525.Az

"Qərb Türkiyəni Mosul əməliyyatından kənarda saxlaya bilməyəcək"


 

"Qərb Türkiyəni Mosul əməliyyatından kənarda saxlaya bilməyəcək"<b style="color:red"></b>

Beynəlxalq koalisiya Türkiyənin Mosulda hərbi əməliyyatlarda iştirakına qarşı çıxsalar da, rəsmi Ankara bu əməliyyatlara qoşulacağını bəyan edib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, "Mosul əməliyyatında da olacağıq, masada".

Dünən baş nazir Binəli Yıldırım da bəyan etdi ki, Türkiyə sözünün arxasındadır və hazırda Mosul əməliyyatında ön cərgədə olanlar  Ankaranın Başika düşərgəsində təlim keçdiyi Ninova mücahidləridir: "Ayrıca, koalisiya qüvvələrinin tərkibində havadan İŞİD mövqelərinə zərbə endirilməsində Hərbi Hava Qüvvələrimiz yer alıb. "Mosulda Türkiyənin işi yoxdur" deyənlər cavablarını alıblar". Ekspertlər Qərbin Türkiyəni Mosul əməliyyatından kənarda saxlamaq cəhdini bir neçə səbəblə əlaqələndirirlər, bununla belə hesab edirlər ki, onlar bu istəklərini həyata keçirə bilməyəcəklər. 

Mövzu ilə bağlı Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay bildirib ki, Türkiyə əvvəldən İŞİD terror qruplaşmasına qarşı yaradılan koalisiya gücləri arasında olub və hər cür dəstək verib. "Firat qalxanı" əməliyyatı da bunun ən bariz və açıq nümunəsidir. Onun sözlərinə görə, Türkiyənin bu mövqeyinə və davranışına baxmayaraq, Mosulu nəzarətində saxlayan İŞİD-ə qarşı aparılan və aparılacaq əməliyyatda Türkiyənin iştirakına bəzi dövlətlər etiraz edir: "Bu etiraza baxmayaraq Türkiyə İŞİD-ə qarşı mövqeyini davam etdirəcək. Başda İran olmaqla ABŞ və Fransa Ankaranın bölgədə, xüsusilə Orta Şərqdə aktiv rolunu və iştirakını istəmirlər. Bunun da tarixi səbəbləri var. Lakin terror və insan haqları pozuntularını nəzərə almaq lazımdır".

Politoloq hesab edir ki, İran və ABŞ Türkiyəni bölgədən uzaq tutmağa çalışarkən insanlıq ölməkdədir: "İran Rusiyanı ələ verdikdən sonra indi də Türkiyəni kənarda saxlamağa çalışır. ABŞ isə İran və Türkiyəni bölgədə vuruşdurmağa çalışır, bunun üçün İslam mədəniyyətini yox etmək istəyir.Türkiyə bütün bunlara rəğmən Mosulun İŞİD-in əlindən alınması əməliyyatında iştirak edəcək".

 Siyasi şərhçi Vüqar Zifəroğlu isə hesab edir ki, Qərbin Türkiyəni tamamilə Mosul əməliyyatından kənarda saxlamağa müvəffəq olduğunu demək olmaz. Türkiyənin Mosula bağlı Başikadakı hərbi bazasında təlim keçdiyi 2000-dək silahlı hazırda Mosul əməliyyatında iştirak edir. Onun sözlərinə görə, bu gün sünni ərəb əşirətlərin Türkiyəni əməliyyatlarda görmək istəmələrini ifadə edən bəyanat səsləndirmələri də əslində onu ifadə edir ki, Qərb gec və ya tez Türkiyəni bu prosesdə görməyə məcbur olacaq. Politoloq hesab edir ki, Ankaranın bu əməliyyatlarda birbaşa iştirakdan kənarda saxlanılması bir neçə səbəblə əlaqədardır: "Birinci səbəb Suriyanın şimalında Fəratın sol sahilinin türklərin nəzarətinə keçməsinə verdikləri rəsmi razılıqdan dolayı narazı qalan kürd birləşmələrinin könlünü almaqdırsa, digər səbəb rəsmi Ankaranın son zamanlarda Rusiya ilə yaxınlaşmasıdır. Üçüncü səbəb isə geostrateji nöqteyi-nəzərdən izah oluna bilər. Belə ki, Amerika Türkiyənin Suriyanın şimalından sonra, İraqın da şimalında güclənməsinə və bununla da geniş avantajlara malik olmasına heç bir vəchlə razı ola bilməz. Digər tərəfdən, Mosul - İraqın ikinci ən böyük şəhəridir. Onun türklərin ixtiyarına verilməsi münaqişədə marağı olan tərəflərdən heç birinin, hətta indiki dönəmdə müttəfiq kimi görünən Rusiyanın da maraqlarına cavab vermir. Biz hələ, İranı demirik. Qardaş ölkənin bu əməliyyatdan kənarda saxlanılmasında yalnız ABŞ və ya Qərb deyil, İran da maraqlıdır. Tehran da hazırda nəzarət altında saxladığı və istədiyi zaman həmin ərazidə aktiv şəkildə fəaliyyət göstərən şiə hərbi-siyasi hərəkatları vasitəsilə təzyiq etdiyi rəsmi Bağdadın, Türkiyə ilə müştərək şəkildə əməliyyatlara başlamasında, ümumiyyətlə, türk varlığının güclənməsində maraqlı deyil".

PƏRVANƏ

 





20.10.2016    çap et  çap et