525.Az

Türklər və kürdlər


 

Türklər və kürdlər<b style="color:red"></b> Ralp Valdo (Waldo) Emersonun gözəl bir sözü var. O, “ümumbəşəri sülh” məfhumu ətrafında gedən müzakirələrdə bəşər övladına kiçik, amma mahiyyət etibarilə böyük bir həqiqəti xatırladır: “Sizə sizdən başqa kimsə sülh gətirməyəcək”.
 
Bütün dünya sülhün bərqərar olması hər bir insanın özü ilə barışmasından asılıdır. Sülh təkcə zorakılığı aradan qaldırmaq demək deyil. Sülh həm də insandakı şəfqət potensialını üzə çıxarmaqdır. Bu da üç mərhələdə reallaşa bilər.
 
Ən mühümü birinci mərhələsidir. O, insanın ruhundadır. İnsan kainatla və kainatda mövcud bütün güclərlə əlaqəsini, birliyini dərk edib məxluqatın hər şeyə qadir Allahın (c.c.) əmrinə tabe olduğunu qavrasa, məhz bu zaman birinci sülhü bərqərar etmiş olar. Bu, həqiqi sülhdür, digərləri onun inikasıdır.
 
İkinci mərhələ fərdlər arasında sülhdür.
 
Üçüncüsü isə millət və xalqlar arasında sülhdür. Bunu yaxşı dərk etməliyik ki, “həqiqi sülh” adlanan birinci mərhələ olmasa, yəni insanın ruhunda sülh qərar tutmasa, nə fərdlər, nə də xalqlar arasında barış mümkün olar.
 
Başqa sözlə desək, xəyallarını qurduğumuz ümumbəşəri sülhü təmin etmək istəyiriksə, ilk öncə özümüzdən, yəni öz kiçik dünyamızdan başlamalıyıq. Allahla irtibatımızı möhkəmləndirməliyik ki, hər birimizdə mövcud olan, ancaq istifadəsiz qaldığından korşalan o qədim mərhəmət cövhəri yenidən cana gəlsin…
 
Qoy hamı sülh, əmin-amanlıq içində yaşasın. Çünki hamımız eyni ulduzlara tamaşa edir, eyni planetdə səyahət edir, eyni göy qübbəsinin altında həyatımızı davam etdiririk. Məhz bu hislərlə Türkiyədə uzun illərdir davam edən terrorun kökünü kəsmək üçün sülh danışıqları başlandı. Ancaq təəssüf ki, buna mane olmaq istəyən daxili və xarici düşmənlər var. Ancaq unutmayaq ki, sülh belə ucuz başa gəlmir.
 
TBMM İnsan Haqları Araşdırma komissiyasının nəzdində qurulan “Terror” alt komissiyası  apardığı bir araşdırmanın nəticələrini açıqladı. Nəticələr düşündürücü və gözlənilməzdi: 
Türkiyə torpaqlarında türklərlə kürdlərin birlikdə müştərək və əmin-aman bir gələcək qurmasına inanırsınız?
 
Statistik məlumata görə, buna inanan kürd vətəndaşlarının faizi 90.3-dür. Bu, çox böyük bir nailiyyətdir. “Bəli” deyən türk vətəndaşların faizi isə, təəssüf ki, aşağıdır, 70.7.
 
Birgəyaşayışa şübhə ilə yanaşan kürdlərin faizi 19.9, türklərin isə 51.7.
 
Gələk, birgə yaşamaq istəmədiyini açıq-aşkar deyənlərin faizinə; kürdlərdə 1.8, türklərdə 15.8 faiz.
 
Bir başqa fakt da ailə qurmaqla bağlıdır. Kürdlərin 66.7 faizi türklərlə qohumluğa razı olduqları halda, türklərdə bunun faizi aşağıdır, 13.3.
 
Həqiqətən, bu araşdırma cəmiyyətdə oturuşmuş fikirləri alt-üst etdi. Halbuki biz əksinə düşünürdük. Bu statistikadan sonra hər kəs gərək papağını qoyub qabağına yaxşı-yaxşı düşünsün: Niyə belə oldu? Necə oldu? Bezginlik, yoxsa qəzəb? Hissi bir reaksiya, yoxsa…? Bu araşdırmanın nəticələri təkcə sosioloqları deyil, jurnalist, siyasətçi, ədib, xülasə, vətənin halını düşünən hər kəsi mat qoydu.  
 
Həmin araşdırmada bir maraqlı məqam da, eyni məhəllədə yaşayan, amma bu qonşuluqdan gileylənənlərin göstəricisidir. Türklərdə 8.6, kürdlərdə sadəcə 0.6 faiz təşkil edir. Yaxşı ki, hər iki kəsimdə də göstəricilər aşağıdır. Ancaq aralarındakı nisbət fərqi olduqca diqqətçəkicidir.
 
“Türk bayrağı mənim də bayrağımdır” deyənlərin sayı hər iki kəsimdə də yüksəkdir. Türklərdə 97.7, kürdlərdə 94.8 faiz. İstiqlal marşına yaxşı münasibət bəsləyənlər də türklərdə 97.6, kürdlərdə isə 91.1 faizdir. Bayraq və marş göstəriciləri hər iki tərəfdə də olduqca yüksəkdir.
 
Ancaq belə baxanda türklərlə kürdlər arasında ortaq dəyərlərə və birgəyaşayışa inamın, zənn etdiyimiz kimi elə də zəif olmadığını görürük. Bu da vətənini sevən hər kəsin ürəyinə su səpir. Sülhün təminində güclü iradəyə ehtiyac var, çünki bütün vətəndaşlarımız bilir ki, saysız-hesabsız maddi-mənəvi itkilərə gətirib çıxaran qarşıdurmalara son qoyulsa və sülh bərqərar olsa, Türkiyədə xalqın rifahı qatbaqat yüksələcək. Bunu, məncə, ən yaxşı ifadə edən iş adamı Gülər Sabancı oldu: Sülh bərqərar olsa, Türkiyə uçar!
 
[email protected]
 





15.03.2013    çap et  çap et