərik, amma getmədim. Sonra bir də zəng gəldi, dedi ki, evinizin yaxınlığındayam. Bu söz məni tutdu, dedim gəlirəm. Düşdüm “Olimp” mağazasının qarşısına, orda Daxili İşlər Nazirliyinin kamerası da var. Özüm də bilərəkdən kameranın altına gəldim ki, nəysə baş versə, kameraya düşsün. 2 maşınla 10 nəfər gəlmişdi. Biri 90 MK 722 nömrəli “Mercedes”, bir də “Hyundai” idi. Böyük qardaşım məni tək buraxmamışdı, o da gəlmişdi. Həmin şəxslərdən 7 nəfəri mənə tərəf gəldi. 3 isə qardaşımla qaldı, yəni onlar bu söhbətə qarışmırdı. Mənimlə danışan şəxslər özlərini “Bandotdel”in əməkdaşı kimi təqdim etdilər. Danışan şəxsin adı Nazir idi. Dedi ki, sənlə işimiz var. Fikirləşdim ki, bəlkə yazdığım yazı ilə bağlı məni tutmaq istəyirlər, nəsə belə bir məsələdir. Emil adlı oğlan soruşdu ki sən kimsən, dedim, mən “Gündəlik Bakı” qəzetinin baş redaktoruyam. Nazirin əlində tapança olduğunu gördüm. Emil Zeynalovun bıçaq çıxardığını görəndə isə başa düşdüm ki, bunlar polis-filan deyil. Cinayətkar dəstənin üzvü ola bilərlər. Əvvəlcə bıçağı sifətimə atdı, təxminən 20 dəfə cəhd etdi ki, üzümə xəsarət yetirib iz salsın. Yayına bilsəm də, biri sol gicgah hissədən məni tutdu. Bıçağın dəstəyi ilə də qulağımın arxasına xəsarət yetirdi. Saat 01:06-da mən 102-yə zəng vurdum. Polis çağıranda hamısı maşına minib qaçdılar. Qaçanda da maşınla qardaşımı vurub, yolun kənarına atdılar.
 
H.Vəliyev bildirib ki, onda tapança olması ilə bağlı polisə edilmiş müraciət əsassızdır: “Mənim silahım olsaydı özümü qorumaq üçün atəş açardım da. Yəni onlar vəziyyətdən çıxmaq üçün belə şeylər uydururlar”.
 
Qəzet baş redaktoru onu da bildirib ki, ona qarşı edilmiş bu hərəkət son vaxtlar nəşr etdikləri yazılara görə ola bilər. O qeyd edib ki, qəzetdə mütəmadi olaraq Bakıda kriminal ünsürlərin fəallaşması və əxlaqsızlıq yuvalarının sərbəst fəaliyyət göstərməsi ilə bağlı materiallar çap ediblər. Bu hücumu da əxlaqsızlıq yuvalarını işlədib onları himayə edən şəxslər törədə bilərlər.
 
Qeyd edək ki, H.Vəliyevin izahatı polis tərəfindən alınıb və onun xəsarətləri ilə bağlı ekspertiza təyin edilib.
 





15.03.2013    çap et  çap et