525.Az

Çin Mərkəzi Asiyada: geosiyasi problemlər artır


 

Çin Mərkəzi Asiyada: geosiyasi problemlər artır<b style="color:red"></b> Pekinin əldə etdiyi iqtisadi nailiyyətlər onun dünyadakı geosiyasi mövqeyinə ciddi təsir edir. Artıq Çin böyük dövlətlərlə müxtəlif regionlarda mübarizə aparmalı olur. Analitiklər bu prosesin ziddiyyətli olduğu fikrini irəli sürürlər. Həmin kontekstdə qlobal geosiyasi mənzərəni dəyişə biləcək faktorların meydana çıxacağı proqnozlaşdırılır.
 
Çin dünya siyasətində öz yerini getdikcə gücləndirən böyük dövlətdir. Bu müddəa ilə mübahisə edən yoxdur. Son illər bu ölkənin sürətli iqtisadi inkişafı fonunda onun geosiyasi mövqeyinə həsr edilmiş təhlillərin sayı artıb. Xüsusilə, Qərbin tanınmış analitikləri Pekinin dünya siyasi mühitinə təsiri haqqında müxtəlif ideyalar irəli sürüblər.
 
Bunlar təsadüfi deyil. Çin Xalq Respublikası bütün sahələr üzrə inkişaf edir. Eyni zamanda, müxtəlif regionlarla əməkdaşlıqda cəsarətli proqramlar həyata keçirir. Onların sırasında Mərkəzi Asiya ayrıca yer tutur. Beynəlxalq Böhran Qrupunun dərc edilən "Çinin Mərkəzi Asiya problemi” (bax: China’s Central Asia Problem. www.crisisgroup.org, 27 fevral 2013) adlı məruzəsində həmin kontekstdə maraqlı məqamlar vardır.
 
Məruzə müəllifləri Çinin qısa müddətdə Mərkəzi Asiyada ciddi rol oynamağa başladığını qəbul edirlər. Lakin bunun bölgədə Pekinin qarşısına çıxan geosiyasi problemləri həll etməyə yetmədiyini vurğulayırlar. Bu ölkənin region dövlətləri ilə ticarət dövriyyəsinin 30 milyard ABŞ dollarına çatması Çinin maraqlarının təmin edilməsi aspektində mühüm hadisədir. Burada əsasən xammal və enerji resursları üzrə əməkdaşlıqdan söhbət gedir. Əlavə olaraq Çin Mərkəzi Asiyaya yardım və sərmayə formasında 100 milyonlarla dollar yatırır. Əsas məqsədi isə Sinszyan-Uyğur muxtar rayonunda vəziyyətin sabitləşməsinə nail olmaqdır.
 
Məsələ ondan ibarətdir ki, Çinin bu əyalətində yaşayan uyğurların Mərkəzi Asiya, Qafqaz və Anadolu türkləri ilə etnik, tarixi, mənəvi və mədəni əlaqələri mövcuddur. Dünyada gedən geosiyasi proseslər kontekstində həmin bölgədə də dəyişikliklərin baş verməsi gözləniləndir. Bu səbəbdən Pekin türk dövlətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirmək yolu ilə öz vətəndaşları olan uyğurları radikal planlardan çəkindirməyə çalışır. O cümlədən, Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqələrin inkişafına xüsusi diqqət yetirir.
 
Lakin burda iki məqamı vurğulamaq lazımdır. Birincisi, region dövlətlərinin öz maraqları var və onlar tamamilə Pekinin ssenarisi üzrə hərəkət etmirlər. Bu mənada Çin rəhbərliyinin nəzərdə tutduğu planlar tam olaraq istənilən şəkildə reallaşmır. İkincisi, regionda marağı olan başqa böyük dövlətlər Pekinin atdığı addımlara mane olurlar. Ən ciddi rəqiblər isə Rusiya və ABŞ-dır.
 
Baxmayaraq ki, Moskva Pekini bir sıra qlobal geosiyasi proseslərdə dəstəkləyir, Mərkəzi Asiya məsələsində onun öz maraqları mövcuddur. Rusiya bilir ki, Çinin maliyyə imkanları daha genişdir. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində də həmin aspektdə onların mövqeləri arasında fərqlər özünü göstərir. Çünki Çin öz valyutasının əsas rol oynamadığı regional miqyaslı maliyyə strukturu yaratmağa cəhd edir. Moskva isə bunu özünün geosiyasi strateji maraqlarına uyğun gəlməyən addım kimi qiymətləndirir.
 
ABŞ-ı Çinin Mərkəzi Asiya fəaliyyətində daha çox məqamlar narahat edir. Onların sırasında iqtisadi, maliyyə, nəqliyyat və enerji daşıyıcıları məsələsi xüsusi yer tutur. Son bir neçə ildə Pekin həmin regiondan qaz kəmərləri çəkilməsində fəallıq göstərib. Artıq Şərqə tərəf istiqamətlənmiş neft və qaz boru xətləri vardır. Çin həm də İrandan böyük miqdarda enerji daşıyıcısı alır. Nəticədə Qərb üçün ciddi rəqib meydana çıxır.
 
Bundan başqa, Çin regiona yeni texnologiyaları ilə nüfuz etməyə çalışır. Burada əsasən hərbi sahə üstünlük təşkil edir. Doğrudur, Pekinin bu istiqamətdə səyləri Rusiya və ABŞ-la müqayisə oluna bilməz. Lakin inkişaf tempinə görə, Çinin şansı az dəyərləndirilmir. Deyək ki, qırıcı təyyarələrin və kosmik cihazların hazırlanmasında Pekin xeyli uğurlar əldə edib. Mərkəzi Asiya dövlətləri üçün terrorla mübarizə məsələsi çox əhəmiyyət daşıyır. Bu prosesdə ordunun yeni hərbi texnologiyalarla təchizatı daha səmərəli nəticələr əldə etməyə imkan verərdi.
 
Digər bir məsələ, Çində ucuz işçi qüvvəsinin mövcudluğu ilə bağlıdır. Hazırda regionun əksər ölkəsində çinlilər çalışırlar. Məsələn, Qırğızıstan və Qazaxıstanda onların sayı az deyil. Lakin burada Pekin üçün xoşagəlməz bir situasiya formalaşır. Qırğızıstan və Qazaxıstanda yerli əhalinin çinlilərdən narazılığı getdikcə artır. Onların ətraf mühiti çox çirkləndirdiyi və demoqrafik balansı pozduqlarını deyirlər. Bu əsasda həmin bölgələrdə ziddiyyətlər meydana çıxır.
 
Beynəlxalq Böhran Qrupunun məruzəsində həmin kontekstdə vurğulanır ki, "Çinin iqtisadi ekspansiyası əhalinin geniş dairələrinə xeyir verməsə və ayrı-ayrı siyasi klanların zənginləşməsinə xidmət etsə, Pekinin qarşısına sədd çəkilə bilər”. Çin analitiklərindən biri isə Mərkəzi Asiyaya "xammal mənbəyi” kimi baxmağın düzgün olmadığını söyləyib (bax: Central Asia: Report Looks at China’s Role in Central Asia. www.eurasianet.org, 26 fevral 2013).
 
Bütün bunlar Pekinin həmin regionda problemlərlə qarşılaşmaqda olduğunu təsdiqləyir. Eyni zamanda, ABŞ-ın getdikcə daha çox Çinə təsir etməyə başlaması vəziyyəti mürəkkəbləşdirir. Amerika hələlik Sakit okean hövzəsi istiqamətində daha fəal görünür. Lakin Çin Mərkəzi Asiyada aktivliyini artırdıqca tərəfdaşı Rusiya ilə müəyyən geosiyasi məqamlarda toqquşmalı olur. Belə çıxır ki, ABŞ Sakit okean istiqamətindən Çinə geosiyasi təzyiqlərini artırmaqla, əslində, onun müttəfiqi Moskva ilə münasibətlərinə də ziddiyyətlər gətirir. Bu da avtomatik olaraq Çinin Mərkəzi Asiya regionunda çətinliklərlə üz-üzə qalması anlamına gəlir.
 
Beləliklə, Pekinin sürətli iqtisadi və texnoloji inkişafı onun Mərkəzi Asiya ölkələri ilə münasibətləri məsələsində müsbət rol oynamaqla yanaşı, neqativ təsiri də ola bilər. Çinin qarşısına çıxan geosiyasi problemləri necə həll edəcəyini indidən proqnozlaşdırmaq çətindir. Lakin onun bölgədə marağı olan böyük dövlətlərlə mübarizəsi hələ uzun sürə bilər.
 
Newtimes.az
 





15.03.2013    çap et  çap et