525.Az

“Vətənə əsgər olaq!” devizli atıcılıq yarışına yekun vuruldu - Foto


 

“Vətənə əsgər olaq!” devizli atıcılıq yarışına yekun vuruldu - <b style="color:red">Foto</b>

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçən müdavimlər arasında təşkil etdiyi, kiçik çaplı silahdan güllə atıcılığı üzrə “Vətənə əsgər olaq!” devizli yarışa Bakı şəhər birinciliyi ilə yekun vurulub.

Xatırladaq ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılıb.

Komandalara namizədlər 8 gün ardıcıl davam edən seçmə yarışlar çərçivəsində müəyyən olunub. Cəmiyyətin Sabunçu, Xətai, Bakı şəhəri Nizami, Binəqədi və Nəsimi rayon 1 nömrəli filiallarının 300 nəfər müdavimi seçmə mərhələyə cəlb edilib və nəticədə ən yüksək atış qabiliyyətinə malik 5 nəfərlik tərkibdə yaradılıb 10 komandanın silahları Bakı şəhər birinciliyi uğrunda hədəfə tuşlanıb.

Cəmiyyətin sədri Şahvələd Əliyev yarışı açıq elan edərək, komandalara uğurlar diləyib və yarış finalının məhz 18 oktyabrda, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçən müdavimlər arasında və “Vətənə əsgər olaq!” devizi altında təşkilinin təsadüfi olmadığını, bu günün məhz vətənpərvərliklə müstəqilliyin vəhdət təşkil etdiyi gün olduğunu bildirib. Ş.Əliyev Cəmiyyətin həyata keçirdiyi işlərə toxunaraq qeyd edib ki, xüsusi hərbi və texniki ixtisaslar üzrə mütəxəssislərin hazırlığı ilə yanaşı hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması da qurumun fəaliyyətinin əsasıdır: “Belə yarışlar bizə imkan verir ki, müdavimlərimizin çağırışaqədərki hazırlıq səviyyəsini yoxlayaq və ordumuza töhfə verə biləcək ən sərrast atıcıları aşkara çıxaraq. O fikrinə əlavə edərək dedi ki, Cəmiyyət ordumuzun yaxın köməkçisidir və hərbi vətənpərvərliyin məktəbi funksiyasını daşıyır”.

Maraqlı mübarizə şəraitində keçən yarışda Cəmiyyətin Bakı şəhəri Nizami rayon filialının komandası 128 balla qalib gələrək Güllə atıcılığı üzrə Bakı şəhər birincisi adına layiq görülüb. Sabunçu rayon filialının komandası 124 balla 2-ci, Binəqədi rayon 1 nömrəli filialının komandası isə 123 balla 3-cü nəticə göstərib. Komandalara və ən yüksək bal toplamış komanda üzvlərinin şəxsi birinciliyində fərqlənən iştirakçılara Cəmiyyətin diplomu, medal və qiymətli hədiyyələr verilib.

Bundan əlavə Sabunçu rayon filialının müdavimi Seymur Zeynalov 300 nəfər müdavim arasında “ən sərrast atıcı” Fəxri diplomuna layiq görülüb.

CEYHUN

 





19.10.2016    çap et  çap et