525.Az

“Azərbaycan-İspaniya elm və mənəviyyat müstəvisində”


 

“Azərbaycan-İspaniya elm və mənəviyyat müstəvisində”<b style="color:red"></b>

“Elm çırağı” İctimai Birliyinin təşkilatçılığı və dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İspan mədəniyyətinə həsr olunmuş elmi konfrans keçirildi.

Tədbir “Azərbaycan-İspaniya elm və mənəviyyat müstəvisində” adı altında gerçəkləşdi.

Tədbiri “Elm çırağı” İB-nin sədri professor Naidə Məmmədxanova açıq elan etdi. BMA-nın prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə öz çıxışında tədbirin fəxri qonağı, İspaniya Krallığının Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri, səfir Jose Luis Diez Juarezi və tədbir iştirakçılarını Bakı Musiqi Akademiyasının rəhbərliyi adından salamlayaraq, iki dövlət arasındakı mədəni əlaqələr haqqında, dahi Üzeyir bəyin yaratdığı müqəddəs musiqi ocağının ənənələrindən və fəaliyyətindən söz açdı.

Filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin ümumi və rus dilçiliyi kafedrasının professoru Aslan Məmmədli, AMEA-nın Fəlsəfə İnstitutunun dinşünaslıq və mədəniyyətin fəlsəfəsi şöbəsinin elmi işçisi, fəlsəfə doktoru Həsənağa Məmmədli, həmçinin professor Naidə Məmmədxanova konfransda maraqlı məruzələrlə çıxış etdilər.

Jose Luis Diez Juarez İspaniya dövlətinin keçdiyi  tarixi yol haqqında, onun mədəniyyəti və incəsənəti haqqında ətraflı məlumat verdi.

Elmi çıxışlar arasında Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin, respublika və beynəlxalq miqyaslı müsabiqələrin laureatlarının ifasında ispan və Azərbaycan bəstəkarlarının əsərləri səsləndi və alqışlara səbəb oldu. Rəngarəng musiqi proqramında Zümrüd Davudova, Vüsal Aydəmirov, Vurğun Vəkilov, Aydan Həsənova,  Aytən Həşimli,  Taleh Yəhyayev,  Yusif Yusifov, Aytac Məmmədova çıxış etdilər.  İstedadlı gənc rəssam Ceyran Mirqasımovanın iştirakçılara təqdim olunan əsərləri rəğbətlə qarşılandı və o, diplomla mükafatlandırıldı. Tədbirin sonunda C.Mirqasımova sərgilənən rəsmlərindən birini ispaniyalı diplomata hədiyyə etdi.

İlahə QİSMƏT
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Mətbuat Xidmətinin əməkdaşı

 





23.10.2016    çap et  çap et