525.Az

“Azərbaycanın Gənc Dostları Klubu” zəngin platformaya çevrilir”


 

“Azərbaycanın Gənc Dostları Klubu” zəngin platformaya çevrilir”<b style="color:red"></b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin www.youngfriends.az saytına istinadən Birliyin üzvləri xanım Xianqou Vanq və Yu Vanqın ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir.

Xatırladaq ki, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin iştirak etdiyi “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə təsis edilib. Birliyin üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm məktəblərinin xarici tələbələri, eləcə də 20 xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu fakültələrin dinləyiciləri, eləcə də həmin tələbələrin təbliğatı ilə Azərbaycanı tanıyan, sevən xarici gənclər təmsil olunur. Birlik klubun üzvü olan xarici gənclərə Azərbaycanda təhsil imkanı yaratmağı, ölkəmizlə bağlı aparacaqları tədqiqatlarda onlara yardımçı olmağı, Azərbaycan dilinin və mədəniyyətini öyrənməyə maraqlı olan hər bir üzvə dəstək göstərməyi nəzərdə tutur.

Xianqou Vanq: Mən Çin vətəndaşıyam və Litva Pedaqoji Universitetində ali musiqi təhsili aldığım müddətdə “Azərbaycan multikulturalizmi” fənninin müdavimi olmuşam. Bu fənnin tədrisi dövründə nəzəri olaraq Azərbaycanın mədəniyyəti, multikulturalizm modeli haqqında müəyyən anlayışlar əldə etmişdim, amma bəzi məsələlər mənim üçün dumanlı qalmışdı. Ona görə də III Beynəlxalq multikulturalizm yay məktəbində iştirak etmək fürsəti yarananda sevindim. Çünki Azərbaycan multikulturalizmi ilə bağlı nəzəri olaraq öyrəndiklərimi əyani olaraq görmək imkanım yaranmışdı.

Yay məktəbi ilə bağlı zəngin təəssüratlarım var. Proqram çox əhatəli və maraqlı idi. Mühazirələr arasında ən çox Azərbaycan musiqisindən bəhs edən mühazirə xoşuma gəldi. Düşünürəm ki, Çinlə Azərbaycan arasında bir çox oxşar cəhətlər var; məsələn milli geyimdə, musiqi növlərində və hətta bəzi adətlərdə. Özüm musiqiçi olaraq daha çox Azərbaycan musiqi növlərinin tarixini və Azərbaycan ərazisində müxtəlif milli mədəniyyətlərin inteqrasiyasının inkişafı haqqında daha çox öyrənmək istəyərdim. Səyahət etməyi və tarixi çox sevdiyim üçün səfər ərzində

diqqətimi Bakının köhnə tarixi binaları çəkdi. Səfər zamanı Azərbaycanda özümü çox rahat hiss edirdim, burdakı insanlar çox mehriban və ürəyiaçıqdırlar.

III Beynəlxalq multikulturalizm yay məktəbində iştirakımı həyat təcrübəmin qiymətli hissəsi hesab edirəm. Gələcəkdə Azərbaycanla Çinin Sincan-Uyğur Vilayətinin musiqilərinin müxtəlif aspektlərinin müqayisəli təhlilini aparmağı düşünürəm. Ümid edirəm ki, buraya yenidən gəlmək fürsətim olar.

“Azərbaycanın Gənc Dostları Klubu”nun yarandığını biləndə məmnuniyyətlə üzv oldum. Çünki yay məktəbində iştirakımdan sonra Azərbaycan mənim üçün çox doğmalaşıb və dost ölkəyə çevrilib. “Azərbaycanın Gənc Dostları Klubu” ideyalarımızı paylaşmaq və müzakirələrdə fəal iştirak etmək üçün zəngin platformaya çevrilir.

***
 
Yu Vanq: “Mən hazırda Litvada ali məktəblərdən birində musiqi təhsili alıram. Azərbaycan multikulturalizmi barədə oxuduğum təhsil ocağında məlumat əldə etmişəm. Azərbaycanlı pedaqoq Əfsanə Məmmədova Litva Pedaqoji Universitetində tədris etdiyi “Azərbaycan multikulturalizmi” fənninin tədrisi zamanı dərslərdə fəal iştirak edirdim. Bu kurs dövründə öyrəndim ki, multikulturalizm Azərbaycana kənardangəlmə bir dəyər deyil, xalqın əsrlərə söykənən ali dəyəridir, həyat tərzidir və dövlət siyasətinin aparıcı istiqamətidir. III Beynəlxalq multikulturalizm məktəbində iştirakım unudulmaz xatirələrlə yadımda qalıb.

Yay məktəbinin proqramı çərçivəsində Nic qəsəbəsinə səfərimiz zamanı Alban-Udi xristian kilsəsini görəndə mütəəssir oldum. Musiqiçi olduğum üçün kilsədə səslənən orqan musiqisi diqqətimi cəlb etdi. Ümumiyyətlə, Azərbaycan musiqisi maraq dairəmdədir. Burada olduğum günlərdə Azərbaycan bəstəkarlarının musiqilərini dinlədim. Qəbələdə təşkil olunan konsertdə Azərbaycanın xalq mahnıları mənə xoş anlar yaşatdı. Çox şadam ki, Azərbaycanı yaxından tanıdım. Mən Qəbələ şəhərini, yerli insanların qonaqpərvərliyini və burada multikulturalizm, tarix, mədəniyyət və digər sahələrdə əldə etdiyim biliyə görə Azərbaycanı heç vaxt unutmayacağam. Azərbaycan multikulturalizmi bu gün dünyanın örnək alacağı unikal modellərdən biridir. Məhz buna görə “Azərbaycanın Gənc Dostları Klubu” yarananda ilk üzvlərdən biri mən oldum və düşünürəm ki, bu dostluq ömür boyu davam edəcək”.

 





24.10.2016    çap et  çap et