525.Az

Böyük yolun zəfər zəngləri - Altıncı məqalə


 

1500 İLİN MÖHTƏŞƏM “POEZİYA” TELEKARVANI

Böyük yolun zəfər zəngləri - <b style="color:red">Altıncı məqalə</b>

Bu məqalədə son illərin ciddi bir teleuğuru haqqında danışmaq istəyirəm.

Oğuz qrupu Türk xalqlarının 1500 illik möhtəşəm milli mədəniyyət yoluna, fenomenal poetik fikir karvanına üz tutan “Poeziya” verilişi şərəfli bir missiya, çətin bir sınaq qarşısında idi.

Azərbaycan, Türkiyə, Türkmənistan, bütövlükdə Oğuz qrupu Türk xalqlarının, eləcə də Avroasiyanın, bütün dünyanın dörd bir tərəfinə yayılan Türk toplumlarının poeziyada kodlaşaraq əbədiləşən xilaskar yaddaş enerjisini, FİKİR GÜCÜNÜ oyatmaq, yeni təfəkkür tərziylə, məhz olduğu kimi sistemləşdirərək yenidən ÖZ SAHİBİNƏ qaytarmaq, təqdim etmək həqiqətən şərəfli bir missiya idi.  Bunu çağdaş müstəqillik dövrünün, əlahəzrət zamanın özü tələb və təklif edirdi.  Bir əlində QILINC, bir əlində QƏLƏM böyük dövlətlər, qüdrətli imperiyalar yaradan Qazi Bürhanəddinlərin, Cahan Şah Həqiqilərin, Şah  İsmayıl Xətailərin, Sultan Süleymanların, Şah Təhmasiblərin, Baburların təmsil etdiyi böyük gücə Azadlıq meydanında, Şəhidlər Xiyabanında, Dövlət Bayrağı meydanının uca, enməz səmalarında dərin düşüncələrə dalan MİLLİ HƏQİQƏTİN ehtiyacı vardı... 

Çətinlik onda idi ki, Azərbaycan teleməkanında gizli-aşkar yollarla, minüzlü qrantlarla şirnikləndirilən, Manqurtun öz anasına tuşladığı ox kimi hər an atıla bilən və atılan, zəhərli göbələklər kimi günbəgün, aybaay, ilbəil çoxalan teleşoular o MİLLİ HƏQİQƏTƏ qarşı  gizli səlib yürüşünə başlamışdı. 

(Bu məqamda akademik Ramiz Mehdiyevin Azərbaycan teleməkanında özünü göstərən ziyanlı, xəstə meyllər, bütövlükdə Azərbaycan dövləti və dövlətçiliyi, milli-mənəvi maraqlarımız əleyhinə yönələn, xaricdən gizli-aşkar yollarla şirnikləndirilən zərərli, təhlükəli tendensiyalar haqqında yazıb mətbuatda çap etdirdiyi aktual silsilə məqalələrin, konseptual monoqrafik tədqiqat əsərlərinin böyük əhəmiyyətini qədirşünaslıqla yada salmağı, qiymətləndirməyi özümə borc bilirəm. - S.E.)

Kütlə psixologiyasına hesablanan, xalqı kütlənin əliylə vuran bir sıra manqurt teleşouların meydan oxuduğu xəstə teleməkanda sağlam fikirli, sadə, saf mövqeli poeziya verilişi nə dərəcədə uğur qazanacaqdı? Mafioz maliyyə sövdələşmələrinin kütləvi şəkildə tirajladığı fırıldaqçı reytinq cədvəllərinin “kuxna” verilişlərinə, manqurt teleşoulara böyük faizlər bağışladığı, AXIRINCILARI birinci, ikinci, üçüncü yerlərdə müjdələdiyi bir vaxtda ciddi “Poeziya” verilişi açmaq nə dərəcədə yerinə düşərdi? Kitabın küncə qısıldığı, dünyanın sarsıdıcı İnternet tələ-toruna düşdüyü, milli-mənəvi dəyərlərin kütlə bazarında kütləvi şəkildə ucuzlaşdığı, əzələ meyxana ritmlərinin qəlb şeir ahənglərinə meydan oxuduğu, bədənin ruha  yuxarıdan aşağı baxdığı və pulun ədəbiyyata ədəb dərsi vermək istədiyi bir zamanda halal “Poeziya”nın səsini eşidən, dediklərini anlayan, göstərdiklərini görən, sevinclərinə qoşulan, əzablarını bölüşən olacaqdımı?...

Qanqaraldıcı nigaran suallar nə qədər çox, nə qədər acı olsa da, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın, müasir milli telerejissura sənətimizin zirvə sənətkarı, Xalq artisti Ramiz Həsənoğlunun işə əməli şəkildə qoşulması, eləcə də “Azərbaycan Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun mənəvi dəstəyi, xeyir-duası ilə “Poeziya” verilişi çətin və şərəfli bir yola başladı.  Çağdaş Türk dünyasının zirvə adamı, ZİYALILIQ ETALONU, müasir milli mədəniyyətimizin, ədəbiyyatımızın canlı klassiki Anarın araya-ərsəyə gətirdiyi “1500 ilin Oğuz şeiri” adlı möhtəşəm ikicildiyi “Poeziya” verilişinin əsas bazası, ən sədaqətli və səviyyəli yol yoldaşı oldu.  1500 il əvvəlin Orxon-Yenisey çöllərində əbədiyyət nəğmələri kimi oxunan, daşların sinəsinə oyulan, bəngüdaşların qəlbində qıfıllı qapıya, poetik ovqat xəzinəsinə dönən, müqəddəslik məqamı və məkanına yüksələn qeyri-adi telemətnlərdən, əbədi ruh və qan qaynarı pritçalardan yol başlayan “Poeziya” telekarvanı xronoloji ardıcıllıqla Oğuz qrupu Türk xalqlarının şeir dünyasını, BƏDİİ ŞÜUR HƏRƏKƏTİNİ izlədi; misilsiz milli-mənəvi xəzinənin bütün hücrələri, hətta qıfıllı qırxıncı qapıları da açıldı; poeziya libasına bürünən, “Bu quş dilidir, bunu Süleyman bilir ancaq” dedikləri şeir şəkillərində kodlaşaraq əbədiləşən etnogenetik yaddaş enerjisinin, böyük ruhi intibah, səfərbərlik fenomeninin, tarixi XİLASKAR GÜCÜN müasir ürəklərə, beyinlərə nəql və transformasiyasına can atıldı; hər halda strateji hədəfimiz, ideya-bədii, estetik-fəlsəfi istəyimiz, inam və ümidimiz bu oldu...

lll

“Poeziya” proqramı özünəməxsus teleestetikası, bədii-publisistik, elmi-kütləvi yanaşma tərzi ilə seçildi.  Bu, bəlkə min dəfə gedilən köhnə yolu tam yeni bir duyğu və dərk havasında yenidən getməyə bənzəyirdi.  Bu, 1500 illik poeziya ilə qabaq-qənşər oturub hal-əhval tutmaq, səmimi dərdləşmək, ədəbi sözün əbədi həqiqətlərini olduğu kimi gündəmə gətirmək, bu günə nəql, transformasiya etmək cəhdi idi.  Təsadüfi deyil ki, bu verilişə, adətən, ən ciddi elm və sənət adamları - Tofiq Hacıyev, Rafael Hüseynov, Nizami Cəfərov, Kamal Abdulla, Vaqif Səmədoğlu, Rəşad Məcid, Vaqif Əlixanlı, Budaq Budaqov, Sabir Rüstəmxanlı, Qəzənfər Paşayev, Teymur Kərimli, Tofiq Məlikli, Cavad Heyət, Söhrab Tahir, Fikrət Qoca, Fikrət Sadıq, Çingiz Abdullayev, İntiqam Qasımzadə, Nahid Hacızadə, İlyas Tapdıq, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Əjdər Ol, Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, Füzuli Bayat, Zaman Əsgərli, Etibar Babayev, Ayaz Vəfalı, İsfəndiyar Vahabzadə, Məhərrəm Qasımlı, Şamil Vəliyev, Pərvin, İradə Tuncay, Adil Cəmil, Buludxan Xəlilov, Rafiq Yusifoğlu, Şirindil Alışanlı, Taleh Həmid, Ramiz Duyğun, Məmməd Alim, Xəzangül, Rübail, Ramiz Əskər, Möhsün Nağısoy, Kamran Əliyev, Azər Turan, Nazif Qəhrəmanlı, Arif Əmrahoğlu, Paşa Əlioğlu, Cavanşir Yusifli və başqaları dəvət olunublar. Və mən bu məqamda “Poeziya” verilişinə verdikləri təfəkkür töhfələrinə görə onların hamısına minnətdarlığımı bildirirəm.

Azərbaycan Televiziyasının, eləcə də “Ədəbi-dram verilişləri” baş redaksiyasının son illərdə qazandığı çoxsaylı uğurlardan biri olan “Poeziya” verilişi ilk baxışda hamıya bəlli, adi görünən Oğuz şeir dünyasının qeyri-adiliklərinə, necə deyərlər, AŞKARLIĞIN GİZLİNLƏRİNƏ üz tutub, tarixən bağlanan qapıları, dolaşan və dolaşdırılan düyünləri açıb, xüsusilə, Sovet dövründə saxtalaşdırılan, unutdurulan səhifələri əslində uyğun şəkildə bərpa edib, beləliklə, xalqımız və ədəbiyyatımız, milli həqiqətlərimiz qarşısında şərəfli bir vətəndaşlıq missiyasını yerinə yetirib. 

lll

“Poeziya”nın M.F.Axundzadəyə həsr edilən sayından kiçik bir mətni yada salmağa ehtiyac duyuram:

1500 il əvvəldən baş alıb gələn, ədəbi sözün Dədə Qorqud, Füzuli zirvələrindən keçən ağır yüklü poeziya karvanı on doqquzuncu əsrin əvvəllərinə çatmışdı.  Talə elə gətirmişdi ki, ədəbi dilin doğma Dədə Qorqud yolları yadırğamışdı; sözün Füzuli tilsimi neçə yüz il idi ki, susmaq, səngimək bilmirdi; şeir yollarının çoxu Füzuli zirvəsinin ətəklərində dolanırdı.  Nəsil-nəsil şairlər ordusu Füzulini ötüb keçmək yox, ona çatmaq, ona bənzəmək uğrunda mübarizə aparırdı... Yeni ədəbi düşüncələr köhnə ədəbi qəliblərdə sıxılırdı, təzə poetik ruh min ilin köhnə əruz bədənində darıxırdı; poeziya gülüstanında  gül bülbülə, bülbül gülə eşq elan etməkdən, gizli-gizli nəsə deməkdən təngə gəlmişdi, bezmişdi. 

ŞEİR YORULMUŞDU...  

Zamanın sözünü sözün zamanında deməyə, ədəbiyyatı xalqın arzu və istəklərinin hüzuruna, Vətənin tale qapısına gətirməyə, poeziyanı Füzuli tilsimindən qurtarmağa, YENİ YOLA istiqamətləndirməyə tarixi ehtiyac yaranmışdı. Poeziyanın, bütövlükdə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəxti gətirdi ki, həmin tarixi ehtiyacı Mirzə Fətəli Axundzadə kimi vətənpərvər dahi dərk və qəbul etdi;  sonra dərk və qəbul etdiyini ömrü boyu əzablı yollarla, fenomenal fədakarlıqla həyata keçirdi.  Bu, çoxdan gözlənilən, arzulanan təzə yolun, yeni bir zirvənin fəthi idi. Bu, çox sonralar böyük bir romanın ünvanına dönəcək “Fətəli fəthi” adında həqiqət idi.

Böyük alim Firudin bəy Köçərli “Azərbaycan ədəbiyyatı” əsərinin birinci cildində Mirzə Fətəli Axundzadənin ədəbi mövqeyi haqqında belə yazıb: “Mirzə Fətəlinin komediyalarına gəldikdə qəti surətdə deyə bilərik ki, rus drama yazanlarının babası Qoqol və firəng drama yazanlarının babası və ustadı Molyer olan kimi, türk-Azərbaycan ədiblərinin və komediyanəvislərinin atası və yolgöstərəni mərhum Mirzə Fətəli Axundov olubdur.  O yazdığı komediyaların mislini təzə yazıçılarımız hələ yazıb bitirə bilməyiblər.  Vəli onun sayəsindən bir neçə müqtədir ədiblər vücudə gəlibdir”.

O, Füzulini sevirdi, lakin Azərbaycanı Füzulidən də çox sevirdi. Buna görə Azərbaycan poeziyasında, milli-bədii şüur hərəkətində yaranan TARİXİ TIXACI aradan qaldırmaq üçün kəskin mövqeyini ortaya qoydu, Vaqiflərin, Zakirlərin YENİ YOLUNU müjdələdi...

Dahi sənətkar, qüdrətli tənqidçi-filosof, fədakar ziyalı, Vətənin dağdan ağır dərdlərinə çiyin verən, əlac axtaran böyük vətəndaş Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatında yeni bir mərhələ yaratdı. Azərbaycanın, bütövlükdə Yaxın və Orta Şərqin ilk dramaturqu olmaq şərəfi də ona məxsusdur.  O, vətən və xalq yolunda yanmağın, sarsılmaz əməllə bütöv əqidəyə doğru getməyin tarixi nümunəsini göstərdi.  Dahi Cəlil Məmmədquluzadə bütün bunları göz önünə gətirərək böyük cəsarət və qeyrətli qədirşünaslıqla yazırdı:

“Mirzə Fətəli Axundzadənin barəsində ya çox yazmaq lazımdır, ya heç yazmamaq lazımdır.

Mirzə Fətəli Axundzadənin barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır”.

lll

Son beş ildə “Poeziya” verilişinin hərəsi qırx beş dəqiqə həcmində olan üç yüzdən çox sayı efirə getdi.  Bu verilişlərdə ən görkəmli elm və sənət adamları, ədəbiyyat, poeziya biliciləri söz dedi, öz yeni elmi-nəzəri mövqe və münasibətlərini bəyan etdilər.  1500 illik Oğuz-Türk-Azərbaycan poeziya yolunun heç bir uğuru, heç bir enişi-yoxuşu, heç bir sevinci, kədəri qıraqda qalmadı, yaddan çıxmadı. Bu teleproqram haqqında nüfuzlu qəzet və jurnallarda çoxsaylı məqalələr yazıldı, ciddi alim və sənətkarlar tərəfində yüksək qiymətləndirildi.  “Poeziya” verilişini “Azərbaycan, bütövlükdə Türk teleməkanında analoqu olmayan unikal telelayihə”, “Milli ruhun güzgüsü” adlandıranlar da, “Mübarizə aparan və qalib gələn canlı teledərslik”, “ziyalılıq məktəbi” kimi qiymətləndirənlər də oldu.  İrandan gələn bir şair qonaq “Bu veriliş efirdən köçürülərək kasset halında Təbriz, Tehran bazarlarında əlaltdan satılır” dedi.  İraqdan gələn və “Poeziya”nın qonağı olan başqa bir şair “biz hər həftə yığışıb bu verilişə xeyli sənət adamı bir yerdə baxırıq və sonra onu böyük bir eşqlə müzakirə edirik” dedi.  Beləcə, Quzey Kıprısda, Bolqarıstanda, Makedoniyada, Qaqauz yurdunda, Türkmənistanda, Türkiyədə, Orta Asiyada, Türküstan ellərində, uzaq Uyğurustanda, yaxın Borçalıda, Dəmirqapı Dərbənddə... bir sözlə TÜRKÜN olduğu və yaşadığı hər yerdə “Poeziya” verilişini gözlədilər, izlədilər, Azərbaycan Televiziyasında reallaşan bu bənzərsiz telelayihənin ruhi səfərbərlik, milli-mənəvi çağırış yollarına qoşuldular, o mübarək yollarda ÖZGƏDƏN ÖZƏ doğru getdilər.  Bu, kütlədə xalq, xalqda millət oyadan, etnogenetik yaddaş xəzinəsinin qırxıncı qapılarını açan, böyük, yuxulu tarixi güc sərdabələrində çıraqlar yandıran, o çıraqların işığında ruhumuzun, qəlbimizin ana kitabını varaqlayan, çox halda aşkar bildiklərimizin gizlinlərinə güzgü tutan, işıq salan bir GEDİŞ idi.  İndi bu cümlələri yaza-yaza akademik Tofiq Hacıyevin Dədə Qorqud seirlərinə necə güzgü tutduğunu, akademik Rafael Hüseynovun Xaqani, Məhsəti gizlinlərinə neçə işıq saldığını, orta məktəb dərsliklərindəki “yalançı həqiqətləri” necə ifşa etdiyini, dövrümüzün böyük türkoloqu, filologiya elmləri doktoru, professor Tofiq Məliklinin qardaş Türkiyənin bizim üçün hələ də qaranlıq olan tarixi və müasir poeziya mənzərələrinə necə aydınlıq gətirdiyini, istedadlı şair Əjdər Olun M.Ə.Sabir və Namiq Kamal ədəbi əlaqələri haqqında əsl həqiqəti necə dəqiqliklə aşkarladığını, ədəbiyyat cəfakeşi Azər Turanın Cavidin, eləcə də digər on bir ziyalının gənc yaşlarında Türkiyə səfərinin sirli səbəblərinə necə aydınlıq işığı tutduğunu, Xalq yazıçısı Söhrab Tahirin Cənubi Azərbaycan, xüsusilə, Məhəmməd Biriyanın gizli həqiqətlərini necə üzə çıxardığını və digər çoxsaylı İLKİN deyilən “Poeziya” faktlarını məmnuniyyətlə, sonsuz sevgi, sayğı və fəxarət duyğusuyla xatırlayıram.

lll

... Bir də onu xatırlayıram ki, “Poeziya” verilişinin aparıcısı, adətən vaxt qıtlığından gileylənən Anar bu beş ildə heç vaxt VAXT çatışmazlığından şikayətlənmədi, həqiqi bir fədakarlıq, yüksək ziyalı mədəniyyəti nümunəsi göstərdi. O, “Poeziya” verilişinin hər sayında gizlinlərin üzə çıxmasına, qara, qaranlıq, qarışıq səhifələrin aydın təqdimatına, boz, ağ səhifələrin yenidən yazılmasına çox böyük mənəvi enerji, titanik bir güc, qüvvə sərf etdi. 

Anti-türk, anti-Azərbaycan qüvvələrin ara-sıra baş qaldırdığı, meydan oxuduğu, suları bulandırdığı bir zamanda Anarın rus dilində çap etdirdiyi üç nəhəng kitab müstəqil Azərbaycan dövləti və dövlətçiliyinin tarixi və müasir HƏQİQƏTLƏRİNİ bir daha ortaya qoydu, dünya məktəbxanasında öz böyük, möhtəşəm müəllimliyini bir daha etdi.  Və o, “Poeziya” verilişində də əvvəldən axıradək bu şərəfli, tarixi missiyanı səbrlə, dözümlə, bir daha təkrar edirəm ki, məhz FƏDAKARLIQLA həyata keçirdi.  Bütün bunlara görə, çoxlarının   bildiyi, bəzilərinin səbrlə gizlətdiyi bir həqiqəti bir daha aşkar şəkildə qeyd etməyi bu məqamda özümə borc bilirəm:  Bir vaxtlar Mirzə Kazım bəy və Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabi və Cəlil Məmmədquluzadənin, Hüseyn Cavid və Üzeyir Hacıbəylinin... gördükləri işi bu gün Anar görür, əsl fədakarlıqla davam və inkişaf etdirir.  Və mən bir vaxtlar Mirzə Cəlilin Mirzə Fətəli haqqında dediyi, bir qədər əvvəl xatırlatdığım iki cümləni Anara şamil etməklə bu yazını bitirmək istəyirəm:

Anar barəsində ya çox yazmaq lazımdır, ya heç yazmamaq lazımdır.

Anar barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır.

 





24.10.2016    çap et  çap et