525.Az

ADPU-da Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir


 

ADPU-da Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir<b style="color:red"></b>

Oktyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Qabilin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov görkəmli şairin həyat və yaradıcılığı barədə məlumat verərək bildirib ki, Qabil İmamverdiyev 1926-cı il avqust ayının 12-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Dil və ədəbiyyat fakültəsində, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında oxuyub. Onlarla şeir kitabının, poemaların, o cümlədən “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik poemasının müəllifidir. Uzun illər Azərbaycan Yazıçılar Birliyində Ağsaqqallar Şurasının sədri olub.

Rektorun sözlərinə görə, Qabilin 70 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Qabilin gözəl şeirləri ilə yanaşı, poemaları da oxucular tərəfindən yüksək dəyərləndirilir. Elə buna görə də əsərləri həmişə oxunur, mötəbər tədbirlərdə qiraət ustaları tərəfindən şövqlə səsləndirilir: "Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olub. Eyni zamanda mehriban, səmimi və duzlu zarafatları ilə yaddaşlara hopub.

Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirika nümunələri ilə Qabil xalqımızın gözündə daha da yüksəlib. Bu, əlbəttə, şair üçün böyük səadətdir".

C.Cəfərov vurğulayıb ki, Qabil yaradıcılığı ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Xalq şairi bir sıra orden və medallara, o cümlədən ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Rektor qeyd edib ki, hələ sağlığında Qabil haqqında Bəkir Nəbiyevin, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Anarın, Sabir Rüstəmxanlının, Fikrət Qocanın, Cabir Novruzun, Hüseyn Abbaszadənin, Fikrət Sadığın, Tofiq Hacıyevin, Əli Səmədlinin, Abbas Abdullanın, Əzizə Türkanın və onlarca Qabilsevərlərin maraqlı xatirələri və böyük şairimiz haqqında duzlu-məzəli söhbətləri daim yaşayacaqdır: "O, cismən bizim aramızda olmasa da, mənən həmişə bizimlədir. Qabilin yaradıcılığı həmişəyaşardır. Sənətkar üçün əbədiyyət budur. Vaxtilə özü öz şeirinə:

Çoxdan ayrılmışıq bir-birimizdən,
Yaxın ola-ola uzaq düşmüşük.
Yoxsa xatirəyə çevrilmisən sən?
Xatirə eşqinə nahaq düşmüşük.
Hələ xatirəlik bir şeyimiz yox... -


deyən Qabil, artıq xatirəyə çevrilib. Həmişə poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə xalqına vicdanla xidmət edib. Qabili bütöv xalq sevir! Sənətkar üçün bundan böyük xoşbəxtlik yoxdur".

Tədbirdə Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil, tanınmış şair, Əməkdar müəllim Oqtay Rza Qabillə bağlı xatirələrini bölüşüblər.

Tədbirdə şairin oğlu, tanınmış yazıçı-publisist Mahir Qabiloğlu çıxış edərək tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.

S.QARAYEVA

 





20.10.2016    çap et  çap et