525.Az

Macarıstandakı səfirliyimizdə mədəni-musiqili tədbir - Fotolar


 

PROQRAMI XAN ŞUŞİNSKİ FONDU TƏŞKİL EDİB

Macarıstandakı səfirliyimizdə mədəni-musiqili tədbir - <b style="color:red">Fotolar</b>

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Xan Şuşinski Fondunun təşkilatçılığı ilə Azərbaycanın Macarıstandakı səfirliyində tədbir keçirilib.

Fonddan “525”ə verilən məlumata görə, tədbirdə diplomatik korpus nümayəndələri, musiqiçilər, tələbələr iştirak ediblər.  Tədbiri giriş sözü ilə açan ölkəmizin Macarıstandakı səfiri professor Vilayət Quliyev iştirakçıları müstəqilliyimizin 25 illiyi münasibəti ilə təbrik edib, bu illər ərzində qazanılan nailiyyətlərdən, ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan danışıb.

Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva çıxışında Azərbaycanın keçdiyi müstəqilliyə qədərki yoldan, bu yolda Heydər Əliyevin göstərdiyi əzmkarlıqdan, onun müstəqilik qazandıqdan sonra yürütdüyü parlaq siyasətdən bəhs edib, həmin kursun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Azərbaycanın sürətlə inkişaf etdiyini deyən B.Verdiyeva dünyanın əksər ölkələri ilə uğurlu qarşılıqlı münasibətlərin qurulduğunu nəzərə çatdırıb. Bildirib ki, Azərbaycan artıq dünya müstəvisində söz sahibi olan ölkədir. 2016-cı ilin “Multikulturalizm ili” elan olduğunu xatırladan fond sədri qeyd edib ki, Azərbaycan multikulturalizmi bütün dünyaya nümunədir. Tarix boyu müxtəlif din, dil və millətlərin nümayəndələrinin ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşadığını deyən B.Verdiyeva Dağlıq Qarabağ münaqişəsindən, müharibə nəticəsində öz yurdundan didərgin düşən bir milyon qaçqın və köçkünün hazırkı vəziyyətindən bəhs edib, tezliklə istər sülh, istərsə də hərbi yolla ölkəmizin öz ərazi bütövlüyünü bərpa edəcəyinə inamını dilə gətirib.

Tədbirin proqramında Xalq artisti, tarzən Fikrət Verdiyevin rəhbərliyi, tanınmış xanəndələr Sevinc Sarıyeva və Ehtiram Hüseynovun iştirakı ilə maraqlı konsert də yer alıb.

Sonda səfir Vilayət Quliyev qonaqlara öz təşəkkürünü bildirib, gələcəkdə belə tədbirlərin davamlı keçirilməsinin önəmini vurğulayıb.

CAVİD

 





23.10.2016    çap et  çap et