525.Az

“Dağlıq Qarabağ probleminin həlli ilə bağlı münbit şərait yarana bilər”


 

ELMAN NƏSİROV: “PRİNSİP ETİBARİLƏ SON BƏYANATLAR VƏ MÜNAQİŞƏ ƏTRAFINDA GEDƏN PROSESLƏR BİR QƏDƏR NİKBİN ƏHVAL YARADIR”

“Dağlıq Qarabağ probleminin həlli ilə bağlı münbit şərait yarana bilər”<b style="color:red"></b>

“Aprel döyüşlərindən sonra münaqişənin həlli ilə bağlı prosesdə intensivlik müşahidə olunmağa başlayıb. May ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqda prezidentlər səviyyəsində danışıqlar həyata keçirilib. Bu intensivlik belə bir inam yaratmışdı ki, nəhayət həmsədrlər dərk ediblər ki, bu münaqişə dondurulmuş münaqişə deyil, istənilən vaxt müharibənin baş verməsi mümkündür. Lakin təəssüf ki, keçən müddət ərzində Ermənistan köhnə təxribatçı siyasətini qoruyub saxladı və həmsədrlər də işğalçı ölkənin bu mövqeyini təsir edəcək reaksiya ortaya qoya bilmədilər. Bununla təcavüzkar tərəf daha da arxayınlaşdı”.

Bu sözləri Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, Milli Məclisin deputatı Elman Nəsirov ATƏT-in Minsk Qrupunun həmsədlərinin regiona səfəri ilə bağlı danışarkən deyib.

E.Nəsirov hesab edir ki, həmsədrlərin regiona səfəri prezidentlərin görüşünü keçirməyə nail olmaqla bağlıdır:
“Artıq vasitəçi dövlətlər fərqindədirlər ki, müharibə hər an baş verə bilər. Bu səbəbdən vasitəçilər ciddi cəhdlə çalışırlar ki, heç olmasa, ilin sonunadək prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail olsunlar”.

Deputatın sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri öncəsi prezident İlham Əliyev Rusiyanın “Sputnik” İnformasiya agentliyinə müsahibəsində bildirib ki, Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməzdir:
 
“Münaqişə yalnız Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində həllini tapa bilər. Lakin rəsmi Bakı ərazi bütövlüyü prinsipinə uyğun olaraq Dağlıq Qarabağa ən yüksək səviyyəli status verməyə də hazırdır”.

Son zamanlar Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığının hiss olunduğunu deyən E.Nəsirov qeyd edib ki, Moskva-Ankara münasibətlərinin bərpası münaqişənin həlli ilə bağlı prosesə dinamizm verə bilər:

“Xüsusilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun son bəyanatlarının birində qeyd olunub ki, Rusiya tərəfi Azərbaycanın işğal olunan 5 rayonunun geri qaytarılması ilə bağlı məsələni Türkiyə ilə paylaşıb. Eyni zamanda, Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya münaqişə ilə bağlı danışıqlara müsbət təsir göstərə bilər”.

Deputat bildirib ki, bütün bu reallıqları nəzərə alsaq həmsədrlərin prezidentlər səviyyəsində növbəti görüşü keçirmək üçün çox ciddi çalışmaları, eyni zamanda Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması və Türkiyə xarici işlər nazirinin son bəyanatı, bunun ardınca Azərbaycan prezidenti İlham Əliyevin “Sputnik” İnformasiya Agentliyinə verdiyi müsahibəsi və burada səsləndirdiyi fikirləri nəzərə alsaq hesab edirəm ki, hazırda münaqişənin həlli ilə bağlı münbit şərait yarana bilər:

“Bu reallıqlar fonunda həmsədrlər regiona səfər edirlər. Bu, artıq yeni reallıqlardır, prosesə nikbin ovqat əlavə edib. Lakin arxayınlaşmağa da dəyməz. Çünki biz dəfələrlə şahidi olmuşuq ki, münaqişənin tənzimlənməsində olduqca real bir mənzərənin formalaşdığı şəraitdə Ermənistan tərəfi təxribat reallaşdırır və nəticədə proses yenidən ölü nöqtəyə qayıdır”.

E.Nəsirov deyib ki, prinsip etibarilə son bəyanatlar və münaqişə ətrafında gedən proseslər bir qədər nikbin əhval yaradır:

“Həmsədrlər bu səfər zamanı yəqin ki, çalışacaqlar ki, nəhayət sayca 54-cü dəfə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü keçirsinlər. 1999-cu ildən indəyə qədər 53 dəfə prezidentlər səviyyəsində görüş baş tutub. Bu mənada, əsas sual budur ki, hazırlanmaqda olan 54-cü görüş münaqişənin həlli ilə bağlı hansısa taktiki irəliləyişə səbəb ola biləcəkmi? Bu suala müsbət cavab vermək üçün ilk növbədə Ermənistan tərəfinin konstruktiv mövqeyinin şahidi olmalıyıq. Hələlik gözlədiyimiz mövqe yoxdur. Ancaq vasitəçi dövlətlərin mövqeləri var. Məhz bunlar prosesə müəyyən nikbinlik elementləri əlavə etməkdədir”.

Ceyhun ABASOV

 





24.10.2016    çap et  çap et