525.Az

Şəhid hərbçinin medalı oğluna təqdim olundu


 

Şəhid hərbçinin medalı oğluna təqdim olundu<b style="color:red"></b> Azərbaycan ordusunun şəhid olan hərbçisi Tağıyev Rahim Qara oğlunun ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailəsinə təqdim edilib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, Müdafiə Nazirliyinin nümayəndələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçinin xidmət etdiyi hərbi hissənin rəhbər şəxsləri və şəhər ictimaiyyətinin nümayəndələri əvvəlcə şəhid hərbi qulluqçu Rahim Tağıyevin ailə üzvləri ilə görüşüb, onun ruhuna dualar oxunub.
 
Mərasimdə şəhidin hərbçinin döyüş yoldaşları çıxış edərək Rahim Tağıyevin ən yaxşı döyüşçü olduğunu bildiriblər: “Rahim həmişə deyirdi ki, ölüm həmişə var, amma Vətən uğrunda ölmək böyük şərəfdir”.
 
Müdafiə Nazirliyinin əməkdaşı Nazim Əhmədov çıxış edərək Rahim Tağıyevin keçdiyi döyüş yolundan, Azərbaycan Ordusunun cəbhədəki uğurlarından danışıb, şəhidlərin qanının yerdə qalmayacağına və işğal altındakı torpaqlarımızın azad olunacağına inamını ifadə edib. Sonra Nazim Əhmədov hərbçi Rahim Tağıyevin ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı oğlu Nihad Tağıyevə təqdim edib.
 
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Rahim Tağıyev aprelin 2-də cəbhənin Tərtər-Ağdərə istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman yaralanıb. Həmin vaxtdan koma vəziyyətində olan tankçı Rahim Tağıyev iyulun 10-da yerləşdirildiyi hərbi hospitalda dünyasını dəyişib. Əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan və müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Tağıyevin nəşi ailəsinin istəyi ilə Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
 
Şəhid hərbçinin üç övladı var.
 





18.10.2016    çap et  çap et