525.Az

Gənclər ictimai-siyasi arenada aparıcı qüvvə kimi


 

BMT SİVİLİZASİYALAR ALYANSININ VII QLOBAL FORUMU: AZƏRBAYCAN MULTİKULTURALİZMİ DÜNYADA MÜTƏRƏQQİ MODEL KİMİ QƏBUL OLUNUR

Gənclər ictimai-siyasi arenada aparıcı qüvvə kimi <b style="color:red"></b>

Aprelin 25-27-də Bakıda "İnkluziv cəmiyyətlərdə birgə yaşayış: çağırış və məqsəd" devizi altında keçirilən BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumu sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq, davamlı inkişafın təşviqinə yönələn mötəbər qlobal platformadır.
 
Bu tədbir milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülhü təhdid edən halların aradan qaldırılması, eləcə də bəşəri əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyır.
 
Dövlətimiz bu forum vasitəsilə bəşəriyyəti multikulturalizmin Azərbaycan modeli ilə tanış edib, sivilizasiyaları birgəyaşayışa çağırıb. 

Gənclər: keçmişlə gələcək arasında körpü  

Mövzu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, forumun təşkilat komitəsinin katibi Vasif Eyvazzadə "525"ə bildirib ki, bu tədbir mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi və bu istiqamətdə yeni addımların atılması baxımından mühüm rol oynayıb:
 
"Forum çərçivəsində keçirilən "Gənclər tədbiri"ndə 150 ölkədən 200-dək gənc iştirak edib. Gənclər forumunun açılış mərasimində  BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva, mədəniyyət və turizm naziri, forumun təşkilat komitəsinin sədri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimovun iştirakı gənclər forumuna göstərilən böyük diqqətin bariz nümunəsidir. Bunlarla yanaşı, Gənclər Forumunda beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər, xarici və yerli gənclər təşkilatlarının rəhbərləri, təmsilçiləri müxtəlif mövzuları əhatə edən 10-dək sessiya və mədəni tədbirlərdə müzakirələr apararaq, gənclərin sivilizasiyalararası münasibətlərin inkişafında oynadığı vacib rolu qeyd ediblər. Paralel olaraq forumun yüksək səviyyədə təşkil olunmasında 300-dən çox gənc könüllünün iştirakı xüsusi vurğulanmalıdır". 

"Forum bitsə də, iştirakçı gənclər birgə layihələr üzərində çalışmaqdadırlar"

Nazirlik rəsmisi hesab edir ki, gənclər keçmişlə gələcək arasında körpü nəslidir:
 
"Onlar sivilizasiyalararası münasibətlərin biləvasitə iştirakçısı kimi bu prosesdə olduqca aktiv rol oynayırlar. İnklüziv cəmiyyətlərin formalaşmasında da gənclər əsas fiqur kimi iştirak edirlər və bu cəmiyyətlərin formalaşması gənclərin iştirakı olmadan qeyri-mümkündür. Gənclərin bu istiqamətdə aktivliyini artırmaq üçün lazımi şərait yaradılmalıdır.

Gənclər forumu ilə yanaşı BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumundakı müzakirələrdə gənclərin aktivliyi onlar arasında şəbəkələşmənin formalaşması, yeni ideyaların yaranması baxımından müsbət sayılır.

150-dən çox dövləti təmsil edən gəncin bir araya gəlməsi multikultural dəyərlərin inkişafı, yeni layihələrin həyata keçirilməsi üçün açar rolunu oynaya bilər. Əminəm ki, forum bitsə də iştirakçı gənclər birgə layihələr üzərində çalışmaqdadırlar. Yaranmış şəbəkələşmə isə dünya sülhünə nail olmaq üçün vacib amildir". 

"Forum Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsirsiz ötüşməyəcək"

"Forumu siyasi, mədəni, sosial və iqtisadi aspektlərdən qiymətləndirmək olar. Beynəlxalq tədbir Azərbaycan prezidenti İlham Əliyevin dəstəyi və iştirakı ilə keçirilib. Bu amil ölkə rəhbərliyinin sivilizasiyalararası, mədəniyyətlərarası münasibətlərin inkişafına, habelə ekstremizmə və terrorizmə qarşı mübarizədə bütün vasitələrdən istifadə edilməsinə yüksək marağını göstərir" - V.Eyvazzadə bildirib.

"Ölkə başçısının təşəbbüsü ilə 2008-ci ildən "Bakı Prosesi" təşəbbüsü həyata keçirilir və bu qlobal təşəbbüs çərçivəsində iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları ölkəmizdə təşkil edilir. 2016-cı ilin "Multikulturalizm ili" elan olunması isə daha bir nümunədir.

Forumun ən böyük siyasi nəticələrindən biri Bakı bəyannaməsinin qəbul edilməsi olub. Ermənistanın qeyri-konstruktiv mövqeyinə baxmayaraq bəyannamə qəbul edilib.

Dünyanın əksər ölkələrinin yüksək səviyyədə iştirakı Azərbaycanın sivilizasiyalar arasında körpü rolunu oynadığını bir daha bəyan etməsində böyük rol oynamış oldu. Forumun Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsirsiz ötüşməyəcəyi aydındır. Dünya yenə bir tərəfdə multikultural dəyərləri əsas tutan Azərbaycanın, digər tərəfdə monoetnik, bölgədə multikulturalizmə və sülhə hədə yaradan Ermənistanın dayandığını gördü. 

"Papanın Azərbaycan səfəri dünyaya mesajdır" 

Roma Papası I Fransiskin Azərbaycana səfərini müstəqil, ədalətli siyasətimizin nəticəsi olduğunu nəzərə çatdıran şöbə müdiri bildirib ki, bu səfər ölkəmizin timsalında tarixi multikulturalizm modelinin bütün dünyada qəbul edildiyinin sübutudur.

Papanın Bakıdakı katolik icma üçün messa-dini mərasim keçirməsi, prezident İlham Əliyevlə birgə çıxışı, dini icma başçıları ilə görüşü də multikultural mühitdə yaşayışın mümkünlüyü və təcrübəsi barədə dünyaya mesajdır. Dünyanın əksər regionlarında faşizm, antisemitizm, şovinizm, milli-dini qarşıdurma halları artmaqdadır. Azərbaycanın samilli-dinidözümlülük, tolerantlıq modeli dünyaya nümunədir" -o qeyd edib.

"Gənclər inklüziv cəmiyyətin formalaşdırılmasında əsas fiqurlardır" 

"Düşüncə" İctimai Birliyinin sədri, siyasi ekspert Emil Hüseynli hesab edir ki, düşünülmüş gənclər siyasəti nəticəsində ölkənin kreativ düşüncəli, aktiv gənclər ordusu yetişib:
 
"Bu gənclər Azərbaycanın ictimai-siyasi işlərində də aktiv iştirak edirlər.  Təsadüfi deyil ki, Bakıda keçirilən beynəlxalq forumlarda gənclərlə bağlı panel müzakirələr aparılır.

Gənclər inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində görülən işlər baxımından əsas fiqurlardır".

Ekspertin fikrincə, son on ildə dünyada, eləcə də Azərbaycanda gənclər təşkilatlarının fəallığı xeyli artıb:

"Forumda sülh şəraitində və inklüziv cəmiyyətlərdə yaşamağın üstünlükləri, gənclərin liderlik bacarıqlarını göstərməsi, onların mədəniyyətlərarası dialoqa verə biləcəkləri töhfələr baxımından çox önəmli məsələlər müzakirə edilib. Bu cür beynəlxalq forumların keçirilməsi mədəniyyətlərarası, sivilizasiyalararası dialoq, təhsil, əməkdaşlıq kimi konkret hədəflərə istiqamətlənib.

Gənclərin təşəbbüsləri dəstəklənməsə, onların fəaliyyəti üçün əlverişli şərait yaradılmasa inklüziv cəmiyyət formalaşdırmaq mümkün deyil.
 
Belə olan halda onların mədəniyyətlərarası, sivilizasiyalararası dialoqa verə biləcəyi töhfədən danışmaq olmaz. Ümumiyyətlə, bu cür beynəlxalq forumlar dünya gənclərinin bir-birlərini yaxından tanımaq, əməkdaşlıq qurmaq imkanı verir. Bundan başqa intellekt bazalarını artırmış olurlar. Sözsüz ki, kreativ, dünyagörüşlü, savadlı gənclərə biznes təklifləri də gəlir, bu təbiidir". 

"Azərbaycan zəngin təcrübəyə malik çoxmillətli və çoxkonfessiyalı ölkədir" 

QHT sədri vurğulayıb ki, bu cür beynəlxalq tədbirlər Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında əlavə tribuna rolu oynayır:

"Azərbaycan artıq mədəniyyətlərin dialoqunun inkişafına, sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malik çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu cür beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın nüfuzunu artırır, tolerant ölkə olduğunu göstərir, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əlavə tribuna qazandırır. Bu da xarici siyasətimizə ciddi töhfə verir".

"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidovun rəyincə tədbir çərçivəsində Gənclər Forumunun keçirilməsi xüsusi əhəmiyyətə malikdir:

"Forum ölkəmizə mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, yeni mənbələrin müəyyənləşdirilməsi  baxımından mühüm imkanlar qazandırıb".

M.Seyidov hesab edir ki, Bakı Forumu dünyada anlaşma və əməkdaşlığın təbliği ilə bağlı birgə səylərimizə öz töhfəsini verib:

"Azərbaycan Şərqlə Qərbin kəsişməsində, Şərq müdrikliyi ilə Qərb tərəqqisinin qarşılaşdığı məkanda yerləşən qədim ənənələr və zəngin tarixə malik diyardır. Bu, Azərbaycanı tolerantlıq, yeni ideyalar və dialoqa inanan ölkəyə çevirərək mədəniyyətimizə inanılmaz dərəcədə təsir edib.

Bu il Gəncənin Avropa Gənclər Paytaxtı seçilməsi də gənclərin inkişafı baxımından mühüm addımdır.

Belə tədbirlər başqa ölkələrdəki həmkarlarımızla görüşüb ideyaları paylaşmağımız, söhbət etməyimiz, dostluq münasibətləri qurmağımız baxımından vacibdir. BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən mənfi halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır. Bu kimi forumlara dəstək vermək bütün ölkələri maraqlandıran məsələ olmalıdır".

M.Həsənov sivilizasiyalar, dinlər və mədəniyyətlərarası, eləcə də humanitar mövzulu forumların keçirilməsi üçün Azərbaycanın seçilməsinin təsadüfi olmadığını düşünür:

"Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı yaşadığı Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün nümunəvi məkan, qonaqpərvər diyardır.

Ölkəmizdə başqa xalqların nümayəndələri ana dillərində təhsil ala, dini inanclarına uyğun ibadət edə, ögey münasibətlə üzləşmədən müxtəlif sahələrin inkişafına öz töhfələrini verə bilirlər. Bu kimi amillər Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir ".

M.Həsənov qeyd edib ki, Azərbaycan bu forumda tarixən sivilizasiyalar mərkəzi olduğunu bir daha sübut edib:

"Mədəni dialoqların yaranması, yeni əlaqələrin qurulması, düşüncə tərzində yeniliklərin yaranmasında bu kimi forumların köməyi böyükdür.

Cavid ŞÜKÜROV
Yazı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 





20.10.2016    çap et  çap et