525.Az

Almaz Ülvinin yeni kitabı - “Özbək ədəbiyyatı”


 

Almaz Ülvinin yeni kitabı - “Özbək ədəbiyyatı”<b style="color:red"></b>

“Elm və təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap olunan növbəti kitab “Özbək ədəbiyyatı” (ədəbi portret cizgiləri, adaşdırmalar, müsahibələr) adlanır.

AZƏRTAC xəbər verir ki, imzası oxuculara çoxdan tanış olan zəhmətkeş alim, filologiya elmləri doktoru Almaz Ülvinin müəllifi olduğu bu kitab Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunub.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri Almaz Ülvi bu kitabında bir-biri ilə qan qohumluğuna, dil və din birliyinə malik olan Azərbaycan-özbək xalqlarının zəngin və rəngarəng ədəbi əlaqələr salnaməsinə yenidən nəzər salır. Kitabda özbək ədəbiyyatı ilə bağlı bütün tədqiqatlar eyni zamanda, Azərbaycan ədəbiyyatı ilə bağlılıqlar, ədəbi əlaqə və ədəbi təsir üzərində araşdırmalar öz əksini tapıb. Ə.Nəvai, XX əsr özbək klassikləri, eləcə də müasir dövrümüzü əhatə edən ustad alimlər və gənclik ədəbiyyatı haqqında olan portret cizgiləri, araşdırmalar, söhbətlər təqdim etdiyimiz kitabın əsasını təşkil edir. Kitabda müəllifin Nəvai izi ilə Daşkəndə, Herata olan səfər təəssüratları da maraqlıdır. Sonda verilmiş istifadə olunmuş ədəbiyyat siyahısı və müəllifin özbək ədəbiyyatı ilə bağlı yazdığı məqalələrin biblioqrafiyası da nəşrin elmi xarakter daşıdığına diqqəti yönəldir.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəyli, rəyçiləri isə professor Nüşabə Araslı və Özbəkistan Qəhrəmanı, professor Suyima Qəniyeva, redaktoru Özbəkistan Elmlər Akademiyasının Ə.Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun klassik ədəbiyyat şöbəsinin baş elmi işçisi Sırderyahan Utanovadır.

Kitaba 314 səhifədə yer alan “Əmir Əlişir Nəvai”, “Araşdırmalar, tədqiqatlar”, “Müsahibələr, söhbətlər” və “Səfər düşüncələri, yol qeydləri” bölmələrinin hər birində müəllifin zəhmətini, alim axtarışlarını görməmək mümkünsüzdür.

Kitabdan türk xalqları, xüsusən özbək ədəbiyyatı üzrə maraqlanan tələbələr, tədqiqatçılar, geniş oxucu kütləsi istifadə edə bilər.

 





23.10.2016    çap et  çap et