525.Az

İlyas Əfəndiyevin romanlarında elat-tərəkəmə həyatının təsviri


 

XALQ YAZIÇISININ "GERİYƏ BAXMA, QOCA" VƏ "ÜÇATILAN" ROMANLARI ƏSASINDA

İlyas Əfəndiyevin romanlarında elat-tərəkəmə həyatının təsviri<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

"Alyanlı" obasında hamıdan çox sayılan bir adam vardı ki, onun adı Bağdad bəy idi.

Məlum deyildi ki, dünyanın qurtaracağında, bu qalın meşələrin, bu sıldırımlı dağların arasına "Bağdad" adı haradan gəlib çıxmışdı. Bağdada kim bəylik vermişdi? Ancaq onu da deyim ki, Bağdad bəylə rəiyyətin fərqi ancaq onda idi ki, onun (yəni Bağdad bəyin) içində su dəyirmanı olan "Damlıca" adlı bir mülkü vardı. Bağdad bəy də başqa kəndlilər kimi, patavalı çarıq geyib, uzuntüklü qoyun dərisindən başına papaq qoyardı, dəyirmanda şahıdı özü alardı, Damlıca mülkündəki torpaqları özü şumlardı, özü də qabağından yeməyən igid bir adam idi, mahalda ən yaxşı at onda olardı".

Tərəkəmə-elat camaatı əsasən primitiv istehsal vasitələrinə əsaslanan qapalı aqrar təsərrüfatdan əldə etdikləri məhsulları bazarda mübadilə etməklə öz həyatlarını davam etdirirlər. Bu təsərrüfatın özəyini isə heyvandarlıq məhsulları təşkil edir. Oba əhli mal-qoyundan əldə etdikləri yavanlığı - yağı, pendiri, ağartını, yunu, dərini və sair məhsulları şəhərə, bəzən də Şuşa qalasına aparıb sataraq özlərinə lazım olan əyr-əskiyi alıb gətirirlər.

Tərəkəmənin həyatı at belində keçir. Oba kişiləri qoyun otarır, mal-heyvana qulluq edir, alaçıq qurur, yazda köçü Haramıya, yayda yaylağa, payızda arana daşıyır. Qaranlıq gecələrdə mal-heyvanı canavardan, çaqqal-çuqqaldan, oğru basqınlarından qoruyur. Bəzən gecəni dirigözlü açır, gecə basqınları zamanı baş verən hadisələr çox vaxt onun şikəst olmasına, hətta həyatı bahasına başa gəlir. Lakin heç kəs bu həyatdan bezib-usanmır, başqa cür yaşamağın mümkünlüyünü də ağlına gətirmir.

Tərəkəmə-elat camaatında ailə münasibətləri də əsasən yazılmamış qanunlar əsasında tənzimlənir. Ailə qurarkən qarşılıqlı məhəbbətə üstünlük verilsə də, cavanlar daha çox böyüklərin məsləhəti ilə, bir çox hallarda da "hərə özünə bab" ailənin qızı ilə evlənməyə üstünlük verir. Lakin ailələr arasında qarşılıqlı razılıq əldə edilməyəndə isə qız qaçırmaq tərəkəmə həyatında adi hadisələrdən biri kimi qəbul edilir.

Romanda tərəkəmə-elat həyatının daha bir frazasına çevrilmiş qaçaqçılıq hərəkatına da geniş yer verilib. Əsərdə yazıçının göstərdiyi kimi qaçaqlar iki qrupa bölünür. Bunlardan bəziləri hakim sinfin haqsızlığına dözməyərək onlara üsyan edib qaçaq düşənlərdir. Onlar kasıb-kusuba sahib çıxan, xalqın malına tamah salmayan, elin-elatın namusunu qoruyan Qaçaq Nəbi, Qaçaq Xanmurad kimi xalq qəhrəmanlarıdır. Digər qrup qaçaqlar isə oğru-quldur, mənəviyyatca pozulmuş, yol kəsən, çapovulçuluq edən, ar-namus qanmayan düşkün insanlardır. Tərəkəmə camaatı Qaçaq Xanmurad kimi mərd insanları özləri hökumətin təqiblərindən qoruyur, onları ərzaqla, isti geyimlə, silah-sursatla təmin edir, yeri gələndə öz evlərində ən əziz adamları kimi qonaq da edirlər. Lakin yol kəsənlərə, çapovulçulara da boyun əymir, yeri gələndə onlarla axıracan döyüşürlər də.

"Geriyə baxma, qoca" maraqlı bir sonluqla bitir. Artıq yeni cəmiyyətin əsas tələblərinin ön sırasında oxumağın, yaxşı təhsil almağın dayandığını hamı dərk edir. Tərəkəmə-elat həyatının öz yerini oturaq həyata, çoban-çoluqluğun təhsilə, elmə verməyə məhkum olduğu bir həyat qanunu kimi səslənir. Elə əsərin qəhrəmanı balaca Murad da təhsilini davam etdirmək arzusu ilə alışıb-yanır. Oxucu isə qəhrəmanının sabahkı uğurlarına ürəkdən inanır.

"... Biz ibtidai məktəbin beşinci sinfini bitirəndən sonra Əvəzi atası apardı Bakıya ki, təhsilini orada davam etdirsin. Mən də çox istəyirdim ki, atam məni də Bakıya aparsın, mən də Əvəz kimi orda oxuyum, bizim balaca şəhərdə kimin imkanı vardısa, uşağını ibtidai məktəbi bitirəndən sonra aparıb Bakıda oxumağa qoyurdu. Ancaq atam məni aparmadı. Başa düşdüm ki, məni Bakıda oxutmağa atamın gücü çatmır. Ona görə də çox məyus olub dinmədim. Əvəzdən ayrılmağım da mənə yaman təsir elədi. Biz söz verdik ki, bir-birimizə məktub yazaq.

... Mən şəhərimizdə iki dərəcəli məktəbə daxil oldum".              

İlyas Əfəndiyevin tərəkəmə-elat həyatının geniş şəkildə təsvir edildiyi romanlarından biri də "Üçatılan"dır. "Üçatılan" romanını "Geriyə baxma, qoca"nın davamı da hesab etmək olar. Çünki "Geriyə baxma, qoca"dakı əksər obrazlar "Üçatılan"da da iştirak edirlər.

"Üçatılan"da hadisələr birinci şəxsin dilindən, yazıçı təhkiyəsi ilə davam edir. Yenə də hadisələrin cərəyan etdiyi əsas məkan Kürdobadır. Romanın əsas qəhrəmanı isə kürdobalı çoban Ərşaddır. Əsərin girişində yazıçı olduqca yığcam fikirlərlə çoban Ərşadın bitkin obrazını təqdim edir.

"Hərdən kürdobalı qohumlarımıza qonaq getsək də, biz uşaqlar Ərşadı görməmişdik, çünki o həmişə qoyun sürüsünün dalında olurdu. Anam deyirdi ki, Ərşad hər dəfə qoyun kəsib soyanda isti-isti çiy quyruq yeyir, mən isə, lap ləzzətli xörəkdə də bir tikə quyruq yeyə bilməzdim. Sonra anam danışırdı ki, "bəlgə davası"nda heç kəs Ərşadın qabağında dura bilməz. Sonra onu da eşitmişdim ki, Ərşad yaman həməyir gecə oğrusudur".

Əsərin "Üçatılan" adlandırılması simvolik bir məna daşıyır. Ərşadın atası Arazın o tayındandır. O tayda Rəhim xanın bacısı oğlunu obada əlsiz-ayaqsız bir kasıbın qızının namusuna sataşdığı üçün öldürüb bu taya - Kürdobaya pənah gətirir. Kürdobanın sayılıb-seçilən kişilərindən olan Bayram bəyin qardaşı Eyvaz kişi onu himayəsi altına alaraq sonradan bacısı Tavadı da ona ərə verir.

Üçatılan Ərşadın əmisi Qaçaq Kərbəlayı Əsəddən yadigar qalmış köhnə bir silahdı. Bu silah həmişə haqsıza tərəf çevrilib. Əmisi öldürüləndən illər sonrası üçatılana sahib olmuş çoban Ərşad tərəkəmə-elat mühitində böyümüş, bu mühitin bütün yaşam qaydalarına bələd olan və bu ənənələri özü üçün dəyişməz qanun sayan qorxubilməz, sözündən dönməz, heyvandarlığı özünə peşə seçmiş bir cavandır. Həyatı çöldə-bacada keçən, yağışlı-qarlı havalarda qoyunun qırağında olan Ərşadı təbiət özü kimi sərt yetişdirib. Ərşad hələ uşaq yaşlarından ətrafdakılardan eşidib-öyrənib ki, əmisi Qaçaq Kərbəlayı Əsəd Qaçaq Nəbi, Qaçaq Süleyman kimi igidlikdə, səxavətdə eldə-obada ad almış bir kişi olmuşdu. Kasıb-kusubun haqqını qoruyan Qaçaq Kərbəlayı Əsəd bu üçatılanla çox azğının, xalqa zülm edənin qanını tökmüşdü. Bütün bu tarixi yaxşı bilən Ərşad üçatılanı göz bəbəyi kimi qoruyur, ən çətin günlərində ondan mənəvi güc alır, bu silahla neçə düşməninin qanını tökür, üçatılan yanında olanda heç nədən qorxub-çəkinmir.

"Üçatılan" romanındakı hadisələr "Geriyə baxma, qoca"dakı hadisələrdən bir qədər sonrakı zaman kəsiyini - çarizmin devrilməsindən sonrakı dönəmi - Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması və az sonra onun süqutu, bolşeviklərin hakimiyyət başına gəlməsi ilə köhnə sistemin, eləcə də əski mülkiyyət münasibətlərinin dağıldığı illəri əhatə edir.

"İstər "Geriyə baxma, qoca", istərsə də "Üçatılan" təsdiq edirdi ki, İ.Əfəndiyev o dövrün kənd həyatını, xüsusən tərəkəmə obalarının məişətini, milli adət-ənənələrini, adamların psixologiyasını yaxşı bilir".

Kürdobalılar böyük var-dövlət, mal-qoyun sahibləri olsalar da, sadə həyat tərzi keçirirlər, dəbdəbəli həyatdan uzaqdırlar, müasir evlər tikmirlər, qara damlarda yaşayırlar. Varlı ailələrin çoban-çoluqları, qulluqçuları olsa da, dövlətli kişilər, eləcə də onların ailə-uşaqları mal-heyvanı nökər-naibin umuduna buraxmır, var-dövləti sahibsiz qoymur, elat-tərəkəmə həyatının heç bir çətinliyindən özlərini kənar tutmurlar.

Hadisələrin əsas gedişi çoban Ərşadın neçə vaxtdan bəri gözaltı etdiyi dayısı Eyvazın qızı Sərvinazın Hacı Tanrıverdinin oğlu Nuruya nişanlanmasını eşitdikdən sonra dəli kimi çılğınlaşmasından, qızı ələ keçirmək üçün hər cür hiyləyə, kələyə əl atmasından, bu istiqamətdə apardığı mübarizədən və bu müstəvidə Kürdobada yaşanan digər hadisələrdən cərəyan edir.

Çoban Ərşad igidliyinə, qorxmazlığına baxmayaraq oğrudur, ancaq namərd deyil, kasıb-kusubun malına toxunan deyil. O, öz məqsədinə çatmaq üçün hər cür cinayətə əl atmaqdan belə çəkinmir. Sərvinazın nişanı üçün dayısıgilə gətirilən erkəkləri gecəylə tövlənin qapısını sındıraraq oğurlayıb aparıb oğlan evinin ağlına salır. Ərşad qorxmaz olduğu qədər də hiyləgərdi. O, yaxşı bilir ki tərəkəmələrdə nişan gətirilən heyvanın sahibinin qapısına qaytarılması bağışlanılmaz düşmənçilik sayılır və bunun əvəzi mütləq qaytarılır. Hər iki tərəfin səbirli davranışı Ərşadın planını pozduğundan, o, bu hərəkətini təkrar etməkdən çəkinib, usanmır. Sirri faş olanda isə bacısı Narıngüllə dayısına açıq şəkildə xəbər göndərir ki, əgər Sərvinazı ona verməsə özündən küssün.

"- Səhərin gözü açılan kimi gedib Eyvaz dayıma deyərsən: Ərşad anamızın goruna and içib ki, əgər Sərvinazı mənə verməyib, Hacı Tanrıverdinin oğluna versə, dayımı da, Hacı Tanrıverdinin oğlunu da öldürüb qaçaq olacağam!".

Eyvaz kişi dünyagörmüş, tədbirli və olduqca bic adam olduğundan, Ərşadın da xasiyyətini yaxşı bildiyindən ehtiyatlı davranaraq ikibaşlı oyun oynamağa üstünlük verir. Üzdə qızı Sərvinazı Hacı Tanrıverdinin oğlu Nuruya versə də, dalda da Ərşada gözləməyi tapşırır.

Ərşadın rəqibi Nuru tərəkəmə həyatında böyüsə də, açıq fikirli, təmiz qəlbli bir cavandır. Bakıda ali məktəbdə təhsil alan Nuru ölkədə baş verən ictimai-siyasi proseslərdən, xalqı gözləyən təhlükələrdən ağıllı nəticə çıxarmağı bacarır, atasını və yaxınlarını sabah onları gözləyəcək bəlalardan da xəbərdar edir. Lakin ətrafındakılar köhnə fikirli, savadsız və özlərindən müştəbeh olduqlarından onun dediklərini ciddiyə alan olmur.

"Ancaq Hacı dağdan ağır adam olsa da, içəridən sakit ola bilmirdi. Hacı istəyirdi ki, Kərbəlayı İbixanın nəsli kimi cins nəsillə qohum olsun. İndi əyyam başqadır. Bir də gördün Nuru Bakıdan bir "matışka" götürüb gəldi, ya da bir mərdimazarın qızından yapışıb Hacının sümüyünü it sümüyünə caladı...".

(Ardı var)

İlham MƏMMƏDLİ
filologiya üzrə fəlsəfə doktoru

 





20.10.2016    çap et  çap et