525.Az

İsmayıllının daha iki kəndində torpaq sürüşməsi


 

İsmayıllının daha iki kəndində torpaq sürüşməsi <b style="color:red"></b> İntensiv yağan yağışlar İsmayıllı rayonunun Diyallı və Sədiyan kəndlərində baş verən torpaq sürüşməsi nəticəsində yaşayış məntəqələrində təhlükəli vəziyyət yaradıb.
 
APA-nın yerli bürosunun xəbərinə görə, təxminən 1 həftədir başlayan sürüşmə son iki gündə daha da aktivləşib. Ümumilikdə 320 nəfər sakini olan Sədiyan kəndində 5 ev, Diyallı kəndində isə 70-ə yaxın ev sürüşmənin aktiv olduğu ərazidə yerləşir. Bəzi evlərin divarlarında xırda çatlar əmələ gəlib.
 
Sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1,5 metr, eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib. Yaranan yarğan kənd sakini Əliyev Ağalı Nadir oğlunun həyətyanı sahəsinə doğru hərəkət edərək təsərrüfat tikilisinə böyük ziyan vurub, onun yaşadığı mənzil isə uçmaq təhlükəsi qarşısında qalıb, mənzildə çatlar əmələ gəlib.
 
İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, əraziyə aidiyyatı orqanlar tərəfindən baxış keçirilib və hələ ki, 1 evin sakinlərinin təxliyə olunmasına qərar verilib. Sürüşmə sahəsi genişlənərsə və başqa sakinlərin mənzillərinə də ziyan dəyərsə, dərhal evlərin boşaldılmasına və ailələrin təhlükəsiz əraziyə köçürülməsinə qərar veriləcək.
 





24.10.2016    çap et  çap et