525.Az

Prezident prinsipial mövqe nümayiş etdirdi


 

AYDIN MİRZƏZADƏ: "ƏGƏR ERMƏNİSTAN BU TƏKLİFİ QƏBUL EDƏCƏKSƏ, AZƏRBAYCAN GƏLƏCƏKDƏ DAĞLIQ QARABAĞIN İNKİŞAFINA SƏRMAYƏ QOYACAQ, ƏHALİNİN SOSİAL-İQTİSADİ VƏZİYYƏTİNİ YAXŞILAŞDIRACAQ"

Prezident prinsipial mövqe nümayiş etdirdi<b style="color:red"></b>

Prezident İlham Əliyev Rusiyanın "Sputnik" Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm mesajlar verib.

Dövlət başçısı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə problemin həlli istiqamətində aparılan danışıqlarda bir sıra məsələlərdə Azərbaycanın Ermənistana kompromislərini açıqlayıb. İlham Əliyev Dağlıq Qarabağda yerli özünüidarəçilik məsələsində güzəştin mümkünlüyündən danışıb: "Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər". Prezident onu da vurğulayıb ki, Dağlıq Qarabağa veriləcək ən yüksək status Azərbaycanın ərazi bütövlüyünün qorunması prinsipinə uyğun olmalıdır. Bir sözlə rəsmi Bakı torpaqlarının bir qarışını belə heç kəsə güzəştə getmək fikrində deyil.

Prezidentin bu fikirləri son günlər ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistan-Azərbyacan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində vasitəçilik missiyasını həyata keçirən dövlətlərin bəzi rəsmi şəxslərinin verdiyi bəyanatlara da cavab xarakteri daşıyır.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya prezidentinin köməkçisi Yuri Uşak tərəfindən bir-birinə zidd açıqlamalar səsləndirilmişdi. Əgər M.Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tezliklə irəliləyişlərin ola biləcəyini, hətta ətraf rayonlardan 5-nin geri qaytarılma ehtimalının çox yüksək olduğunu bəyan etmişdisə, bunun üzərindən bir neçə saat keçməmiş Y.Uşakov öz açıqlamasında dolayısı ilə belə bir irəliləyişin mümkünlüyünü inkar etmişdi. Lakin sonradan rəsmi Bakının məsələylə bağlı Rusiyanın mövqeyindən narahatlığı Kremlin öz fikirlərində müəyyən korrektələr etməyə vadar etmişdi. Nəticədə, Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlamasında münaqişənin nizamlanması istiqamətində Moskva ilə Ankaranın birgə əməkdaşlığının mümkünlüyünü qeyd edib və belə bir fəaliyyətin problemin həllinə mümkün töhfələrindən danışıb.

Hazırda ortada Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş təklif var. Ən böyük sual isə işğalçı Ermənistan prezidentinin bu təkliflərə cavabıdır: Serj Sarkisyan Dağlıq Qarabağa ən yüksək statuslu muxtariyyatın verilməsi təklifinə razılıq verib konstruktiv danışıqlar prosesinə qoşulacaqmı? Yoxsa, əvvəlki mövqeyindən əl çəkməyib regionda müharibə riskini artıracaq?

Əlbəttə ki, bu sualın cavabı ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını öz üzərinə götürən dövlətlərin mövqeyindən də asılıdır. İstənilən halda nə Rusiya, nə ABŞ, nə də Fransa Cənubi Qafqazda müharibənin baş verməsində maraqlı deyil. Ona görə də, böyük dövlətlər Ermənistana təsir edib problemin ədalətli həllinə nail olmalıdır. Əks halda regionda müharibə qaçılmazdır.

Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə "525"ə bildirib ki, ortada Azərbaycanın prinsipial mövqeyi var: "Bu mövqe Azərbaycanın suveren hüquqlarına söykənir: Azərbaycan müstəqil dövlətdir, onun ərazi bütövlüyü, sərhəd toxunulmazlığı var və qonşu dövlətlər Azərbaycanla beynəlxalq hüquq normalarına uyğun hərəkət etməlidir. Ermənistan isə torpaqlarımızın bir hissəsini işğal edib. Azərbaycan isə Ermənistanı qəti şəkildə işğala son qoymağa çağırır".

Deputat qeyd edib ki, Azərbaycan ikinci dəfə öz ərazilərində erməni dövlətinin yaranmasına imkan verməyəcək: "Bir dəfə bizim torpaqlarda Ermənistan adlı dövlət yaranıb. İndi isə taleyimiz öz əlimizdə olduğu halda biz buna imkan verməyəcəyik".

A.Mirzəzadənin sözlərinə görə, erməni icmasının Azərbaycan ərazilərinin birində kompakt şəkildə yaşadığını nəzərə alaraq onlara dünyada mövcud olan ən yüksək muxtariyyat statusu verilə bilər: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmin ərazilər "Muxtar Respublika" adlana bilər. Muxtariyyatın respublikadan fərqi isə ondan ibarətdir ki, xarici siyasət, müdafiə və maliyyə məsələlərindən başqa bütün məsələləri həll etməkdə müstəqildir. Necə ki, biz bunu Naxçıvan Muxtar Respublikasında görürük, eləcə də Dağlıq Qarabağ bölgəsində də görə bilərik. Hətta Dağlıq Qarabağa Naxçıvandan daha yüksək status verilə bilər. Eyni zamanda, digər məsələlər də nəzərdən keçirilə bilər".

Deputat bildirib ki, təklif Ermənistan rəhbərliyinin masası üzərindədir: "Əgər Ermənistan bu təklifi qəbul edəcəksə, əbəttə ki, Azərbaycan gələcəkdə Dağlıq Qarabağın inkişafına sərmayə qoyacaq, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq, hətta Ermənistanın özü ilə ticari əməkdaşlıq əlaqələri qura biləcək. İşğalçı ölkə rəhbərliyi bu təklifi qəbul etməsə, o zaman Azərbaycan öz suveren hüquqlarından istifadə edərək istənilən yolla torpaqlarını geri qaytaracaq. Azərbaycan bir daha qəti şəkildə bunu bildirib. Bu mesaj Ermənistana yaxın olan bir ölkənin aparıcı kütləvi informasiya vasitəsində verilib. Ona görə də, hesab edirəm ki, Ermənistan özünün gələcək taleyi barəsində ciddi şəkildə düşünməlidir".

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirib ki, prezident İlham Əliyev Azərbaycanın edə biləcəyi ən böyük kompromisi açıqlayıb: "Rəsmi Bakının kompromis limiti bura qədərdir. Dövlət başçısı Dağlıq Qarabağa ən yüksək səviyyədə status verməyə hazır olduğunu bəyan edib. Bundan artığını etməyə Azərbaycanın imkanı yoxdur".

Politoloq qeyd edib ki, Azərbaycan prezidentinin bu təklifi Dağlıq Qarabağ ermənilərini tam qane etməlidir: "Çünki bu bölgəyə Muxtar Respublika statusu verildikdən sonra oranın əhalisi özünüidarə hüququ qazanır. Bununla Dağlıq Qarabağ erməniləri öz müqəddəratlarını Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təyin edə biləcəklər".

Ermənistan rəhbərliyinin bu təkliflərə reaksiyasını proqnozlaşdırmağın çətin olduğunu deyən Q.Hüseynli hesab edir ki, hər halda işğalçı ölkə rəhbərliyi gələcəyi görə bilsələr, bu təklifə razı olmalıdırlar: "Əks halda Ermənistanı böyük fəlakət gözləyir".

Politoloq Cümşüd Nuriyev də hesab edir ki, Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin "Sputnik" agentliyinə müsahibəsində Dağlıq Qarabağa Muxtar Respublika statusunun verilməsi ilə bağlı səsləndirdiyi fikirləri dəyərləndirməlidir. O SİA-ya bildirib ki, Azərbaycan bundan artıq güzəşt edə bilməz. Ölkə başçısının Ermənistana yüksək status təklif etdiyini dilə gətirən politoloq söyləyib ki, əks halda aprel hadisələri təkrarlana bilər: "Bildiyiniz kimi Dağlıq Qarabağın statusu 1991-ci ilin noyabrın 26-da ləğv olunub və bu günə qədər hər hansı bir statusu yoxdur. Bu baxımdan ermənilər bunu qəbul etsə daha yaxşı olar. Azərbaycan prezidenti eyni zamanda onların hüquqlarının Azərbaycan tərəfindən qorunması məsələsini də gündəmə gətirib. Ermənistana bundan artıq nə lazımdır?"

Lakin Ermənistanın bu təklifi qəbul etməsə, bu, onların növbəti faciəsinin başlanğıcı ola bilər. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək hüququnu özündə saxladığı üçün növbəti aprel hadisəsinin baş verməsi istisna edilmir. Növbəti aprel hadisələrinin təkrarı düşmən ölkəni çökdürəcək".

Bundan başqa ölkə başçısının da bəyan etdiyi kimi, dünya Dağlıq Qarabağın işğal altında saxlanmasının Ermənistanın və onu dəstəkləyən dövlətlərin planı olduğunu bilir. Lakin Azərbaycanın da son 10 ildə apardığı xarici siyasət kifayət qədər ağıllı və dərrakəlidir. Artıq Azərbaycan bir dövlət kimi öz xarici siyasətində 3 əsas funksiyanı  işə salıb. Uzun illik dövlət təcrübəsi olan liderlər 25 illik dövlət təcrübəsi olan Azərbaycanın bu cür ağıllı addımlar atacağını gözləmirdilər. Azərbaycan Prezidenti İlham Əliyevin bu fikirlərini çox ağıllı, uzaqgörən və həddən artıq  düşünülmüş siyasət hesab edirəm. Bundan ağıllı variant düşünmək mümkün deyildi. İndiyədək Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə hay-küy salan dünya dövlətləri eləcə də beynəlxalq təşkilatlar ölkə başçısının bu təklifini dəyərləndirməlidirlər. Bu, ümumi işin xeyrinə olmaqla yanaşı, həm dünyadakı daha bir münaqişə ocağının sönməsinə, eləcə də qan tökülmədən ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına səbəb olacaq. Ölkə başçısının təklifi problemin həllində ən real variantdır".    

Politoloq əlavə edib ki, Dağlıq Qarabağa Muxtar Respublika statusunun verilməsi ilə Azərbaycan Konstitusiyası pozulmur: "Çünki Konstitusiyanın 139-cu maddəsində Naxçıvan Muxtar Respublikasına dövlət qurumu statusu verilib, eyni status Dağlıq Qarabağa da verilə bilər. Konstitusiyanın 1-ci maddəsində də göstərilib ki,  Azərbaycan unitar dövlətdir və ölkəmizin federallaşması da gündəmə gəlmir".

Ceyhun ABASOV

 





20.10.2016    çap et  çap et