525.Az

Şəhid adının ucalığı


 

Şəhid adının ucalığı<b style="color:red"></b>

Əmirsoltan ABDULLAYEV

Şəhid oğlum Aydının əziz xatirəsinə
                                           
Sən mənim ətirli baharım idin,
Varım, malu-mülküm, madarım idin,
Aydınım, ölümün belimi bükdü,
Sən mənim səbrimdin, qərarım idin,
Səbr-qərarımı apardı fələk.

Dərdin ürəyimi yandırıb-yaxır,
Göz yaşım qurumur, sel olub axır,
Dağ çəkir bağrıma yoxluğun, oğul,
Sən mənim xoş günüm-güzarım idin,
Xoş gün-güzarımı apardı fələk.

Dünyadan köçəndə ata-analar,
Onları məzara oğul aparar.
Səni ata qoydu məzara, əfsus,
Sən mənim qürurum, vüqarım idin,
Qürur-vüqarımı apardı fələk.

Kaş səni aparan məqamda əcəl
Məni aparaydı məzara əzəl.
Sən düşmən çəpəri - hasarım idin.
Əsdi qara yellər, acı bəxtinə
Söküb hasarımı apardı fələk.

Oğul, ayrılığın yamandır, yaman,
Bir Allah bilir ki, nə çəkir anan.
Deyir: - Sən tər gülüm, nübarım idin,
Ətrindən, tamından kama yetməmiş,
Alıb nübarımı apardı fələk.

lll

Aydın, ey qeyrətli, hünərli övlad,
Varlığım, həyatım, ürəyim oğul!
Aydın, ey qəhrəman şöhrətli övlad,
Ömrümün mənası, köməyim oğul!

Çəkdiyim zəhmətlər getmədi hədər,
Böyüdün, sən oldun bir şanlı əsgər!
Düşməni məhv edib göstərdin hünər,
Fəxrim, səadətim, gərəyim oğul!

Vətənin yolunda keçdin canından.
Keçdin varlığından, qızıl qanından.
Keçdin şəhidliyin imtahanından,
Sənə halal olsun çörəyim, oğul!

Torpağın, millətin çəkdin qeyrətin,
Hifz etdin namusun, arın, ismətin-
İçdin şəhadətin şirin şərbətin,
Behişti qazandın, mələyim oğul!

Səni itirəndən heç üzüm gülmür,
Rahat yuxu nədir - gözlərim bilmir,
Təsəllim bir budur: Şəhidlər ölmür,
Dirisən əbədi, diləyim oğul!

Kamil SƏRBƏNDİ

Şəhid Aydın Abdullayevi anarkən

Sən vətənin yolunda fəda etdin özünü,
Çıxarmaz yaddan əsla, ellər səni unutmaz.
Şücaətin əbədi qalar səndən nümunə,
Gələn yeni fəsillər, illər səni unutmaz.

Keçər əyyam, keçər vaxt, gedər qanlı zamanlar,
Gülər üzlər, ürəklər, qalmaz bu ah-amanlar,
Salar hörmətlə yada səni növrəs cavanlar,
Əlvan həna yaxılmış əllər səni unutmaz.

Etsən də dünyanı tərk ömrün bahar çağında,
Sevginin gəzməsən də xoş ətirli bağında,
Rəngbərəng güllər bitər bu vətən torpağında,
"Əfsus!" - deyib sızıldar, güllər səni unutmaz.

Sən olmasan da, hər vaxt seyr etdiyin çəmənlər,
Tər lalələr, süsənlər, ətirli yasəmənlər,
Mahnı qoşar adına xoş səsli nəğməzənlər,
Şırıl-şırıl bulaqlar, göllər səni unutmaz.

Şəhid oğlum, rahat yat, behişt olsun məzarın,
Nur ilə dolsun hər gün qəbrində dörd kənarın,
Atan Əmirsoltandır ölüncə qəmküsarın,
Ağlar, tökər gözündən sellər, səni unutmaz.

 





20.10.2016    çap et  çap et