525.Az

Ailənin, evlilik institutunun dindəki mövqeyi (davamı)


 

NİKAH ANLAYIŞINA DİNİ RAKURSDAN BAXIŞIN DOĞURDUĞU DÜŞÜNCƏLƏR

Ailənin, evlilik institutunun dindəki mövqeyi<b style="color:red"> (davamı)</b>

Rafiq ƏLİYEV
fəlsəfə elmləri doktoru, professor
www.raliyev.az
[email protected]

Nikahda məqsəd. 

İslama görə, nikah üç labüd məqsədə xidmət edir: cinsi instinktin doyuzdurulması; dünyaya övlad gətirməklə insan nəslinin yenidən istehsalı və davamının təmin edilməsi; sevgi və məhəbbət atmosferinin yaradılması, insana arxayınlıq və can rahatlığı gətirilməsi.

1. İnstinktin doyuzdurulması insanın təbii şəhvət və ehtiyaclarının, cinsi əlaqə meylinin təmin edilməsinin zəruriliyi ilə bağlıdır.

Quranda deyilir: “O kəslər ki, ayıb yerlərini zövcələri və cariyələri istisna olmaqla (zinadan) qoruyub saxlayarlar, onlar qınanmazlar” (əl-Mü’minun, 5, 6; əl-Mə’ariç, 29-30). Başqa bir ayədə isə belə buyurulur: “(Ey mö’minlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda tarlanıza gəlin!” (əl-Bəqərə, 223)

Hədis və xəbərlərdə də nikahıı bu tərəfi ilə bağlı fikirlər öz əksini tapmışdır. Məsələn, bir rəvayətə görə, Peyğəmbər demişdir ki: “Kimin evlənməyə qüdrəti varsa – evlənsin, kimin qüdrəti yoxdursa – oruc tutsun, çünki onun şəhvəti sınıqdır”. Həzrət Əli də buyurmuşdur: “O zaman ki, zövcənizlə əlaqədə oldunuz, onları tələsdirməyin, çünki onların da öz tələbatları vardır”.

Əbu Hamid əl-Qəzaliyə görə, insanın şəhvət və ehtirasları təbii tələbatdan doğur, çörək yemək və ya su içmək kimi bir şeydir, onun öz fitrətində vardır və bu tələbatın ödənilməsi onu şeytandan qoruyur. Şəhvətin ödənilməsindən alınan ləzzət insana Cənnətdə vəd edilən ləzzətləri xatırladır, onda Cənnətə həvəs doğurur, bu isə öz növbəsində onu Allaha ibadətə təhrik edir. Odur ki, Qəzali insanda şəhvətin əzəli olaraq yerləşdirilməsində İlahi hikmətin təzahürünü görür: bir tərəfdən, insan öz şəhvəti sayəsində nəslinin ardıcıllığını, davamlılığını təmin edir, digər tərəfdən isə onun öz şəhvətini ödəməklə aldığı ani, naqis ləzzətlər onda əbədilik kamil ləzzətə, Cənnət ləzzətlərinə həvəs doğurur. Nikah şəhvətlə bağlı bəlaları dəf etdiyinə görə dində hər bir kəs üçün mühümdür, çünki əgər şəhvət qalib gələrsə və təqva, Allah qorxusu qüvvəsi ona müqavimət göstərə bilməzsə, insan pis əməllərə, günah işlərə qurşanar. Nikah təbii hisslərin, ehtirasların çoşduğu vaxt onların tələblərini qanuni yolla ödəməyə imkan yaradır, qəlbi şeytanın vəsvəsəsindən qoruyur, fikir və düşüncələr onun sərəncamı altına düşmür. Burada Qəzali İbn Abbasın belə bir fikrinə istinad edir ki, ibadət edənin ibadəti yalnız nikahla tamamlanır, yəni namaz qılan, oruc tutan adam evli olduqda ibadət üçün daha sərbəst olur.

Ən məşhur sufilər zahid həyatı sürsələr də, çox arvad alırdılar ki, başqalarının arvaddarında gözləri qalmasın, ismət və abırlarını qoruyub saxlaya bilsinlər. Sufi mütəfəkkiri Əbülqasim Cüneyd (vəfatı – 298/910) deyirdi ki: “Mən bir parça çörəyə necə ehtiyac duyuramsa, qadına da eləcə ehtiyac duyuram”.

İslam cinsi tələbatın, maddi şəhvani instinktin ödənilməsini də mənəvi tələbatın ödənilməsi qədər mühüm hesab edir, çünki burada nəsil artımı, insan növünün özünün davamının təmin edilməsi məsələsi var. Əlbəttə, buna dünyanın bir çox ölkələrində cinsi əlaqələr sahəsində müşahidə etdiyimiz hər şeyin iznli sayılması şəraitində də nail olmaq mümkündür. Lakin islam nikahın olmasını zəruri hesab etməklə maddi tələbatın ödənilməsində qayda-qanunun gözlənilməsinə, ruhi tələbatın da təmin olunmasına çalışır.

İslam eyni zamanda cinsi həyatda kişi ilə qadının rolları arasındakı təbii-bioloji fərqlər, cinsi həyatın onlardan hər biri üçün kəsb etdiyi əhəmiyyət məsələsinə də diqqət yetirir. Qadınla kişinin cinsi davranışını öyrənən müsəlman alimləri belə hesab edirlər ki, qadın intim münasibətlərdə kişiyə nisbətən soyuqdur”. Dolğun cinsi əlaqəyə gec hazır olur. Bəlkə də elə bu amilin təsiri altında islam intim münasibətlərdə təşəbbüsü kişinin ixtiyarına verir. Elə bu səbəbdən bəzi mənbələrdə qadına tövsiyə olunur ki, geyinib-bəzənsin, özünü ərinə təklif  etsin, onun tələbatını ödəsin, ona zövq versin, halbuki kişiyə belə tövsiyələr verilmir.

Əlbəttə, bu heç də o demək deyildir ki, islam qadına yalnız uşaqdoğma aləti kimi baxmış, onun cinsi həyatdan zövq almaq haqqını tapdalamışdır. İslam bu məsələdə kişiyə nə qədər sərbəstlik versə də, ən azı hər dörd gündən bir arvadı ilə yatmağı, hər dörd aydan bir arvadı ilə cinsi yaxınlıq etməyi ona vacib, onun hisslərini coşdurmaq üçün onunla deyib-gülməyi, oynamağı ona müstəhəbb buyurmuşdur. Bundan əlavə, Peyğəmbərin bəzi hədislərində qadına yaxınlıq cihad səviyyəsinə qaldırılır, göstərilir ki, öz qadını ilə halal cinsi əlaqədə olan kişinin günahları ağac yarpağı kimi tökülər və cənabət qüslü edən kişi günahlardan təmizlənər .

2. Uşaqdoğma və nəsilartırma. İslama görə, Allah insan nəslini nikahsız-izdivacsız da artıra bilərdi, lakin, Hikməti-İlahi doğum barəsində səbəb-nəticə əlaqələrinin nikah yolu ilə tərtibini daha münasib bilmişdir ki, bu Allahın əzəmətinə, Onun istədiyini yaratmaq qüdrətinə dəlil olsun.

Quranın bir sıra ayələri nikahın bu məqsədinə birbaşa işarə kimi izah edilir: “Ey insanlar! Sizi bir nəfsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” (ən-Nisa); “(Ya Mühəmməd!) Biz səndən əvvəl də peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik” (ər-Rə’d, 38); “Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar və nəvələr əmələ gətirdi” (ən-Nəhl, 72); Onların hər ikisi Allaha dua edib dedilər: “Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq versən, (Sənə) şükr edənlərdən olarıq!” “əl-Ə’raf 189); “Ya Rəbbimiz! Bizə zövcələrimizdən və uşaqlarımızdan (Sənə itaət etməklə bizi sevindirib) gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!” (əl-Furqan, 74)

İnsanın evlənməklə uşaq əmələ gətirməsi və nəslini artırmasında müsəlman alimləri Allaha bir neçə cəhətdən yaxınlıq görürlər. Əbu hamid əl-Qəzalinin fikrincə, insan öz nəslini qoruyub saxlamaq və davam etdirmək üçün dünyaya övlad gətirməklə hər şeydən əvvəl Allaha sevgisini nümayiş etdirir, çünki, əgər Allah Öz bəndəsinə nəsil yetişdirmək üçün bütün zəruri vasitələri vermiş və hər cür şərait yaratmışdırsa, insanın bunlardan istifadə etməməsi tənbəllik və Allahın insana bəxş etdiyi fitrətə-yaradılışdan ona verilmiş təbiətə qarşı cinayət olardı. İnsan evlənməkdən imtina etməklə Adəmdən bəri nəsilbənəsil onun özünə qədər davam edən mövcudluqu kəsmiş olur, sonsuz ölür, özündən sonra övlad qoyub getmir, nəsil zənciri onda qırılır. Əlbəttə, hər evlənən deyə bilməz ki, hökmən onun uşağı olacaqdır. Lakin o, evlənməklə öhdəsinə düşən borcu yerinə yetirir, qalanı isə onun iradəsi xariçindədir, onun seçkisindən asılı deyildir. İnsan evlənib oğul-uşaq sahibi olmaqla Allahın Rəsulunun göstərişlərinə əməl etmiş və bununla da onun sevgisini və rizasını qazanmış olur, çünki, Peyğəmbər buyurmuşdur: “Evlənin ki, doğub-törəyəsiniz!” “Qadınlarınızın ən yaxşısı çox doğanı və ərini çox sevənidir”. Peyğəmbərin bu hədislərinin daxili məzmununa diqqət yetirən Əbu Hamid əl-Qəzali nikahda uşaqəmələgətirmə və nəsilartırma məqsədini şəhvani instinkti, cinsi tələbatı təmin etmək məqsədindən üstün hesab edir, onu ön plana çəkir və islamda nikahın bu məqsədinə daha böyük əhəmiyyət verir, çünki, hədisdə qadının uşaqdoğma xüsusiyyəti onun gözəllik xüsusiyyətlərindən üstün tutulur. Əgər nikahda şəhvəti doyuzdurmaq möqsədi üstünlük təşkil etsəydi, onda gözəl qadın həm gözün qurdunu öldürmək üçün, həm də şəhvəti doyuzdurmaq üçün daha münasib sayılmalı idi. İnsan evlənmək və oğul-uşaq sahibi olmaqla özündən sonra onun üçün dua edəcək övlad qoyub gedir. Peyğəmbərin bir hədisinə görə, insan öləndən sonra onun əməlləri kəsilir, yalnız üç halda o, öləndən sonra da savab qazanır və bu hallardan biri əməlisaleh oğulun atası üçün dua etməsi sayılır. Övlad valideynindən qabaq ölsə belə, yenə də valideyni üçün şəfaətçi olar. Peyğəmbərin bir hədisinə görə: “Uşaq ata-anasını Cənnətə çəkər”. Uşağa deyilər ki, Cənnətə girsin, amma o girməz, Cənnətin qapısında durub ağlar, səs-küy salar, ata-anasının yanında olmayacağı təqdirdə Cənnətə girməyəcəyini bildirər və nəhayət, uşağın xatirinə ata-anasına da haqq-hesaba çəkilmədən Cənnətə girməyə izn verilər. Digər tərəfdən, Peyğəmbərin bir sıra hədislərində kişinin tənasül vəzilərində hasil olan toxum sədəqə kimi dəyərləndirilir və göstərilir ki, onun halal yerdə yerləşdirilməsi savab gətirir. Bununla əlaqədar olaraq səhabələrdən biri ondan soruşdu ki: “Ya Rəsulullah! Bizlərdən biri şəhvətini ödəyəcək və buna görə ona savab yetişəcək?” Peyğəmbər cavab verdi ki: “Bəs necə fikirləşirsiniz, əgər o onu haram yerdə yerləşdirsəydi, ona günah olmayacaqdımı?” Dedilər: “Bəli”. O buyurdu: “Eləcə də onu halal yerdə yerləşdirirsə, bunun üçün ona əcr düşür. Bəs niyə siz harama qəsd edirsiniz, halaldan isə istifadə etməyə çalışmırsınız?!” Bu belə izah olunur ki, mömin insan qadına yaxınlıq edəndə Allahın haram buyurduğu şeylərdən uzaq olmaqa, şəhvətini yalnız halal yolla və iznlilik hüdudlarında ödəməyə çalışır. Şiə mənbələrində də eyni məzmunlu bir hədis göstərilir: “Əyala yaxınlıq etmək sədəqədir”. Bu hədis də yuxarıdakı hədis kimi ərlə-arvadın cinsi əlaqə vaxtı haram sayılan texniki üsul və vasitələrdən istifadə etmələrinə, yaxud masturbasiya – əl zinakarlığı, ayrı-ayrı homoseksual əlaqələrin haramlığına dəlil hesab edilir. Sədəqə kimi qiymətləndirilən bir şey yalnız halal yerdə yerləşdirilməlidir. Bundan əlavə, mömin insanın rahiblikdən, şəhvətini öldürmək üçün canına əziyyət verməkdən çəkinməsi islamda Allaha xoş kedən iş kimi təqdir edilir.

3. Sevgi və mərhəmət atmosferinin yaradılması, insana arxayınlıq və can rahatlığı gətirilməsi. Quranın “Sizi bir nəfsdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakitlik tapmaq, rahatlanmaq) üçün özündən (qabırğasından) zövcəsini (Həvvanı) yaradan O Allahdır” (əl-Ə’raf, 189); “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi: onlar sizin üçün libas, siz də onlar üçün libassınız” (əl-Bəqərə, 187) və bir sıra digər ayələrində nikah insana rahatlıq gətirən, sevgi-məhəbbət və mərhəmət atmosferi yaradan bir şey kimi izah edilir. Həqiqətən, insanın nəfsi, ruhu, daxili aləmi dünya həyatının təlaşından, vurnuxmasından yorulur, yorğunluq insanı mənən üzür, əldən salır. Belədə insanın müvazinəti pozulur, o əsəbiləşir, şıltaqlıq və dikbaşlıq edir, haqdan, ədalətdən üz döndərir. Lakin müəyyən vaxtlarda əylənmək, sevdiyi bir şeydən ləzzət almaq onun ruhunu təzələyir, əsəblərini sakitləşdirir, ona arxayınlıq, rahatlıq və mənəvi qüvvət gətirir. Qadınla halal yaxınlıqda da təlaşı aparan, yorğunluğu dağıdan, qəlbə rahatlıq gətirən bir ünsiyyət vardır. Əli bin Əbu Talib də buyurmuşdur: “Qəlblərə bir saatlıq rahatlıq verin, çünki qəlbə zor edildikdə, o kor olar”. Bir sıra hədis və xəbərlərdə göstərilir ki, mömin insanın günü üç hissədən ibarət olar: birində o, axirət dünyası haqqında düşünər, Rəbbi ilə gizli söhbət edər; birində dünya həyatı üçün çalışar, dolanacağını kəsb edər; birində isə yemək-içmək, məhrəm olmayan şeylərdən ləzzət almaq üçün xəlvətə çəkilər və bu sonuncu hissə o biri hissələrə köməkçi və yardımçı olar. Bəzi hədislərdə kişiyə tövsiyə edilir ki, arvadına hörmətlə, sevgi-məhəbbətlə yanaşsın: “Sizlərdən ən yaxşısı əyalı üçün yaxşı olanınızdır”; “Zəiflərə münasibətdə Allahdan qorxun”. Qadına da bəzənib-düzənmək, ərinin diqqətini özünə cəlb etmək tövsiyə olunur, çünki belə şeylər ailədə sevgi və rahatlıq atmosferi yaradır.

Bundan əlavə, müsəlman alimləri nikahın məqsədlərindən danışarkən belə bir cəhəti də qeyd edirlər ki, evlənməklə kişi bir sıra mənzil işlərindən – xörək bişirməkdən, ev süpürməkdən, qab yumaqdan azad olur, elmlə məşğul olmaq və işləmək üçün sərbəstlik əldə edir və beləliklə, onun axirət həyatı üçün tədarük görmək imkanı daha çox olur. Mühəmməd bin Kə’b əl-Qirəzi Quranın “Ya Rəbbimiz, bizə dünyada da gözəl nemət ver” (əl-Bəqərə, 201) ayəsini “bizə əməlisaleh qadın qismət et” mənasında izah edir .

 Nikahın bu məqsədlərinin təhlili əsasında bəzi müsəlman alimləri onu müsəlman üçün şəriət baxımından vacib, bəzisi isə müstəhəbb, yəni arzu edilən, məsləhət görülən, təqdir edilən bir əməl kimi səciyyələndirir. Məsələn, müasir İran alimi Kazim Hairi belə hesab edir ki, nikahın vacibliyi ailə həyatını sırf mexaniki bir şeyə çevirə bilər, halbuki burada sevgi və məhəbbətin olması zəruridir. Odur ki, o, belə bir təklif irəli sürür: “Nikahın vacibliyi prinsipindən imtina etmək və onu Şəriət Sahibi tərəfindən müstəhəbb, istənilən bir şey kimi səciyyələndirmək daha düzgün olardı”. Kazim Hairinin fikrincə, şəriətə əməl edən dindar insan nikah məsələsində üç situasiyadan biri ilə rastlaşa bilər: nikahın ona sevinc və xoşbəxtlik gətirəcəyini yəqin edərək müstəhəbb bir akt kimi evlənməyə çalışar; müəyyən çətinliklərin və maneələrin olduğunu bilib evlənməz, lakin evlənmək istəyini və nikahın müstəhəbb bir şey olması barədə qənaətini özündə saxlar; maneə o qədər güclü olar ki, evlənə bilməz, amma nikah vacib olduğuna görə evlənmək məçburiyyətində qalar, halbuki bu situasiyada nikahın vacibliyi prinsipində fayda yoxdur.

 Əlbəttə, Kazim Hairinin bu fikri ilə razılaşmaq olardı. Lakin nəzərə alınmalıdır ki, islamda insanın əməlləri onların caizliyi baxımından beş dərəcəyə bölünür: vacib (fərz, vacib), tövsiyə olunan, bəyənilən, təqdir edilən (müstəhəbb, məndub), ümumiyyətlə icazəli, izn verilən (mubah, caiz), məzəmmətə layiq, pislənilən (məkruh) və qadağan olunmuş, haram buyurulmuş (haram). İslamın həcc ibadəti belə bütün müsəlmanlar üçün yox, yalnız həcc yoluna gücü çatan kəslər üçün vacibdir (bax: Ali-İmran, 97). Lakin bu hökm heç də həccin vacib deyil, müstəhəbb ibadət kimi səciyyələndirilməsinə haqq vermir, çünki, bu ibadət Allahın Kitabında “insanların Allah qarşısında borcu” (Ali-İmran, 97) kimi dəyərləndirilmişdir. İslamın qurban-kəsmə, zəkat, sədəqə və sairə barədə hökmləri də bu qəbil hökmlərdir. Odur ki, nikah da həmin dərəcələnmə cədvəlinə əsasən fərqləndirilməlidir. Zənnimizcə, nikaha münasibətdə müsəlmanları bütün göstərilən beş dərəcə üzrə aşağıdakı kateqoriyalara bölmək olar:

1. O kəslər ki, nikah onlar üçün vacibdir. Müsəlman nikah xərclərini çəkməyə qadirdir, evlənməyə rəğbəti var, əmindir ki, evləndiyi qadına münasibətdə ədalətli ola biləcək və ona zərər yetirməyəcəkdir, yəqin bilir, yaxud yəqin bilməsə də, qorxur ki, evlənməsə – pozğunluğa yol verəcək, qəbahət işlədəcək və özünü heç bir yolla bundan saxlaya bilməyəcəkdir. Beləsi üçün nikah vacibdir, həm də özlüyündə vacib yox, haramdan çəkinməyə vasitə kimi vacibdir. Bir halda ki, haramdan çəkinmək vacibdir, vacib olana əməl etmək üçün yekanə vasitə də vacib olur. Beləsi evlənmədiyi təqdirdə günah işlətmiş olur və cəzaya layiqdir.

2. O kəslər ki, nikah onlar üçün müstəhəbdir. Müsəlman nikah xərclərini çəkməyə qadirdir, evlənməyə rəğbəti var, amma bunda təkid və israr etmir, əmindir ki, evləndiyi qadına münasibətdə  ədalətli ola biləcəkdir və ona zərər yetirməyəcəkdir, şəhvəti çoşqun deyildir, arxayındır ki, evlənməsə pozqunluğa yol verməyəcəkdir. Beləsi üçün nikah müstəhəbdir, yəni evlənməməkdənsə evlənmək qabaqdır və əgər evlənərsə, hamı onu təqdir edər.

3. O kəslər ki, nikah onlar uçün caizdir. Nikah yetkinlik yaşına çatmış və qarşılıqlı razılıq əsasında evlənə biləcək hər bir müsəlman üçün özlüyündə caizdir.

4. O kəslər ki, nikah onlar üçün məkruhdur. Əgər bir nəfər evlənəcəyi təqdirdə ya ailəsinin xərclərini çəkə bilməyəcəyinə görə, ya xasiyyətindəki nöqsanlar və ya cinsi həyat sürməyə qüdrəti olmaması ucbatından zülmə yol verəcəyindən qorxarsa, beləsinə evlənmək nə kimi zülmə yol verə biləcəyindən asılı olaraq ya qadağan, ya da günaha batmamaq səviyyəsində məkruhdur.

5. O kəslər ki, nikah onlara haramdır. Əgər bir nəfər evlənəcəyi təqdirdə zülmə yol verəcəyini yəqin bilirsə, nikah ona haramdır.

Ola bilsin ki, o, nikah xərclərini çəkməyə qadir olmasın, yaxud buna qadir olsun, amma yəqin bilsin ki, xasiyyətinin pisliyi ucbatından evləndiyi qadına əziyyət verəcək, yaxud cinsi əlaqəyə girmək iqtidarında deyildir. Bu kateqoriyanı fərqləndirmək üçün əsas odur ki, islam zülmü haram buyurmuşdur və zülm etməyə yol açan hər bir şey zülm barədə hökm əsasında qiymətləndirilir.

Əlbəttə, qeyd edilməlidir ki, ailə-nikah münasibətləri heç də həmişə eyni dərəcədə aydın və konkret olmur. Əgər ağlı başında olan qadın bilirsə ki, ərə getdiyi kişinin cinsi əlaqəyə girməyə qüdrəti yoxdur, yaxud ailənin xərclərini çəkə bilməyəcəkdir və buna baxmayaraq, ona ərə ketməyə razılıq verirsə, onların evlənməsi caizdir.

Digər tərəfdən, göstərilən hökmlərdən bəzisi yalnız kişiyə yox, həm də qadına aid edilir. Məsələn, əgər qadın özündə ərə getdiyi təqdirdə ərinin hüquqlarına tam əməl etməsinə mane olacaq, yaxud qadın kimi onun üçün şəriətə görə nəzərdə tutulmuş vəzifəni yerinə yetirməyə mane olacaq bir qüsur bilirsə, bunu açıb deməlidir, əks təqdirdə onun evlənməməsi üzrlüdür və o, evlənməsi məkruh və ya haram buyurulmuş adamlar kateqoriyasına aid edilə bilər.

Nikahın vaxtı. İslam şəriətinə görə, yetkinlik mərhələsinə yetişmiş hər bir kəs həddi-təklifə çatmış olur və islamın ibadətlərə və gündəlik davranış normalarına dair əksər hökmləri onun üçün vacib olur. Məsələn, Quranda buyurulur ki: “Sizdən olan uşaqlar da həddi-buluğa çatanda (yanınıza daxil olmaq istədikləri zaman) özlərindən əvvəlkilər (böyük bacı və qardaşları) kimi izn istəsinlər” (ən-Nur, 59), yəni siz gecə yatağınıza girəndə, səhər yerinizdən duranda, yaxud günorta bir qədər dincəlmək üçün uzananda çılpaq ola bilərsiniz, odur ki, yetkinlik yaşına çatmış uşaqlarınız sizin otağınıza girmək istədikləri zaman icazə alsınlar.

Həddi-buluğ yaşının konkret olaraq nə vaxt yetişdiyi barədə müsəlman alimləri arasında ixtilaf vardır. Məşhur mütəfəkkir, alim və fəqih İbn Rüşd yazır: “Həddi-büluğ ihtilama (pollyusiya mərhələsinə) çatmaqla yetişir və onun vaxtı barədə ixtilaf olmamalıdır: hüdudları ən çoxu 18 yaş, ən azı 15 yaş arasındadır”. Beləliklə, demək olar ki, şəriət baxımından, oğlanın ihtilam, qızın isə heyz yaşına yetişməsi onların bioloji yetkinliyinə dəlalət edir, bu isə öz növbəsində onların nikah yaşına yetişdiklərini bildirir.

Peyğəmbərin bir hədisində deyilir: “Bilin ki, oğlanlar və qızlar meyvə ağaclarının ləzzətli və ətirli meyvələri kimidirlər. Onları yetişən vaxtı yığıb istifadə etmək lazımdır, yoxsa onlar isti günəşin və soyuq küləklərin qarşısında davam gətirə bilməz və torpağa tökülərlər, zaman keçdikcə çürüyər və istifadəsiz olarlar”.

(Ardı var)

 





16.03.2013    çap et  çap et