525.Az

Xətadır qeyri-eşq...


 

Xətadır qeyri-eşq...<b style="color:red"></b>

“Lüğət kitabımda tək isim: Allah!”
N.F.Qısakürək.

“Virdimdir Allah, Seyid Nigari,
Seyid Nigari, virdimdir Allah!”

“Ey Füzuli, nə əmək qılsan, xətadır qeyri-eşq!”
Ya Hu!-yalnız O! (Allah!)

İlk Tanrı sevgisi daha çox miflərdə, əsatirlərdə və nağıllardadı: “Biri var idi, biri yox idi, Allahdan başqa heç kəs yox idi”.

B. e. əvvəl VI-V əsrlərdə yaranmış daosizm fəlsəfəsinə görə “Allahını bulmayan, Ona sığınmayan insan hələ də yolunu tapmış birisi, yəni yolçu sayılmır”.

...Nəmrud İbrahim peyğəmbəri oda atıb yandırmaq istəyəndə Cəbrayıl gəlib soruşdu:

-Bir şeyə ehtiyacın varmı?

İbrahim dedi:

-Var, amma sənə yox!

Cəbrayıl dedi:

-Onda mədəd istə Ondan ki, Ona möhtacsan!

Və İbrahim o dar məqamda Allahdan başqa heç kimdən nicat ummadı.

Məhəmməd peyğəmbər deyirdi ki, üç cür ibadət var:

1)İnsan arzusuyla bağlı; 2) Cəhənnəm qorxusuyla bağlı; 3) Allah sevgisiylə bağlı. Bacarın, həmişə Allah eşqinə dua edin!

Bunlardan yaxşı xəbəri olduğu üçün Nizami deyirmiş: “İlahi, Səndən başqa nə varsa, yaddan çıxsa yaxşıdır”.

Osmanlı dövlətinin qurucusu Osman Qaziyə qaynatası və mürşidi Şeyx Ədəbalının öyüdlərindən biri beləymiş:

“Allah buyruğundan başqa iş görməyəsən!”

İmam Hüseynin üzüyünün qaşında isə belə yazılıbmış: “Mənə Allah kifayətdir!”

Məşhur islam alimi, mücahidi İmam Qəzali illər sonrası öz səhvini bu cür etiraf etmişdir: “Mən insanlara bilik vermək istəyimin niyyətini xatırladım və anladım ki, bunu Allah yolunda yox, özümə şöhrət, ad-san qazanmaqdan ötrü edirəmmiş. Onda anladım ki, uçurumun kənarındayam. Əgər düşdüyüm bu vəziyyətimi dəyişə bilməsəm, yerim cəhənnəmdi...”

Bu reallıq, bu həqiqət Allah eşqiylə bağlı ilahilərdən birində öz təsdiqini belə tapıb:

Allah deyən insan olur,
Hər müşkülü asan olur!

Məşhur fransız maarifpərvər yazıçısı Volterə elə gəlirdi ki, “Allah olmasaydı da, insanlar onu uydurmağa məcbur olacaqdılar”.

Qəribədir, uydurmanı həqiqət kimi qəbul edənlər bir-birini aldada-aldada niyə həqiqəti uydurma sanmağa cəhd etməliydilər ki?!

Hətta bir az da yollarını azıb “irəli” gedənlər Nitsşenin diliylə Allahı öldürməyə çalışacaq və “Allah öldü” deyəcəkdilər...

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, “Zərdüşt belə dedi” əsərində guya Nitsşe “Allah öldü” demişdir. Bu, əslində şeytanın vəsvəsə yaradaraq Zərdüşə dediyi sözdür. Onu yolundan etmək, azdırmaq üçün.

O sözü Nitsşe demiş olsaydı, bəs həmin əsərində o, “İndi yalnız Allahı sevirəm. İnsanları sevmirəm “ sözlərini necə deyə bilərdi?

Allahı sevənlərin və Allahın sevdiklərinin ilahi eşqlə bağlı fikirlərini nəzərdən keçirdikcə Cəlaləddin Ruminin dahiyanə sədası eşidilir:

“Eşqi seç-seçilərsən.

Bütün eşqlər ilahi eşqə körpüdür.

Mən o eşqi qısaca söylədim, tamamilə çatdırmadım. Əgər anlatsam, həm dodaqlar yanar, həm də dil.”

Sinan Yağmurun Veysəl Qərani haqda yazdığı “Eşqə səfər” romanında oxuyuruq:

“Səhradan qayıdırdım.

-Hardan gəlirsən?-deyə bir qonşum soruşdu.

-Səhraya getmişdim. Eşq yağmış, yerlər islanmışdı. İnsanın ayağı necə palçığa batarsa, mənim də ayağım eşqə elə batırdı...

-Nə eşqdi? Yoxsa bir qıza vurulmusan? -deyə soruşdu.

-Allah eşqi!-dedim. O var, başqa bir şey yalandır!”

Nəsimiyə “Eşq şəhidi”, “Eşq Günəşi” deyənlər yanılmayıblar.”Qismət paylananda mənim payıma eşq düşdü” deyən dahi sənətkar təsadüfi olmayaraq yazırdı ki:

Eynü (E), Şinü (Ş) Kafə (K) düşdü könlümüz,
Sanki Kuhi-Qafə düşdü könlümüz.
...Mənzilə çatmaq dilərsən,
Eşqi yoldaş eyləgil.
... Əzəldə eşqin ilə əhd eyləmişəm.
 ...Yazayım zərrəcə eşqin sirrini.

Nəsimi peyğəmbərimizin və peyğəmbərlərin eşq yolçusu olduğunu deməklə işini bitmiş hesab etmirdi.Bəşər övladlarını bu yola dəvət edir,bu yoldan başqa yol görmürdü:

...Eşq ilə gəldi cəmiyi-ənbiya.
...Mənzili-Mahmud imiş ali məqam,
Ol məqamı istə haqdan, vəssalam.
... İxlas ilə canımı canana yetirdim,
Düşmənləri bu həsrət ilə cana yetirdim.

Tarix göstərir ki, ən böyük bəla əhli olanlar və səadətə çatanlar Allahına və peyğəmbərinə itaət edənlər olmuşdur. “Hər kəs Allaha və peyğəmbərinə itaət etsə böyük bir səadətə nail olur” (Qurani-Kərimdən)
Ən böyük sənətkarların ən böyük fikirləri ilahi eşq haqqındadır:

Eşqdir məhvəri uca göylərin,
Eşqsiz ey dünya , nədir dəyərin! (Nizami)

...Eşq feyzilə yetib mətləbə, xoşbəxt olduq.
... Eşq imiş hər nə varsa aləmdə.
... Eşq dərdinə tutulandan dünyadan qurtuldum.
...Ey Füzuli, eşqdə sabit qədəmsən, heç zaman dönmədim yoldan.

...Eşq qapısını Mövlana açınca mənə dəydi. (Ə.Yəcəvi)

...Dörd kitabın mənasın
Oxudum, hasil etdim,
Eşqə gəlincə gördüm
Ən uzun heca imiş  (Y.İmrə)

...Mən eşqin səhrası... qəlbin
qibləsi yoluna üz qoydum (Xəqani)

...Eşqin darvazası elə qurulmuş,
Girdinmi, qayıdıb çıxmaq çətindir. (Aşıq Alı)


Misal gətirilən bütün şeirlərdə söhbət ilahi eşqdən gedir. Füzuli düz deyir:Xətadır qeyri-eşq!

İmtahan eylərlər könül şəhrini,
Eşqi-haqdan başqa talanıb gedər( Misgin Abdal)


İlahi eşq yolçusu olanlar dünyanın ən böyük yolçularındandır. Eşqə tapınanlar Allaha tapınanlardır. Mehmet Akif də düz deyirmiş:”Allaha dayan! Hikmətə ram ol!”
 
“And olsun pak eşqinə!” sözlərinin müəllifi Həllac Mənsurdur desəm, yəqin ki, heç kim təəccüblənməz.

Hamı sevib-sevilə bilər. Amma hamı ilahi eşq yolçusu ola bilməz. Bunun üçün Füzuli demişkən, Məcnun kimi “Eşq nüsxəsi” olmaq gərəkdir. Məcnun və məcnunların eşqi ilahi eşq idi. O, Eşqdi ki, “Ölün! Ölün! Bu eşqin yolunda ölün!” “Eşq elə bir şölədir ki, parladıqca sevgilisindən (Allahdan) başqa nə varsa yandırıb yaxar”.

“Eşq sandığın qədər yox, yandığın qədərdi” deyirdi. C. Rumi.

Mövlanaya borclu olanlar “Biz sənin borcunu necə ödəyək!-deyə sual edəndə”Allahı sevin, bəsdir.” buyurmuşdu.

“İnsanın bu dünyadakı əsas məqsədi tanrını zikr etməsi olmalıdır.İnsan bu dünyaya bir iş üçün gəlmişdir,məqsəd odur! Əgər onu etmirsə deməli heç bir iş görmür.”-deyən Rumi öz sözünə daha sonra belə davam edir:”Peyğəmbərimizin yolu eşqdir. Bu eşqdən doğulduq, anamız eşqdir”

“Mənsurdan soruşdular ki, Eşq nədir? Dedi: Səbr edin, gözləyin. Üç gün keçməmiş görəcəksiniz. Əvvəl qollarını, ayaqlarını kəsdilər. Hər üzvü eşq dedi. Asdılar bədənini, o yenə Eşq dedi. Yandırıb külünü çaya səpələdilər. Hər bir zərrəsi huşu ilə Ənəl-Eşq (Mən Eşqəm) dedi.(S.Yağmur. “Eşqin göz yaşları”)

Kimdə ilahi eşqindən zərrəcə bir nişan (İlahi qüdrətindən bir udum )varsa onda Allaha iman var, deyirlər.

Ondan ötrü Saqi-Mürşid Qədəh-Dərviş, əsl şərab-ilahi Eşqdir.

Mövlanaya görə insanı digər yaranmışlardan, baş mələk Cəbrayıldan,Nəsimiyə görə cinlərdən üstün tutmağa əsas verən başlıca xüsusiyyət eşqdir!

...Qələm yaza-yaza gəlirdi, eşqə (eşq bəhsinə) çatanda sındı.

Əql cismə, eşq ruha verilib.

“Eşq” romanının müəllifi Elif Şafaqın fikrincə, “Eşq özünü Allahda yox etməkdir”.

Beləliklə, Eşq meydana gəlir.

Meydana Eşq gəlir!

Meydan Eşq olur!

Belə bir fikir də mövcuddur:

“Elm Allah eşqidir”.

Görünür ki, bu haqda yetərincə məlumatı olduğu üçün Aşıq Ələsgər sual edirdi:”Elmi hardan tapdı cümlə aşıqlar!?”

Yəqin ki, arif adamlar dərhal bu suala belə cavab verirdilər: “Allah eşqindən!”.

Aşıq Ələsgər bu elmin hardan qaynaqlandığını da doğru-dürüst nişan verirdi.

Ələstü Birəbbiküm Qalü-Bəladan,
Mərdin mövlasına nökər olmuşam.
Sürtmüşəm üzümü Xaki-payına,
Elm tapıb sinədəftər olmuşam!


Yunis İmrə də bu elmdən yaxşı halıymış. Onunçün də deyirmiş: “Biz talibi elmləriz, Eşq kitabı oxuruz...”

Süfulik tarixində belə bir qayda  da mövcudmuş: Süfinin üzünü yerə (torpağa) sürtməsi Allah qarşısında mütilik rəmzi imiş.

Könül səcdə qılır dost mehrabında,
Üzün yerə vurub qılır minacat.
(Y.İmrə)


Hindlilərin “Vasuveda” kitabında Allah eşqinə aid fikir bir mənalı şəkildə yer tanımışdır: “İnsanın ən yaxşısı bilgədir. Tanrı onun sevgilisidir”.

Eşq “Eşəqə”-sarmaşıq sözündəndir.

Sarmaşıqsa nəyə dolandısa onu saraltmamış (məhv etməmiş) ondan əl çəkmir.

Hafiz eşq üzündən ən böyük mərtəbəyə yetdiyindən danışırdı. Deyirdi ki, “Məni dünyada eşqin badəsi ölməz edib...Getdi Məcnun, mənəm bu gün aşiq... Hafiz, dayanıb səbr elə, bu eşqin yolunda, kim verməsə öz canını cananə yetişməz!...”

Hafizə görə göylərin yükünə qatlaşmaq istəmədiyi, Şeyxiyə görə yerlərin götürə bilmədiyi Eşqi (əmanəti?!)insan öz üzərinə götürdü.

M.H.Şəhriyarın bəşər övladlarına ərmağan etdiyi öyüdlərdən biri belədir: “Hay verin Allaha, qoyun şeytan tək qalsın!”

İlahi eşqə gedən yol birdən-birə yaranmır. Onun “Leyli və Məcnun”, “Şeyx Sənan” və s. bu kimi əsərlərdə də bəlirtiləri var.

Belə ki, ilahi eşqdə rühaniyyət var, cismaniyyət deyilən bir şey yoxdur. Cismanilik olan yerdə ilahi eşqdən danışmaq günahdır.

Qədim yunan filosoflarından biri bu məqamı belə açıqlayıb: “Eşq iki qisimdir. Biri göylərdə Afroditanın qəlbində bəslənir, o biri yerdə avam arasında dolaşan eşqdir”.

Məryəm oğlu İsa Allaha aşiqdi, ilahi eşq yolçusuydu. Məcdəlli Məryəm adlı bir qız isə İsaya vurulmuşdu və adi eşq sahibiydi.

...İtalyan şairi Petrarka öz səhvini etiraf etmiş, Lauraya olan məhəbbətini Allah qarşısında günah saymışdı.

“Qara kəniz olub ayaqlarını yuyardım. Əlacım olsa dərinə baxıb zövq alardım.” (B.e-dan əvvəl bir misirli şairin dediklərindən.)

...Fransız filosofu Oqust Kont ibadət edən adamlar kimi ölmüş qadınının oturduğu kreslonun qarşısında diz çökərmiş.

Nizaminin Məcnunu deyərmiş ki, kaş əlim bircə dəfə Leylinin sırğasına dəyəydi.

Hər üç hadisə sadəcə bir eşq hadisəsidi,bunların İlahi Eşqə dəxli yoxdur.

Lakin elə ki, Leylinin timsalında Məcnun Allahı sevməyə başlayır, o zaman artıq adi eşqin ilahi eşqə necə çevrildiyinin şahidi oluruq.

...Bir gün Məcnun namaz qılan dərvişin önündən keçdiyini hiss etməz, gözündə allahlaşmış Leylidən başqasını görməyən gözləri ilə dərvişi görməz.

Namaz qurtarır. 40 illik həsrət yükünü bilən dərviş Məcnuna əsəbləşir. Üzr dolu gözləriylə, Leyli kitabı oxuyan dodaqlarla “Bağışla, dərviş baba, mən Leylinin eşqindən səni görmədim. Bəs sən hüzurunda olduğun Mövlanın eşqindən məni necə gördün?” deyir Məcnun.

...İlahi eşqlə bağlı daha bir maraqlı əhvalat da danışırlar...

“Allah-təala İbrahim Əleyhissəlamı dost elan etdiyi zaman mələklər etiraz etdilər, dedilər ki:-Ey Rəbbimiz, İbrahim sənə necə dost ola bilər. Onu məşğul edən nəfsi, övladı və ailəsi vardır.
 
Allah-Təala buyurdu:

-Mən bəndəmin üzünə və malına deyil, qəlbinə və əməllərinə baxıram. Dostum İbrahimin məndən başqasına məhəbbəti yoxdur. İstəyirsiz yoxlayın.

Bu səbəbdən Cəbrayıl əleyhüssəlam insan cildində Həzrət İbrahimin yanına gəldi. İbrahim (ə.s) qoyun otarırdı. Qoyunları qorumaq üçün 12 iti var idi. Hər birinin boynunda dünya malı olan qızılı təhqir etmək üçün qızıldan tökülmüş bir xalta vardı. Cəbrayıl (ə.s) İbrahimə (ə.s) salam verdi və soruşdu:

-Ya İbrahim, bu sürülər kimindir?

-Allahındır, ancaq mənim əlimdə əmanətdir.

-Mənə birini satarsanmı?

-Allahı bir dəfə zikr et, sürünün üçdə birini al.

Cəbrayıl “Subbuhun, Quddusun, Rabbunə və Rabbul-Məlakəti vər-ruh” dedi.

Həzrəti İbrahim ona sürünün üçdə birini verdi. Sonra dedi:

-İkinci dəfə Allahı zikr et, sürünün üçdə birini də al. Üçüncü dəfə Rəbbimin adını zikr et, çobanları və itləri ilə birlikdə sürünün hamısı sənindir... Əgər dördüncü dəfə Onu zikr edərsən, mən də sənin kölən olaram.

Bütün bunlardan sonra Allah-təala buyurdu:

-Ey Cəbrayıl, dostumun necə bir insan olduğunu gördünmü?

Cəbrayıl (ə.s) cavab verdi:

-Dostun çox gözəl bir bəndədir.

...Allah deyir ki, ey insan, 18 min aləmi səndən ötrü, səni özümdən ötrü yaratmışam. “ Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım.” (“Quran”- dan)

...Tufan zamanı Həzrəti-Nuh oğlu Yamı imana gəlməyə və gəmiyə minməyə dəvət etmiş, buyurmuşdu ki,

“Ey oğul, Allah- təalanın mərhəmətindən başqa sığınacaq yeri yoxdu”.

Lakin oğlu peyğəmbər atasını eşitməmişdi, sularda qərq olmuşdu.

İmam Qəzali oğluna yazdığı öyüd-məktubunda bildirirdi ki, “Allah insan qəbrə qoyulandan sonra ona 40 sual verir. Suallardan biri budur: “Ey bəndəm, uzun illərdən bəri sən insanların qarşısında yaxşı görünməyə çalışmısan və bircə saat belə sərf etmisənmi ki, mənim qarşımda yaxşı görünəsən?”

İmam Qəzali insanın Allahdan uzaq düşmə səbəbini də dahiyanə şəkildə açıqlamışdır:”Allahın öz bəndəsindən imtina etməsinə sübut-bəndəsinin onun üçün əhəmiyyətsiz işlərlə məşğul olmasıdır. Həqiqətən də bir saat belə sitayişdə keçirməyən insan (halbuki o, bu dünyaya bundan ötrü gəlib) ömrünü kədər və iztirab içində keçirməyə layiqdir.”

...Hicrinin 9-cu ilində (miladi 632) Məhəmməd peyğəmbər özünün son vida ibadətinə gedirdi. Müqəddəs əraziyə yönələndə Məhəmməd ehram ayinini yerinə yetirdi. İlk həcci icra eləmiş İbrahimin söylədiyi sözləri təkrarladı. Bu sözlər insanları Allaha itaət etməyə, onun əmrindən çıxmamağa çağırırdı:”Gəlmişəm, ey mənim Allahım, gəlmişəm ki, sənə baş əyib, itaətimi bildirəm.

Mən ancaq və ancaq sənə səcdə və sitayiş edirəm” (Bilgəz Ələddin.” Məhəmməd peyğəmbərin həyatı” kitabından).

İnsan Allah qarşısında əyildikcə ucalır. Ölümə deyil, Eşqə (İlahi eşqə) təslim olur. Özünün və bəşəriyyətin ömrünü uzadır.

Məşhur İslam mütəfəkkiri S.N.Nasr çox doğru olaraq yazmışdır:

“Bir hədisə görə Yer üzündə tanrının adını anan və Allah, Allah, - deyə yalvaran insanlar olduğu müddətcə dünya yox olmayacaq”.

“3 səs Allaha xoş gəlir: 1.Xoruz banı; 2.Quran oxuyanın avazı; 3.Günahkarın yalvarış səsi”.
(İmam Qəzali)

Zaman-zaman bütün yollar içində dönə-dönə təsdiq olunmuş yol, Lev Tolstoyun təbirincə desək, yalnız budur:”Allah üçün yaşamaq lazımdır”.

“Quran”in 114-cü surəsini bir daha ehtiramla xatırlamağımız məncə, kifayətdir:

“Rəhman və Rəhim Allahın adıyla.

1.De ki, sığınıram İnsanların Rəbbinə.

2.İnsanların malikinə.

3.İnsanların ilahına.

4-5. İnsanların qəlbinə vəsvəsə verənlərin şərindən.

6.Cindən və insanlardan olan şeytanların şərindən.

Nəsimi bəlkə də bu üzdən deyirmiş ki, kimin ki, canında sənin eşqin deyil, onun cismindəki can deyil, cindi.

N.F.Qısakürək deyir ki, özündə olmaq küfrdür. Allahla olmaq gərək. Allahnan olmaq gərək!

“Gərəkirsə söylənəcək söz: “Allah və Rəsulu. Başqa hər şey heç və batil!”

“Ğeyrəl-məhbub Leysə Fiddar” (Evdə (dünyada) sevgilidən (Allahdan) başqası yoxdur.”)

“Lə məhbubə illəllah!” (Allahdan başqa sevgili yoxdur.) Şəms Təbrizi də bunu deyirdi:

“Allah nə gözəl sevgilidir. Rə bbim, mən sənə aşiqəm.”

...Mövlana ilk dəfə Mədinə şəhərini görüncə ona doğru qaçmağa başlayıb. Soruşanda ki, niyə belə edirsən?
Deyib:

-Rəsulallahın məqamına gəzə-gəzə gəlmək olmaz!

...Onda burdan belə məlum olur ki, insanın ruhu nəyə görə Allah məqamına uça-uça gedirmiş...

 





10.10.2016    çap et  çap et