525.Az

Filarmoniyada "Qardaşlıq mədəniyyəti" gecəsi


 

Filarmoniyada "Qardaşlıq mədəniyyəti" gecəsi<b style="color:red"></b>

Oktyabrın 19-da Azərbaycan Dövlət Filarmoniyasında müstəqilliyimizin 25 illiyinə həsr olunmuş "Qardaşlıq mədəniyyəti - Kardeşlik Kültürü" bədii-musiqili gecəsi keçirilib.
 
Tədbirin aparıcıları Xəyal Rza və Aygün Akif Müstəqillik gününün əhəmiyyətindən söz açıblar.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar hər bir xalqın ən böyük arzusunun müstəqillik olduğunu bildirib: "Bunun üçün də biz öz müstəqilliyimizin qədrini bilməliyik. Millət olaraq qarşımıza çıxan maneələr, çətinliklər ola bilər. Onların öhdəsindən də, ən mühüm təsəllimiz olan müstəqilliyimiz sayəsində gələcəyik".

Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək müstəqillik uğrunda can verən şəhid və qazilərimizin xatirəsinin əbədi yaşayacağını deyib. Q. Paşayeva əlavə edib ki, dövlət müstəqilliyimizin bərpası ilə bərabər onun qorunmasında misilsiz xidmətləri olan ictimai xadim və ziyalılarımızı da unutmamalıyıq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran Azərbaycanın müstəqillik tarixindən danışıb: "Bəzən yaşadığımız hadisələrin içində olsaq da, onları tam olaraq dərk edə bilmirik. Bu 25 il ərzində biz bir əsrə bərabər böyük bir yolu qət elədik".

Şair Səlim Babullaoğlu çıxışında bu hadisənin təkcə Azərbaycan deyil, bütün Türk ulusları üçün bayram olduğunu deyib.

Türkiyəli yazar Mehmet Nuri Parmaksız və Yunus Əmrə İnstitutu Bakı şöbəsinin müdiri İbrahim Yıldırım da deyilən fikirlərə, arzu və istəklərə qoşulduqlarını ifadə ediblər.

Tədbir konsert proqramı ilə davam edib. Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Elza Seyidcahan, türkiyəli müğənnilər Mehmet Özkaya, Oya Ergün, Hande Ünsal mahnılar ifa ediblər, qiraət ustası Məleykə Alıoğlu şeirlər səsləndirib.

Müşfiq ŞÜKÜRLÜ

 





21.10.2016    çap et  çap et