525.Az

Kirayə arzular


 

Kirayə arzular<b style="color:red"></b>

(Əvvəli 1 oktyabr sayımızda)

“Hamilə” həyət
 

Satıcı ilə tez sağollaşıb, üzərində 43 yazılan sarımtıl darvazaya yüyürdük. Elə tələsirdik sanki illərlə kirayə növbəsində dayanmışdıq.
 
Darvazadan içəri keçməklə həyətə çatmağımız bir oldu. Qapını qarayanız, saçı yenicə ağarmağa başlayan ortayaşlı qadın açdı. Salamlaşdıq. Özümüzü təqdim edəndə o, “xoş gəldiniz!” dedi. Ustalar sement qarışdırırdı deyə içəri ayağımızın ucunda daxil olduq. Həyət “otaq” gözlədiyindən qarnı burnunda olan hamiləyə bənzəyirdi. Qadın iri qırmızı güllü pərdəni çəkib bizi evə saldı. Mətbəxdə ağ bənizli, zərif bir qız qab yuyurdu. O, bizə gözləri ilə salam verib, boşqabları krantın altına tutdu.

Sahibə mətbəxin sol tərəfindəki qapını açıb otağı göstərdi. İri otağa iki çarpayı, stol, stullar və kiçik bir yazı masası qoyulmuşdu. Otağı bəyənməyə bilməzdik. Çünki bu, gördüyümüz otaqlar içərisində nəinki səliqəsinə, hətta təmirinə görə ən idealı idi. Odur ki, anam fikrimi almadan, heç rahatxanaya baxmadan əlini qara dərili çantasına uzadıb bir aylıq ev kirəsini ödədi. Görünür, iki günün axtarışları onu əldən salmışdı.

...Beləliklə, iki həftədən sonra Hüseyn Cavid prospekti 43 ünvanına yerləşdim. Bu vaxta kimi otaq “doğulmuşdu”, üstəlik hər tərəf səliqəyə salınmışdı. Həyət elə bil kirayəşin yox, gəlin gözləyirdi. Amma bunun müqabilində cehizim heç ürəkaçan deyildi. Bacım evimizin köhnə mətbəx əşyalarını: tava, qazan, nimçə, stəkan, qaşıq, çəngəli çantama dürtmüşdü. Geyimlərim də fəsilə uyğun idi. Vəssalam! Bircə çörəkqabım, sabunqabım yox idi. Anam məni “28 May” metro stansiyasının qarsışında yerləşən yarmarkaya aparıb həm şəhərin ucuz yeri ilə tanış etdi, həm də İran istehsalı olan qırmızı rəngli plastmas qablar aldı.

O, əşyalarımı yerbəyer edən kimi bir stəkan çay belə içmədən yola düzəldi. Anam gedəndə içimdə qəribə bir boşluq yarandı. Elə bil dərin quyunun içinə düşdüm. İlk dəfə idi ki, yad yerdə, tanımadığım insanların əhatəsindəydim. Darıxdığımdan əşyalarımı yenidən səliqəyə salmağa başladım. Sonra yadıma düşdü ki, radioqəbuledicim çantamdadır. Onu çıxardıb çarpayımın yanında yerləşən masanın üstünə qoydum. Ürəyim bir az yerinə gəldi. Çünki radio həyat tərzim idi. Hər axşam dalğaların birində peşəkarlığından heyrətə gəldiyim bir jurnalisti dinləməsəydim elə bilərdim həmin günü nəsə itirmişəm. Sadəcə, onun məlahətli səsini deyil, reportajlarına, sujetlərinə, silsilə verilişlərinə qulaq asıb, ondan ustad dərsi alırdım.

Görəsən, həyat məktəbində qiyabi oxumaq olarmı? 

Yemək sevdası

Radionu qoşub dalğanı kökləmək istəyəndə qapı astaca açıldı. Gözümə sahibənin əllərində tutduğu boşqab sataşdı. Xörəyin tüstüsü yerində dinc durmurdu, sağa-sola burularaq, deyəsən, burnumu axtarırdı. Burnumu bir balaca ona sarı uzatsam da, qoxunu ayırd edə bilmədim. Əlimdə imkan olsaydı, bəlkə də həmin an itin burnu olmaq istəyərdim. Sahibə də tərs kimi yerindən tərpənmədi. Yəqin gözlədi ki, boşqabı əlindən almaq üçün özüm ona yaxınlaşım. Utandığımdan ayağımı bir addım belə atmadım. O, üzümə gülümsəyəndə mən də təbəssümümü işə saldım. Sahibə ilə iki-üç saniyə baxışandan sonra nəhayət, əlindəki boşqabı masaya qoydu. Birinci dovğanın üzərinə səpişmiş quru nanəni gördüm. Hiss etdim ki, ağzım sulanır. Udqunandan sonra fikirlərimi dovğanın yanına yolladığımdan sahibənin nə dediyini anlamadım. Ona təşəkkür edəndən sonra qapını içəridən bağlayıb, dovğaya hücum çəkdim. Dovğa dərhal mədəmə təslim olsa da, qarnım oğru pişik kimi pusquda dayandı. Onu çox gözlətmədim. Çörək tikəsini boşqabın ərtafında fırladıb mədəmə yolladım.

Mətbəxə gəldim. Sahibə uşaqlarının qarınlarına qulluq edirdi. Qızları məni görən kimi başlarını qaba soxub qımışdılar, oğlu isə əksinə, qapqara gözlərini üstümə zillədi. Utana-utana hamısı ilə salamlaşdım. Qabı yuyanda sahibə dovğadan yenə təklif etsə də, şair demişkən, ürəyimdə “hə”, dilimdə “yox” dedim. Otağıma tələsdim. Axı, orda “gözləyənim” vardı. Radionun dalğasını sağa-sola fırladıb, nəhayət, sevimli jurnalistimin səsini tapdım. Adəti üzrə radioya qulağımı deyil, gözümü zillədim. Elə bilirdim o, radionun səs ucaldan hissəsindən peyda olacaq...

Görəsən, radio dalğalarında boğulan olubmu?

 





17.10.2016    çap et  çap et