525.Az

Üzü olmayan şəhər


 

Üzü olmayan şəhər<b style="color:red"></b>

Dövlətlər, siyasət, müharibələr, dağıntılar, ölümlər... Hər gün televiziyalar vasitəsi ilə evlərimizə qədər gələn bütün bu dramatik və qorxunc hadisələr bizlərə artıq nağıl kimi görünür.

Yıxılan hər məkanın dünyadan bir parça apardığı, ölən hər canın insanlıqdan bir insan əskiltdiyi, az qala, vecimizə də deyil. Hətta bəzən hansısa futbol komandasına azarkeşlik edirmişik kimi,  döyüşənlərdən birinin tərəfini saxlayır, o tərəfin insanları öldürməkdə haqlı olduğunu sübut etməyə çalışırıq. Bir gün bütün bunların hər kəsin başına gələ biləcəyini düşünən o qədər azdır ki ...

Avropa illər əvvəl döyüşlərin səbəblərini yaxşı təsbit etdi və öz dünyası üçün müharibəsiz bir mühit yaratmağı bacardı. Vəhşi kapitalizmin vurduğu yaraları sosial demokratiya ilə sağaltdı, iqtisadiyyatını düzəltdi, məzhəbçilik kimi primitiv düşüncələri tarixə gömdü. Dini tamamilə dövlət işlərindən ayırdı və öz xalqlarına yaşana biləcək bir dünya yaratdı. Bəs müsəlman dünyası bunu nə zaman bacaracaq? - bax, bu, müəyyən deyil. Heç bu mövzuda çox pessimist olduğumuzu gözlətməyə də ehtiyac yoxdur.

Almaniya döyüş bölgələrindən nə qədər uzaq olsa da, hər gün burada da müzakirə edilən mövzuların başında İslam dünyasındakı qarışıqlıq durur. Təbii ki, burda medianın təbliğatının çox böyük təsiri var. Media xalqı istədiyi şəkildə istiqamətləndirə bilir. Bu səbəbdən də Almaniyanın Türkiyəyə, Azərbaycana və digər müsəlman ölkələrə baxışı reallıqdan çox uzaqdır. Bütün bunları jurnalist olan bir alman dostduma anladanda, daha doğrusu, sanki bütün hər şeyin günahkarı o imiş kimi bir az da onu qınayanda əvvəl mənə haqq verdi,  sonra isə email ünvanıma bir yazı göndərdi.

Dostum bu yazıda sanki mənim ona söylədiklərimin haqlı olmadığını anlatmaq istəyirdi. Yazını oxuduqdan sonra, öz-özümə, kaş bu cür yazılar alman mediasında çox olaydı və mən həmişə fikirlərimdə yanılaydım.

Yazını almanların tanınmış jurnalistlərdən biri, Knut Teske “Die Welt” nəşri üçün qələmə almışdı və “üzü olmayan bir şəhəri” izah edirdi. O üzü olmayan şəhər Azərbaycandan zorakılıqla alınan və 613 günahsız insana məzar olan Xocalı qəsəbəsiydi. Knut Teske qalxmış, oralara qədər getmiş və o hüznlü, qəribə və tərk edilmiş şəhəri almanlar üçün qələmə almışdı.

Knut Teskenin “Üzü olmayan şəhər” yazısını “525-ci qəzeti”in oxucuları üçün almancadan ana dilimizə çevirdim.

Orxan ARAS

Xocalı, ilk baxışda insana soyuq, qaranlıq və ruhsuz bir duyğu verir. Boş və ürküdücü şəhər meydanı, üst-üstə və plansız tikilmiş binalar Sovetlərin gücünü hələ insanlara hiss etdirməkdədir. Bura elə bir məkandır ki, sanki insanları bir yerə yığmaq üçün yox, əksinə, onları qovmaq üçün inşa edilib. Belə məkanlarda ictimai həyatın qurulması qeyri-mümkündür. Burada, erməni cinayətkarları 26 fevral 1992-ci ildə yüzlərlə azərbaycanlını qətlə yetirib.

İrəvandan Dağlıq Qarabağa qədər yol 350 kilometrdir. Almaniyadakı Ermənistan səfiri bizə bu yolun 7 saat olduğunu söyləmişdi. Mindiyimiz avtomobilin sürücüsü isə yolun 5 saatlıq olduğunu desə də, biz oraya düz 8 saat 55 dəqiqəyə gedə bildik.

Dünyanın müxtəlif yerlərindəki yollar kimi Cənubi Qafqazdakı bu yol da romantik mənzərələrlə doludur. Hava aradabir açıldığında uzaqda, Türkiyə sərhədləri içindəki Nuhun dağı olan və Ermənistan bayrağında da əks olunan Ağrı Dağı özünü göstərir.

Qərblilər üçün sirli görünən bu bölgənin yolları çuxurlar və dərin yarıqlarla doludur. Bu yarıqların keçmişdəki zəlzələlərdən qaynaqlandığı deyilməkdədir. Qısaca burada hər şey davamlı oynayan bir təməl üzərində qurulub.

Artıq süni bir simvol halına gətirilən “Dağlıq Qarabağ” davamlı olaraq siyasi müzakirə mövzusudur.  Beynəlxalq arenada tanınmasa, hər yerdən əlaqəsi kəsilsə də Qarabağın süni dövləti, özünü isbat etmək üçün oraya hər gələn insana, tikilən opera binasından, parlamentdən, universitetdən və “dövlət başçısı seçkiləri”ndən bəhs etməkdədir. Reallıqda isə oradakı 142 min insan çox pis şərtlər daxilində, qorxu və təhlükə içində yaşayır.

Heç bir ölkə tərəfindən tanınmayan, nəzərə alınmayan “Dağlıq Qarabağ” rəhbərliyi “müstəqil” olduqlarını gözə soxmaq və gücünü hiss etdirmək üçün çəkdikləri sərhədlərin sonunda baryer qoyaraq gələnlərdən viza istəyir. Baryer çox nadir olaraq bir turist gəldiyində qalxır və yenidən bağlanır. Bölgənin xarici dünya ilə tək əlaqəsi bu baryerin olduğu yerdir. Baryerin qarşısındakı ölkə Ermənistandır və onlara görə “qardaş ölkə”dir. Dediklərinə görə yaxın vaxtlarda bir hava limanları da olacaq. Amma bu hava limanının beynəlxalq uçuşlar üçün icazə alıb ala bilməyəcəyi da müəyyən deyil.

“Dağlıq Qarabağ”ın mərkəzi şəhəri Stepanakert ilk baxışda pis təsir yaratmır. Ətrafda görünən dağlar insana fərahlıq verir. Şəhərin mərkəzindəki işıqlı meydan da diqqətlərdən qaçmır. Yaxına getdikcə hər şey daha həqiqi görünməyə başlayır və ilk baxışdakı simpatiya itir. Bura nədənsə fərqli bir yer və əsla bir paytaxt havası vermir. İnsanların üzlərinə baxdıqda hirsdən bir əsər görmürsünüz. Amma bu vəziyyət sizi aldatmasın. “Azərbaycan” sözünü işlədən kimi qəzəb insanların ağzından sanki qızğın bir lava kimi püskürməyə başlayır.

Atəşkəsin üzərindən illər keçmiş və buralarda ilk baxışda döyüşdən bir iz görülmür. Ermənilərə görə, “müstəqillik savaşı”, azərbaycanlılara görə isə “Etnik təmizlik döyüşü” (Bunu yalnız azərbaycanlılar deyil, başqaları da belə düşünür) illər əvvəl olub və bitib. Amma problemlər əslində çox dərinlərdə davam edir. Reallıqda isə Dağlıq Qarabağ zəngin neft yataqlarına sahib olan müsəlman Azərbaycan dövləti ilə yoxsul xristian Ermənistan arasında sıxışıb qalıb. Nə deyir-desin, Ermənistan öz müstəqilliyini qorumaqda belə acizdir. Bu səbəbdən müstəqilliyini elan etdikdən sonra da rus ordusunu ölkəsində saxlamağa davam edir.

Bizi “Dağlıq Qarabağ”ın qondarma baş naziri Arayik Harutyunyanın böyük, işıqlı və görkəmdən uzaq ofisinə aparırlar. Harutyunyanın hər iki sözündən biri Azərbaycanın təcavüzkarlığı və xalqın bu mövzudakı gündəlik narahatlığı olur. Bu narahatlığı və qorxuları aradan qaldırmaq üçün Dağlıq Qarabağın sərhədlərinin etibarlı hala gətirilməsi və ordunun silahlandırılması üçün 175 milyon avroya ehtiyacları olduğunu da ifadə etməkdən geri dayanmır. Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttinə getmək istəyimiz isə rədd edilir. Bu mövzudakı israrlarımız işə yaramır. Cəbhədəki təhlükələrdən və azərbaycanlı snayperlərin öldürdükləri insanlardan bəhs edilir. Baş nazir, erməni əsgərlərinin yalnız “qarşılıq” verdiklərini söyləyir və bir neçə il əvvəl snayperlər tərəfindən öldürülən 9 yaşındakı azərbaycanlı uşağın mövzusunu dinləmək belə istəmir.

Qarşıdurma xəttinə getmək yerinə 1992-ci ildə adı dünya qəzetlərinin birinci səhifəsinə daşınan və kinlərin qan qusduğu ürküdücü Xocalıya getməyə icazə verirlər.

1990-cı ildən Ermənistan və Dağlıq Qarabağdan azərbaycanlıların sürgün edilməsinə başlanılmışdı. Həmin ilin yanvar ayının 20-də rus tanklarının Bakıya girməsi və yüzlərlə vətəndaşın qətl edilməsi ilə təzyiq daha da təkmilləşdirilmiş və bu bölgələrdən deportasiya edilən insanların sayı milyonlara çatmışdı.

Dağlıq Qarabağda yaşayan azərbaycanlılar üçün travmanın zirvəsi 1992-ci ilin 26 fevral tarixidir. Canlı şahidlərin dediklərinə görə, o tarixdə cənubdan gələn erməni qatillər Xocalıya hücum edərkən meşə yolunu açıq buraxıblar. O çətin koridordan qırx kilometr uzaqlıqdakı kəndlərə çatmaq istəyən azərbaycanlıları asanca ovlayan ermənilər yüzlərlə insanı vəhşicəsinə qətlə yetirirlər.

Azərbaycanlılar Xocalıdakı qırğında rusların da, xüsusilə 366-cı motoatıcı alayının rolunun olduğunu söyləyərkən ermənilər, əslində bunu azərbaycanlıların özlərinin planlaşdırdıqlarını irəli sürərlər. Ermənilər arasında tək bir görüş hakimdir, o da Azərbaycanın düşmən və pis olmasıdır. Amma onlar Dağlıq Qarabağda müharibəni özlərinin başlatdıqlarını əsla qəbul etmirlər. Halbuki İnsan Hüquqları Təşkilatının Moskva bürosu şahidlərin ifadələrinə əsaslanaraq Xocalı qırğını məsullarının erməni əsgərləri olduğunu və oradakı 613 vətəndaşın qəsdən öldürüldüyünü açıq-aşkar ortaya qoyub. Onsuz da biz 2010-cu ildə Azərbaycandakı qaçqın düşərgələrinə etdiyimiz səfərdə də ordakı şahidlərdən bu vəziyyəti təsbit etmişdik. İnsanlar aradan uzun illər keçməsinə baxmayaraq hadisələri gözyaşları içində izah edir, mərhəmətsizcə kəsilən başlardan, soyulan bədənlərdən danışırdılar.

Xocalıya girəndə əvvəl burda heç kimin yaşamadığını düşündük. Böyük bir boşluqla qarşılaşdıq. Böyük dağıntılar olmasa da, dar, çirkin küçələr, ürkütücü səssizlik insanı narahat edirdi. Sovetlər dövründə tikilmiş zövqsüz binalar, yıxıq gəmilər kimi sanki tərk edilmiş bir limanda yatırdılar. Evlərin bir qismi boş, bir qismi yıxıqdı. Ermənilərin çoxu müsəlmanların tərk etdikləri evlərə yerləşməyi rədd edirdilər. Qarşımıza çıxan avtomobil təmirxanasında işləyən bir adam bələdiyyə sədrini çağırmağa gedir. Danışdığımız hər kəs eyni şeyi söyləyirdi. Ermənilər burdan insanların qaçmaları üçün bir dəhliz açıq qoymuşdular. Qaçan qaçmışdı. Digərləri isə döyüş zamanı ölmüşdülər. İşin xülasəsi bu idi və “soyqırım” söhbət mövzusu belə deyildi.

Xocalı, yıxılmış, əzilmiş, üzü olmayan kiçik bir şəhər idi. Amma tarixi yoxdur demək çətindir.

Knut TESKE

 





24.10.2016    çap et  çap et