525.Az

“Sevinc Babayevanın kitabxana sahəsində də fəaliyyəti mənfidir”


 

“Sevinc Babayevanın kitabxana sahəsində də fəaliyyəti mənfidir”

“Sevinc Babayeva ötən ilin oktyabr ayında əmək müqaviləsinə əsasən işlə təmin olunub.

Onun şəxsi işində nə vaxtsa nəsə iş gördüyü qeyd olunmayıb. Sevinc Babayevanın şəxsi işində 10 ilə yaxın İdarəçilik Akademiyasında baş mütəxəssis işlədiyi və fəlsəfə elmləri doktoru olduğu yazılıb”.

Bu sözləri APA-ya açıqlamasında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə deputat Gülər Əhmədovanın birgə videosunda yer almış M. Ə. Sabir adına kitabxananın direktoru Sevinc Babayeva barəsində deyib.

Ə. Əliyevin sözlərinə görə, Sevinc Babayeva ilə müqavilənin müddəti bu ilin oktyabrında bitir: “Bizdə kitabxana və müəllim yerləri də var və onların hər biri müqavilə ilə işə götürülür, fəaliyyətinə baxılır. Bu insan işinin, verilən tapşırığın öhdəsindən gələ bilirsə, ondan sonra onunla müddətsiz müqavilə bağlanılır”.

Ə. Əliyev Sevinc Babayevanın fəaliyyətinin qənaətbəxş olmadığını açıqlayıb. Bir il müddətində Sevinc Babayeva töhmət də alıb. Amma mən bu gün onu işdən azad edə bilmərəm, çünki müqavilə var. Vaxtı bitəndə biz onun müqaviləsinə xitam verilib-verilməməsi məsələsinə qayıdacağıq. Hüquq-mühafizə orqanları işə qarışandan sonra mənim heç bir addım atmaq səlahiyyətim yoxdur. Onun əməllərində cinayət tərkibi varsa, əlbəttə bunu hüquq-mühafizə orqanı qiymətləndirəcək, o da hər bir Azərbaycan vətəndaşı kimi məhkəmə qarşısında cavab verəcək. Onun şəxsi həyatı və işdən sonrakı fəaliyyətinin bizə heç bir aidiyyəti yoxdur. Bu, mədəniyyət sahəsinə aid hadisə deyil, bir insanın keçmişdə olmuş və ya işdən sonrakı həyatında baş verənlərdir. Bu görüntülərdə, danışıqlarda kitabxana fəaliyyəti, mədəniyyətlə bağlı heç bir söhbət yoxdur. Bu xanım bizdə sadəcə kitabxana direktorudur. Onun kitabxana fəaliyyəti ilə bağlı istənilən suala cavab verə bilərəm və deyirəm ki, bu sahədə fəaliyyəti mənfidir. Onun fəaliyyəti ilə bağlı monitorinq aparılıb, səriştəsizliyi və bacarıqsızlığı üzə çıxıb”.

Sevinc Babayevanın bir ilə yaxındır rəhbərlik etdiyi Sabir adına Kitabxanadan isə APA-ya bildirilib ki, o, ürəyində problemlər olması səbəbindən iki gündür işə çıxmır.

Qeyd edək ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.

G. Əhmədova isə APA-ya açıqlamasında video materialın montaj olduğunu deyib.

 





27.09.2012    çap et  çap et