525.Az

Xatirələr işığında- Osman Sarıvəlli


 

Xatirələr işığında- <b style="color:red">Osman Sarıvəlli </b>

Xalq şairi

1970-ci ilin əvvəlləri idi. Azərbaycan Dövlət Universitetində kitabxanaçılıq fakültəsinin II kursunda oxuyurdum. O vaxtlar Gürcüstan mətbuatında şeirlərim müntəzəm çap olunsa da, Azərbaycan mətbuatına təzə-təzə ayaq açırdım. Borçalı mahalında, Bolnis-Kəpənəkçidə keçən ömrümün uşaqlıq-gənclik illəri arxada qalmışdı. O illərin mənə bağışladığı gördüyüm, götürdüyüm, duyduğum, yaşadığım şirinli-acılı xatirələr idi. O xatirələr ki, onda sazlı-aşıqlı, nağıllı-dastanlı, bayatılı-qoşmalı, şeirli-nəğməli bir dünya var. O xatirələr ki, yaddaşıma yazılan, könlümə köçən, canıma hopan duyğularla zəngindir. Bu zənginliyin içində müasir poeziyamızda sevdiyim, sevə-sevə əzizlədiyim Osman Sarıvəlli kimi ustad bir sənətkar da var idi. Borçalıda heç bir saz-söz məclisi S.Vurğunsuz, O.Sarıvəllisiz, H.Arifsiz (o illərdə Hüseyn Hüseynzadə) keçməzdi. “Ay mamoğlu”, “Günah onun özündədir” şeirlərini bilməyən aşığı məclisə qoymazdılar. Osman Sarıvəllinin əksər şeirlərini kitabdan oxumazdan çox-çox əvvəl mən Borçalı aşıqlarının, xüsusən Aşıq Əmrahın və Kamandarın dilindən eşitmişəm.

Günlərin birində xəyalımda əfsanələşən Osman Sarıvəllinin üzünü görmək, səsini eşitmək, məsləhət almaq, ustaddan xeyir-dua eşitmək üçün Yazılar İttifaqına yollandım. Ömrüm boyu yadımdan çıxmaz. İlk dəfə pilləkənləri qalxanda həyəcandan dizlərim əsirdi. Xəyalımdan keçən bu idi ki, deməli bu pillələrə Səməd Vurğunun ayaqları dəyib. Bu divarlara Səməd Vurğunun nəfəsi toxunub. Utancaq bir hisslə ikinci mərtəbəyə qalxdım. Foyedə məni Səməd Vurğunun bənzərsiz böyük bir şəkli qarşıladı. Şəklə heyran-heyran baxıb yan otağa keçdim. Taleyin qisməti, Allahın xoşbəxtliyi idi. İki ustad şair otaqda şirin-şirin söhbət edirdilər: Osman Sarıvəlli və Hüseyn Hüseynzadə. İcazə alıb içəri girdim. Borçalı qaydası bağır basıb baş əydim. Salamlaşdıq. Məni çox səmimi qarşıladılar. Elə ilk görüşdən söhbətimiz alındı. Şeirlərim haqqında ilk dəfə “Uğurlu yol” yazan Hüseyn Hüseynzadəni, ilk kitabım olan “Könlümün səsi” haqqında ilk dəfə böyük səxavətlə məqalə yazan Osman Sarıvəllini – onların qayğısını, yaxşılığını, xeyirxahlığını ömrüm boyu unutmaram. İlk görüşdən sonra görüşlərimizin sayı çoxalır, səmimiyyət meydanı daha da genişlənir, aramızda hər iki şairlə nəfəs doğmalığı, ata-oğul, ağsaqqal, ustad-şagird məhəbbəti yaranırdı. Hər görüşdə ustada şeirlər oxuyurdum. Ustad da məni həvəsləndirir, sevinir, məni də sevindirirdi. Bu görüşlərdən aldığım təəssürat çox geniş və rəngarəng olsa da, qısaca belə xarakterizə etmək olar: Osman Sarıvəlli bir şair kimi gənclərə qarşı həssas və tələbkar, xeyirxah və səmimi, dilimizi bütün zənginliyi ilə bilən və öyrədən, təbiəti misilsiz dərəcədə duyan və şeirə gətirən, bütün güllərin, çiçəklərin, quşların adını tanıyan, torpağa, torpağın dilinə dərindən bələd olan, qəlbini, ruhunu, duyğularını saz üstündə kökləməyi bacaran, xalqının içindən çıxan, xalqı içərisində gəzdirən, elin-obanın dilini bütün incəliklərinə qədər anlayan və anladan ustad bir sənətkar idi. Osman Sarıvəlli mənim yaddaşımda gözəl bir insan, nurlu bir ağsaqqal, işıqlı bir şəxsiyyət, ləyaqət və təvazökarlıq timsalı, dumduru yaz çeşməsinə bənzəyən bir varlıq kimi qalıb. Bütün yazıçılar və şairlər, sənət adamları, ümumən ziyalılar ona “Osman qağa” deyə müraciət edərdilər. Çünki onun ədəbiyyatımıza, şair və aşıqlarımıza xidmətində, ədəbi gəncliyə qayğısında qağalıq da var idi, dədəlik də, ustadlıq da. Müasir poeziyamızın görkəmli nümayəndələrindən elə bir şair təsəvvürə gətirmək olmur ki, Osman Sarıvəlli haqqında bir-birindən gözəl məqalələr yazmamış, ona şeir həsr etməmiş olsun. Böyük Səməd Vurğun deyirdi ki: “Bu, Osmanın nərəsidir, Yurdumuzun öz səsidir!” Təkcə bu beyt çox böyük mənəvi dəyərlərdən xəbər verir.

Bir gün təsadüfən Nizami küçəsində qarşılaşdıq. Ömrünün  ixtiyar çağlarını yaşayan şair Yazıçılar İttifaqından çıxıb evlərinə gedirdi. Görüşdük, hal-əhval tutduq. Vəziyyətini soruşdum. “Bir az nasazam”, – dedi. Borçalıdan, Başkeçiddən təzəcə qayıtdığımı dedim. Borçalı ağsaqqallarının ustada salamlarını yetirdim. Kövrəldi, gözləri doldu. Dedim, ustad, niyə kövrəlirsən? Ustad mənalı-mənalı xeyli üzümə baxıb dedi: “Cavansan, sağlıq olsun, mənim kimi 60 il şəhərdə yaşa, mənə verdiyin sualın cavabını onda özün tapacaqsan, ancaq o zaman biləcəksən ki, mən niyə kövrəlirəm.”

Bu duyğular məni rahat buraxmadı. Ustadın kövrək danışığı, titrəyən səsi, yaşaran gözləri “Gəl çıxaq gəzməyə, ay Osman qağa!” adlı şeirin yaranmasına səbəb oldu.  Bir neçə gündən sonra şeiri ustada oxudum, çox xoşuna gəldi. İkinci bənddəki “Min dəfə baxsa da, doymamış baxan” misrasını “bezməmiş baxan” oxuyan kimi, dərhal reaksiya verdi. Yəni o günə qalmışıq ki, bizdən bezə də bilərlər. Səhvimi başa düşüb ustaddan üzr istədim, şeirə düzəliş verdim. Bir neçə gündən sonra gülə-gülə özünəməxsus təvazökarlıqla – şeirinə cavab yazmışam, – dedi. Yanğılı, həsrətli bir ləngərlə şeiri oxumağa başladı. Gənclik illərini kövrək bir hisslə xatırlayıb yenidən bir bənd şeir oxudu: “Nə dağlar çəkirdi mənə dağ yolu, Yaşadım cibim boş, ürəyim dolu”, – Səyalı xanıma o zaman yazdığım şeirdəndi, – dedi. Səyalı xanım, doğrudan da, xanımlar xanımı bir qadın, Osman Sarıvəlliyə yaraşan həyalı bir həyat yoldaşı idi. Allah hər ikisinə rəhmət eləsin! Qəbirləri Şıxlı qəbiristanlığındadır. Dəfələrlə o qəbirlərin ziyarətinə getmişəm. Məni Qazağa çəkən, Şıxlı təpəsinə qaldıran, ustad şairimizin və xanım anamızın ziyarəti idi.

Dilinin əzbəri Səməd Vurğun idi. Elə görüşümüz yadıma gəlmir ki, o, Səməd Vurğunu xatırlamamış olsun. Lap kövrələndə dərindən ah çəkib – “Eeeh, Səməd, Səməd”, – deyərdi. Səməd Vurğunun üzünü görməyən ədəbi gənclik Osman Sarıvəllidən Səməd Vurğunun ətrini almaqla təskinlik tapırdı.

Səməd Vurğun haqqında “Qalacaqdır dünyada” adlı xatirələr toplusu çap olunmuşdu. O kitabda çoxlarının xatirələri olsa da, Osman Sarıvəllinin xatirəsi yox idi. Bir gün soruşdum ki, ustad, bu kitabda sizin niyə bir xatirəniz yoxdu? Başını buladı və böyük təəssüf hissi ilə dedi ki, “o kitabda mənim necə xatirəm ola bilər ki, orda elə müəlliflər xatirə çap elətdiriblər ki, onlar vaxtilə Səmədin ölümünə fərman vermək istəyir, üzünə gülür, kürəyinə bıçaq endirirdilər.”

Təzəcə “Xalq şairi” adına layiq görülmüşdü. Ziyarətinə, təbrikinə getdim. Heç bir dəyişiklik, həyəcan, sevinc, yenilik hiss etmədim. Təəccübləndin və təəccübü gizlətmədim. “Ay Osman qağa, sizə xalq şairi adı veriblər, heç sevincinizi hiss etmirəm”, – dedim. Çox təvazökarcasına – çox sağ olsunlar, bu adı veriblər, ancaq bir de görüm, mən bu fəxri ada görəmi şairlik eləmişəm, – dedi. Dünyagörüşü, gözütoxluq, səbr, təmkin, ədəbi halallıq, dünyadan heç nə ummamaq ləyaqətini mən Osman Sarıvəllidə gördüm.

“Mənim şeirlərimin dörd misralıq bayatı qədər ömrü olaydı” deyərdi.

“Yer üzündə hələ xalqdan böyük şair yaranmayıb” deyərdi.

“Səməd Vurğundan analar nə doğub, nə doğacaq” deyərdi. 

“Ayağın torpaqdan üzülməsin” deyərdi.

“Bircə könül gətir mənə gələndə,

O böyük qəlbinlə fəxr edim mən də”, – deyərdi.

Dünyaya, insana, insanlığa, gəncliyə və cəmiyyətə həmişə könlünün gözü ilə baxardı. Ustadın nə qədər maraqlı söhbətlərinə qulaq asmışam, ömrümdə bir dəfə o kişinin dilindən qeybət eşitmədim, kiminsə bostanına daş atdığının şahidi olmadım. Əli halal, dili halal, qələmi halal bir ömür yaşadı Osman Sarıvəlli.   

Ləyaqətin varsa taparlar səni,

Şan-şöhrət dalınca qaçmaq

əbəsdir, – dedi.

              

Könül, kef də çəkdim, əzab da çəkdim,

Çəkdiyim kefi də əzabda çəkdim, – dedi.

   

Alnının tərinə, əlinin qabarına,

qələminin gücünə arxalandı.

   

Döydü yağış məni, döydü qar məni,

Bir qarışqa minsəm, aparar məni, – dedi.

Ən ağır gündə, ən dar məqamda, ən çətin anda, dolu döyəndə, sel aparanda dosta sədaqətini itirmədi. Dözdü, dayandı. Ləyaqətinin, kişiliyinin və şairliyinin hesabına!

Şairin tanrısı gözəl əsərdi,

Can qoyub yaratmaq böyük hünərdi.

Qərib əyləncələr gəldi gedərdi,

Hər kəsin öz yarı qalır, qadası.

“Gətir oğlum, gətir” – deyib yaratdığını sevə-sevə yaratdı. Hər şeirə Tanrı kimi tapındı. Qərib əyləncələrə, ötəri-itəri vıyıltılara meyil salmadı.

Hər kiçik bayatı xalqın səsidir,

Kamal dünyasının xəzinəsidir.

    – deyib xalqın min illər boyu yaratdığı mənəvi sərvətlərə, əxlaqi dəyərlərə, folklora, şifahi xalq ədəbiyyatına, Vaqifdən, Vidadidən süzülüb gələn duruluq, saflıq poeziyasına üz tutdu.

Səhər-səhər sərin yellər əsəndə,

Uçan xəyalımı tapıram səndə.

Vaqif bu dünyadan köçüb gedəndə,

O, səni tapşırdı mənə, bənövşə. 

– deyib şair babasının əmanətinə – bənövşəsinə təzə bir abidə qoydu. Bəxtiyar Vahabzadə də, Nəbi Xəzri də, Hüseyn Arif də, Nəriman Həsənzadə də, Tofiq Bayram da, Qabil də, Cabir Novruz da, Xəlil Rza da, Məmməd Araz da, o dövrün sayılan-seçilən görkəmli ziyalıları da Osman Sarıvəlli deyəndə, Osman qağa deyəndə daha da gözəlləşir, daha da ucalırdılar.

Osman Sarıvəlli, sözün əsl mənasında, sənət müəllimi idi. Dilimizin ustadı idi. Özündən sonra gələn şairlər nəslinə bir örnək idi. Böyük Səməd Vurğunun könül dostu gəncliyin və gənclərin ürək dostu idi.

On beş ilə yaxın bir müddətdə böyük ustadla yaxın oldum, doğmalaşdım, övladlarından biri kimi məni əzizlədi. Bir-birindən əziz olan övladlarını özümə dost-qardaş bildim. Ailənin bir üzvünə çevrildim. Osman Sarıvəllinin evində başdan-başa sədəfə tutulmuş bir saz var idi. Hər dəfə mən ora gedəndə o sazı çaldırar, qulaq asmaqdan doymazdım.

Bir dəfə söhbətlərimizin birində “Günah onun özündədir” şeirinin yaranma tarixindən danışdı: “Səməd ağır xəstə yatırdı. Yanına getmişdim. Söhbətimizin kədərli bir anında “ Osman, bir o sazı mənə ver”, – dedi. Mən sazı Səmədə verdim. İstədi sazı “Qaraçı” havasına kökləsin, kökləyə bilmədi. Barmaqları o qədər gücdən düşmüşdü ki, telləri pərdələrin üstə yatırdıb istədiyi səsi ala bilmirdi. Vəziyyəti belə görəndə göz yaşları məni boğdu. Üzümü divara tutdum ki, Səməd ağladığımı görməsin. Bu şeir onda doğuldu:   

Dostum, incə barmaqların

Sədəflərin üzündədi.

Mənim meylim bir sazında,

Bir də şirin sözündədi.

              

Zaya getməz alın tərin,

Bir gün bitər şah əsərin.

Arzuların, diləklərin

Hələ sənin gözündədi.

              

Osman, ələ alma əsa,

Yaş dolanda batma yasa.

Hər kim yüz il yaşamasa,

Günah onun özündədi.

Bu şeir qısa bir zamanda dillər əzbəri oldu. Aşıqların, müğənnilərin dilindən düşmədi. Osman Sarıvəllinin elə şeirləri var ki, xalq mahnısı kimi oxunub, xalq içində yayılıb. Bu da onun bir ustad şair kimi xalqı yaxşı tanımağından, xalqa yaxın olmağından irəli gəlir.

Yaddaşımda bir Osman Sarıvəlli yaşayır – el nəfəsli, torpaq canlı, xalq ətirli, təbiət naxışlı, qartal qıylı, tərlan havalı Osman Sarıvəlli! Yaddaşımda bir Osman Sarıvəlli yaşayır – eldən-obadan, adətdən-ənənədən, sazdan-sözdən, arandan-yaylaqdan, dağdan-binədən söz düşəndə qəlbi kövrələn, ruhu incələn, yanağı allanan, dodaqları titrəyən, yay kimi açılıb-sıxılan Osman Sarıvəlli!

 

 





18.03.2013    çap et  çap et