525.Az

Xarici diplomatlar Azərbaycan haqqında nə düşünürlər?


 

Xarici diplomatlar Azərbaycan haqqında nə düşünürlər?<b style="color:red"></b>

Bugünlərdə Bakıda Azərbaycan Respublikasının əsrin dörddə-biri ərzində keçdiyi çətin və şərəfli tarixi yola həsr edilmiş növbəti kitab - “Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə” məqalələr toplusu oxuculara təqdim olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun ideya müəllifliyi ilə həmin şöbədə tərtib olunan kitaba dünyanın 49 dövlətinin ölkəmizdə akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin və dörd nüfuzlu beynəlxalq təşkilatın - BMT, Avropa İttifaqı, TürkPA və TRASEKA-nın Bakıdakı nümayəndəlikləri rəhbərlərinin Azərbaycan və ingilis dillərində məqalələri daxil edilmişdir. Azərbaycan Respublikasının həmin dövlət və beynəlxalq qurumlarla səmərəli və qarşılıqlı faydalı əlaqələrinin iyirmi beş illik tarixinə, qazanılan nəticələrin təhlilinə və əməkdaşlığın perspektivlərinə həsr olunmuş kitab Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən nəşr edilmişdir.

Əslinə qalsa, “Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə” məqalələr toplusuna daxil olan səfir dəyərləndirmələri sadəcə “keçmişə diplomatik baxış” deyil, dövlətlərarası əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyinə, onların potensialına və mümkün yollarının axtarışına toxunan təhlili materiallardır. Bu məqalələrin hər birində xüsusilə vurğulanır ki, Azərbaycan Respublikası mürəkkəb və ziddiyyətli regionda, geosiyasi və geoiqtisadi maraqların toqquşma məkanında yerləşməsinə baxmayaraq, ötən dövr ərzində həyata keçirdiyi müstəqil xarici siyasət sayəsində özünü məsuliyyətli və etibarlı tərəfdaş kimi təsdiqləyə, dünya birliyində mövqeyini möhkəmləndirə bilmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xarici və daxili siyasəti, iqtisadiyyatı əhatə edən modern strateji xətt Azərbaycan dövlətçiliyinin təməllərinin möhkəmləndirilməsinə və onun inkişafına yeni imkanlar açmışdır. Hazırda bu prinsipial strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısının vurğuladığı kimi, “Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur”.

Bu nailiyyətlər həm də Azərbaycan Respublikasının regionda və dünya birliyində etibarlılıq əmsalının davamlı olaraq yüksəlməsinin, onun siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığınn potensialının, real tərəfdaşlarının artmasının göstəricilərindəndir. Xarici diplomatların məqalələrində də vurğulanır ki, bu gün Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindəki mürəkkəb problemlərlə, daxili və xarici təhdidlərlə, xaos və sosial-iqtisadi böhranla, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşən, siyasi iradəsi davamlı olaraq kənar təzyiqlərə məruz qalan dövlət deyildir. Müasir Azərbaycanın qısa zaman ərzində uğurlu daxili və xarici siyasət yürütməsi, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsi onun artan imkanlarını və əməkdaşlıq üçün potensial və perspektivlərini bir daha təsdiq edir. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov kitaba ön sözündə bu inam və etimadın obyektiv səbəbləri barədə bunları yazır: “Bu gün Azərbaycanın siyasi, sosial və iqtisadi inkişaf baxımından nə qədər böyük inkişaf yolu keçdiyi göz qabağındadır. Azərbaycan daxildə sabit siyasi vəziyyətə, daimi islahatlarla təkmilləşdirilən və cəmiyyətin maraqlarına cavab verən siyasi sistemə, dövlət-vətəndaş münasibətlərində harmoniyaya, davamlı iqtisadi inkişafa nail olan, dünya dövlətləri arasında özünə layiqli yer tutan, regionda lider olan bir ölkəyə çevrilib. Əlbəttə, bütün bunlar məqsədyönlü gərgin işin, fəaliyyətin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyaya artıq öz “inkişaf modelini” təqdim edir”.

Azərbaycan dövlətinin sürətli inkişafının və yüksələn xətlə artan beynəlxalq nüfuzunun əsas şərtlərindən biri də onun praqmatik xarici siyasət kursudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və effektiv siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə, bir sıra regional və beynəlxalq layihələrin təşəbbüsçüsünə çevrilmişdir. Dövlətimiz özünün unikal sosial-iqtisadi inkişaf modelini yaratmaqla, praqmatik xarici siyasət yürütməklə ölkə daxilində sabitliyə və dayanıqlı inkişafa, açıq rəqabət imkanlarına, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn normalarına uyğun bərabərhüquqlu və qarşılıqlı faydalı əlaqələrin qurulmasına nail olmuşdur. BMT-nin Azərbaycan Respublikasındakı rezident-əlaqələndiricisi Qulam İshakzai  öz məqaləsində bildirmişdir ki, Azərbaycan geniş miqyas alan inkişaf prosesi ilə BMT-dəki fəaliyyətini həm mövcud vəziyyətə, həm də milli inkişaf prioritetlərinə uyğunlaşdırmağa nail olmuşdur. O qeyd edir: “Son illərdə BMT-Azərbaycan əlaqələri daha da güclənmişdir. BMT hazırda Azərbaycanda indiki və gələcək nəsillərin faydalanması naminə bütün dayanıqlı inkişaf seçimlərinin tam şəkildə nəzərdən keçirilməsini təmin etmək məqsədilə təşviqatçı və məsləhətçi kimi daha aktiv fəaliyyət göstərir”.

Azərbaycan Respublikası təkcə Cənubi Qafqaz regionunda deyil, beynəlxalq miqyasda sülh və təhlükəsizliyin təmin olunmasında, dövlətlər və xalqlar arasında iqtisadi, siyasi və mədəni sahələr üzrə əməkdaşlığın genişləndirilməsində öz töhfələrini verməkdədir. “Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə” toplusuna daxil olan məqalələrin hər birində dövlətimizin üzərinə düşən bu missiya və onun beynəlxalq sülh və təhlükəsizliyin təminatı istiqamətində fəaliyyəti xüsusi qeyd edilir. Təsadüfi deyildir ki, dünyanın bir sıra aparıcı dövlətləri Azərbaycanı regionda təhlükəsizliyin, inteqrasiya prosesinin qarantı, mədəniyyətlər və sivilizasiyalar arasında aktiv dialoq məkanı kimi qəbul edirlər.

Azərbaycan Respublikasının geosiyasi identikliyi onun fərdi xüsusiyyətləri baxımından da unikaldır. O, türk respublikası, müsəlman ölkəsi olsa da, coğrafi cəhətdən Avropa qitəsində yerləşir. Bununla belə, milli-mədəni dəyərlər kontekstindən yanaşılanda, Şərqin bir hissəsidir.  Eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin və Qoşulmama Hərəkatının tam hüquqlu üzv üzvü olmaqla yanaşı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, NATO, Avropa Birliyi, Antiterror Koalisiyası kimi beynəlxalq platformalarla,  Xəzərətrafı dövlətlər, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Böyük  İpək yolu kimi subregional birliklərlə də qarşılıqlı faydalı əlaqələr qurmuşdur. Azərbaycanın milli maraqlarından irəli gələn bu universal və balansyaradıcı xüsusiyyətlər onun praqmatik xarici siyasət strategiyasında da öz əksini tapmış, perspektivli əməkdaşlıq üçün cəlbedici etmişdir. Təsadüfi deyildir ki, beynəlxalq münasibətlərdə aparıcı dövlətlərin, mötəbər beynəlxalq təşkilatların Bakıdakı nümayəndələri Azərbaycanın bu mövqeyini regional və qlobal təhlükəsizliyin təminatına, ümumbəşəri sülh və tərəqqiyə yönəlik mühüm töhfə kimi dəyərləndirir, etibarlı strateji tərəfdaş qismində rolunu yüksək qiymətləndirirlər. Türkiyə Respublikasının Azərbaycandakı sabiq səfiri İsmayıl Alper Coşkun strateji əməkdaşlığın qurulmasında dövlətlərimizin geosiyasi və etnomədəni identiklik amilinin əhəmiyyəti sayəsində Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıraraq, öz ürək sözlərini belə ifadə etmişdir: “İyirmi beş il əvvəl olduqca çətin şərtlərdə yenidən müstəqilliyinə qovuşan Azərbaycanı o dövrdən tanıyanlar onun hal-hazırkı inkişaf səviyyəsinə heyran qalırlar. Azərbaycanlıların Anadoludakı qardaşları olaraq bizlər bundan böyük həyəcan hissi keçirir və bununla fəxr edirik. Bu gün Azərbaycan bu vəziyyəti və irəliyə istiqamətli böyük potensialı ilə Türkiyə üçün həm etibarlı tərəfdaş, həm də əsl güc mənbəyidir. “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı və iradəsi ilə qardaş Azərbaycanla ümumi tale anlayışını dərk edərək əl-ələ irəliləməkdə davam edəcəyik”.

Kitaba daxil olan materiallarda hər bir səfir öz dövlətinin milli maraqlarından və xarici siyasət prioritetlərindən çıxış etsə də, onların ümumi qənaəti rəsmi Bakının həm yaxın, həm də uzaq ölkələr, tərəfdaşlarla bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlərin qurulmasında, bütövlükdə onun xarici siyasət xəttində praqmatik düşüncənin və düzgün strateji mövqeyinin üstün xarakter daşımasıdır. Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinin qeyd etdiyi kimi, müasir dünyada və regionda cərəyan edən qarşıdurmalara baxmayaraq, Azərbaycan dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində iqtisadi-mədəni inteqrasiya prosesinə, tarixi ənənələrə, xalqlar arasındakı səmimi qonşuluq münasibətlərinə də ciddi önəm verməkdədir. Bu isə ilk növbədə region və qonşu dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin qurulmasında, ortaq təmas nöqtələrinin müəyyən olunmasında mühüm əhəmiyyət kəsb edir. Səfir V.Doroxin yazır: “25 il əvvəl Rusiya və Azərbaycan iki ölkə arasında insani və humanitar əlaqələrin qorunub saxlanılmasına görə yüksək dərəcədə məsuliyyət göstəriblər. Axı bizim münasibətlərimiz tək müqavilə və sazişlərin, bayramlar ərəfəsində tədbirlərin keçirilməsi toplusu deyil. Hər iki dövlət yaxşı başa düşür ki, bu münasibətlərin evvektivliyi milyonlarla insanın taleyinə təsir göstərir”. Səfir onu da bildirmişdir ki, Rusiyada xeyli azərbaycanlı vardır, Azərbaycanda isə Qafqazda ən böyük rusdilli icma yaşayır. Dövlətlərimiz arasında müqavilə-hüquq bazasının yaradılması və təkmilləşdirilməsi yeni geosiyasi şəraitdə həmin insanlara hər iki ölkənin ərazisində özlərini rahat hiss etmək və potensiallarını tam realizə etmək imkanını yaradır. Bu isə Rusiya-Azərbaycan münasibətlərində ikitərəfli ticari əlaqələr və yaxud mədəni tədbirlərdən az əhəmiyyət daşımır.

Kitabda vurğulandığı kimi, Azərbaycan Respublikasının çoxvektorlu xarici siyasət strategiyası beynəlxalq və regional xarakterli əməkdaşlıq platformalarında onun mühüm iştirakçısı rolunu nəzərəçarpacaq dərəcədə artırmışdır. Malik olduğu siyasi-iqtisadi və intellektual ehtiyatlardan səmərəli istifadə olunması, bu potensialın milli mənafelərin ödənilməsinə istiqamətləndirilməsi sayəsində dövlətimiz öz mövqeyini möhkəmləndirməklə dialoq məkanı funksiyasını daha da gücləndirmək imkanı əldə etmişdir.

Araz QURBANOV
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi 

 





23.10.2016    çap et  çap et