525.Az

Türkiyə regionda enerinin sülh və təhlükəsizlik platformasını yaradır


 

"Sülh üçün paylaşaq", yaxud "Yeni üfüqlərə qucaq açmaq"…

Türkiyə regionda enerinin sülh və təhlükəsizlik platformasını yaradır<b style="color:red"></b>

Ana şüarı bütün ölkələri birgə enerji platformasında birləşməyə səsləyən 23-cü Dünya Enerji Konqresi müasir tarixə öz möhürünü vurdu.

Bu devizin altında daha böyük məna gizlənir, qlobal mürəkkəb iqtisadi proseslərin dərinləşdiyi bir dövrdə daha aktuallıq kəsb edir.

Daha çox İstanbul Energi Sammiti adlandırılan Enerji Konqresinin baslıca mövzusu enerji daşıyıcıları sahəsində əməkdaşlıq məsələlərindən ibarət olsa da, qlobal iqtisadi və sosial problemlərin yaranmasına yol açan siyasi təzahürləri açıq-aşkar görmək olardı. Mesajlarda Qərbin karbohidrogen ehtiyatlarının nəqli və bölüşdürülməsində ədalətsiz oyunları, hətta siyasi nüfuz naminə bəzi region ölkələrinə qarşı əzələ nümayişlərinə dair sətiraltı notlar da sezildi. Bir sözlə, müasir həyatın basilica tələbatına çevrilmiş enerji istehlakından hamını istifadə etməsi, ayrı-seçkiliyin aradan qaldırılması ana mövzu kimi diqqəti cəlb etdi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin vurğuladığı kimi, hazırkı enerji bazarında siyasi və ədalətsiz qərarların nəticəsində nizamsızlıq hökm sürür. “Mövcud şəraitdə neftin bazar mexanizmlərinin pozulması halı baş verib”. Mövcud vəziyyət son 25 ildə enerji sektoruna ən aşağı sərmayə qoyuluşuna, yeni yataqların aşkarlanması və bir çox layihələrin icrasının kütləvi surətdə dayandırılmasına səbəb olub. Dünya enerji təhlükəsizliyi siyasətinin əlaqələndirilməsi, bu məsələdə bir çox ölkələrin öz müttəfiqlərinin mənafelərini düşünməsi vacibdir.

Dünya Enerji Konqresində səslənən fikirlərindən doğan məntiqi məna bundan ibarətdir - bütün ölkələr ambisiya və iddialarını kənara ataraq enerji təhlükəsizliyi məsələsində birləşməlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi enerji amili ölkələr arasında iqtisadi əməkdaşlığın və bağlantının möhkəmlənməsinə səbəb olmalıdır: "Bizim əsas məqsədimiz enerjinin sülhə xidmət etməsinə nail olmaqdır” deyən Türkiyə Prezidenti bu fikirləri ilə neft və qaz faktorundan siyasi təzyiq vasitəsi kimi istifadə edənlərə səslənir: "Enerji problemi çözülmədən inkişafdan, səhiyyədən, sosial vəziyyətin yaxşılaşmasından danışmaq olmaz. Bu gün dünyada enerji təminatı olmayan 1 milyarddan çox insanın

600 milyonu Orta Afrikada yaşayır. Ona görə də Türkiyə beynəlxalq platformalarda bu sahədə təşəbbüslərlə çıxış edir".

Türkiyə Prezidentinin dünyaya mesajı çox lakonik və açıq-aydındır, rəsmi Ankara yaxşı anlayır ki, enerji təbii-mineral resursundan daha çox geoiqtisadi-siyasi məzmun kəsb edir, ölkənin milli təhlükəsizlik arxitekturasının başlıca komponentinə çevrilir. Milli enerji siyasəti dövlətin qlobal inteqrasiyaya tranzitinin güclənməsinə stimul və güc verməklə bərabər, ümumdünya proseslərində iştirak və təsir imkanlarının aktivləşməsinə dayaq yaradır. Bu mənada enerji amilinin dünya coğrafiyasında strateji rol oynamasını nəzərə alan Türkiyə əsas oyunçulardan biri kimi fəallıq nümayiş etdirir.

Baş nazir Binəli Yıldırımın bəyan etdiyi kimi, Türkiyə əslində enerji resurslarının qovşağında yerləşməklə böyük geostrateji coğrafi üstünlüyə malikdir. Orta Şərq və Xəzər hövzəsi başda olmaqla, dünyanın enerji resurslarının 1/3-i bu ölkənin coğrafi hüdudlarını əhatə edir. Türkiyə yaxın dövr üçün enerji təminatını həll etməklə yanaşı, 30-40 il sonranın enerji tədarükünə əsaslı zəmin hazırlayan Yol Xəritəsini həyata keçirməkdədir. 2060-cı ilin enerji ssenarisinin hazırlayan bu ölkə daha etibarlı və uzunömürlü enerji infrastrukturunu möhkəmləndirmək üçün ciddi zəmin yaradıb.

Konqresdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin enerji layihələrinin diversifikasiyası və regional əməkdaşlıqla bağlı fikirləri olduqca mühüm əhəmiyyət kəsb edən, dünya dövlətlərini geniş birgə əməkdaşlığa dəvət edən çağırışlar kimi qiymətləndirilə bilər. Azərbaycanın bütün ölkələr üçün qlobal layihələrdə iştiraka açıq olduğunu və respublikamızın bu istiqamətdə atdığı addımların beynəlxalq əməkdaşlığa geniş imkanlar açdığını bəyan edən Cənab İlham Əliyev bütün Avropa ölkələrini əhatə edən "Cənub Qaz Dəhlizi" kimi nəhəng layihənin reallaşmasında Azərbaycanın göstərdiyi təşəbbüskarlığına diqqət çəkdi. Bu, onu göstərir ki, Azərbaycan dünya dövlətləri üçün vacib və əhəmiyyətli ölkədir. Qlobal enerji məsələləri ilə bağlı aparılan müzakirələrdə Azərbaycanın mövqeyi başlıca xüsusi əhəmiyyət kəsb edir”.

Azərbaycan Prezidenti Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsini qardaş ölkənin dünya enerji siyasətindəki rolunun göstəricisi kimi qiymətləndirərək Türkiyənin enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atdığını da bəyan edib: "Türkiyənin inkişafı, sabitliyi nəinki Türkiyəni sevən ölkələrə, ona dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır".

Konqres mühüm tarixi sazişlərin imzalanması baxımından da yadda qaldı. İlk olaraq Türkiyə ilə Venesuela arasında enerji anlaşması imzalandı və sazişin təfərrüatlarını anladan Rəcəp Tayyip Ərdoğan və Venesuela Respublikasının Prezidenti Nikolas Maduro iki ölkənin həyatında yeni səhifə açacaq enerji əməkdaşlığının böyük strateji əhəmiyyət daşıyaraq regional təhlükəsizliyə fayda verəcəyini bəyan etdilər. Rusiya ilə Türkiyə prezidentlərinin açıq dialoqu və qarşılıqlı maraq kəsb edən məsələlər barədə arasında razılaşmalar əldə etməsi strateji məqamlardan hesab oluna bilər. Bu, ötən ilin noyabrından başlayan soyuq buzların qırılmasında növbəti mühüm addımdır. Rusiya ilə Türkiyənin illərdir gözlədiyi “TÜRK AKIMI” ( “Türk axını”) sazişinin imzalanmasına dair anlaşma isə Konqresin ən əlamətdar hadisəsi sayılmalıdır. Qara Dənizin altından keçərək rus qazını Şərqdən Cənub-Şərq və Avropaya daşıyacaq dəyəri 12.5 milyard dollar olan “Türk axını” layihəsi 2019-cu ildə dünya enerji bazarında şaxələnmənin ən mühüm həlqəsi olacaq.

Hətta bu layihənin perspektivdə TANAP-la birləşdirilməsi də istisna deyil. Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunun qeyd etdiyi kimi “Türk axını” kəmərinin TANAP-a qoşulması real görünür.

Dünya Enerji Konqresində müzakirə olunan bir çox mövzuların perspektivdə enerjinin şaxələndirilməsi, tədarükü, yeni tranzitlərin yaranması, neft-qaz bazarındakı spekulyasiyaların həlli və digər problemlərin aradan qalxması baxımından yeni imkanlar açacağını proqnozlaşdırmaq olar. Enerji üzrə tədqiqat mərkəzlərinin analitiklərinin söylədikləri kimi, tədbir dünya birjalarında neftin qiymətlərinin tənzimlənməsinə təsir edə bilər.

 





13.10.2016    çap et  çap et