525.Az

Bir səmtə dayanacaqsız bilet - (şeir)


 

Bir səmtə dayanacaqsız bilet - <b style="color:red">(şeir)</b>

Ömür birbaşa alınmış
Sərnişin biletidi.
Dayanacaqsız-filansız.
Yalanlı, yalansız
fərqi yoxdu...
İstidi, soyuqdu
fərqi yoxdu...
Harda mənzili başa vuracaq,
Harda duracaq,
Harda Allah
ümidinin ipini qıracaq.
bilmir, bilmir, bilmir...
İnsan ruhu boyda enerjidi,
ölmür, dirilmir...
Gedir, geri gəlmir,
Yəqin başqa bir işi də var.
Bu enerjinin
Şəklini dəyişmək
vərdişi də var.
Ruh Allahın nəfəsindəndi,
Yaradanın səsindəndi.
Ruhun dini
dili,
milliyyəti yoxdu.
Ölməzliyi var,
yolundan dönməzliyi var,
Amma bəd niyyəti yoxdu,
yaşı çoxdu,
yaddaşı yoxdu.
Yaddaşı olsa,
yolu yadında saxlardı..
Gözü olsa,
göz yaşı olsa
ağlardı.
Ya geri qayıdardı,
Ya da yarı yolda düşüb
qalardı.
Bileti də bir tərəfədi,
olacağa qədər.
Təzə yola, təzə oda,
təzə ocağa qədər.
Ona görə gedir
Buluddan gələn yağış damlası kimi,
Uzaqda çaxan ildırım səsi kimi.
Ürəyinin içindəki
Sinəni döyən qaçmaq həvəsi kimi.
Kipriklərindən özünü atan
Məhəbbət qəmi, qüssəsi kimi...
Şam kimi yanıb
əriyib gilə-gilə gedirsən
Səpilə-səpilə, dağıla-dağıla
Getdiyini özün bilə-bilə gedirsən...
Bir dəfə də özündən soruşmursan
hara belə gedirsən...
Sənə bu bileti kim satıb?
Səni kim atıb güllə kimi,
hansı hədəfə?
Sonra hara atılacaqsan,
gələn dəfə?

lll

Yerdə qoyub getdiyin
Məzarlar ayaq izindi,
Yer üzündə
yaxşı yaman
Tikilən, dağılan, yanan
Hər nə var sənin izindi.
Bütün səslənənlər sənin səsin,
bütün deyilənlər sənin sözün,
bütün görünənlər sənin üzündü.
Ən kiçik də sənsən,
Ən böyük də sənsən
Ən yüngül olan da sənsən
Ən ağır yük də sənsən.
Allahın ayağına kimi
ucala bilərsən.
Yerin nüvəsinə kimi
alçala bilərsən.
Ucalıb kainatı gəzə bilərsən
Alçalıb yerin nüvəsindəki
Cəhənnəmdə qala bilərsən
Orda da yanıb, yaxılıb,
özünə bir yol açacaqsan.
Sən enerjisən
ordan da qaçacaqsan.
Hər tikilən saray,
hər qaralan daxma sənindi.
Dağıtma, yıxma
yandırma, yaxma sənindir.
Bütün gözəl yaranmışlar
Əcdadının əl işidi.
Keçmişin bu günə gəlişidi.
Bütün gözəlliklərdə
Allahdan bir zərrə var.
Allah haqdı,
Haqdan bir zərrə var,
Ona qıymayın.
Dünyanı Allahsız qoymayın.
Bu gün
vuran, yıxan,
yandıran, yaxan,
Tökdüyü qanlara,
öldürdüyü insanlara,
aldığı canlara
fərəhlə baxanlar
Siz qədim qəddar ruhlara nökərsiniz.
Korsunuz, karsınız,
ayılın, oyanın,
kainatda yer kürəsi adlı
yaşıl adadı yanan,
yox ola bilər bu ada.
Üçüncü dünya müharibəsinin
Qoxusu var havada...
Qorxusu var dünyada...
Oyanın, dayanın!
Dayanın! Dayanın!
Keçmişə, gələcəyə boylanın!
Bütün gözəlliklərdə
Allahın adı var.
Hər yaradanın
Allah adlı bir ustadı var.
O bileti sənə verən də Allahdı.
Qəsdən göstərməyib
düşəcəyin yeri,
dayanacağın vaxtı.
Axı qiyamət sözü,
özü də bir vaxtdı.

18.10.2016

 





20.10.2016    çap et  çap et