525.Az

Həkim-bəstəkar


 

Həkim-bəstəkar<b style="color:red"></b>

Məni hər zaman uşaqlıq illərimə qaytaran bir mahnı var – “Eşqimin növrağı”. Bu mahnını ilk dəfə orta məktəbdə oxuduğum illərdə, 1959-cu ilin baharında kənd klubunda nümayiş etdirilən “Ögey ana” filminə baxarkən eşitmişdim. Ceyhun Mirzəyevin böyük istedadla oynadığı İsmayılın şəxsində uşaq aləminə də geniş yer verilmiş bu filmə göz yaşları içində baxmışdım. Onda elə bilmişdim ki, bu hal yaşa dolduqca məni tərk edəcəkdir. Lakin belə olmadı, bu filmi bu gün də seyr etdikdə məni duyğulandırır. “Eşqimin növrağı” da elə o zamandan xanəndə Əbülfət Əliyevin səsi ilə yaddaşıma hopmuşdu. Mən bu mahnının ilk ifaçısı Əbülfət Əliyevin, bəstəkarı Hacıbaba Həsənovun sorağına çox sonralar düşdüm. Əbülfət Əliyevlə onun altmış illiyi münasibəti ilə radio üçün veriliş yazanda tanış olmuşdum. Hacıbaba Həsənovla isə...

1994-cü ilin 27 dekabrında filarmoniyada Əbülfət Əliyevin xatirə gecəsini keçirirdik. Gecənin keçirilməsinin təşəbbüskarı da, aparıcısı da mən idim. Gecəyə xanəndə ilə bir səhnədə çalışmış, onunla dostluq etmiş dəyərli sənətkarları dəvət etmişdim. Gecədə Sara Qədimova, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Yaqub Məmmədov, Mürşüd Məmmədov, Əlibaba Məmmədov, İslam Rzayev, Canəli Əkbərov, Qaraxan Behbudov, Eynulla Cəbrayılov iştirak edirdilər. Mən illərlə yaddaşımda oxunan “Eşqimin növrağı” mahnısının bəstəçisi Hacıbaba Həsənovu da gecəyə dəvət etmişdim. Nə gizlədim, o xatirə gecəsinə görə bu gün məmnunluq hissi keçirirəm. Çünki Hacıbaba Həsənovun, xanəndə Mürşüd Məmmədovun və Eynulla Cəbrayılovun yeganə canlı görüntüləri, çıxışları və oxumaları bu gecənin lent yaddaşında əbədiləşibdir. Gecədə Hacıbaba Həsənov Əbülfət Əliyev haqqında və “Eşqimin növrağı” mahnısının yaranma tarixçəsi barədə maraqlı xatirə söylədi. Mən onun o gecədəki çıxışını olduğu kimi möhtərəm oxuculara çatdırıram:

– “Mən əllinci ildə Əhmədli qəsəbəsində ansambl düzəltmişdim. Elə o zaman bir neçə mahnı bəstələmişdim. Cavan vaxtlarımda Novruz Gəncəliylə dostluq edirdim. Onun sözlərinə “Bənövşə”, “Yanıma gələndə”, bu gün “Şahnaz” təsnifi kimi oxunan “Gecələr yuxusuz qoymusan məni”, Əliyar Yusiflinin sözlərinə “Ellər gözləyir”, Nəbi Xəzrinin sözlərinə “Bu yerdə”, Bəxtiyar Vahabzadənin sözlərinə “Yağma yağış” mahnılarını yazmışdım. Bir gün radioda Əbülfət Əliyevin konsertinə qulaq asırdım. Onun ifasında “Ellər gözləyir” mahnımı eşidəndə çox sevindim. Çünki Əbülfət elə incə zövqlü sənətkar idi ki, hər mahnını oxumazdı. Səhəri gün mən filarmoniyaya gəlib Əbülfəti tapdım, mahnımı oxuduğu üçün ona təşəkkür etdim. “Yağma yağış”, “Yanıma gələndə” mahnılarımın mətnini, notunu ona verdim. Xahiş etdim ki, xoşuna gəlsə, oxusun. Çox keçmədi Əbülfət bu mahnıları oxuyaraq dillər əzbəri etdi... Bir gün mənə dedilər ki, Əbülfət səni görmək istəyir. Mən filarmoniyanın bağında Əbülfətlə görüşdüm.

– Xeyir ola, – dedim, – məni axtarmısan.

– Hə, – dedi,- səninlə xüsusi söhbətim var.

– Eşidirəm.

– Bilirsən ki, bizim mahnıların əksəriyyəti “Segah”, “Şur”, “Çahargah” muğamı üstündə yazılıb. “Hümayun” muğamı üstündə elə bir mahnı yoxdu. İstəyirəm “Hümayun” muğamı üstə bir mahnı yazasan, oxuyam.

Dedim, yazaram, amma gərək əvvəlcə “Hümayun” muğamını oxuyasan qulaq asam.

Əbülfət: – Gedək evə, oxuyum, – dedi. Biz bir nəfər tarçalanla onlara getdik. Əbülfət, doğrudan da, gözəl bir “Hümayun” oxudu.

– Hə, nə deyirsən, yaza bilərsən? – soruşdu.

– Yazaram, ancaq gərək əvvəl mahnının mətnini yazdıraq.

– Yazdır.

– Nə məzmunda?

– Bir qadına sədaqətdən, vəfadan... Amma “Hümayun” çox kədərli muğamdı, elə bəstələ ki, mahnın mərsiyə olmasın, – dedi. – Oynaq olsun.

– Arxayın ol, oynaq bir mahnı yazacam, – dedim. Mən Əbülfətdən ayrılıb “Azərbaycan gəncləri” qəzetinin redaksiyasına getdim. Dostum şair Novruz Gəncəli orda işləyirdi. Onu tapıb, məqsədimi dedim. O məni o zaman “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru, mərhum Qasım Qasımzadənin yanına göndərdi. Mahnının məzmununu Qasım müəllimə danışdım. O razılaşdı, iki-üç gün möhlət istədi. Doğrudan da, Qasım müəllim üç gündən sonra mahnının sözlərini yazıb mənə verdi. Şeir “Eşqimin növrağı” adlanırdı.

Mahnını tezliklə yazıb Əbülfətgilə getdim, pianoda onun üçün çalıb zümzümə etdim. O, mahnını bəyəndi.Aradan çox keçmədi ki, Əbülfət konsertlərdə, radioda mahnını böyük ustalıqla oxudu”.

Hacıbaba Əbdüləli oğlu Həsənov 13 sentyabr 1922-ci ildə Əhmədli kəndində anadan olub. 1942-47-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb. Bir müddət Əhmədli kənd xəstəxanasında həkim, baş həkim işləyib. Lakin musiqiyə məhəbbət həkim Hacıbaba Həsənovu daha çox özünə çəkirdi. O, meylini kamançaya salmışdı. Qızı Gülşən xanımın söylədiyinə görə pəsdən gözəl səsi də varmış.

Hacıbaba Həsənov doğulduğu Əhmədli kəndində musiqi həvəskarlarını öz ətrafına toplayıb xor və orkestr düzəltmişdi. O, 1947-ci ildə respublika üzrə keçirilmiş kənd bədii özfəaliyyət olimpiadasında iştirak etmiş, burada onun “Sovet xalqı” kantatası ifa edilmiş, Fəxri Fərmanla təltif olunmuşdu. Bu Fəxri Fərman onun yaradıcı həyatında birinci və axırıncı deyildi. O, 1955-ci ildən 1972-ci ilin may ayına kimi Əhmədli qəsəbəsində S.M.Kirov adına Mədəniyyət evinin bədii rəhbəri olmuş, 50-60-cı illərdə respublikada keçirilən bədii özfəaliyyət baxışlarının hamısında iştirak etmiş və hər dəfə də uğurlu işlərinə görə müxtəlif mükafatlarla təltif olunmuşdu.

Həkim-bəstəkar Hacıbaba Həsənov 1952-ci ildə Moskvada Ümumittifaq xalq yaradıcılığı evində ikiillik qiyabi musiqi kursunu bitirmişdi. O daha sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında da təhsil almışdı.

Hacıbaba Həsənovun xalq ruhunda yazdığı “Tarçalan oğlan”, “Xatirələr”, “Eşqimin növrağı”, “Yağma yağış”, “Unuda bilmirəm”, “Təmiz eşqin” və s. mahnıları dillər əzbəridir. Hətta müəllifin sağlığında belə bu mahnıların bəzilərini müğənnilər təsnif kimi oxuyurdular. Əlbəttə, bu bir tərəfdən yaxşıydı, mahnısı sevilirdi, səslənirdi, digər tərəfdən haqsızlıq idi, müəllif kimi adı çəkilmirdi.

Musiqiyə, bəstəkarlığa məhəbbət Hacıbaba Həsənovu bütün ömrü boyu tərk etməmişdi. O, psixologiya üzrə elmlər namizədi olsa da (Hacıbaba Həsənov 12 dekabr 1956-cı ildə aspiranturaya qəbul olunmuş, 12 noyabr 1959-cu ildə oranı bitirmişdir – M.Ç.), uzun illər Azərbaycan Dövlət Pedaqoji İnstitutunda musiqi və nəğmə üzrə dərs demişdi. Tələbəsi Natiq Səfiyev “Müəllimim” adlı məqaləsində Hacıbaba Həsənovu yad edərək yazır:

“Hacıbaba Həsənov mənim müəllimim olub. APİ-nin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsində ibtidai sinifdə tədris edilən bütün fənlər üzrə dərslər keçirilirdi. Hesab, təbiətşünaslıq, bədən tərbiyəsi, əmək dərsləri ilə yanaşı, musiqi və nəğmədən də məşğələlərimiz olurdu. Burada hörmətli bəstəkarlarımız Şəfiqə Axundova və Hacıbaba Həsənov musiqi və nəğmə dərslərini tədris edirdilər. Bu məşğələləri biz səbirsizliklə gözləyərdik. O vaxt Hacıbaba Həsənovun mahnıları sevimli müğənnilərimiz tərəfindən həvəslə oxunurdu. Hacıbaba Həsənov çox sadə, diqqətcil, mehriban bir insan idi. O, hər kəslə elə davranırdı ki, onu öz yaxının və doğman hesab edirdin. O vaxt onun populyar mahnıları olan “Tarçalan oğlan”, “Xatirələr”, “Unuda bilmirəm”, “Eşqimin növrağı”nı sevə-sevə oxuyurduq. Az-çox səsim olduğundan o mənə deyərdi: “Natiq, sən mütləq oxumalısan, sənin gözəl səsin var”. Çox təəssüflənirəm ki, hörmətli müəllimimin sözlərinə qulaq asmadım. O, dərsləri elə maraqlı keçirdi ki, 90 dəqiqənin nə vaxt gəlib ötdüyünü belə hiss etməzdik” (N.Səfiyev. “Yadda qalan günlərim”, səh. 124 – 125).

Altmışıncı illərdə institutun rektorluğu onu çox sevdiyi musiqi və nəğmə fənninin tədrisindən ayırıb psixologiya kafedrasına baş müəllim təyin edir. Hər bir işə məsuliyyətlə yanaşan Hacıbaba müəllim üçün bu yeni təyinat ilk vaxtlar çox darıxdırıcı olur. Çünki o, musiqiyə köklənmiş beynini, qəlbini, məruzələrini indi də psixologiya üzrə kökləməliydi.

Hacıbaba Həsənov fəal şəxsiyyət idi. O, pedaqoji fəaliyyətlə, bəstəkarlıq etməklə yanaşı, APİ-nin “Təhsil” müəllimlər ansamblının da üzvü idi. Bu ansamblda kamança çalırdı. “Təhsil” ansamblının repertuarında onun mahnıları xüsusi yer tuturdu.

O, bir bəstəkar kimi şairlərdən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Novruz Gəncəli, Arif Cəfərov və başqaları ilə sənət dostluğu edirdi. Hacıbaba Həsənov duyub hiss etdiyi, onu təsirləndirən ovqatdan ilhamlanıb yazırdı. Buna görə də mahnıları sevilirdi. Onun ünvanı bəlli mahnıları da vardır. 1946-cı ildə hələ AMİ-nin V kurs tələbəsi olarkən dostu Novruz Gəncəlinin sözlərinə “Bənövşə” mahnısını yazmışdı. Bu mahnı o zaman Lenin adına kombinatın adlı-sanlı toxucusuna həsr olunmuşdu.

Hacıbaba Həsənov lap gənclik illərindən Novruz Gəncəli ilə dostluq edirmiş. O, tez-tez Əhmədliyə, Hacıbaba Həsənovgilə gəlirmiş. Bir dəfə təsadüfən Hacıbabagilə gələndə vaxtilə sevdiyi qızla qarşılaşır. Bu gözlənilməz görüşdən duyğulanan Novruz Gəncəli Hacıbabagilə gələn kimi “Unuda bilmirəm” adlı bir şeir yazıb dostuna verir və əhvalatı ona danışır.

Hacıbaba da bu əhvalatdan təsirlənib kamançasını götürüb həyətdəki tut ağacının altında sonralar dillər əzbəri olacaq “Unuda bilmirəm” mahnısını yazır:

Deyirlər ki, yoxdur sevgi, məhəbbət,
Bir-birinə qız-oğlan edir adət,
Doğrudan da, yoxsa saf eşq, məhəbbət,
Neyçin səni bəs unuda bilmirəm.

Görkəmli bəstəkar Ağabacı Rzayeva “Gözəl mahnılar” adlı məqaləsində Hacıbaba Həsənov haqqında yazırdı: “Yaxşı yadımdadır, 1953-cü ilin isti yay günlərindən biri idi. Azərbaycan Sovet Bəstəkarları İttifaqında yeni əsərlər müzakirə olunurdu. O vaxt bizim aramızda ortaboylu, gülərüzlü bir gənc də oturmuşdu. O, ifa olunan mahnılara çox diqqətlə qulaq asırdı. Onun musiqini yaxşı duyması hamının nəzərini cəlb etmişdi. Bir azdan sonra həmin gəncin yazdığı “Bənövşə” mahnısını dinlədik və bizim xoşumuza gəldi. Bu istedadlı gənc bir sıra şirin mahnıları ilə indi dinləyicilərin dərin rəğbətini qazanmış həvəskar bəstəkar, həkim Hacıbaba Həsənov idi. İndi o, “Yağma yağış”, “Tarçalan oğlan”, “Ellər gözləyir”, “Yanıma gələndə” və bir sıra başqa gözəl mahnıların müəllifidir.

Hacıbabanın mahnıları xalq tərəfindən məhəbbətlə dinlənilir. O, zəngin xalq musiqisinin rəngarəngliyinə diqqət yetirir və öz mahnılarında ondan bəhrələnir. Hacıbabanın “Bayatı-Şiraz” (“Bənövşə”), “Hümayun” (“Eşqimin növrağı”), “Şur” (“Xatirələr”) və sair muğamlar əsasında yazdığı mahnıları diqqətəlayiqdir. Bu mahnılarda gənc bəstəkar xalq musiqisindən yaxşı istifadə etmişdir.

Bəstəkarın yazdığı mahnılar mövzu etibarilə çox müxtəlifdir. Onun “Vətənim”, “Sənin gözlərin”, “Kitabxanaçı qız” (həyat yoldaşına həsr olunmuşdur – M.Ç.) və sair mahnılarının notları respublikamızın qəzet və jurnallarında dərc edilmişdir.

Hacıbaba gözəl mahnılarla yanaşı, süita da yazır. Onun dörd hissədən ibarət “Gənclik” süitası özfəaliyyət kollektivləri tərəfindən müvəffəqiyyətlə ifa olunur” (“Bakı” qəzeti,       15 avqust 1959-cu il).

Unudulmaz bəstəkarın sözlərində böyük həqiqət var. Poeziyaya aşiyan olan Hacıbaba Həsənov mahnıları üçün məzmunlu mətn seçməyi bacarırdı. Elə buna görə də onun mahnılarında poeziya ilə melodiya vəhdətdədir. Onun mahnıları dinləyiciyə zərif duyğular, bəşəri hisslər aşılayır.

Hacıbaba Həsənov operetta janrında da qələmini sınamışdır. O, dramaturq Məhərrəm Əlizadənin “Şeyx Rəhmətullah” komediyasına musiqi bəstələmişdir. Vaxtilə Xalq artisti Məlik Dadaşovun “Qaravəlli” xalq teatrında səhnəyə qoyduğu bu musiqili komediyanın “şirin və lirik melodiyaları” (A.Ağazadə) tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.

Bəstəkar bu uğurundan fərəhlənərək “Boyaqçı Kərim” adlı ikinci operettasını da yazmışdır. Vaxtilə hər iki əsər Azərbaycan televiziyası ilə nümayiş etdirilmişdir.

Hacıbaba Həsənovun şəxsi arxivində bəstəkarın öz əli ilə yazdığı bir dəftərçə də vardır. O bu dəftərçəyə mahnı və romanslarının, süitalarının, marşlarının adlarını, yaranma tarixini, janrını qeyd etmişdir. Bu qeydlərdən bəlli olur ki, Hacıbaba Həsənov ilk musiqi əsərini 1934-35-ci illərdə, lap gənc yaşlarında yazmışdır.

Bəstəkarın qızı Gülşən xanım atasının Üzeyir bəyin şəxsiyyətinə, musiqisinə sonsuz məhəbbət bəslədiyini, onun “Leyli və Məcnun”, “Koroğlu” operalarını əzbər bildiyini söyləyir. O, övladlarını da Üzeyir bəyin ölməz musiqisinin sədaları ilə tərbiyə edirmiş. Uşaqlarına Üzeyir bəyin ariya və romanslarını oxudub maqnitofon lentinə yazdırar, sonra qulaq asarmış.

Hacıbaba Həsənov gecələr işləməyi çox sevirmiş. Əvvəllər yazdığı musiqini nota başqası köçürürmüş, sonralar notu öyrənib bu vacib işi özü görürmüş. Mahnılarını royal arxasında oturub bəstələyər, sonra isə kamançada zümzümə edə-edə çalarmış. Pəsdən Məhəmməd Füzulinin

Ey gül, nə əcəb silsileyi-müşki-tərin var,
Vey sərv, nə xoş canalıcı işvələrin var,
mətləli qəzəlini oxumağı çox sevirmiş.

Həkim-bəstəkarın 150-yə qədər mahnı və romansının, süitasının heç də hamısı ifa olunmayıb. Onun musiqi irsi hələ də öz peşəkar tədqiqatçısını gözləyir.

Hacıbaba Həsənov ömrünün son bir ilini çox ağır keçirib. Xəstəlikləri düzgün təyin etməkdə çox mahir olan bu həkim-bəstəkar yarızarafat, yarıgerçək deyirmiş ki, özüm həkiməm, amma 12 dərdim var.

Bəstəkarın arxivində “İlahi, genişdir dərgahın sənin” adlı bir şeiri var, hiss olunur ki, bu motivdə mahnı bəstələmək fikrində imiş. O yazır:

Kainat sonsuz, ulduzlar saysız,
Hərlənib-fırlanır hər şey zamansız.
Günahkar insanlar gəzər məkansız,
İlahi, genişdir dərgahın sənin.    

... Qoy tanrı yar olsun bizə hər zaman,
Bəşərin övladı gətirsin iman.
Hacıbaba qulun da olmaz bədgüman,
İlahi, genişdir dərgahın sənin.

Unudulmaz bəstəkar 2 fevral 1997-ci ildə vəfat etmiş və doğulduğu Əhmədli kənd qəbiristanlığında dəfn olunmuşdur.

28 yanvar 2013-cü il

 





18.03.2013    çap et  çap et