525.Az

"Qərb Türk dünyasına qarşı ədalətli deyil"


 

İRFAN ÇİFTÇİ: "QONDARMA ERMƏNİ SOYQIRIMI VƏ DAĞLIQ QARABAĞ PROBLEMİ İLƏ BAĞLI YETƏRİ QƏDƏR SÜBUT VƏ DƏLİLLƏRİMİZ OLSA DA, QƏRBİN İKİLİ STANDARTLAR SİYASƏTİ ÖZÜNÜ GÖSTƏRİR"

"Qərb Türk dünyasına qarşı ədalətli deyil"<b style="color:red"></b>

"Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, problemlər, perspektiv vəzifələr" mövzusunda keçirilən regional konfransda iştirak etmək məqsədilə ölkəmizə səfər edən Türkiyənin İstanbul Universitetinin professoru, şair İrfan Çiftçi iki ölkə arasında media sahəsində əməkdaşlıq əlaqələri, yaradıcılıq planları və digər məsələlərlə bağlı "525"ə müsahibə verib.

 - Sizcə, hazırda dünya mediasında Azərbaycan mövzusu nə qədər aktualdır?

- Azərbaycan Sovet İttifaqından ayrıldıqdan sonra bir çox problemlərlə üzləşib. Lakin qardaş ölkə bütün maneələrə sinə gələrək inkişaf yoluna qədəm qoyub. Azərbaycanın həyata keçirtdiyi transmilli layihələr, xüsusilə enerji sahəsində apardığı fəaliyyət onu dünyanın diqqət mərkəzinə çevirib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, daha sonra TANAP və TAP layihələrinin reallaşdırılması Azərbaycanın inkişafı və dünyaya tanıdılmasında mühüm rol oynayıb. Qardaş ölkə iqtisadiyyatdan əldə etdiyi gəlirlər hesabına həm ölkədə yenidənqurma işlərini aparmağa, qeyri-neft sektoruna diqqət ayırmağa başlayıb, həm də dünya birliyi üçün nümunəvi səciyyə daşıyan işlər görməyə nail olub. İndi Azərbaycan deyəndə 2012-ci ildə Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsi, Bakı-2015: Birinci Avropa Oyunları yada düşür. Bundan əlavə, dünya Azərbaycanı ev sahibliyi etdiyi qlobal forumlar, humanitar konfranslar, sivilizasiyaları bir-birinə yaxınlaşdırmaq məqsədilə həyata keçirdiyi beynəlxalq tədbirlərdən tanıyır.

-Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında medianın rolunu necə qiymətləndirirsiniz?

- İki ölkə arasında münasibətlərin inkişafında tarixi bağlılıq, dil, din birliyi, ortaq mədəniyyət amili xüsusi önəm kəsb edir. Bu, dostluq, qardaşlıq əlaqələrindən irəli gələrək münasibətlərin hərtərəfli inkişafında mətbuat da həmişə önəmli rol oynayıb. Lakin bizim ən əsas problemimiz məlumat kasadlığıdır. Türkiyədə Azərbaycanı dərindən bilən, qardaş ölkə ilə bağlı akademik səviyyədə məlumatlara sahib olan mütəxəssislər barmaqla sayılası qədərdir. Bunu Azərbaycana da aid etmək olar. Ona görə də qarşılıqlı olaraq Türkiyədə Azərbaycanşünaslığın, Azərbaycanda isə Türkiyəşünaslığın tədris olunması ümumi işimizin xeyrinə olar, xalqlarımız bir-birini yaxından tanıyar, tarixinə daha dərindən bələd olar.

- Türkiyə hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olub, iştirak etdiyi beynəlxalq tədbirlərdə ölkəmizin ədalətli mövqeyini dəstəkləyib. Öz növbəsində Azərbaycan da qondarma erməni soyqırımı məsələsində qardaş ölkəyə öz dəstəyini əsirgəməyib. Sizcə, hər iki məsələyə dünyada ədalətli mövqe qazandırmaq üçün birgə daha hansı addımlar atılmalıdır?

- Ermənilər dünyada istər Dağlıq Qarabağ münaqişəsi, istərsə də, saxta soyqırımla bağlı həqiqəti əks etdirməyən təbliğatla məşğul olurlar. Burada xristian təəssübkeşliyi özünü göstərir. Qərb dövlətləri dini nöqteyi nəzərdən Ermənistanı özlərinə yaxın hesab edir. Ona görə də, Qərb və onun mediası Türk dünyasına qarşı ədalətli deyil. Bunun acı nəticəsi olaraq biz bir çox hallarda hər iki məsələyə ədalətli mövqe qazandıra bilmirik. Həm də unutmamaq lazımdır ki, erməni lobbisi 100 ildir fəaliyyət göstərir. Lakin Türkiyə diaspor fəaliyyətinə 40 il, Azərbaycan isə cəmi 20 il bundan əvvəl başlayıb. Bizim birgə görüləsi işlərimiz hələ çoxdur. Əlbəttə, hər iki məsələ ilə bağlı yetəri qədər sübut və dəlillərimiz var. Ancaq Qərbin ikili standartlar siyasəti özünü göstərir. Bütün bunlara baxmayaraq həm Türkiyə, həm də Azərbaycan bütün gücünü səfərbər edib əsl həqiqətləri daha böyük auditoriyalara çatdırmağa çalışmalıdır. Burada medianın da üzərinə böyük məsuliyyət düşür.

- Keçək yaradıcılıq məsələlərinə. Müəllifi olduğunuz kitabların Azərbaycan dilinə tərcüməsi ilə bağlı yeni planlarınız varmı?

- Mənim kifayət qədər yazılarım, şeirlərim Azərbaycan dilinə tərcümə olunub. Amma bu sistemli şəkildə aparılmayıb. Hamısı pərakəndə olaraq tərcümə edilib. Bu məsələni sistematikləşdirmək fikrindəyəm. Bununla bağlı bəzi nəşriyyat, qurumlarla danışıqlar aparıram. Yəqin ki, yaxın vaxtlarda bu arzumu reallaşdıracam.

- Azərbaycanda kitab bazarı kifayət qədər inkişaf etməyib. Türkiyədə isə əksinə, bu sahədə mühüm işlər görülüb. Ədəbiyyata adamı olaraq bu məsələylə bağlı hansı təklifləriniz var?

-Doğrudur. Azərbaycanda kitabçılığa maraq olsa da, bu, qənaətbəxş səviyyədə deyil. Mən də bir söz adamı kimi bu əskikliyin tamamlanmasını çox istəyirəm. Hər iki ölkədə bu sahəylə əlaqəli işlərdə çalışan kifayət qədər tanışlar, dostlar var. Düşünürəm ki, müştərək əməkdaşlıq bu problemin həllinə töhvə verə bilər.

- Qeyd etdiyiniz kimi, kitab çapı ilə bağlı pərakəndəlik xüsusilə Azərbaycan şair və yazıçılarının əsərlərinin Türkiyə türkcəsinə tərcüməsində özünü göstərir. Bəs bu problemin həlli istiqamətində hansı işlərin görülməsini zəruri hesab edirsiniz?

- Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla bu məsələsini müzakirə etmişik. Artıq Türkiyənin tanınmış nəşriyyatları ilə danışıqlara da başlamışıq. Hər iki ölkənin əlaqədar qurumlarının köməyilə istəyimizə nail olmağa çalışacağıq. Bundan başqa, təkcə kağız kitaba deyil, elektron resurslara da yer ayırmaq lazımdır. Artıq informasiya texnologiyaları əsridir. Çox məsələni internet üzərindən həll edirik. Ona görə də, informasiya-kommunikasiya texnologiyalarından kitabçılığın inkişafında da istifadə etmək faydalı olar.

Ceyhun ABASOV

 





13.10.2016    çap et  çap et