525.Az

Türkiyə erməni hiyləsindən nə vaxt nəticə çıxaracaq?


 

QARDAŞ ÖLKƏNİN MÜƏYYƏN DAİRƏLƏRİ TÜRKİYƏ VƏ AZƏRBAYCAN XALQININ BİRGƏ MARAQLARINI MÜDAFİƏ ETMƏLİDİRLƏR

Türkiyə erməni hiyləsindən nə vaxt nəticə çıxaracaq?<b style="color:red"></b>

Bir çox xarici dövlətlər Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasından dəridən-qabıqdan çıxırlar. Hətta bu məqsədlə qardaş ölkəyə müəyyən qüvvələr tərəfindən təzyiqlər də edilir. Qardaş ölkə ictimaiyyətinin əksəriyyəti Ermənistanın Azərbaycan torpaqlarının işğalını, eləcə də düşmən ölkənin Türkiyəyə qarşı, “soyqırım” və ərazi iddialarını nəzərə alaraq iki ölkə arasında əlaqələrin qurulmasına əks mövqedə dayanırlar. Lakin təəssüf doğuran məqam qardaş ölkədə Türkiyə-Ermənistan münasibətlərinin istiləşməsini istəyən qüvvələrin olmasıdır. Elə bunun nəticəsidir ki, Türkiyədə müəyyən dairələr Ermənistana doğru reveranslarını bu gün də davam etdirirlər. Bu bir faktdır ki, təəssüf doğuran bu məqam, yəni dost ölkə Türkiyənin Ermənistanla iqtisadi-ticarət əlaqələri, habelə siyasi yaxınlaşma meylləri Azərbaycan ictimaiyyətində hər zaman ciddi qınaqla qarşılanıb. 2009-cu ildə Qərbin, xüsusilə də ABŞ-ın təzyiqi və dəstəyi ilə iki ölkə arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasına cəhdlər bir çoxunun xatirindədir. Hələ o zaman “futbol diplomatiyası” adı altında tərəflərin bir-birinə yaxınlaşması və bununla əlaqədar Sürixdə müvafiq protokolların imzalanması Azərbaycanda əsl şok effekti yaradaraq, cəmiyyətin böyük kəsiminin ciddi narazılığına səbəb oldu. Sevindirici məqam isə Azərbaycanla yanaşı Türkiyə ictimaiyyətinin, eləcə də siyasi partiyalarının da bu məsələdə kənarda qalmamaları ilə bağlı idi. Məhz iki xalqın təzyiqi nəticəsində Türkiyə hakimiyyəti “erməni açılımı”na sonlandırmaq məcburiyyətində qaldı.

2009-cu ildə Türkiyənin “AtlasJet” aviaşirkətinin həftənin 3 günü İstanbuldan Yerevana aviareys həyata keçirməsi həm də hava nəqliyyatına qoyulmuş embarqonun gözdən pərdə asmaq məqsədi daşıdığını təsdiq etdi. Bu zaman Türkiyə rəsmiləri iddia etdilər ki, bu, özəl şirkətdir və onun dövlətə heç bir aidiyyəti yoxdur. Ancaq “AtlasJet”in nümayəndəsi Əminə Öztürk telekanalardan birinə bəyan etdi ki, Türkiyənin Xarici İşlər Nazirliyi rəsmi Ankaranın siyasi və iqtisadi münasibətlər qurmadığı Ermənistana uçuşların həyata keçirilməsinə icazə verib.

2008-ci ildə qardaş ölkədən Ermənistana 11.300 TİR-in keçməsi barədə olan məlumatlar bu ölkələr arasında ticarət dövriyyəsinin kifayət qədər ciddi olduğunu göstərən məqam oldu. Əfsus doğuran məqam isə hazırda da Türkiyə ilə Ermənistan arasındakı ticarət dövriyyəsinin daha qabarıq şəkildə davam etdirilməsi ilə bağlıdır. Məhz bunun nəticəsidir ki, indi Ermənistan ticarət mərkəzləri türk malları ilə doldurulur və şəhərlərdə Türkiyə şirkətlərinin vitrin və loqoları bərq vurur. Azərbaycan cəmiyyətinin hiddətinə səbəb olan başqa bir məqam isə Türkiyədə nəşr edilən erməni “Aqos” qəzetinin Türk Hava Yollarının reyslərində yayılması ilə bağlı oldu. İctimaiyyət ermənidilli qəzetin Türk Hava Yollarının təyyarələrində yayılmasına qəti etiraz edərək, bunun yolverilməz olduğunu bildirdilər. İctimaiyyətin qəzəbinə səbəb olan digər bir məqam isə bu ilin yanvarında “Anadolu” agentliyinin Türkiyənin “Van Way Airlines” şirkətinin Yerevana uçuşlar həyata keçirməyə hazırlaşması oldu. Bu zaman da sözügedən şirkətin Türkiyə dövlətinə heç bir aidiyyətinin olmadığı və biznesmen Aslan Bayram tərəfindən idarə edildiyi bəyan edildi. Hazırda adıçəkilən şirkət Türkiyənin Qaziantep, Trabzon, Ankara şəhərləri ilə yanaşı İranın bir neçə şəhərinə, o cümlədən Yerevana reyslər həyata keçirir ki, bu da Azərbaycan cəmiyyəti tərəfindən qınaq hədəfinə çevrilib.

İki ölkə arasındakı əlaqələrin mövcudluğunu göstərən başqa bir məqam isə Türkiyə prezidenti Abdullah Gülün Serj Sərkisyanı yenidən prezident seçilməsi münasibəti ilə təbrik etməsidir. Belə ki, Ermənistanda saxta seçkilərin nəticəsi elan olunan kimi Türkiyə prezidenti A.Gül hətta Rusiya, Fransa prezidentlərindən qabaq erməni həmkarını təbrik etdi. Azərbaycan ictimaiyyətinin bu məsələyə təpki göstərməsinə izahat olaraq bunun diplomatik etiket olduğunu bildirdilər.

Heç şübhə yox ki, Azərbaycan ictimaiyyəti həqlı olaraq dost və qardaş ölkədən Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi genosidi, işğalı nəzərə alaraq bu dövlətlə əlaqələr qurmamasını istəyir. Axı Türkiyə dost və qardaş ölkədir. Başqa sözlə desək, “uman yerdən küsərlər”. Yəni xalqımız Ermənistanla Türkiyənin münasibətlər qurmasını heç cür həzm edə bilməz.

Bu bir faktdır ki, ölkəmiz müstəqillik əldə etdikdən sonrakı illər ərzində Azərbaycan xalqının Türkiyə hakimiyyətindən bir istəyi olub – rəsmi Ankara Ermənistanla diplomatik, siyasi, iqtisadi, humanitar və digər sahələrdəki əlaqələrdən daşınsın. Lakin bütün bu sadalananları nəzərə aldıqda Türkiyənin müəyyən dairələrinin qardaş Azərbaycana bunu da çox gördükləri ortaya çıxır. Sözügedən ölkələr arasındakı münasibətləri, həmçinin Azərbaycan ictimaiyyətinin bundan narahat olduğunu diqqətə aldıqda müxtəlif suallar da yaranır.

Məlum olduğu kimi, bu ilin fevralında yunan Kiprində prezident seçkiləri keçirildi və DİSİ (“Demokratik toplantı”) sağçı partiyasının namizədi Nikos Anastasiadis dövlət başçısı seçildi. Görəsən Azərbaycan Prezidenti seçkinin səhəri günü Avropa İttifaqının üzvü olan və hazırda bu quruma sədrlik edən, bütün dünya tərəfindən tanınan Cənubi Kipr prezidentini təbrik etsəydi, bunu Ankara necə qarşılayardı? Və ya Azərbaycan Şimali Kiprə olan diqqətini Cənubi Kiprə yönəltsəydi, bu ölkə ilə iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrini inkişaf etdirsəydi, Ankarada bunu təbii qarşılayarlarmı?

Yəqin ki, bunlar qardaş ölkə tərəfindən mənfi qarşılanardı. Bəs o zaman  hansı səbəbə görə Azərbaycan xalqı Ankaranın Ermənistana doğru mehriban nəzərlərini və reveranslarını təbii qarşılamalı və səsini çıxartmamalıdır?

Bütün bunlarla yanaşı Türkiyə tarixinə diqqət yetirsə, o zaman Ermənistanla münasibətlərin nizama salınmasının nə qədər təhlükəli və yolverilməz olduğunu anlayar. 

Bu bir faktdır ki, Ermənistan saxta “soyqırım” iddiası ilə Türkiyəyə daim təzyiq göstərir, dünyada ona qarşı kampaniya aparır, ərazi, təzminat iddiaları irəli sürür. Bundan əlavə bu ölkə azəri türklərinə qarşı soyqırımı törədib, Azərbaycanın ərazilərini 20 ildir işğal altında saxlayır. Görəsən, Türkiyənin müəyyən dairələri bu faktlardan nə vaxt Türkiyə və Azərbaycan xalqlarının maraqlarına uyğun nəticə çıxarıb vahid mövqe ortaya qoyacaqlar? Bu məqamdan nə qədər tez nəticə çıxarılarsa, Türkiyə və Azərbaycan üçün o qədər xeyirli olar. Çünki bu məqamlar yalnız Ermənistanın maraqlarına xidmət edir və onların beyənlxalq arenada daha da möhkəmlənməsinə imkan yaradır. Bu isə gələcəkdə daha ağır məqamların yaşanmasını qaçılmaz edə bilər.

Aqil LƏTİFOV

 





18.03.2013    çap et  çap et