525.Az

"Kəssə hər kim tökülən qan izini..."


 

"Kəssə hər kim tökülən qan izini..."<b style="color:red"></b>

"Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü"


- misralarının müəllifi, tanınmış Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin doğum günüdür.

Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndələrindən olan H.Cavid milli romantik şeirin və mənzum faciənin banisidir.

Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli rayonunun Şahtaxtı kəndində ruhani ailəsındə dünyaya göz açıb.

İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini Məmməd Tağı Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində alıb. Daha sonra Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirən ədib Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindəndir.

Hüseyn Cavidin yaradıcılığı janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir.

Ədibin "Keçmiş günlər" adlı ilk şer kitabı 1913-cü ildə çap olunub.

Hüseyn Cavid daha çox dramaturq kimi tanınır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib, "Cavid teatrı" kimi səciyyələndirilib.

Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapıb.

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atıb. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına gəlib çıxıb.

Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "Insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "Iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilib, işğalçı müharibələrə lənət yağdırılıb.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıdır.

20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş olur.

Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü.

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilmir, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilir və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olur.

Şairin anadan olmasının 100 illik yubileyi geniş qeyd olunub. 1981-ci ildə Naxçıvanda ev-muzeyi yaradılıb.

Yubiley ərəfəsində cənazəsinin qalıqları İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilib. Qəbri üstündə məqbərə ucaldılıb.

Cavid QƏDİR
Mənbə: Vikipediya

 





24.10.2016    çap et  çap et