525.Az

“Söz adamını uca tutmaq baxımından Azərbaycan digər türk dövlətlərindən irəlidədir”


 

“Söz adamını uca tutmaq baxımından Azərbaycan digər türk dövlətlərindən irəlidədir” Bugünlərdə Şəki şəhərinin 2700 və Azərbaycanın böyük ədibi Mirzə Fətəli Axundzadənin 200 illik yubiley tədbirlərində iştirak etmək üçün bir qrup türkiyəli qonaq Avrasiya Yazarlar Birliyinin xətti ilə ölkəmizdə səfərdə olub. Nümayəndə heyətinə daxil olan qələm adamlarından biri, Türkiyənin məşhur uşaq ədəbiyyatı yaradıcılarından yazıçı Hasan Kallimci də Şəkidə keçirilən silsilə tədbirlərdə iştirak edib. H. Kallimci 1949-cu ildə Sarayköydə dünyaya gəlib. Müəllim ixtisasına yiyələndikdən sonra Türkiyənin bir sıra bölgələrində müəllimlik edib, qardaş ölkənin  müxtəlif mətbu orqanlarında müxbir olub, həmçinin bəzi dövlət işlərində də çalışıb. 1994-cü ildən təqaüdə çıxan H. Kallimci həmin vaxtdan etibarən mütəmadi olaraq uşaq ədəbiyyatı nümunələrini qələmə almağa başlayıb. Uşaq və yeniyetmələr, gənclər üçün 100-dən artıq bədii əsərin, həmçinin ibtidai sinif şagirdləri üçün dərslik və nağıl kitablarının müəllifi olan yazıçı uşaq yazarı olmaq arzusunun haradan qaynaqlandığından söhbət açıb: “ Mən hələ gənc yaşlarımdan görürdüm ki, bizim uşaqlar kiçik vaxtlarından Avropa nağıllarını, avropalı yazıçıların  əsərlərini oxuyurlar: “Robinzon Kruzo”, “Don Kixot”, “Qırmızı papaq” və sairə. Əlbəttə uşaqlarımızın, yeniyetmələrimizn dünya ədəbiyyatı nümunələri ilə tanış olmaları vacibdir. Lakin bir türk övladı əvvəlcə öz milli keçmişinə bələd olmalıdır, öz tarixini, öz nağılını, öz dastanını, öz hekayəsini oxuyub sonra başqa xalqların əsərlərinə müraciət etməlidir. Dərinə varanda gördüm ki, bizim övladlarımız oxumaq üçün milli nağıllarımızı əslində tapmırlar, keçmişimizi, soykökümüzü anladan hekayələr, öykülər  az qala yox dərəcəsindədir. O zaman öz-özümə dedim ki, Hasan, bütün bunları eləmək sənin başlıca vəzifən olmalıdır. Müəllimlik etdiyin balalarımıza milli ruhumuzu tərənnüm edən əsərlər, nağıllar  yazmalısan. Beləcə, onlarla kitabım ərsəyə gəldi. İllər ərzində yorulmaq nə olduğunu bilmədən uşaq və yeniyetmələr üçün roman, dastan, hekayə, nağıl, mənzum əsərlər yazdım. “Metenin ağacı”, “Qoz ağacındakı yelləncək”, “Düşünmə otağı”, “Metenin şeirləri”, “Yeni bir gün”, “Balaca analar”, “Sevimli dostlar”, “Nənə xatun”, “Çinar ağacı”, “Sehirli heybə”, “Döyüşü kim qazanacaq”, “Keçəllə səyahət”, “Dünya sizlərə əmanət”, “Kiçik ovçu”, “Sehrli durbin”, “Qayadakı qurd” və digər bu kimi kitablarım ən müxtəlif mövzuları əhatə edir.  Türkiyə hökuməti də bu addımı yüksək qiymətləndirib, məktəblərdə əsərlərim uşaqlara tövsiyə olunur. Ölkənin demək olar ki, əksər böyük kitabxanalarında var, uşaqlar onları alıb oxuyurlar. İndi çox sevinirəm, illər əvvəl arzuladığım fikirlərimi həyata keçirmişəm. İndi türk balaları xarici ədəbiyyatla yanaşı türkün böyük tarixini, mədəniyyətini, dünyagörüşünü özündə ehtiva edən əsərlərə tanış olma imkanı qazanıblar. Bu işlərimi gələcəkdə davam etdirmək niyyətindəyəm”.  

H. Kallimci səfər təəssüratlarını “525-ci qəzet”in oxucuları ilə bölüşüb. Xoş və fərəhli təəssüratlar aldığını deyən yazıçı Azərbaycana ilk dəfə səfər etdiyini, bu səfərin həyatında böyük iz buraxdığını qeyd edib: “Hər bir türk kimi Azərbaycana səfər etmək ən böyük arzum olub. İlk dəfədir, Azərbaycana gəlirəm. O qədər sevindim və riqqətə gəldim ki, təyyarədən düşəndən sonra bu gözəl torpağı əyilib öpmüşəm. Azərbaycanın sovetlər dönəmində yaşadığı uzun illər ərzində bu ölkəni yalnız xəyallarımızda canlandırmışıq. Bilirdik ki, Azərbaycanda dili, dini bir qardaşlarımız yaşayır, lakin mövcud rejim səbəbindən onlara əlimiz çatmır, səsimiz yetmir. Bu da bizi çox üzürdü. Ona görə də Azərbaycanın müstəqillik qazanmasına ən azı sizin qədər sevinmişik. Təəssüf ki, indiyə qədər Azərbaycana gəlmək fürsətim olmayıb. Ancaq düşünürəm ki, bundan sonra da Allah buraya-ikinci vətənimizə gəlmək imkanını bizə nəsib edəcək. Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə səfər çərçivəsində Şəkidə Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə oldum. Dövlətiniz tərəfindən çox böyük peşəkarlıqla, nizamlı şəkildə böyük yazıçının xatirəsinə gözəl tədbirlər təşkil olunub. O tədbirlər iştirak elədikcə bir şeyə daha da əmin oldum ki, Azərbaycanda şairə, yazıçıya, bir sözlə, qələm əhlinə böyük hörmət, izzət, qayğı var. Azərbaycan dövləti, xalqı yazarlara az qala müqəddəs insan kimi yanaşır, onlara böyük dəyər verir. Azərbaycanın hər tərəfində, Bakıda ədiblərə qoyulan heykəllər, xatirələrinə əbədiləşdirən abidələr, keçirilən silsilə tədbirlər dediklərimə bariz sübutdur. Söz adamını uca tutmaq baxımından Azərbaycan digər türk dövlətlərindən, o cümlədən də Türkiyədən irəlidədir. Bu məni çox təsirləndirdi. Yazarını uca tutan bir dövlət mütləq gec-tez inkişafın ən yüksək pilləsinə qədəm qoyacaq. Buna ürəkdən inanıram”.

H. Kallimci Azərbaycan təbiətinə heyran olduğunu söhbətində xüsusi vurğulayıb: “Şəkiyə elə valeh oldum ki, inanın, imkanım olsa, ailəmlə birgə orada yaşamaq istərdim. Təbiətinin gözəlliyi, havasının təmizliyi, tarixi abidələri, tamamilə bir türk şəhəri olması, şirin ləhcəli insanlarının mehribanlığı dağlar qoynuna sığınmış Şəkini əbədi olaraq ürəyimə həkk etdi. Mən Şəkiyə heyranam. İndiyədək hər baxımdan belə gözəl olan bir şəhər  görməmişdim. Bakı da həmçinin. Çox gözəl şəhərdir. Mən Parisdə olmuşam, vallah, Parisin sadəcə adı var. Bakını daha çox bəyəndim. Tarixi abidələri, gözəl parkları, fontanları, şairlərə ucaltdığı heykəlləri ilə Bakı könlümdə özünəməxsus yer tutur. Bircə bütün böyük şəhərlərə xas olan nəqliyyat problemi də aradan qaldırılsa, yaxşı olar. Dəniz mənzərəsinə görə Bakı mənə İzmiri xatırlatdı. Şəhərinizdə böyük inkişaf prosesi gedir. Gələcəkdə Bakının Avropanın bir çox şəhərlərini gözəlliyinə, tərəqqisinə görə qabaqlayacağına inanıram”. Yazıçı gələcəkdə kitablarının Azərbaycanda tərcümə olunaraq uşaq və yeniyetmələr arasında yayılması arzusunda olduğunu da diqqətə çatdırıb. Sevinc MÜRVƏTQIZI       
 





27.09.2012    çap et  çap et